Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:16

Çeçen toylarında «ədəbsizliklər»


Toyda silah işlətmək qadağandır.
Toyda silah işlətmək qadağandır.

-

Heç bir atəşfəşanlıqdan söhbət gedə bilməz, rəqs zamanı bəy və gəlin yanaşı olmamalıdır, tortu kəsmək də gəlinə həvalə edilməməlidir – Çeçenistan hakimiyyətinə görə, bütün bunlar əsl, düzgün toyun şərtləridir.

Bu şərtlər paytaxt Qroznıda Mədəniyyət departamentinin ötən ay yaydığı tövsiyələr siyahısında yer alıb. Tövsiyələr gənclərin «mənəvi və əxlaqi inkişafını qorumaq» məqsədi daşıyır. Onların qanuni qüvvəsi olmasa da, önəmli çəkisi var. Ramzan Kadyrov-un rəhbərliyi altında çeçenlər mühafizəkar İslam dəyərlərini qəbul etmək təzyiqi ilə üzləşirlər.

«SON İLLƏR GƏNCLƏR LİBERALLAŞIB»

«Son illər gənclər öz toylarında daha çox liberallıq nümayiş etdirirlər, mühafizəkar çeçen adət-ənənələrinə etinasız yanaşırlar» – Qroznı şəhər Mədəniyyət departamentinin nümayəndəsi Madina Shagidaeva deyir və əlavə edir: «Mən əxlaqsız davranış görmək istəmirəm».

Restoran və banket zalı sahiblərinin yeni qaydaları tətbiq etməyə həvəsləndirilməsi nəzərdə tutulur. Yerli toy təşkilatçılığı agentliyinin sahibi Zubair Bairakov-un dediyinə görə, yeni qaydalara əsasən, restoran sahibləri müştəri ilə qonaqların özlərini necə aparmalı olduqlarını əvvəlcədən götür-qoy etməlidir. Qonaqlar rəqs meydançasında özlərini düzgün idarə etməyi bacarmasalar, onda vəziyyət dəyişənədək musiqi kəsiləcək.

SİLAHDAN İSTİFADƏ DƏ YASAQDIR

İstənilən növ silahdan atəş açılması da arzuolunmaz əməllər sırasındadır.

Toy sahiblərinin havaya atəş açması Qafqazda adətdir. Qafqazlıların Rusiyanın başqa yerlərində də bu ənənəni yaşatması Moskvada xoş qarşılanmır.

Çeçen ənənəsinə görə, toyun xərcini bəy və onun ailəsi ödəyir. Bəyin dostları və ailəsi gəlini ata evindən çıxarır və toyun keçirildiyi mərasim zalına gətirir. Mərasimdə gəlinin oturması üçün xüsusi yer hazırlanır və onun rəqs etməsi və ya başqa tədbirlərə qatılması arzu olunmur.

Ənənəyə görə, bəy, ümumiyyətlə, toyda iştirak etməməlidir, mərasim dağılandan, hər kəs çıxıb gedəndən sonra öz gəlinini görməlidir.

XS
SM
MD
LG