Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:48

Günel Mövlud. Uğursuz mədhiyyənin sirri


Günel Mövlud
Günel Mövlud

- "Bundan sonra mədhiyyələrin yazılmasına senzuramı var, məmurlar təriflənməkdən daha xoşhallanmırlar, yağlı təriflər daha onların qəlbini oxşamırmı?"

Günel Mövlud

Şəxsən mən günlərdir düşünürəm

Bir həftədən çoxdur, Vaqif Bəhmənlinin nazir Əbülfəs Qarayevə yazdığı şeir barədə düşünürəm.

Mövzuya bir qədər gecikmiş sayıla bilərəm. Amma bu gecikmənin səbəbi mənim ləngliyimdən deyil, hadisənin banal başlanğıcından, qəfil dönüş almasından və nəticədə olduqca qeyri-adi sonluğundan qaynaqlanır.

Doğrusu, bir şairin məmurlaşması, məmurlaşandan sonra müdirinə, rəisinə, nazirinə mədhiyyə yazması heç də gözlənilməz bir hal deyildi.

Nazir Ə.Qarayev, 2013
Nazir Ə.Qarayev, 2013

Azərbaycan poeziyasında xalq şairi tituluna, hansısa kresloya, hansısa sanatoriyaya “putyovka”ya, hansısa ziyafətə dəvətə, bağ evinə, maşına, katibəyə və daha minlərlə hər cür xırım-xırda məişət rahatlıqlarına hesablanmış yüzlərlə poeziya nümunələri vardır.

Ağsaqqal şairin nazirə yazdığı şeir də aşağı-yuxarı, sadaladıqlarımızdan birinə hesablanmışdı. Ancaq, düşünürəm ki, ağsaqqal şairimiz situasiyanın belə qəfil dönüş alacağını heç hesablamamışdı.

Necə də hesablasın? Axı ağsaqqal şair ta gəncliyindən belə şeyləri görə-görə gəlib. Görüb ki, mədhiyyələrin, odaların, tərifnamələrin, gözəlləmələrin müsbət nəticəsi olur.

Çox vaxt mədhiyyələr ünvanlandığı məmurların canına sarı yağ kimi yayılaraq, onların qəlbini yumşaldır, onlar belə şeirlərdən sonra səxavət kisəsinin ağzını açaraq, o kisədən uyğun bir əmr, göstəriş, tapşırıq, dəvətnamə, putyovka (indi kimin gücü nəyə çatırsa) çıxararaq, mədh yazan adamı razə salırlar.

Hətta bəzən çox iri çaplı məmurlar olur ki, belə mədhiyyələrdən sonra şairə heç nə bağışlamır, amma ətrafındakılara deyirlər ki:

Məni istəyən şairə xələt versin.

Bu vaxt şair gözlədiyindən də artıq səxavət görür, çünki o iri məmurun yanındakıların hünəri nədir, şairə qarşı səxavətli olmasınlar.

Amma deyir, sən saydığını say, gör fələk nə sayır. Bu dəfə alınmadı. Nazir mədhiyyədən xəbər tutcaq, ağsaqqal şairə ənam, vəzifə, bag, titul əvəzinə töhmət verdi.

Azərbaycan poeziyası tarixində yəqin ki, ilk dəfə bir şair tənqidə, satiraya, həcvə görə deyil, mədhə görə cəzalandırdı.

Hadisənin belə qəfil dönüş alması ağsaqqal şairlə yanaşı, hamını bərk təəccübləndirdi. Mədhin, tərifin cazalandırılmağına alışmamış bir cəmiyyət çox sarsıldı.

Axı bu töhmət, bu cəza bir ilk olmaqla yanaşı, həm də yeni bir tendensiyanın yaranmasından da xəbər verə bilər.

Axı niyə, axı necə ola bilər, axı nə səbəbə bir mədhiyyə, bir tərifnamə, bir vəsfi-hal mükafatlandırılmaq əvəzinə, cəzalansın? Bundan sonra həmişəmi belə olacaq?

Bundan sonra mədhiyyələrin yazılmasına senzuramı var, məmurlar təriflənməkdən daha xoşhallanmırlar, yağlı təriflər daha onların qəlbini oxşamırmı?

Bu töhmətdən sonra kim bilir, neçə tərifnamələr yarımçıq qaldı, neçə hazır mədhiyylər dərc olunmadı, neçə şairin əli yeni bir vəsfi-hal şeirinin üzərində tərərddüdlə titrədi...

Doğrudan da, bu şeirin mükafat deyil, töhmət, cəza alması adamı xeyli düşündürür. Şəxsən mən günlərdir düşünürəm.

Axır ki, bir az əvvəl hazırda yaşadığım şəhərdə qonaq olan bir kulturoloq dostumun təsadüfən danışdığı bir hadisə ağsaqqal şair və uğursuz mədhiyyənin sirrini mənə açdı.

Bir gün bir yaşlı ginekoloqu həbs edirlər. O, qapıya gələn gənc dilənçi qadını boğaraq öldürübmüş.

Ginekoloq qətli boynuna alır. Məhkəmədə hakim ondan qətlin motivini soruşur. Axı necə olub ki, bir həkim, insanlığın xilaskarı adına iddialı bir peşə sahibi bir qadını qətlə yetirib?

Ginekoloqun baraət nitqi belə olur:

Möhtərəm hakim! Mən ginekoloqam. Bir kişinin həyatında ayda bir neçə dəfə, bir neçə saat görə biləcəyi şeyi ay uzunu səhər saat 9-dan axşam saat 6-ya qədər görürəm.

Həmin gün həddən artıq çox xəstəm vardı. Demək olar ki, gün uzunu dincəlməmişdim. Gün uzunu ancaq iş obyektimə baxmışdım.

İşdən sonra şəxsi xəstəm olan bir xanım məni evinə dəvət elədi. Gedib onu da müayinə elədim. Sonra o xahiş elədi ki, hazırda evində qonaq olan qohum qadını da müyinə eləyim. Onu da müyinə elədim.

Sonra evə gəldim. Çox yorğun idim. Arvadım bir yandan başladı ki, mən daha ər borcumu yerinə yetirmirəm. Çox deyindi. Ağladı. Məcbur qalxdım ki, onunla sevişim. Amma əslində, çox əzab çəkirdim, çünki daha o şeyə baxa bilmirdim.

Birdən qapı döyüldü. Sevindim. Düşündüm ki, gələn kimdirsə, məni bu əzablı işdən xilas elədi. Qalxıb, qapıya tərəf getdim. Qapını açanda gördüm ki, bir cavan dilənçi qadın dayanıb...

Bu, artıq son hədd idi. Daha dözə bilmədim.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG