Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:37

Bizdə işsizlik bir cür dərddir, işləmək ayrı cür


Yusif Hansen
Yusif Hansen

- "İki tip işçi var, iki tip işəgötürən var."

"Bu fəhlələrin işi həm rəhbərlik, həm də ünsiyyətdə olduğu müştərilərdən söz götürmək, danlanmaq, alçaldılmaqdan ibarətdir."

"Aşağılardan əziyyətlə, yaltaqlıqla və ya min cür başqa yolla yuxarıya çıxan, sonra keçmişdə özü kimi olan fəhlələri sıxan..."

Yusif Hansen

Rəhbərlik işçini söyməlidir

Həyatımızın ayrılmaz bir hissəsi işdir. Günümüzün çoxu işdə keçir. Bəs iş nədir: həyatda sağ qalmaq üçün vasitə, yoxsa cəmiyyətə yararlı olmaq üçün şans? Əlbəttə ki, həyata baxışlara görə cavablar fərqlənir.

Azərbaycanda iki tip işçi var: fəhlə və rəhbər. Fəhlə deyəndə tikintidə işləyənləri nəzərdə tutmuram. Məsələn, bankda əməliyyatçılar, kassirlər, kredit mütəxəssisləri, ticarət mərkəzində satıcılar, xadimələr fəhlə tipinə misal göstərilə bilər.

Bu fəhlələrin işi həm rəhbərlik, həm də ünsiyyətdə olduğu müştərilərdən söz götürmək, danlanmaq, alçaldılmaqdan ibarətdir. Onlar rəhbərliyin gözünə adi əşya kimi görünürlər; "o olmasın, bu olsun".

Sən nə qədər yaxşı işçi, fəhlə olsan belə, rəhbərlik istənilən vaxt səni, yəni fəhləni işdən çıxara, qova bilər; rəhbərliyin düşüncəsinə görə, sənin kimi fəhlələr küçədə doludur.

Ölkədə iki cür işəgötürən tipi var: xarici və yerli.

Yerli şirkət, müəssisə, dövlət qurumlarında, daha dəqiq desək, öz millətimizin nümayəndəsinin rəhbərliyi altında çalışanlar özlərini çox bədbəxt hiss edirlər.

Bu tipə aid olan fəhlələr sözün əsl mənasında istismar olunurlar. Deyə bilərsiz ki, bəs kim bunları məcbur edir dözməyə? Hərənin bir səbəbi var.

6-7 il öncə kompüter satışı ilə məşğul olan mağazalar şəbəkəsində satıcı işləyirdim. İşlədiyim mağazalardan birinin müdiri məndən 2-3 yaş kiçik idi.

Bir dəfə yaxınlaşıb soruşdum: “İşçilərlə əmək müqaviləsi niyə bağlamırsız?"

İllüstrasiya
İllüstrasiya

Müdir: “Nəyinə gərəkdir əmək müqaviləsi?”

Mən: “Ən azından təqaüd yaşı çatanda pensiya almaq üçün.”

O: “Sənə pensiya lazımdırsa, gətir mənə 1000 manat ver, sənə indidən düzəldim pensiyanı. Özüm üçün çoxdan düzəltmişəm” - dedi.

Əmək qanunvericiliyi boş-boşuna kağız üzərində olan və işəgötürənlər tərəfindən riayət olunmayan nəsədir.

Bizim ölkədə düşüncə belədir ki, sənə pul verirsə, hər mənada o, sənin ağandır.

Amma insan kəpənək kimidir. Əlində çox sıxsan öləcək, boş buraxsan uçub gedəcək.

Hər şeydən öncə qeyd edim ki, qıraqdan işdən başı çıxmadan rəhbərliyə gətirilən şəxsi anlaya bilirəm. İşdən başı çıxmır deyib keçmək də olar.

Lakin aşağılardan əziyyətlə, yaltaqlıqla və ya min cür başqa yolla yuxarıya çıxan, sonra keçmişdə özü kimi olan fəhlələri sıxan, vəziyyətlərini anlamayan və ya anlamaq istəməyənlərsə sözün hər mənasında şərəfsiz, vicdansız və söyülməyə layiq biriləridir.

Necə deyərlər, bu iş məsələsi çox qəliz məsələdir. İşləmək özünə görə bir cür, işsizlik isə ayrı cür dərddir.

Sadəcə bəxtdən asılıdır desəm, yanılaram. İnsanların həyatını bəxt müəyyən etmir. İnsanların həyatını, taleyini yalnız insanlar müəyyən edir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG