Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:04

Gənc erməni yazıçı Bakı haqda roman yazıb


Gevorg Ghazaryan
Gevorg Ghazaryan

- "Bakı ortaq şəhərimizdir və mən bu romanımı yazarkən Bakının erməni ruhunu ifadə etməyə çalışıram."

Rusiyada yaşayan gənc erməni yazıçı Gevorq Ghazaryan Bakı haqqında roman yazıb. Ona yazılı göndərdiyimiz üç suala aldığımız cavabları təqdim edirik.

"Romanımın qəhrəmanı Bakını görmək həsrətilə yaşayır"

- Gevorq, özünüz haqqında məlumat verin. Sizin Bakı haqda romanınız nədən bəhs edir?

Sergey Mironovich Kirov heykəli
Sergey Mironovich Kirov heykəli

- Bakının unutdurulan tarixindən yazmışam. Sənədli romandır.

Münaqişə düşənə qədər Bakıda erməni əhalisi yaşayırdı.

Onlar Bakıda nə iş görürdülər, necə yaşayırdılar, bax, bunlar haqda indi heç kəs danışmır.

Mən özüm də 1983-cü ildə Bakıda doğulmuşam, münaqişə vaxtı biz Ermənistana köçdük.

Bir müddət orada yaşadıq. Sonra atam Rusiyada, Barataevka aeroportunda iş tapdı və biz Ulyanovska gəldik.

Bakı gözəl şəhər kimi yadımda qalıb. Ən çox Kirovun heykəli olan yer, Dağüstü park, məktəbimiz yadımdadır.

- 20-ci əsrdə şəhərlər romanların qəhrəmanı oldu. Bakınınsa "Əli və Nino" əsərindəki bir neçə səhnəni saymasaq, hələ bir tanınmış bədii obrazı yoxdur. Amma Bakını yazan azərbaycanlı yazıçılar az deyil.

Bakıdan yazan erməni yazıçılar necə, çoxdurmu və onlar əsasən nə yazırlar? Bakının sözün böyük mənasında romantikası nədir onlar üçün?

Bakıda köhnə “Inturist” mehmanxanası
Bakıda köhnə “Inturist” mehmanxanası

- Ermənistan ədəbi mühitindən uzaq olduğuma görə, bilmirəm Bakını yazan erməni yazıçılar haqda sualınızın dəqiq cavabını.

Ancaq onu bilirəm ki, 1990-cı ilə qədər ermənilər Bakı şəhərinin bir çox sahələrində birinci ola bilmişdilər.

Bakıda ilk qəzeti - “Erməni aləmi” (“Haykakan aşxarh”) qəzetini 1877-78-ci illərdə Stepanos Stepane açmışdı.

İlk kitabı - “İnsansız adalarda hindilərin hadisələri” kitabını Avag Grikoryan tərcümə (1872) edib çıxarmışdı.

Bakı Humanitar Təşkilat və ya Filantrop Birliyi adlı bir erməni təşkilatı vardı.

Onun binasındaca 1870-ci ildə ilk nəşriyyatı qurmuşdular. İlk kitabxana 1870-ci ildə Bakı Humanitar Təşkilatının kitabxanası idi.

Bakıda ilk neft kəmərini də ermənilər çəkiblər. 1897-1907-ci illərdə Bakı-Batumi neft kəmərini ermənilər tikmişdilər. Hovannes Mirzoyan Minas oğlu Bakının “neft biznesinin atalarından” biri idi. O, Suraxanıda iki kerosin zavodu tikdirmişdi.

İllüstrasiya
İllüstrasiya

1869-cu ildə Hovannes Mirzoyan Abşeronun birinci neft quyusunu tikmişdi.

Mənim romanımda da Bakı nefti xüsusi yer tutur. Neft Bakının ayrılmaz parçasıdır.

Romanımın süjetinə gəlincə, bütün bu faktları bir bakılı erməni tarixçinin araşdırması kimi vermişəm. Onun azərbaycanlı arvadı Bakıda qalıb və o, Bakıya qayıtmaq istəyir.

Arvadını tapmağa çalışarkən Bakının tarixini də paralel araşdırır. Bakını yenidən görmək həsrətilə yaşayır. Sonda arvadının artıq çoxdan öldüyü haqda xəbər alır.

- Bugünkü Bakını necə təsəvvür edirsiniz?

- Bakının müasir görüntülərinə baxıram İnternetdə. Bakını Xəzərin sahilində yenə də gözəl bir şəhər kimi təsəvvür edirəm.

Azərbaycan məhsulları alırıq bazardan. Biz Azərbaycan pomidorunu mətbəximizdən əskik etmirik.

Rusiyada Bakıdan gələn meyvə şirələri satılır. Ancaq çoxları bilmir ki, 1891-ci ildə Qafqazda ilk dəfə S.Melik-Qulambaryants Bakıda meyvə şirələri və mineral sular fabriki açmışdı.

Bugünkü Bakıda ermənilərin böyük rolu olub. Bakı ortaq şəhərimizdir və mən bu romanımı yazarkən Bakının erməni ruhunu ifadə etməyə çalışıram. Bu xalqların nə vaxtsa yenidən birlikdə, mehriban yaşayacaqlarına inanıram.

Oxu Zalı

XS
SM
MD
LG