Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 18:55

Tolstoy. Hamılıqla özümə qardaş saydığım insanlara çağırış


Lev Tolstoy
Lev Tolstoy

- "Hər an qırıla bilən ömrümüzü, düşdüyümüz bu gözəl həyatı onmərtəbəli evlər tikməklə, tüstü qaldırmaqla, his-pasa bulamaqla, zibil dolu çuxurlarla, yerin altını qazıb oradan daş kömür və dəmir çıxarıb bunlarla dəmir yolları çəkməklə və bu yollarla dünyanın hər yerinə heç kimə gərək olmayan adamları və malları daşımaqla eybəcərləşdiririk."

Lev TOLSTOY

SEVGİDƏN QAYNAQLANAN YAXŞILIQLAR

İstəkli qardaşlarım, ən çox da, indi bizdə, Rusiyada, kimsəyə gərək olmayan dövlət quruluşuna qarşı savaşan insanlar, mənim sözüm sizlərədir.

İstəkli qardaşım, çar, nazir, fəhlə, kəndli olmağından asılı olmayraq, sənə tək bir şey gərəkdir.

Tolstoy malikanəsi. Yasnaya Polyana
Tolstoy malikanəsi. Yasnaya Polyana

Bu tək bir şey də, sənin bir göz qırpımında ötüb keçən ömrünü, bu ömrü sənə vermiş və bu həyata gətirmiş olan kimsənin istəklərinə uyğun olaraq yaşamağındır.

Bizim hamımızın bildiyi bir şey də var və mən onu həmişə dumanlı şəkildə duymuşam, yaşa dolduqca isə daha aydınlığı ilə duyuram; indi isə, bugünkü gündə, ilk dəfə canlı bir insan olaraq ömrümün sona yetdiyini və ölümün bir addımlığına gəlib çatdığımı duyanda həyatımın bu gündən sabaha olan bu keçidi mənə qorxunc görünməkdən çox, təbii və yaxşılığa doğru bir addım kimi göründü və bunu bütün dərinliyi ilə duyandan sonra, mənim üçün yaşadığımız bu nifrət dolu həyata baxmaq həm qorxunc, həm də çox təəccüblü oldu, sevmək və yaxşılıqlar eləmək üçün doğulmuş biz insanların böyük çoxluğunun belə bir acınacaqlı həyat sürməsi məni bu anlarımda daha da bərk sarsıtdı.

Biz kimik və nəçiyik? Olduqca kiçik və önəmsiz, istənilən anda yox olub gedə bilən bir zəif varlıq olaraq biz, bircə anlığına, yoxluqdan bu gözəl, sevincli, göyü, günəşi, meşələri, çəmənləri, çayları, quşları və heyvanları olan həyata atılmışıq və burada sevgidən doğan yaxşılıqlara qovuşmaq, yaxınlarımızı sevmək və onlardan da bunu gözləmək, bütün canlılara qarşı qayğı göstərmək imkanları qazanmışıq...

Bəs sonrası? Biz bir varlıq olaraq bütün bu sadalananlarda yaxşı heç nə tapa bilmirik.

Bizə verilmiş bu çox qısa, hər an qırıla bilən ömrümüzü, düşdüyümüz bu gözəl həyatı onmərtəbəli evlər tikməklə, səkilər salmaqla, tüstü qaldırmaqla, his-pasa bulamaqla, zibil dolu çuxurlarla, yerin altını qazıb oradan daş kömür və dəmir çıxarıb bunlarla dəmir yolları çəkməklə və bu yollarla dünyanın hər yerinə heç kimə gərək olmayan adamları və malları daşımaqla eybəcərləşdiririk.

Ən başlıcası, sevinc içində ömür sürməkdənsə, həyatımızı sevib-sevilməklə yaşamaqdansa, nifrətlə, qorxu ilə, əzab çəkmək və əzab verməklə, öldürməklə, dustaq eləməklə, edam eləməklə, biri-birini öldürməyi öyrənməklə məhv eləyirik.

Bir sözlə, öz əlimizlə həyatı qorxunc bir görkəmə salırıq!

Bu işləri görənlər bütün bunları ağılsızlıqdan xilas olmaq üçün elədiklərini deyirlər, onlar danışdıqları bu yalanı biraz da böyüdüb, gördükləri bu işləri insanları şərdən qurtarmaq üçün və ən başlıcası, onlara olan sevgilərinə görə elədiklərini danışırlar.

İstəkli qardaşlar, ayılın, gözünüzü açın, özünüzün gücsüz və az qala bir anlıq yaşayan varlıq olduğunuzu düşünün, bu, qeyri-müəyyən, qısa müddətdə, iki sonsuzluğun arasında və ya zaman sonsuzluğunda yaşayıb, öz ömrünüzü sevgi kimi ali bir böyüklüyü qavramadan keçirdiyinizi anlamağa çalışın.

Bir anlıq düşünün: sizə xas olan işləri görməkdənsə, indi elədiyiniz işlərlə məşğul olmağınız dəlilik deyildirmi?

Sizin şüurunuz, özünüzdən asılı olmayaraq, ortalıqda olan ictimai rəylə dumanlandığından, bütün elədiklərinizin çağdaş insan həyatının qaçılmaz şərtlərindən yarandığını düşünürsünüz.

Siz öz həyatınız boyunca gördüyünüz işlərlə bütün dünyada yaşayan insanlığın həyatında iştirak elədiyinizi, hamının elədiklərini və eləməyi zəruri saydıqlarını, sizin də hökmən eləməli olduğunuzu sanırsınız.

Belə düşünmək yalnız bir durumda düzgün sayıla bilərdi: bu elədikləriniz sizin ruhunuzun tələbləri ilə uyuşsaydı və sizin özünüzə və başqa insanlara yaxşılıqlar gətirsəydi, onda sizin doğru yolda olduğunuzu demək olardı.

Axı ortada bunların heç biri yoxdur. Dünyadakı həyat, bütün insanlığın yaşadığı həyat, indiki durumunda, sizdən yamanlıqlara rəvac verməyi tələb eləyir, bir qardaşın sözünə uyub başqa bir qardaşa qarşı nifrət eləməyə çağırır, başqalarına da, sizə də yaxşı heç nə vermir.

Belə danışanda insanlar özlərini ovutmaq üçün deyirlər: “Biz gələcək üçün işləyib çalışırıq”. Elə isə sual yaranır: nə üçün bugünkü həyatımızı gözəlləşdirə, yaxşılaşdıra bilən sevgimizi, necəliyi bizə bəlli olmayan hansısa bir gələcəyə qurban verməliyik?

Bütün bu deyilənlərin necə əcaib və insanları məhvə sürükləyən bir mövhumat olduğu aydın deyilmi?

Mən bunu bilirəm, özü də yəqinliklə bilirəm: sevgi üzərində qurulan, İlahi qanunlara və ürəyimin tələblərinə cavab verən həyat mənə də, başqa insanlara da yaxşılıqlar gətirir, birdən düşüncələrimi azdıran hansısa mühakimələr ortaya çıxıb məni özümün gerçək yaxşılığıma aparan yoldan ayırır, insanlıq borcumdan və mənəvi qanunlardan uzaqlaşdırır... Nəyin xatirinə?

Heç nəyin. Ancaq adətlər, vərdişlər və yamsılamağa öyrəşdiyimiz davranışlar belə olduğuna görə.

Qoy bu, özünü “azadlıq” və ya “qanun” uğrunda döyüşçü adlandıran kimsə, öz məqsədi uğrunda qoyduğu əməyin, elədiyi fədakarlığın yüzdən birini öz daxilində sevgi duyğusunu artırmağa və bu sevgi ilə başqalarına yanaşmağa yönəltsin.

Onda o, özünün indiki arasıkəsilməz savaşının izi-tozu görünməyən nəticəsinin nə vaxt olacağını gözləməklə keçirdiyi bezgin ömründənsə, büsbütün başqa bir ömür yaşamağa başlayacaq və çox keçmədən, özünün sevgi ilə başladığı bu işin nəticəsini də görəcəkdir: o bunu, özünün yaşadığı böyük sevginin yaratdığı sevinclərdə və bu sevginin başqa insanların ürəyində oyatdığı qarşılıqlı sevgilərdə tapa biləcəkdir.

Sizə dönə-dönə: “mənə inanın, inanın” deməyə ürək eləmirəm, inanmayın, ancaq mənim dediklərimi yoxlayın, heç olmasa bircə günlük yoxlayın.

İstəkli qardaşlar, ayılın, düşdüyünüz yanlışlığın qorxunc ətalətindən azad olun (bu yanlış isə, savaşın, heyvanca savaşın insana xas olması, onu uğura çatdırmasına inanmaqdır); onda siz həyatın sevinclərinin, yaxşılıqlarının, müqəddəsliyinin nə olduğunu biləcəksiniz, həyatın bu dəyərlərini isə heç nə pozub sarsıda bilməz, başqa adamların basqısı, sizin özünüzə olan sevginizi artıracaqdır, sevginin ölümsüz olduğunu bildiyinizdən, ölüm qorxusu sizi sarsıda bilməyəcəkdir.

İstəkli qardaşlar, sizə dönə-dönə: “mənə inanın, inanın” deməyə ürək eləmirəm, inanmayın, ancaq mənim dediklərimi yoxlayın, heç olmasa bircə günlük yoxlayın.

Yalnız bircə gün, həmin günün sizi hansı durumda yaxalamasına önəm vermədən, öz qarşınıza, yaşadığınız bu gündə, bütün işlərinizi yalnız sevgiyə əsaslanmaqla eləmək məqsədi qoyun.

Buna inanıram, siz bunu yalnız bircə dəfə eləyə bilsəniz, bir də heç vaxt, bu anlarda ayrıla bildiyiniz o köhnə, qorxunc və fəlakətli yanlışlara qayıtmayacaqsınız.

Sizdən yalnız bir umacağım vardır, istəkli qardaşlar: içində yaşadığımız bu həyatın, bizə gərək olan gerçək həyatın özü olmadığından şübhələnin (bu həyat gerçək həyatın korlanmasından yaranmışdır) və inanın: sevgi bizim həyatın tələbatı, mahiyyəti və onu yaxşılıqlara aparan gücüdür, hər birimizin ürəyində olan yaxşılığa canatma istəyi və bu istəklərimizin gerçəkləşməməsindən yaranan bezginliyimiz və incikliyimiz yalnız bir yolla aradan qaldırıla bilər, biz gərək insanın can atdığı həmin yaxşılıqları əldə eləyə bilək.

Ürəyimizin istədiyi bu yaxşılıqlar – qanuni bir duyğudur və onun ödənilməsi çox asanlıqla başa gələ bilər, bunun üçün insanlar gərək həyatın korlanmasından yaranmış bu, yaşadıqları indiki həyatı, gerçək həyat saymaqdan əl çəksinlər.

İstəkli qardaşlar, ürəyinizdən keçən, görmək istədiyiniz yaxşılıqların xatirinə bunu eləyin: zahiri cəhətlərinə alışıb önəmli saydığınız bu, yaşamaqda olduğunuz həyatdan şübhələnin, habelə, bunu da anlamağa çalışın: quru ad-san qazanmaq və var-dövlət uğrunda çalışmaları gözardı eləsək belə, yenə də sizin öz təsəvvürünüzdə yaratdığınız və milyonlarla insanların yaşamaqda olduğu bu ictimai həyat qurluşunun dəyəri və gərəyi olmayacaqdır və bütün bunların hamısını sizin, doğumla ölüm arasında yaşadığınız ömrünüzdə, arasıkəsilmədən, qarşınızda öz tələbləri ilə dayanan ruhunuzun istəkləri ilə tutşdurmağa belə dəyməz.

Ancaq öz ruhunuz üçün və onun sizi çağırdığı sevgi ilə yaşayın, beləliklə də, sizin özünüz və bütün başqaları üçün dilədiyiniz yaxşılıqlar düşündüyünüzdən də qat-qat artıq miqdrada qarşınıza çıxacaqdır.

Yalnız özünün doğurduğu yaxşılıqlarla sizə görünən və sizi çağıran sevgiyə inanın.

21 avqust 1908-ci il.

Bu məktubu yazanda çox ağır xəstə idim və onu yazdığım gün öləcəyimi düşünürdüm. İş elə gətirdi, ölmədim, ancaq bundan sonra da bu məktubda yazdıqlarıma olan inamım olduğu kimi qalır və bu inam, elə bilirəm, mənim çox da uzaqda olmayan öləcəyim günədək də dəyişməz qalacaqdır.

Rus dilindən Araz Gündüz çeviribdir

XS
SM
MD
LG