Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:32

Dabholkar kimdir: Hindistanın Rafiq Tağısı?


Narendra Dabholkar
Narendra Dabholkar

- “Polisin məni öz camaatımdan qorumaq təklifini qəbul etsəm, bu düzgün olmaz. Mən Hindistan Konstitusiyası çərçivəsində fəaliyyət göstərirəm, heç kəsə qarşı deyiləm, əksinə, hamı üçün çalışıram” – demişdi.

Kimdir Dabholkar?

Hindistan rasionalisti, 2013-cü ildə küçədə iki naməlum şəxs tərəfindən qətlə yetirilmiş Narendra Dabholkar'ın qatillərinin tapılmaması, hökumətin onun qətlini araşdırmağa həvəs göstərməməsi bugün hind yazıçılarının baş nazirə qarşı apardıqları kampaniyanın bir motividir.

O, 1945-ci ildə Hindistanın qərb ştatlarının birində doğulub. Həkim idi. İki uşaq atası idi.

Hndistanın əsasında dini inanclar dayanan milli arxitektura sistemi Vastu Shastra –ya inanmadığına görə, öz evini həmin prinsiplərə riayət etmədən tikmişdi.

Təmtəraqlı toy məclislərini tənqid edirdi, uşaqlarının toyunu dini ayinlərsiz, sadə şəkildə keçirmişdi.

12 il həkm işləyəndən sonra Dabholkar 1980-ci illərdə sosial işçi kimi fəaliyyət göstərməyə başladı. "Bir kənd-Bir quyu" kimi hərəkatlarda təbliğatçı oldu.

Narendra Dabholkar
Narendra Dabholkar

Tədricən xurafat əleyhinə fəaliyyətə keçdi və bir rasionalist təşkilata qoşuldu.1989-cu ildə öz MANS təşkilatını yaratdı. Bu təşkilatın adı hind dilində aşağıdakı sözlərin abbreviaturasıdır: Maharashtra ştatında Xurafatın Aradan qaldırılması Komitəsi.

Şəfa verən “müqəddəs adamlar”ı, buddist mərasimlərini, milyonlarla ardıcılı olan “insan-adam” hindu estetikasını, onun möcüzəvi qüdrətləri haqda inancı tənqid edirdi.

O, Hindistanın yeganə rasionalisti deyildi, Sanal Edamaruku kimi hind rasionalistlərilə dostluq edirdi. Başqa bir hind rasionalisti Sane Guruji’nin açdığı həftəlik Sadhana qəzetinin redaktoru idi. Bir neçə il Hindistan Rasionalist Cəmiyyətləri Federasiyasının rəhbəri olmuşdu.

1990–2010-cu illərdə o, bərabərləşmə, kasta sisteminin ləğvi, murdarlar kastasının ləğvi, kasta cinayətləri əleyhinə təbliğat aparmışdı.

Hindi mərasimi
Hindi mərasimi

Onun MANS təşkilatı Xurafat və Qara magiya Əleyhinə Qətnamə mətni yazmışdı.

Həmin mətni əvvəl hökumət təsdiq etməli, sonra qanun şəklinə salınması üçün parlamentdə müzakirə edilməli idi.

O, xurafat əleyhinə çoxlu məqalələr və kitablar yazmışdı, 3 mindən çox ictimai görüş keçirmişdi.

2010-cu ildə qanunvericiliyə xurafat əleyhinə maddə artırılması üçün bir neçə cəhd etmişdi. Qanunun qaralamasını da yazmışdı.

Lakin bir sıra siyasi partiyalar ona qarşı çıxmışdılar. Bunun hind mədəniyyətinə, adət-ənənəsinə pis təsir göstərəcəyini deyirdilər.

Hindistan, 2013
Hindistan, 2013

Onu din əleyhdarı olmaqda ittiham edirdilər. Ancaq o, France-Presse xəbər agentliyinə demişdi:

“Mənim hazırladığım qanunda din və Tanrı haqda bircə söz də yoxdur. O haqda heç nə yoxdur.

Hindistan Konstitusiyası ibadət azadlığını tanıyır və heç kəs onu bir insandan ala bilməz. Bu qanun fırıldaqçı və istismarçı praktikalara aiddir.”

Qətlə yetirilməsindən bir neçə həftə əvvəl Dabholkar mətbuat konfransı keçirərək şikayət etmişdi ki, qanun ştat parlamentinin yeddi sessiyasında gündəliyə salınsa da, müzakirə edilməyib.

Maharashtra ştatının rəhbəri Prithviraj Chavan’ı tənqid etmiş, bu nazirin ştatın proqressiv insanlarını məyus etdiyini demişdi.

Dabholkar qətlə yetiriləndən bir gün sonra Maharashtra Hökumət Kabineti Xurafat və Qara Magiya əleyhinə Qətnaməni qəbul etdi, parlament isə hələ də bu qətnamənin qanun kimi qəbul edilməsini yubadır.

Dabholkar'a ölümündən sonra ictimai fəaliyyətinə görə Padma Shri mükafatı verildi.

Qətli

Dabholkar 1983-cü ildən başlayaraq, bir neçə dəfə ölüm təhdidi almışdı. Amma polis himayəsindən imtina etmişdi.

“Polisin məni öz camaatımdan qorumaq təklifini qəbul etsəm, bu düzgün olmaz. Mən Hindistan Konstitusiyası çərçivəsində fəaliyyət göstərirəm, heç kəsə qarşı deyiləm, əksinə, hamı üçün çalışıram” – demişdi.

Öldürüldüyü gün o, səhər gəzintisinə çıxıb. Bir hind məbədinin yaxınlığında onu iki naməlum şəxs güllələyərək, motosikllərinə oturub qaçıblar. İki gullə başına və sinəsinə vurlub və o, yerindəcə həlak olub.

Dabholkar öz cəsədini tibb kollecinə vəsiyyət etmişdi. Amma güllələri polis üçün tapmaqdan ötrü bədəninin yarılması onun cəsədini akademik məqsədlər üçün yararsız etdi.

Onun krematoriya şamını oğlunun yandırmalı olduğu haqda dini inancın əksinə, şamı qızı yandırmışdı.

Reaksiyalar

Onun qətlini bir sıra aktivistlər və siyasi liderlər tənqid etdilər. Bir sıra təşkilatlar onun qətlinə etiraz etmək üçün günlərlə bağlı qaldılar.

Doğulduğu, yaşadığı ştatın tənqid etdiyi naziri Prithviraj Chavan qətl haqda hər hansı məlumatı olana 1 milyon rupi (15 min dollar) verəcəyini elan etdi.

Ərazidə 7 nəzarətçi kamera olub. İki qatilin grüntülərini çəkib. Amma onların kimliyi naməlum qaldı.

Xurafat və Qara Magiya əleyhinə Qətnamə isə yalnız onun təhsilli və zəngin insanların yaşadığı Maharashtra ştatında tətbiq olunur. Hindistanın qalan hissəsində insanları xurafat fırıldaqçılarından qoruyan heç bir qanun yoxdur.

İndi qızı və ardıcılları bu kampaniyanı davam etdirir və bütün ölkədə sözügedən qanunun qəbul olunmasına çalışırlar.

Oxu Zalı

XS
SM
MD
LG