Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:43

Əli Həsənov: «İstəyirik xalqın iradəsini görsünlər»


Əli Həsənov
Əli Həsənov

-

«Milli Məclisə seçkiləri izləmək üçün Azərbaycana kifayət qədər müşahidəçi gəlib».

secki-2015.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Prezidentin köməkçisi qeyd edib ki, hazırda seçkiləri 500-ə yaxın xarici müşahidəçi, o cümlədən ölkə daxilindəki partiyaların müşahidəçiləri izləyirlər:

«Bu gün axşama qədər müşahidələr aparılacaq. Əminəm ki, seçkidə ciddi qanun pozuntusu olmayacaq. Əlbəttə, heç bir seçki bu və ya digər neqativ hallardan sığortalanmayıb. Hər bir dövlət və onun seçki institutları çalışır ki, seçkilər maksimum şəffaf, ədalətli, qanunlar və Seçki Məcəlləsinin tələbləri çərçivəsində keçirilsin. Düşünürəm ki, buna da nail olacağıq. Seçiləcək deputatlar parlament ənənələrimizi davam etdirəcəklər. Azərbaycan dövləti və dövlətçiliyi getdikcə daha da möhkəmlənəcək, parlament də bu prosesdə öz rolunu oynayacaq».

«DEMOKRATİK SEÇKİ ÜÇÜN MÜŞAHIDƏÇİLƏRİN SAYI ROL OYNAMIR»

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərə müşahidə missiyası göndərməməsi ilə bağlı sualı cavablandıran Prezident köməkçisi bildirib:

«Ölkəmizdə seçkinin legitimliyini Azərbaycan vətəndaşları müəyyən edir. Əgər Azərbaycan seçiciləri azad və demokratik şəkildə, heç bir kənar təsir olmadan öz iradələrini ifadə edə bilirlərsə, bizim üçün legitimlik ölçüsü budur. Bu və ya digər beynəlxalq təşkilatların Azərbaycanda keçirilən seçkiyə verdiyi rəyə gəlincə, əlbəttə, bu da müəyyən əhəmiyyət kəsb edir. Çünki biz beynəlxalq tərəfdaşlarımızla müəyyən məsələlərdə ortaq dəyərlər axtarırıq. İstəyirik ki, onlar da seçkiləri müşahidə etsinlər. Azərbaycanda kifayət qədər müşahidəçilər var. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun fəaliyyətinə gəlincə, bu Büro neçə illərdir ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı qərəzli mövqedən çıxış edir. Bu dəfə də Azərbaycan hökuməti ilə onlar arasında seçki müşahidəsinin metodologiyası arasında yaranan ayrı-seçkilik ona gətirib çıxardı ki, bu təşkilat öz müşahidə missiyasından imtina etdi... Biz düşünürük ki, demokratik seçkini müşahidə etmək üçün heç müşahidəçilərin sayı önəmli rol oynamır. Burada yaradılmış şərait, seçicilərin səsvermə razılığı və seçki monitorinqini aparan qrupların məsələyə münasibəti əsasdır. Odur ki, biz düşünürük ki, bu institutun Azərbaycana gəlməməsinin ölkəmizdə seçkilərin demokratikliyi və ya qeyri-demokratikliyinə heç bir bağlılığı yoxdur. Bunlar sadəcə olaraq öz subyektiv mülahizələri çərçivəsində bu addımı atıblar. Azərbaycan beynəlxalq təşkilatlarla əlaqə qurur, onlarla tərəfdaşlıq münasibəti yaradır. İstəyirik ki, xalqımızın iradəsini onlar da görsünlər, Azərbaycan xalqının əldə etdiyi dəyərlərə, demokratik seçki nailiyyətlərinə hörmətlə yanaşsınlar. Onlar məsələlərə hörmətlə yanaşmırlarsa, biz də adekvat münasibət göstərəcəyik».

XS
SM
MD
LG