Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:09

Maaşlar azalır, xidməti avtomobillər ləğv edilir


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Son zamanlar maaşların gecikdirilməsi ilə bağlı AzadlıqRadiosuna çoxsaylı məktublar, şikayətlər gəlir. Aldığımız məlumata görə, bir sıra nazirlik və komitələrdə maaşların azaldılmasına başlanılıb, bununla bağlı bəzi qurumlar işçilərinə xəbərdarlıq da edib. Xüsusən də «paket» maaşlar ləğv edilib. Bundan başqa, 6 gün işləyən bəzi dövlət qurumları 5-günlük iş rejiminə keçməyi və iş saatlarını da azaltmağı planlaşdırırlar.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov istefaya göndərilməzdən bir neçə gün öncə işçilərinə «sürpriz» edib: maaşları azaldıb. Bəzi işçilərsə az maaşla işləməkdənsə, təqaüdə çıxmağa üstünlük veriblər.

Rabitə və Yüksək İnformasiya Texnologiyaları Nazirliyinin bir sıra qurumları da maaşları azaldıb. Özü də yayın ortalarından.

Bəzi qurumlar işçilərini rahat iş şəraitindən məhrum etməkdən belə çəkinmirlər: xidməti avtomobilləri, sıravi işçilərin daşınması üçün nəzərdə tutulan avtobusları ixtisara salırlar.

Elektrik xəttləri.
Elektrik xəttləri.

«QAZANCIMIZ BİR EV İDİ...»

Dövlət qurumlarından birində çalışan Feyziyyə Aslanova deyir ki, yüksək maaşına güvənərək ipotekayla ev alıb. Amma maaşının yarıbayarı azaldılmasına görə indi çətin duruma düşüb.

«Bankla danışaraq problemi yoluna qoymaq istədim. Alınmadı. Dedilər ki, «biz də böhranla üzləşmişik, ipotekanı verə bilmirsinizsə, evi satın, həm sizə rahat, həm də bizə»... Evi satım, bəs harada qalım? Küçədə? İki uşaqla? Hələ beş ilimiz var, mən nə qədər uşağımın boğazından, əynindən-başından kəsib ipoteka ödəyə bilərəm? Özü də uşaqlar böyüyür, böyüdükcə xərcləri artır. Bu neçə ildə qazancımız bir ev idi, indi o da əlimizdən çıxır»- deyir Feyziyyə Aslanova.

HÖKUMƏT DƏ BÖHRANI ETİRAF EDİR?

Məsələ təkcə maaşların azalması ilə bitmir. Maaşlar həm də gecikdirilir. Bir neçə gün öncə Emin Əzizbəyli AzadlıqRadiosuna yazıb: «Salam, bu «Azərenerji»də işləyənlərin maaşlarını niyə vermirlər? Bizim rayonda çox yerdə maaşları gecikdirirlər, Qəbələdə».

Daha sonra Emin Əzizbəyli ilə əlaqə saxladıqda bildirib ki, «Azərenerji»də işləyən atasıdır: «Keçən ayın maaşını hələ də verməyiblər. Həmişə ayın 20-25-i arası verirdilər, amma oktyabr yarıdan keçib, maaşdan xəbər yoxdur».

«Azərenerji» ASC-nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev report.az-a deyib ki, əməkhaqqı gecikənlər bir neçə günə maaşlarını tam alacaqlar.

Ə.Baxşəliyev işçilərin əmək haqlarının verilməsində yaranan problemlərin maliyyə çətinliyi ilə əlaqədar olduğunu bildirib: «Maliyyə çətinliyi tək bizdə deyil, hamıda var. Gələn həftə bütün əmək haqları tam ödəniləcək».

Natiq Cəfərli
Natiq Cəfərli

«BÖHRANIN GÖSTƏRİCİSİ»

İqtisadçı Natiq Cəfərli deyir ki, gecikmələr iqtisadi böhranın göstəricisidir: «Büdcə ayırmalarındaazalmalar gedir. Bəzi layihələr dayandırılıb. Bundan başqa, bir sıra dövlət qurumlarına dotasiyaları gələn il minimuma endirməyi düşünürlər. «Azərenerji» kimi böyük qurumlar qeyri-effektiv idarə olunduğundan, xərcləmələrini qeyri-effektiv idarə etdiklərindən bu tipli şəraitdə böhranla daha tez üzləşirlər. Başqa şirkətlərdəsə fərqli problemlər üzə çıxıb, dövlət sifarişini yerinə yetirdikləri halda pul ala bilmirlər. Onlarla belə şirkət var. Neft gəlirlərinin azalması zəncirvarı reaksiyaya səbəb olur, bu da iqtisadiyyatın bütün sahələrinə, həm dövlət, həm də özəl sektora təsirini göstərir».

Natiq Cəfərlinin fikrincə, 2016-cı il çox ağır il olacaq: «Hətta dövlət büdcəsinin ilkin layihəsində xərcləmələrin 4 milyard manat azaldılması proqnozlaşdırılır və artıq bu, büdcədə belə nəzərdə tutulub. Bir milyard manat 140-160 min iş yeri deməkdir. Bu, kəsirlərsə dövlət qurumlarında ixtisarları proqnozlaşdırmağa əsas verir. Özəl sektorda da xərcləri azaltmaq üçün ixtisarlara gedirlər. Pərakəndə satışla məşğul olan şirkətlər belə ofislərini, dükanlarını qapatmağa məcburdurlar».

Natiq Cəfərli deyir ki, idarəetmə sistemində həm siyasi, həm də iqtisadi islahatlar aparılmasa, idarəolunmaz vəziyyət yaranacaq.

XS
SM
MD
LG