Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş sədri Vurğun Əyyubun AzadlıqRadiosuna müsahibəsi. (2015)
- "Hətta TQDK-nin tarixinə aid nəşr olunan kitabda adımın çəkilməsinə belə, qadağa qoydular."
"Alim Qasımov muğama yeni nəfəsi dövlət qayğısı hesabına gətirmədi. Əksinə, o, bu “qayğı” ilə əhatə olunan kimi təbliğat ruporuna və... istehza obyektinə çevrildi."
"Hesab edirəm ki, indiki halında Azərbaycan ədəbiyyatından var olandan artığını ummaq olmaz."
"Azərbaycan hökumətinin mədəniyyət siyasəti yoxdur... Sovet mədəniyyəti siyasətinin müəyyən (həm də zərərli) cəhətlərini yaşadan bir siyasətdir."
Filoloq, müəllim, TQDK-nın sabiq sədri Vurğun Əyyubla Oxu Zalında söhbət
- Vurğun bəy, Türkiyədə neçə il işlədiniz? Hansı təəssüratla qayıtdınız? Orada necə yaşadınız, burada necə yaşayırsınız?
- Türkiyənin Kars şəhərində, Kafkas Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimi olaraq iki il yarım çalışdım. (Karsdakı universitet Türkiyədə tək universitetdir ki, orada Azərbaycan dili və ədəbiyyatı üzrə mütəxəssis hazırlanır.)
Açığı, Türkiyədə şəxsi mənada bir problemim yox idi; baxmayaraq ki, təkbaşına yaşayırdım, əyalət yeri idi, ilin 7-8 ayı soyuq olurdu, bəzən şaxta 35 dərəcəyə çatırdı... amma rahat idim, əsəblərim sakit idi, hər kəs – universitet rəhbərliyi, iş yoldaşlarım, tələbələr, şəhər əhalisi - tərəfindən böyük sayğı və diqqət görürdüm, yaxşı maaş alırdım, ucuzluq idi və s.
Amma Azərbaycandan ayrı yaşamaq, mübarizədən kənarda qalmaq dözülməz idi. Buna görə də dönüb gəldim.
...Vaxt tapanda elmi-publisistik yazılarla, ədəbi-tənqidi məqalələrlə mətbuatda çıxış edirəm, kitab redaktəsi ilə məşğul oluram. Hal-hazırda da universitetdə tələbələrə Azərbaycan ədəbiyyatı tarixindən mühazirələr oxuyuram.
Təhsil sahəsində biz Türkiyədən xeyli geriyik. Guya təhsil sahəsində bizim onlardan irəlidə olduğumuz barədə deyilənlər mifdir, uydurmadır, müasir təhsili və onun qarşısına qoyulan vəzifə məqsədləri bilməməkdən irəli gəlir.
Görürlər, bir nəfər çox yaxşı müəllimdir, götürüb onu qoyurlar məktəbin dərs-hissə müdiri. Bu vəzifədə o, müəllimliklə müqayisədə bir az zəif işləyir, amma yenə də yaxşı demək olar. Sonra onu qoyurlar məktəbin direktoru. Direktor kimi o, daha zəif işləyir, amma pis demək olmaz.
Yarıtdığını görüb, onu aparırlar rayon təhsil şöbəsinin müdiri, sonra şəhər təhsil idarəsinin rəhbəri. Burada o, heç işləyə bilmir. Nəticə: Onun əla bacarıqları kiçik mühit üçün idi...
- Bəs yuxarıdakı misal əksinə baş verəndə necə olur? Bizim nəsil gözünü açanda siz böyük mühitdə çox yaxşı idarəedici idiniz (TQDK), getdikcə kiçik auditoriyalara keçdiniz. Dövlət işindən partiya işinə, oradan da müəllimliyə. Qabiliyyətləri getdikcə dar qəfəslərə salınan adam özünü necə hiss edir?
- Yuxarıda dediyiniz vəzifəyə də orta məktəb və ali məktəb müəllimliyindən gəlmişdim.
Dediyiniz misalda çox vacib bir həqiqət əks olunub. Sən yaxşı müəllim ola bilərsən, amma yaxşı idarəedən olmaya bilərsən. Çünki idarəedicilik xüsusi bir sahə və elmdir. Əksinə də olur, yaxşı idarəedici pis müəllim olur.
Burada “kiçik mühit” ifadəsi yerinə düşmür. Ziddiyyəti yaradan işin məzmunu və yaratdığı məsuliyyət, həmin işə girişənin bacarıq və biliyinin xarakteridir.
Mənim üçün auditoriyanın böyük-kiçiyi yoxdur. İstənilən mühitdə üzərimə düşəni vicdanla yerinə yetirməyə çalışmışam.Təbii ki, dövlət vəzifəsində işləməyin iş görmək baxımından imkanları çoxdur.
TQDK sədri işləməyim imkan verdi ki, təhsil sahəsində mühüm bir islahatı uğurla həyata keçirim. Şəxsi planda o vəzifənin mənim üçün bir faydası olmadı.
Əksinə, hardasa zərbəsi dəydi: gənc mütəxəssis kimi mənə verilən evi qanunsuz bir şəkildə əlimdən aldılar, vəzifədən çıxarıldıqdan sonra işlədiyim universitetdən də uzaqlaşdırdılar, 15 il heç bir təhsil və elm müəssisəsində işləməyimə imkan vermədilər.
Hətta TQDK-nin tarixinə aid nəşr olunan kitabda adımın çəkilməsinə belə, qadağa qoydular. Beləliklə, təhsildən də, dövlət qulluğundan da uzaq salındım. Halbuki, xeyli işlər görə bilərdim.
Dediyim odur ki, təşkilatçılıq, bilik və bacarığımın daha geniş bir sahədə meydana çıxmasına əngəl olanlar, əslində dövlət və millətə zərbə vurdular.
- Azərbaycan hökumətinin mədəniyyət siyasətini necə qiymətləndirirsiz?
- Azərbaycan hökumətinin mədəniyyət siyasəti yoxdur... Sovet mədəniyyəti siyasətinin müəyyən (həm də zərərli) cəhətlərini yaşadan bir siyasətdir: sənət adamlarına müxtəlif adların, mükafatların verilməsi, ev paylanması, imtiyazlar verilməsi və s.
Bunların verilməsində də çox zaman subyektiv qənaətlər əsas götürülür. Qəti əminəm ki, dövlət və hakimiyyətlər mədəniyyətdən əllərini çəksələr, o daha xeyirli istiqamətdə və keyfiyyətli inkişaf edəcək.
Hakimiyyətlərin mədəniyyəti nəzarətlərindən buraxmamaq, mədəniyyət xadimlərini öz təbliğatçılarına və ruporlarına çevirmək ehtirası və azarı mədəniyyətin inkişafına xidmət etmir.
İndi hay-küy qoparırlar ki, muğama dövlət qayğısı (hətta utanmadan ayrı-ayrı şəxslərin də adına bağlanır bu qayğı) olmasa, guya muğam sənəti məhv olub gedəcəkmiş. Bunlar uydurmadır.
Mən belə hesab edirəm ki, muğamı yaşadan da, inkişaf etdirən də fərdlər, istedadlardır. Onlar hər zaman olub, var, olacaqlar. Alim Qasımov muğama yeni nəfəsi dövlət qayğısı hesabına gətirmədi.
Əksinə, o, bu “qayğı” ilə əhatə olunan kimi təbliğat ruporuna və... istehza obyektinə çevrildi.
- Bir filoloq kimi dünyada bu gün yazılan əsərləri necə qiymətləndirirsiniz? Məsələn, kommersiya marağı ədəbiyyata ziyan vurur, ya yoxsa onu daha da kütləviləşdirir və bu yaxşıdır?
- Müasir dünya ədəbiyyatını, eləcə də Azərbaycan ədəbiyyatını mümkün qədər izləyirəm, haqqında yazıram, fikir bölüşürəm.
Kommersiya marağı ilə bədii keyfiyyəti bir-birinin düşməni kimi qələmə verməyin tərəfdarı deyiləm.
İnanmıram ki, yalnız kommersiya marağı əsas götürülüb ədəbiyyatda uğur qazanmaq mümkün olsun.
Baxın, bədii keyfiyyəti ən yüksək olan əsərlər daha çox satılır, müəllifinə gəlir gətirir.
Ümumiyyətlə, kommersiya marağı ilə bədii keyfiyyəti bir-birinin düşməni kimi qələmə verməyin tərəfdarı deyiləm. Hətta ən yüksək səviyyəli bədii nümunənin də satılmasına, yayılmasına ehtiyacı var.
Bizim ölkədə bədii ədəbiyyatın kommersiya işi düzgün və normal qurulmadığından yazıçılarımız hələ də sovetlərin xiffətini çəkir, dövlətin onların kitablarını çap etməsini, qonorar ödəməsini tələb edirlər.
Halbuki müasir dünyada bu məsələlərə dövlət heç bir halda qarışmır. Dövlət yazıçının öz kitabını çap etdirə, satması, gəlir götürməsi (və əldə etdiyi gəlirdən vergi ödəməsi üçün) şərait yaradır.
Sözsüz ki, ədəbiyyatda da sırf kommersiya marağı naminə yazılan əsərlər var və onların uğur qazanan nümunələri də var.
Bu, artıq oxucu zövqünə bağlı bir məsələdir. Məsələn, mənim sevmədiyim, yazdığı janrı ciddi ədəbiyyyat hesab etmədiyim yazıçı ən çox oxunan, yazdıqlarından pul qazanan bir yazıçıdır.
Mən öz zövqümü başqalarına diktə edə bilmərəm. Buradan da belə nəticə çıxarmaq olmaz ki, oxucuların hamısı bəsit zövq sahibidirlər. Hər bədii mətnin öz oxucusu var.
- Müasir Azərbaycan ədəbiyyatınının, əsərlərin və tərcümələrin keyfiyyətinin artmasına necə nail olmalı?
- Ümumən, ədəbi əsərlərin keyfiyyətini artırmaqla tərcümələrin keyfiyyətini artırmaq fərqli məsələlərdir.
Tərcümələrin keyfiyyətini artırmaq orijinaldan tərcüməni bacaran mütəxəssislərin yetişdirilməsini, onlara yüksək qonorar ödənilməsini, savadlı redaktorların cəlb olunmasını tələb edir.
Orijinal mətnlərin yaradılması isə daha çox fərdi istedada, ayrı-ayrı şəxslərə bağlıdır. Burada hansısa sehrli sözdən, doğru və ya yanlış siyasətdən danışmaq doğru olmazdı.
Hesab edirəm ki, indiki halında Azərbaycan ədəbiyyatından var olandan artığını ummaq olmaz.
Mənim fikrimcə, Azərbaycan ədəbiyyatında yeni, parlaq əsərlərin doğuluşuna hazırlıq mərhələsi gedir.
Cəmiyyətimizin mənəvi həyatında bir xaos hökm sürür. Mənəvi aydınlanma, durulma baş verəndə yüksək səviyyəli bədii əsərlərin yaranmasının şahidi olacağıq.