Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:04

«Saray çevrilişi etmək istəyənlər çoxalacaq»


Azər Rəşidoğlu.
Azər Rəşidoğlu.

-

Noyabrın 1-də Azərbaycandan keçiriləcək parlament seçkilərinə təxminən bir həftə qalıb. Müşahidəçilərin fikrincə, bundan əvvəlki seçkilərdən fərqli olaraq cəmiyyətdə, eləcə də siyasi dairələrdə seçki əhval-ruhiyyəsi yoxdur.

Siyasi şərhçi Azər Rəşidoğlu AzadlıqRadiosuna bunun səbəbləri haqqında danışır:

- Heç olmasa, həmişə seçkinin imitasiyası olurdu. Bu dəfə seçkinin imitasiyası belə yoxdur. Digər seçkilərdən fərqli olaraq, bu seçkidə hakimiyyətin tərəfində olan namizədləri də çox saf-çürük etdilər, seçkiyə buraxmadılar. Hətta «konstruktiv müxalifət» adlanan simalar da buraxılmadı. Telekanallarda debatlar təşkil edilmədi. Görüşlərə imkan verilmədi. Bütün bunlar təbii ki, öz təsirini göstərməliydi. Digər tərəfdən, Azərbaycan vətəndaşları da seçkilərə etimadını tam itirib.

– Sizcə, belə bir mühitin yaranmasının əsas səbəbləri hansılardır?

- Hər seçkidən sonra cəmiyyətin demokratikləşməsi istiqamətində insanların ümidləri sarsılıb. Müxalifətin, vətəndaş cəmiyyətinin təqib olunması baş verdi. Vətəndaş cəmiyyətinin bütün aparıcı simaları təqib olunur – ya mühacirətə gediblər, ya da həbs ediliblər. Hər hansı bir səbəbdən sıradan çıxarılıblar. O cümlədən, mətbuat da sıradan çıxarılıb. Azərbaycanda artıq demokratik mübarizənin perspektivinin olmaması barədə rəy formalaşıb. Ona görə də seçkilərə münasibət bugünkü kimi bərbad vəziyyətdədir.

– Budəfəki seçkiləri nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu də müşahidə etməyəcək...

- Ona görə ki, Azərbaycan hakimiyyəti artıq beynəlxalq təşkilatlara qarşı da sərt ritorika ilə çıxışını davam etdirir. Artıq Azərbaycanda demokratik institutların yaradılması ilə bağlı rəsmi Bakıya hansısa mesajların verilməsinin perspektivinə Qərb təşkilatları, beynəlxalq qurumlar da inanmır. Azərbaycan Rusiyaya ilə yaxınlaşmaq yolunu seçdi. Bu baxımdan, rəsmi Bakı Rusiya ilə başlı-başına buraxılıb. Azərbaycan öz seçimini edib. Demokratik dünyadan, Avropadan, Avropa Atlantik məkanına inteqrasiyadan uzaqlaşmaqla məşğuldur. Bütün bunlar son nəticədə böyük fəsadlara gətirib çıxara bilər. Azərbaycan hakimiyyətinin demokratikləşə biləcəyi ehtimalı yox dərəcəsindədir. Beynəlxalq təşkilatların bu seçkilərə münasibətinin indiki kimi olmasının əsas səbəbi budur.

– Bəs, siyasi şərhçilər bu cür mühitdə keçirilən seçkinin nəticələrini necə proqnozlaşdırır?

- İndidən demək olar ki, növbəti parlamentin legitimlik məsələsi rəsmi Bakı üçün çox böyük problem yaradacaq. Mən sadəlövhcəsinə «heç kim seçkinin nəticəsini tanımayacaq» bəyanatı vermək istəməzdim. Ancaq buna baxmayaraq, danışıqlarda Bakı üçün ciddi problemlər yaranacaq. Bu gün dünya artıq bir-birinin ardınca beşinci dəfə prezident olan Lukashenka-nı tanıyırsa, Şərq və neft ölkəsi olan Azərbaycanda avtoritar rejimin möhkəmlənməsinə növbəti dəfə göz yumulacaq. Bütün bunların əsas səbəbi cəmiyyətdir. Cəmiyyət itirdiyini geri istəmirsə, heç bir beynəlxalq təzyiq Azərbaycanda demokratik proseslərin başlanmasına rəvac verə bilməz.

– Cəmiyyətdə həbs, qorxu mühitinin hakim olduğu deyilir...

- Cəmiyyətdə həbs qorxusu yoxdur. Mən vaxtilə AzadlıqRadiosunda «İşdən Sonra» proqramının qonağı olanda Xədicə İsmayıla demişdim ki, «yaxınlarda siz həbs olunacaqsınız, sonra başqası». Demokratik dəyərləri üstün tutan hər bir jurnalist öz həbsini gözləyir, o cümlədən, müxalifətçilər də. Narkotik, ya da digər bəhanələrlə sabah mən də həbs oluna bilərəm. Qohumlarımı vadar edə bilərlər ki, məndən imtina etsinlər. Bütün bunlar keçilib. Bunlar bumeranq effekti verəcək və nəticədə hakimiyyətin özünə qayıdacaq. Yəni, artıq qorxu mərhələsi keçib. Cəmiyyətlə danışıqlara başlamaq lazımdır. Bu olmasa, hakimiyyətin öz daxilində saray çevrilişi etmək istəyənlərin sayı çoxalacaq. Eldar Mahmudovun kənarlaşdırılması, MTN-nin idarə rəislərinin həbsi çox gizli məqamlardan xəbər verir. Güman edirəm ki, MTN qalmaqalının ətrafında Azərbaycanın xarici siyasət kursu dayanıb. Görünür, Astana sammitində prezident İlham Əliyevə Rusiya prezidenti tərəfindən hansısa informasiyalar ötürülüb. Yəqin ki, MTN-də Azərbaycanın Rusiya ilə bağlı planlarını Qərb siyasi dairələrinə ötürməklə məşğul olublar. Bu da hakimiyyət daxilində prezidentin sərt addımlar atmasına gətirib çıxardı. Artıq sistem böhranı yaranıb. Bu gün baş verənləri siyasi islahat, hətta islahatların imitasiyası yox, sistem böhranı və köhnə sistemin çöküşü kim dəyərləndirmək olar.

– Azərbaycanın bir neçə il geriyə atıldığı fikirləri çoxalıb. Hətta ölkənin get-gedə Şimali Koreyaya oxşaması ilə bağlı da fikirlər səslənir.

- Azərbaycan seçimini edib. Artıq Orta Asiya ölkələri modeli üzrə inkişaf etməyə başlayıb. Azərbaycan Avropadan uzaqlaşır, hətta Türkiyədən də uzaqlaşır. Qonşularımız –Gürcüstan tam demokratik seçki keçirir, Ermənistanda əksər müxalif partiyaları parlamentdə təmsil olunur, özünə elektorat toplayır. Azərbaycan isə Orta Asiya respublikalarından birinə çevrilmək üzrədir. Əslində, «artıq çevrilib» də deyə bilərik.

XS
SM
MD
LG