Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:11

Qış yaxınlaşır, Avropa Birliyi hazır deyil


Suriya qaçqınları İstanbulda.
Suriya qaçqınları İstanbulda.

-

«Suriyadan qaçan milyonlarla qaçqın, onsuz da, çətin şəraitdə yaşayır. İndi də üfüqdə daha bir düşmən – qış görünür. Bu həftə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Avropa Birliyinə 81 milyon dollarlıq qış planı təqdim edəcək. Məqsəd minlərlə qaçqının həyat şəraitini yaxşılaşdırmaqdır».

BMT-nin qaçqınlar üzrə Ali Komissarı «Foreign Policy»yə müsahibəsində deyir ki, qışa hazırlaşmaq məqsədilə Avropa Birliyi siyasəti kənara qoymalı, qaçqınlarla məşğul olmalıdır.

António Guterres söyləyir ki, havanın soyuması, dəniz şəraitinin pisləşməsi Suriyadan Avropaya qaçqın axınını bir az yavaşıda bilər. Ancaq temperatur düşdükcə, humanitar işlər də daha yaxşı koordinasiya olunmalıdır.

UNHCR-ın təqdim edəcəyi plan artıq Avropaya çatmış qaçqınların, onların saxlandığı mərkəzlərin soyuqdan daha yaxşı qorunmasını hədəfləyir.

Yaxın Şərqdə yaşayan milyonlarla qaçqın üçün də qış proqramı hazırlanır, ancaq hələlik vəsait çatışmır. Məsələn, İraqdakı 66 milyon dollarlıq proqramın hələlik 52 faizi maliyyələşib. UNHCR xəbərdarlıq edir ki, yarım milyon insan bu qış yanacaqsız qala bilər.

Ashton Carter.
Ashton Carter.

İRAQDA VƏ SURİYADA HƏRBİ ESKALASİYA

««İslam Dövləti» terrorçu qruplaşmanın müqaviməti ilə üzləşən Obama administrasiyası hərbi kampaniyanı genişləndirmək istiqamətində addımlar atır. Bu eskalasiyaya qarşı çıxmaq əvəzinə, Konqresin aparıcı üzvləri məsuliyyətsizcəsinə daha sərt addımlar tələb edirlər». Bunu «The New York Times» redaksiya məqaləsində yazır.

Müdafiə naziri Ashton Carter bu həftə Senatın Silahlı Xidmətlər Komitəsində çıxışında administrasiyanın yeni strategiyasını «üç R» planı adlandırıb. İlk iki «R» Rəqqa və Ramadi şəhərlərini göstərir, ABŞ İŞİD-i bu şəhərlərdən çıxarmaq istəyir. Üçüncü «R» isə «reyd» sözündəndir, ABŞ İŞİD liderlərinin tutulması və öldürülməsini nəzərdə tutur.

NYT yazır ki, indiki kampaniyanın – silahlıların vurulması və üsyançıların dəstəklənməsinin hüquqi çərçivəsi yoxdur. Bir il öncə başlanan, 4 milyarddan artıq vəsaitə başa gələn kampaniya Konqresin 2001-ci il 11 sentyabr terrorunu törədənlərin təqibinə verdiyi icazə çərçivəsində aparılır. Bir neçə istisnanı çıxmaqla, qanunvericilər bu faktdan narahat görünmürlər. Yəni, prezident müharibəyə Konqresin rəsmi icazəsi olmadan gedir.

«Əvəzində çoxu administrasiyanı çağırır ki, daha sərt addımlar atsın. Suriyanın bəzi hissələrində qeyri-uçuş zonaları yaradılsın, prezident Bashar-al-Assad-ın devrilməsi üçün ABŞ hərbi gücdən istifadə etsin və sairə. Ancaq azı bu iki taktikaya Ağ Ev haqlı olaraq skeptik yanaşır».

İran İslam İnqilabı Qvardiyası.
İran İslam İnqilabı Qvardiyası.

SURİYADA NƏ QƏDƏR İRANLI DÖYÜŞÜR?

«Rusiya Hava Qüvvələrinin, Suriya Ərəb ordusunun, Livan «Hizbullah»ının, İran İslam Qvardiyasının təlim keçdiyi və rəhbərlik etdiyi döyüşçülər Suriyada böyük bir qüvvə halına gəlib. Bu qüvvənin məqsədi müxalifətin 2015-ci ildə əldə etdiyi uğurlara zərbə vurmaq, Suriyanın ikinci şəhəri olan Hələbi ələ keçirməkdir». Bunu isə «Newsweek»də oxuyuruq.

Yazıda qeyd olunur ki, İran son həftələr ərzində cəbhəyə 2 min döyüşçü göndərib. Rəsmi Tehran hələ də israr edir ki, Suriyada ancaq müşavirləri işləyir, burada quru qoşunları yoxdur. Əslində 2011-ci ildən İran bu ölkədəki vətəndaş müharibəsinə bu formada qatılıb. Təcrübəli komandirləri, ekspertləri Suriya təhlükəsizlik qüvvələrinin yenidən qurulmasında rol oynayıb. Ancaq İslam Qvardiyasının yeni göndərdiyi qüvvələrin birbaşa döyüşlərdə iştirakı barədə məlumatlar var.

Tehran liderləri də dəyişikliyə işarə vururlar. Xarici işlər naziri Javad Zarif İranın Suriyada rolunun dəyişdiyini deyib, ancaq onu da əlavə edib ki, hərbi heyət yenə də müşavirlərdən ibarətdir.

Bəs İran qüvvələrinin Suriyada döyüşlərə qatılmasının məsələyə nə dəxili var?

Birincisi, bu, tarixi dəyişikliyi, hərbi doktrinada dəyişikliyi ortaya qoymuş olar. 1980-ci illər İran-İraq müharibəsindən bəri ilk dəfə qvardiya müşavir missiyasından çıxmış olur.

İkincisi, bu, Tehran və Dəməşqin Suriya ərazisinin qorunmasında problemlərlə üzləşdiyini göstərir. Üçüncüsü də, Rusiyanın müdaxiləsinin əməliyyat və strateji tələblərini əks etdirmiş olar. Ola bilsin, prezident Vladimir Putin quruda qələbə qazanmaq üçün İranın yeni qüvvələr göndərməsini istəyib.

XS
SM
MD
LG