Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:26

Zığda məmur-sakin çəkişməsi uzanır


Zığda sürşmə sonası
Zığda sürşmə sonası

Zığdakı evlərdən 40-a qədərinin qəzalı vəziyyətə olduğu müəyyən edilib. 26 qəzalı evin boşaldılmasına dair məhkəmə iddiaları təmin olunub, 22 ailə kirayə evlərə köçürülüb.

“"Reportajınıza bu başlığı qoyun: "Zığda sürüşmə zonasında yaşayanlar Azərbaycan vətəndaşı deyil". Bəlkə sərt olsa, daha çox diqqət çəkər və problemimiz həll edilər". Bunu evləri sürüşmə zonasında yaşayan Zığ qəsəbəsinin sakinləri deyir.

Qəsəbə sakinləri qarşıdan gələn soyuq qış aylarını gözə alıb durumlarına diqqət çəkməyin yollarını arayırlar.

Zığda Qəzalı vəziyyətə düşmüş evlər
Zığda Qəzalı vəziyyətə düşmüş evlər

500 EV SÜRÜŞMƏ ZONASINDADIR

Evi qəzalı vəziyyətdə olan Rafiq Abbasovun sözlərinə görə, ümumilikdə 500 ev sürüşmə zonasındadır:

"Əvvəl qəzalı evlərin sayı 52 idi, indi 57 olub. Lakin ehtimal var ki, bu evlərin sayı arta bilər. Oktyabrın 15-nə olan məlumata görə, siyahıda 121 nəfər var. 2 beşmərtəbəli bina daxil olmaqla, 500 ailə köçürülməlidir".

R.Abbasov deyir İcra Hakimiyyətindən evinə baxış keçiriblər və deyiblər ki, burada yaşamaq təhlükəlidir. Onlara evlərdən çıxmaq üçün aylıq 250 manat kirayəpulu da təklif olunub. Xəbərdarlıq edilib ki, əks halda, baş verə biləcək hər hansı bədbəxt hadisəyə görə məsuliyyəti özləri daşıyacaqlar:

“Mən də ərizə yazdım ki, məsuliyyəti mən yox, baş nazirin müavini Abid Şərifov daşıyır. Səbəbləri də izah elədim. Abid Şərifovun özü Fövqəladə Hallar Nazirliyinə, Maliyyə Nazirliyinə, Suraxanı rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinə göstəriş verib ki, Bakı şəhəri üzrə ayrılmış 25 milyonluq vəsaitdən Zığ qəsəbəsində təhlükəsizliyi qorumaq üçün istifadə olunsun. Lakin indiyə kimi heç bir tədbir görülməyib.

Qərar olduğu halda bəs, bu 55 ailə üçün niyə pul ayırmırlar? Niyə gizlədirlər bunu? Belə çıxır ki, Zığda yaşayan bu sakinlər Azərbaycan vətəndaşı deyil?"

Buna da bax:Rastına çıxan maraqlı hadisələr barədə AzadlıqRadiosuna da məlumat ver: WhatApp nömrəmiz: +420 778 711 700

Zığda Qəzalı vəziyyətə düşmüş evlər
Zığda Qəzalı vəziyyətə düşmüş evlər

“DEYİRLƏR 10 GÜNƏ ÇIXMASAN...”

Evləri tərketmə ilə bağlı xəbərdarlıq qəzalı evlərin hamısına gəlib. Bəzi sakinlərə isə artıq məhkəmə qərarları gəlir. Namiq Qurbanov kimi:

"Avqustun 27-də mənim xəbərim olmadan özbaşına məhkəmə keçiriblər. Suraxanı rayon İcra Hakimiyyəti iddia qaldırıb ki, vətəndaş Namiq Qurbanovun evi qəzalıdır. Evdə yaşamaq olmaz. Təhlükəlidir, evdən çıxarılsın. 10 gün müddətində evi tərk etsin.

Mən onsuz da iyundan kirayədə qalıram, icra hakimiyyətinin verdiyi aylıq 250 manat hesabına kirayə ev tutmuşam. Amma kirayə qalmaq problemi həll eləmək deyil. İcra Hakimiyyəti iyunda mənə 250 manat verir və evdən çıxarır, avqustda isə məni məhkəməyə verir ki, evindən çıxarılsın.

Mən evin əşyalarını çıxarmırdım. Çünki bilirdim ki, sökülən evlərin müqəddəratı mənim evimi də gözləyir. Gördülər ki, mən əşyaları çıxarmıram, məhkəməyə verdilər. Məhkəmədən də deyirlər ki, “10 gün ərzində əşyalarını çıxarmasan, özümüz gəlib çölə atacayıq”. Mən də qarşılıqlı iddia qaldırıb, kompensasiya tələb etdiyimi deyəcəm".

Buna da bax: Fəhlələr maaş tələbilə etiraz aksiyası keçirir

Zığda evi qəzalı vəziyyətdə olanların bəziləri çadırlarda yaşayırlar.
Zığda evi qəzalı vəziyyətdə olanların bəziləri çadırlarda yaşayırlar.

QEYRİ-QANUNU MƏHKƏMƏ KEÇİRİRLƏR

Namiq Qurbanov qeyd edir ki, indi də sakinləri bir-bir təkləyib, məhkəməyə verməklə evlərindən çıxarırlar:

"Evdən əşyalarını çıxaran adamın evini uçuracaqlar. Qeyri- qanunu məhkəmə keçirirlər. Məhkəmədən bizə bildiriş gəlməlidir. Bizə bildiriş gəlməsə, biz hardan bilək ki, məhkəməmiz var?"

Prezidentə şikayət ərizəsi yazdığını deyən Namiq Qurbanov bildirib ki, Nazirlər Kabinetindən buna görə ona zəng vurub, hədə-qorxu gəlirlər:

"Kompensasiya ödənilməsi ilə bağlı verilən qərara riayət edilmədiyini yazmışdım. Nazirlər Kabinetindən mənə zəng vurub hədələdilər ki, sən niyə yazmısan ki, qərar icra olunmur?"

Sakinlərin bəzisi isə həyətlərində qurduqları çadırlarda qalırlar.

Zığda qəzalı vəziyyətə düşən evin çatlamış divarları
Zığda qəzalı vəziyyətə düşən evin çatlamış divarları

AİDİYYƏTİ QURUMLARA MƏLUMAT VERİLİB

Ərazidəki durumun ciddiliyi nəzərə alınaraq evlərə baxış keçirilir. Bunu AzadlıqRadiosuna Suraxanı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov deyir:

“Həmin evlərdən 40-a qədərinin qəzalı vəziyyətə olduğu müəyyən edilib. Eyni zamanda 26 qəzalı evin boşaldılmasına dair Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən rayon məhkəməsində qaldırılmış iddialar təmin edilib, 22 ailə İcra Hakimiyyətinin imkanları hesabına kirayə evlərə köçürülüb".

Şöbə müdiri əlavə etdi ki, onlar mövcud durumla bağlı rəy hazırlayıblar:

"Həmin rəy də Nazirlər Kabinetinə göndərilib. Eyni zamanda Fövqəladə Hallar Nazirliyinə, Maliyyə Nazirliyinə də məlumat vermişik. Vaxtaşırı da əraziyə baxış keçiririk. Dövlət tərəfindən nə qərar verilsə, biz onu icra edəcəyik.

Əgər kompensasiya ayrılsa, əlbəttə ki, bunu gizlətmək mümkün deyil, sakinlərin dərhal xəbəri olacaq. Yəqin ki, sakinlər üçün bank hesabı açılar və ayrılan məbləğ də o hesaba yüklənər. Amma hələ ki, heç bir qərar qəbul olunmayıb".

Barxudar Barxudarov bildirir ki, “qəzalı evlərdən çıxın” deməkdə də məqsədləri sakinlərin təhlükəsizliyinin təmin etməkdir.

Zığda sürüşmə zonası
Zığda sürüşmə zonası

“MƏNİM GÜNAHIMDIR”

Sakinlər Baş nazirin müavini Abid Şərifovun qəbuluna düşə, ona dərdlərini çatdıra bilmədiklərini deyirlər. Ancaq Abid Şərifov AzadlıqRadiosuna qısa açıqlamasında deyir ki, Zığ qəsəbəsindəki qəzalı evlərin məsələsi dövlətə aid deyil:

"Misal üçün, mənim şəxsi evim var. Əgər bu ev qəzalı vəziyyətə düşübsə, bu, mənim günahımdır. Dövlət şəxsi evə kompensasiya verməli deyil axı".

Abid Şərifov məsələ ilə bağlı əlavə suallara cavab verməkdən imtina edib.

Buna da bax:Virtual səsvermə, Azərbaycanda da deputatını özün seç

DÖVLƏT İSTƏSƏ...

Hüquqşünas Əkrəm Həsənov da bu məsələdə dövlətin mütləq öhdəliyi olmadığını, mülkiyyətçinin əmlakı ilə bağlı bütün riskləri özü daşıdığını vurğulayır:

"Mülkiyyətçi əmlakını sığortalamayıbsa, öz riskidir. Bununla belə, dövlət istəsə, Prezidentin və ya Nazirlər Kabinetinin qərarı ilə belə hallarda vətəndaşlara kompensasiya ödəyə bilər, onlar üçün şərait yarada bilər.

Digər tərəfdən, dövlət vətəndaşların təhlükəsizliyinə görə məsuldur. Elə buna görə də onları orada yaşamağa qoymur".

Hüquqşünas qeyd edib ki, Zığ qəsəbəsində vəziyyət fərqlidir, onlara kompensasiya ödənilməsi ilə bağlı qərar var:

"Bu halda həmin ərazinin sakinləri məhkəmə qaydasında haqlarını tələb edə bilərlər. Çünki artıq dövlətin öhdəliyi yaranıb".

Ə. Həsənov sakinlərdən xəbərsiz məhkəmə keçirilməsini pozuntu adlandırır və sakinlərin məhkəmə qərarından apellyasiya vermək hüquqları olduğunu vurğulayır.

XS
SM
MD
LG