Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:42

Dilənçi: "Bayramdır, verin də..."


►"Allah ürəklərinə insaf vermişlər də heç yaxın durmurlar. "

- Bayram oldu, belədir də, yenə yığışıb gəliblər...

Əlində təsbeh, başında dini papaq olan orta yaşlı kişi kinayə ilə məscidin kənarında oturmuş 3-4 dilənçini göstərir. Yanındakı da onun dediyinə qüvvət verir:

- Düz deyirsən, hələ yoldakıları görərsən. Bayramdı deyə həyətə də, qapıya da gəlirlər...

“Ət də verən olmadı”

Dilənçilər isə bu bayram günü onları kiminsə yada salacağını gözləyir.

Qadınlardan birinin 30-35 yaşı olar. Adını deməyi, şəklinin çəkilməsini istəmir. Pıçıltıyla “ayıbdır, sonra uşaqlar görər” deyib başını aşağı salır. Yanındakı qadın deyir ki, onlar hər gün dilənmirlər:

- Bu cür dini bayramlarda çıxırıq. Özü də ancaq məscidə gəlirik, evlərə getmirik. Məscidə nəzirləri olan adamlar gəlir, ya da adam fikirləşir ki, kiminsə ürəyinə Allah rəhm salar, ya 1-2 manat pul, ya da bir az ət verər. Allah ürəklərinə insaf vermişlər də heç yaxın durmurlar.

Təxminən 55-60 yaşlarında olan kişi isə olmayan ayağını göstərir:

- Ayağım olsaydı, gəlib dilənərəm? Yoxdu, neyləyim, Allah yoxluğun üzünü qara eləsin. Ayağım olsaydı, gedib heç olmasa vağzalda yük daşıyardım.

Onlar bir-birlərini tanımadıqlarını, burda tanış olduqlarını deyirlər. Bir-birlərinə mane olmamaq üçün məscidin müxtəlif yerlərində dilənirlər. Gələn-gedən az olandasa dərdləşmək üçün bir yerə yığışırlar. Aralarında daha çevik görünən, adının Gülbahar olduğunu deyən yaşlı qadın deyir ki, səhər tezdən burdadır:

– Bir adam 1 manat verdi, iki qız da hərəsi 40 qəpik. Bayramdır, verin də, heç olmasa Allah bu gün əlinizi açıq eləsin. Ət də verən olmadı.

- Yox, yəqin sən gec gəlmisən, bir kişi səhər tezdən bir qoyun kəsdirib gətirmişdi, dedi “payla yetim-yesirə. Mən də aldım, – deyə kişi sellofona bükülən bir neçə yüz qramlıq əti göstərir.

Bunlar Təzəpir məscidində baş verənlər idi...

Buna da bax: Həccdə 700 adam ölüb

Bayramda qəssabların işi çox olur

28 May ətrafında qəssab işləyən Əlimərdan kişi isə bir-bir gətirilən qoyunları kəsib, soyub müştərilərə verirdi. Deyir ki, bayram günü daha çox qazancı olur deyə, gündəlik işi - ət satmaqla məşğul olmur:

- Qurban bayramı günləri iş çox olur. Tək çatdırmadığıma görə bu işi görə bilən üç-dörd adam da tuturam. Bir qoyunu uzağı 10 dəqiqəyə kəsib, soyub yiyəsinə veririk.

- Səhərdən nə qədər adam qoyun kəsdirib?

- Vallah, sayını yadımda saxlamamışam. Çox olar, 30-40 nəfər. Bura gələnlər pullu adamlardır. Bir də pulsuz adam qoyun kəsdirməz ki.

Biri deyir ki, hər il qurban kəsdirir: “Allah bizə verib, gərək biz də kəsək”.

Qoyunu qəssabdan təhvil alandan sonrakı proses haqqında isə deyir:

- Evə aparacağam, arvad qovurma bişirəcək, 3-4 yaxın qonşum var, onların hərəsinə yarım kilo, 1 kilo verəcəyəm, axşam da oğlum qalanından kabab bişirəcək. Yenə həmin kababdan da hərəyə bir qab qonşularıma verəcəyəm.

- Qonşularınız ehtiyacı olan adamlardır?

- Yox, onlar da yaxşı yaşayır. Ancaq iy getməsin. Həm də bilirlər axı qoyun kəsəcəyimi. Ona görə onlara da paylayırıq.

Buna da bax: "Diktofon məndədi, orda açıq alver gedir"

Müəllim ilk dəfə qurban kəsir

Qoyun kəsdirənlərdən biri isə müəllim Hafiz Kərimovdur. Deyir 50 yaşı var. 25 ildir müəllim işləyir. İlk dəfədir qurban kəsir:

- Heç vaxt kəsməmişdim. Ancaq həmişə istəmişəm. Axır ki, bu il 120 manata kiçik bir qoyun almışam. Evə aparandan sonra bir-iki kasıb qonşuma verəcəyəm. Bir də qızım həmişə deyir ki, “ata, metronun qabağında bir qadın var, dilənsə də, dilənçiyə oxşamır, ona da verərik”. Qızım da ona aparacaq. Qalanın da uşaqlar yeyər.

Bayramın mahiyyəti paylaşmaqdır

Elşad Miri
Elşad Miri

İlahiyyatçı Elşad Miri deyir ki, Ramazan bayramı kimi, Qurban bayramının da əsas mahiyyəti insanların paylaşmasıdır:

- Allah Qurani-Kərimdə, Həcc surəsində buyurur ki, kəsilən qurbanların nə əti, nə də qanı Allaha çatmır. Allaha çatan yalnız sizin təqvanızdır. Yəni məsuliyyətli ibadət anlayışınızdır. İmkanlı insan onsuz da istədiyi vaxt o heyvanı kəsə bilər. Ancaq Qurban bayramında daha böyüyünü kəsib, daha çox hissəsini paylayır ki, həmin adam da istifadə edə bilsin. Qurban bayramında peyğəmbər gəlir xanımının yanına, soruşur ki, “kəsilən qurbanlardan biz də qaldı? Xanımı bir ovuc əti göstərir ki, “bizə qalan budur”. Rəsullilah da deyir ki, “xeyr, bizə qalan paylanılan hissələrdir. Yəni, onun savabıdır. ”

Elşad Miri deyir ki, bayram insanlarda paylaşmaq hissi yaratmalıdır:

“Bayramın mahiyyəti varlılar kasıblar arasında uçurumu götürməkdir”.

XS
SM
MD
LG