Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:49

Ucuzlaşıb yoxa çıxan dərmanlar


Aptek.
Aptek.

-

«Düz beş aptek gəzmişəm, bu da altıncısı. Dərman yoxdur. Qiyməti ucuzlaşandan sonra yoxa çıxıb. Belə şey olar? Tapılmayacaqdırsa, onda heç ucuzlaşdırmayaydılar. Baha olanda, heç olmasa, birtəhər alırdıq. İndi guya yaxşı iş gördülər, qiyməti ucuzlaşdırdılar, dərmanlar yoxa çıxdı».

Əlində resept apteklərdən ümidsiz çıxan 65 yaşlı Firdovsi Bağırovdur. Həyat yoldaşına lazım olan dərmanları almaq ümidiylə Mingəçevirdən gəlib:

«Elə bilirdim, Bakıda olar. Sən demə, dərman ən çox elə burda qəhətə çıxıbmış. Televizorda elə danışırlar ki, deyirsən, daha cənnətdə yaşayırıq, prezident dedi, dərman ucuzlaşdı. Sən demə, elə quru sözüymüş. Camaatı aldadırlar».

APTEKLƏRDƏ CAVAB EYNİDİR: «YOXDUR, DEPODAN GƏLMƏYİB»

Sentyabrın 15-də hökumət mindən artıq dərmanın ucuzlaşdığını elan etdi və yeni qiymətlər qüvvəyə mindi. Ancaq ilk günlər ucuzlaşmış dərmanlar apteklərdə yox idi. Aptek sahibləri, əczaçılar deyirdilər ki, depodan göndərməyiblər deyə, həmin dərmanlar tapılmır. Vəd edirdilər ki, problem 2-3 günə həll olunacaq. Bundan sonra daha bir neçə partiya dərmanın da qiyməti ucuzlaşdırıldı. Ancaq indi, üstündən bir aydan çox keçəndən sonra birinci mərhələdə ucuzlaşan dərmanlar da tapılmır. Apteklərdə cavab eynidir: «Yoxdur, depodan gəlməyib».

Alıcı Kamalə Əliyeva dözməyib əczaçıdan deponun yerini soruşur: «Bəlkə deponun yerini deyəsiniz, gedib oradan alım?».

Əczaçı başını bulayır: «Mümkün deyil. Depodan dərmanları ancaq apteklərə verirlər».

20 AVROLUQ DƏRMAN 3 MANATA SATILA BİLƏR?

Bəs, dərmanlar niyə yoxa çıxıb? Təxminən 15 aptekdə əczaçılar «biz də bilmirik» cavabını verdi. On altıncı aptekdə də adını çəkməyən aptek müdiri dedi ki, problem depo ilə bağlıdır. Ancaq yeniliklərdən də danışdı:

Depo dərman vermir.
Depo dərman vermir.

«Depo dərman vermir. Məsələn, biz «Avromed»in deposundan alırıq. Deyirlər «yoxdur». Tapılmayan dərmanlardan biri «Liprimar»dır. Avropada qiyməti 20 avrodur. Bizdə isə ucuzlaşandan sonra 3 manat olub. Bu dərman Avropada 20 avrodursa, burda necə 3 manat ola bilər? Ancaq bir yol var, yerli istehsal olmalıdır. İndi bu haqda da fikirləşirlər, 3-4 dərman zavodu tikilir. O zavodlar tikilib yerli istehsala başlayandan sonra 20 avroluq dərman ucuz ola bilər. İndi yeni depo yaranır- «Zeytun» şirkətidir. Avropadan gələn dərmanların distributoru bu şirkət olacaq».

Əczaçılar deyir ki, tapılmayan dərmanların əvəzediciləri var ki, alıcılara da ən çox bunları təklif edirlər.

Başqa bir aptekin satıcısı isə söyləyir ki, qiyməti enmiş bəzi dərmanları artıq «Zeytun» şirkətindən alırlar. Ancaq ala bilmədikləri də var:

– Məsələn, «Navakor» yoxdur. Bu dərman İspaniyanındır. İndiki qiyməti 2 manat 80 qəpikdir. Ancaq əvvəl 11 manat olub. «Liprimar»ı tapmaq mümkün deyil. Əvəzinə «Apolis» var.Bəziləri gəlib. Məsələn, ucuzlaşmış dərmanlardan «Tserakson», «Zint», «Vasalip» gəlib. Camaat da alır. Ancaq təxminən 60 manatdan 7 manata düşmüş «Proneyro», 8 manatdan 2 manata düşmüş «Levozin», 17 manatdan 1 manat düşmüş «Qaston» yoxdur. Depoda yoxdur. «Zeytun»a zəng vururam, deyir «bu gün gələcək, sabah gələcək». Ancaq əvəzedicilər olur.

- Bəlkə xəstəyə ancaq özü lazımdır, onda necə?

- Onda çətin olur. Xəstə yazıq gözləməlidir. Ancaq o da var ki, xəstəlik gözləmir.

YENİ ŞİRKƏT: «ÇƏTİNLİKLƏR MÜVƏQQƏTİDİR»

Əczaçıların haqqında danışdıqları «Zeytun Pharmaceuticals» şirkəti ilə əlaqə saxladıq. Özünü təqdim etməyən şirkət əməkdaşı dedi ki, problemlərdən xəbərdardırlar, ancaq düzələcək: «Çətinliklər müvəqqətidir, 1-2 aya düzələcək».

«Çətinliklər müvəqqətidir, 1-2 aya düzələcək».
«Çətinliklər müvəqqətidir, 1-2 aya düzələcək».

Şirkət saytında əhalini keyfiyyətli dərman preparatları ilə təmin etdiyini bildirir: «Yüksəkkeyfiyyətli məhsulları sərfəli qiymətə almaq imkanı veririk. Yaxın gələcəkdə isə tibbi preparatların sifarişini və əldə olunmasını asanlaşdırmaq məqsədilə əhaliyə «online» internet əczaçılıq xidmətinin tətbiqi də nəzərdə tutulur».

YENİ MONOPOLİYA?

İqtisadçı Məhəmməd Talıblının fikrincə, qiymətin aşağı düşməsinə görə dərmanı tapmaq mümkün deyilsə, növbəti mərhələdə həmin dərmanların yerli istehsalı üçün hər hansısa bir şirkətlər seçilə bilər:

«Vaxtilə çörəkbişirmə sahəsində monopoliyanın yaradılması üçün kiçik müəssisələrdə yoxlamalar aparılırdı. Həmin sexlərdəki sanitar vəziyyəti, həşəratları və s. göstərirdilər. Vətəndaşlarda belə təəssürat yaradılırdı ki, belə çörəyi yeməkdənsə, çörək bir monopolistin əlində cəmləşmiş müəssisədə bişirilsin. İndi də həmin vəziyyətlə rastlaşırıq. Bu, psixoloji hazırlıqdır. Yəni, vəziyyət belədirsə, qiymətlər baha olsun, ancaq həmin dərmanları yenidən almaq imkanımız olsun. Ucuz olub tapmamaqdansa, baha olsun, əlçatan olsun. Bəlkə də səhiyyə islahatı dedikdə, bu dərk olunur».

NAZIR MÜAVİNİ DƏ DEMİŞDİ «DÜZƏLƏCƏK»

Bakı şəhər Apteklər İdarəsindən dərmanların niyə yoxa çıxması haqqında sualımıza cavab verən tapılmadı.

Bir müddət əvvəl səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə bu sahədə hələ də problemlərin qaldığını demişdi: «Dərman preparatlarının yeni qiymətlərlə satışa çıxarılması təzə başlayıb və buna görə də problemlərdən qaçmaq mümkün deyil. Hələlik dərman preparatlarının yeni qiymətlə satışında müəyyən qədər problemlər var».

Nazir müavini də qısa zamanda problemlərin aradan qaldırılacağını vəd edirdi.

XS
SM
MD
LG