Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:30

Hind yazıçıları rəsmi yazıçı təşkilatına qarşı


Protest edən yazıçılardan bir neçəsi yerli telekanalda
Protest edən yazıçılardan bir neçəsi yerli telekanalda

- Hindistanda müstəqil yazıçı təşkilatı rəsmi ədəbiyyat təşkilatına qarşı üsyana qalxıb.

Kəşmir dilində yazan 1100 yazıçını özündə birləşdirən Adabi Markaz Kamraz (AMK) müstəqil ədəbiyyat təşkilatının tanınmış üzvləri Sahitya Akademi adlanan, dövlətdən maliyyələşən rəsmi yazıçılar birliyinin verdiyi mükafatları geri qaytarıblar və üzvlükdən çıxıblar.

Cəvahirləl Nehrunun qardaşı qızı da mükafatını qaytaran yazıçılar arasındadır.

Sahitya Akademi Hindistanda ədəbiyyatı və dilləri təbliğ edən təşkilatdır. 1954-cü ildə yaradılıb. Hindistan hökumətindən müstəqil olduğu elan edilsə də, o, dövlətdən maliyyələşir və paytaxt Dehlidə yerləşir.

“Bizim yazıçılarımız ölkədəki tayfaçılığa və kriminallaşmaya etiraz edirlər” – müstəqil Adabi Markaz Kamraz təşkilatının rəhbəri Syed Shujat Bukhari deyib.

“Etiraz edən yazıçılar vicdanlı insanlardır və onlar ürəklərinin səsilə danışırlar. Hamının ayağa qalxmasının, qaranlıq tunelin sonunda işıq kimi parlayan bu insanları dəstəkləmək vaxtıdır.”

Bu ədəbiyyat təşkilatı “Sahitya Akademi”dən tələb edir ki, ölkədəki tayfa hərc-mərcliyinə və bir ay əvvəl qətlə yetirilən professor Kalburginin ölümü müqabilindəki susqunluğuna son qoysun.

“Önəmsiz məsələlər” adlandırılan şeylərə qarşı dözümsüzlük yazıçılar və fikir adamları üçün ciddi məsələdir - deyən Bukhari başqa yazıçıları da Sahitya Akademidən aldıqları mükafatları geri qaytarmağa çağırıb:

“Kəşmirdən olan başqa Sahitya Akademi mükafatı qalibləri də ayağa qalxmalı, sağlam düşüncəli insanlarla birgə səslərini ucaltmaq üçün özlərində cəsarət tapmalıdırlar.

Əgər ölkədə baş verənlərə qarşı mübarizə aparmasaq, bunun dəhşətli fəsadları olacaq.”

Bu çağırışdan sonra daha bir neçə yazıçı rəsmi ədəbiyyat təşkilatı olan "Sahitya Akademi"-dən çıxdığını (protest istefa) və mükafatını qaytardığını bəyan edib.

Yazıçı Anna Hazare yerli mediaya deyib: "Niyə baş nazir bu cinayətlərə qarşı susqundur? Niyə rəsmi yazıçı təşkilatı səsini çıxarmır?"

Kəşmirdən başqa, Pəncab və Qucarat əyalətlərinin yazıçıları da rəsmi yazıçı təşkilatının mükafatlarını qaytarırlar.

Oxu Zalı

XS
SM
MD
LG