Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:27

İpoteka faizləri azaldılacaq?


Samir Şərifov
Samir Şərifov

-

Maliyyə naziri Samir Şərifov APA-ya müsahibəsində ipoteka kreditləri üzrə faiz və ilkin ödənişin azaldılması məsələsinə toxunub. Bu addımları istisna etməyən nazir belə deyib: «Şübhəsiz, çalışacağıq ki, faizlər əhalinin alıcılıq qabiliyyətinə cavab versin... Digər tərəfdən, biz bazarda yaranmış vəziyyəti də nəzərə almalıyıq. Yəni, bunlar arasında müəyyən bir kompromis tapılmalıdır. Hesab edirəm ki, münasib faiz dərəcələri tapılacaq».

NAZIR: «ORTA VARİANT SEÇMƏLİYİK...»

Samir Şərifovun sözlərinə görə, ipoteka bazarı daim diqqətdə saxlanacaq və mənzil qiymətlərinin süni artımına imkan verilməyəcək: «Biz bir tərəfdən çalışacağıq ki, bazarda faiz dərəcələri yüksək olmasın, digər tərəfdən biz bazarda cərəyan edən hadisələri nəzərdən keçirməliyik və elə etməliyik ki, faiz dərəcələri aşağı olmaqla, eyni zamanda mənzillərin qiymətləri artmasın. Bunların arasında orta bir variant seçməliyik. Ona görə, həmin səhmdar cəmiyyət yaradılıb ki, o, bazarda baş verən proseslərə çevik reaksiya versin, prosesləri çevik tənzimləyə bilsin».

Nazir ipoteka kreditləri məbləğinin artırılması istiqamətində də addımların planlaşdırıldığını söyləyib. Onun sözlərinə görə, ölkədə tətbiq olunan ipoteka modeli saxlanacaq və bu modelin inkişafı istiqamətində tədbirlər davam etdiriləcək. Bununla belə, Samir Şərifov ipotekanın maliyyələşmə mexanizminə bəzi düzəlişləri də istisna etməyib.

Qurum rəhbəri ipoteka kreditlərində ilkin ödənişin azaldılması məsələsinə də baxılacağını və uyğun variantın tapılacağını bildirib.

Yeni tikili.
Yeni tikili.

EKSPERT: «ÇOX ÇƏTİN OLACAQ...»

Əmlak məsələləri eksperti Rəşad Əliyev deyir ki, hökumət ipoteka krediti həcmlərinin artırılmasına ehtiyatla yanaşır: «Prosesi bazarda qiymət artımına səbəb olan amil kimi görmək istəmirlər. İndən belə İpoteka Fondu kreditləşmə siyasətində bazardakı mövcud vəziyyəti nəzərə alacaq. Bu, çox çətin olacaq. Qiymət artımının özü də ipoteka kreditləşməsi sahəsində dövlət siyasətinə mənfi təsir edən amillərdəndir. Çünki qiymət artarsa, ayrılmış ümumi ipoteka vəsaitlərinə daha az mənzil alınacaq».

ƏVVƏLKİ SİSTEM QALSA...

Rəşad Əliyevin sözlərinə görə, ipoteka kreditində ilkin ödəniş faizinin ciddi azaldılması suallı qalır: «Ancaq azaldılması istisna deyil. Digər tərəfdən, əvvəlki kreditləşmə mexanizmi qalsa, bunun əhəmiyyəti az ola bilər. Çünki əvvəlki qaydalara görə, İpoteka Fondu ilkin ödənişin minimal həddini müəyyənləşdirir və banklar risklərini nəzərə alaraq, ilkin ödənişə yenidən baxa, onu artıra bilirdi. Buna görə də əvvəlki sistem qalsa, ilkin ödənişin azaldılmasının heç bir əhəmiyyəti olmaya bilər. Axı daşınmaz əmlak bazarının indiki vəziyyətində əksər banklar risklərə daha ehtiyatla yanaşır».

«ƏSAS ADİ İPOTEKADIR»

Kredit üzrə faiz dərəcələrinə yenidən baxılmasına gəlincə, ekspert deyir ki, ən aşağı faiz dərəcəsi Mərkəzi Bankın uçot dərəcəsindən az olmayacaq: «Ola bilsin, sosial ipoteka üzrə faizlər eyni qalsın. Adi ipoteka kreditləri üzrə faizlərin 8 faizdən hansı səviyyəyə endirilməsi daha çox maraqlıdır. Əksər kredit götürənlər məhz bu növ kreditdən istifadə edirlər».

XS
SM
MD
LG