-
Yazı yenilənir, ən son xəbər əvvəldədir.
İmişli rayon məhkəməsi (hakim Ülvi Qənbərov) müsavatçılarla bağlı qərarını açıqlayıb: Sübhan Abıyevə xəbərdarlıq edilib, Mədət Qurbanovun əməlində inzibati xəta müəyyən edilmədiyindən onunla bağlı başlanılmış inzibati icraata xitam verilib.
MƏHKƏMƏ GEDİR
Oktyabrın 7-də İmişli rayon Məhkəməsində inzibati xəta törətməkdə təqsirləndirilən iki müsavatçının: Mədət Qurbanovun və Sübhan Abıyevin işinə baxılır.
Bu barədə AzadlıqRadiosuna deputatlığa namizəd İltizam Əkbərlinin səlahiyyətli nümayəndəsi Səxavət Quliyev məlumat verib.
Onun dediyinə görə, 79 saylı İmişli seçki dairəsinin DSK üzvləri və komissiyanın ekspert qismində cəlb etdiyi şəxslərin iştirakı ilə akt tərtib edilib. Həmin aktda bu şəxslərin komissiyanın işinə müdaxilə və onlara təzyiq etməyi yazılıb:
«Oktyabrın 4-də İltizam bəyin imza vərəqələrindəki imzalar yoxlanılarkən xeyli sayda adam DSK-nın inzibati binası önündə olub. Amma nə adları çəkilən, nə də digər şəxslər qanun pozuntusu doğuracaq bir hərəkət ediblər. Əksinə, biz polisin hücumuna məruz qalmışıq. Məni də şahid qismində cəlb ediblər və hər şeyi olduğu kimi dedim. İndi gözləyirik görək məhkəmə nə qərar qəbul edir».
Hazırda hakim Ülvi Qənbərovun sədrliyi ilə keçirilən prosesdə fasilə verilib və saat 15-də davam etdiriləcək.
DSK-NİN İŞİNƏ MANE OLUBLARMIŞ
Müsavat Partiyasının 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədi İltizam Əkbərli üçün imza toplayan şəxslərdən iksi oktyabrın 7-i səhər saxlanıblar. Polisə aparılan həmin şəxslərin İmişli rayon sakinləri Sübhan Abıyev və Mədət Qurbanov olduqları deyilir.
İltizam Əkbərli bildirib ki, onlar oktyabrın 5-də imzalar yoxlanılarkən guya DSK-nın işinə mane olmaqda günahlandırılırlar.
AzadlıqRadiosuna İmişli rayonundan verilən məlumata görə, saxlanan şəxslərdən polisdə izahat alınıb. Daha sonra onlar məhkəməyə göndəriliblər.
İltizam Əkbərlinin lehinə verilən seçici imzalarının 530-u etibarlı hesab edilsə də, DSK sonradan onun namizədliyinin qeydə alınmaması barədə qərar çıxarıb. Buna səbəb isə onun 0.06 hektar torpaq sahəsini gizlətməsi göstərilib.
Məsələyə Dairə Seçki Komissiyasının da mövqeyini öyrənməyə çalışırıq.
İltizam Əkbərlinin namizədliyi son parlament seçkilərində də qeydə alınmamışdı.
O, 2005-cu ildə bu dairədən deputat seçilmişdi.