Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:49

3 həbsxanaya gedən əzablı yollar...


Azerbaijan -- the road to the prisons close to Baku, 28Oct2015
Azerbaijan -- the road to the prisons close to Baku, 28Oct2015

Qaradağ rayonunun Buta – Qızldaş qəsəbələri ərazisində yerləşən 8, 12 və 13 saylı cəzaçəkmə yerlərinin yolları neçə illərdir məhbus yaxınları üçün məşəqqətə çevrilib.

Bu yolun palçığından hər sürücü çıxa bilmir

“Onsuz da həbsxana yolu getmək əziyyətdir. Bizim əziyyətimizsə bu yola görə beşqat, onqat ağırdır. Bura gələnə qədər maşın üç dəfə palçığa girdi. Zülmlə çıxmışıq. Hər dəfə də belədir...”

12 saylı cəzaçəkmə yerinə nəvəsinin yanına gələn Fatma Məmmədova deyir ki, həbsxanada ayda iki dəfə görüş verilsə də, o, 3-4 aydan bir gəlir. Həm maddi imkansızlığa, həm də yola görə.

3 həbsxanaya gedən keçilməz yollar
3 həbsxanaya gedən keçilməz yollar

Qaradağ rayonunun Buta – Qızldaş qəsəbələri ərazisində yerləşən 8, 12

və 13 saylı cəzaçəkmə yerlərinin yolları neçə illərdir məhbus yaxınları üçün məşəqqətə çevrilib. Bu ərazilər daş karxanalarının arasında yerləşdiyindən yayda karxanaların tozu-torpağı buraları başına götürür. Payızda, qışdasa vəziyyət daha dözülməz olur. Torpaq yol azca yağan yağışdan palçıq yığınına dönür.

Buna da bax: Çörəyi daşdan çıxanlar (Fotoqalereya)

Əzablı yollarla...

Taksi sürücüsü Buta-Qızıldaş adını eşidən kimi başını narazı-narazı yelləyir, “oranın yolları çətindir” deyir.

... “Çətin” çox yumşaq sözmüş. Əsas yol palçıq olduğundan sürücü yüksəkliklərin arası ilə keçir. İns-

cins gözə dəymir. Yolun sağında və solunda tüstülənən zibil təpələri görünür. Nəhayət, hardansa köhnə bir “Jiqulu” peyda olur. Taksi sürücüsünə hələ bir az da yuxarı çıxmağı, sonra hərbi hissələrin qarşısından keçib əsas yola dönməyi məsləhət görür.

​Torpaqlı, palçıqlı yollar arxada qalandan sonra kələ-kötür hissələr başlayır. Yol kənarlarına daş tökülüb. Maşın hərbi hissələri də keçib həbsxanalar yerləşən yola çıxır. Birtəhər yolu başa vurur...

... Cəzaçəkmə yerlərinin qarşısında dayanan maşınların hamısının təkərləri palçıqlıdır. Həbsxanaların əsas yolu isə bataqlığa çevrildiyindən şlaqbaumla bağlanıb. Uzaqdan palçıqda batıb qalan bir neçə maşın görünür. Batan maşınlardan biri - NİVA birtəhər palçıqdan çıxır. Sürücü deyir ki, bir az yağış yağan kimi əsas yol bu vəzyyətə düşür:

“Dəhşətdir, biz sürücülər, bu camaat, elə bu həbsxanalarda işləyənlər də yazıqdır. Neçə illərdir belədir”...

Sürücülər bura gəlmək üçün hər dəfə yol axtarmaqdan cana doyduqlarını söyləyirlər:

“Niyə görə buralara baxan yoxdur? Bu yolu düzəltmək nə çətin işmiş ki? Axı bura gələnlər də canlı insanlardır. Yazıqların az dərdi yoxdur, bir də bu yol dərdi”...

Buna da bax: Parlament seçkiləri ilə bağlı virtual səsvermə

Yayda toz, qışda palçıq

Məhbus yaxınlarından Nailə Əliyeva deyir ki, yayda toz, qışda palçığa bulaşırlar:

“Kəşfiyyatçıya dönmüşük. Yolun dərdindən hər dəfə bir istiqamətdən gəlirik. Gah dağların arasıyla, gah təpəliklərlə. Yayı bir zülmdür, qışı bir zülm. Yayda karxanaların tozundan nəfəs ala bilmirik. Gör, yazıq dustaqlar nə çəkir. Bu aylarda da palçıqda qalırıq”.

Yolun təmiri ilə bağlı müraciət olunub, nə qədər istəsən...

Penitensiar Xidmət bildirir ki, yolun təmiri onların səlahiyyətində deyil. Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Səadət Bənanyarlı bu yolla bağlı dəfələrlə yerli icra orqanlarına müraciət edildiyini deyir:

“Bu məsələni dəfələrlə qaldırmışıq. Bu Ədliyyə Nazirliyinin səlahiyyətində olan məsələ deyil. İcra hakimiyyətinə, başqa aidiyyatı strukturlara müraciət emişik. Vaxtaşırı bir az yüngülvarı təmir eləyirlər. Ancaq orda daş karxanaları olduğundan, ağır maşınlar keçdiyindən, yol da tez-tez sıradan çıxır. Orada işləyən cəzaçəkmə yerlərinin işçiləri üçün də, məhbus yaxınları üçün də çətinliklər yaradır.”

Buna da bax: Kim kimi harda necə öpdü?

Səlahiyyətlilər nə deyir?

Qaradağ rayonu İcra Hakimiyyətinin Buta qəsəbəsi üzrə nümayəndəliyindən dedilər ki, məsələdən onların da xəbəri var. Ancaq yolun təmiri səlahiyyətlərində deyil. Rayonun Qızıldaş qəsəbəsi üzrə icra nümayəndəsi İlham Yusifov söyləyir ki, bununla bağlı Nəqliyyat Nazirliyinə müraciətlər olub:

“İcra başçısı da dəfələrlə Nəqliyyat Nazirliyinə müraciət edib. Hələ ki, pul ayrılmır. Böyük həcmdə olan yoldur. Elə-belə iş deyil, böyük təmir lazımdır”.

Nəqliyyat Nazirliyindən isə məsələyə hər hansı münasibət öyrənmək mümkün olmadı.

... Cəzaçəkmə yerinin qarşısından ayrılanda hava qaralırdı. Yolda batmış maşınlar isə hələ də palçıqla əlləşirdi...

XS
SM
MD
LG