Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:53

Eldar Mahmudovun 80 qohumu...


Eldar Mahmudov
Eldar Mahmudov

-

Mətbuat keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı mövzunu davam etdirir. «Yeni Müsavat»da oxuyuruq: «Eldar Mahmudov antikorrupsiya qanununu da pozubmuş...».

«Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldı və aydın oldu ki, Milli Təhlükəsizlik Nazirliyində onun 80 qohumu işləyib. Nazir həmin qohumları vasitəsilə hansı işləri görüb, bunu istintaq araşdırmalıdır. Bəs qohumların bir-birinin tabeliyində çalışması qanunidirmi? Belə bir tabeçilik münasibətləri korrupsiya cinayətlərinə yol açmırmı?», - sual edir qəzet.

«Hüquqi Dövlət» Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış qəzetə deyib ki, «Korrupsiyaya Qarşı Mübarizə haqqında» Qanunun 7.1-ci maddəsinə görə, icra hakimiyyəti orqanlarında müəyyən edilmiş istisnalar olmaqla, qohumların bir-birinin tabeliyində işləməsi yolverilməzdir: «İstisna halı Nazirlər Kabineti müəyyən etməlidir. Amma bu günə qədər belə bir istisna nəzərdə tutulmayıb. Həmin qanunun 7.2-ci maddəsində göstərilir ki, əgər qohumların bir-birinin tabeliyində işlədiyi müəyyən edilərsə, 1 ay müddətində həmin şəxslər işdən çıxarılmalıdır. Yəni həmin qanunun tələbinə görə Eldar Mahmudovuntabeliyində heç bir yaxın qohumu işləyə bilməzdi. Eldar Mahmudov milli təhlükəsizlik naziridirsə, deməli, o qurumda işləyən bütün şəxslər onun işçiləridirlər və onların arasında nazirin qohumu olmamalı idi. Çox əfsuslar olsun ki, Azərbaycan hüquq dövləti deyil. Buna görə də belə bir problemlər ortaya çıxanda, həlli də qeyri-mümkün olur».

M.Baxış deyib ki, 2003-cü ildə qanuni qüvvəyə minmiş «Korrupsiyaya Qarşı Mübarizə haqqında» Qanun bu gün də qüvvədədir və qanunun icrasına nəzarət etməli qurum Baş Prokurorluqdur: «Prokurorluq qanunun icrasına nəzarət etməli olan, məsuliyyət daşıyan orqandır. Eldar Mahmudovun barəsində şikayətlər bu qurumda araşdırılmayıb. Eldar Mahmudovdan sadəcə qorxublar, çəkiniblər. Onun xüsusilə ağır cinayətləri - quldurluq, hədə-qorxu ilə tələb etmə, soyğunçuluq haqda Baş Prokurorluğa daxil olan şikayətlər araşdırılmayıb».

Cahangir Hacıyev
Cahangir Hacıyev

CAHANGİR HACIYEVİN 70 MİLYONLUQ «BARAMA» ƏMƏLİYYATI

«Bizim yol» araşdırır: «Cahangir Hacıyevin 70 milyonluq «barama» əməliyyatının şok təfərrüatı».

Qəzet yazır ki, «Şəki-İpək» ASC 2005-ci ildə özəlləşdirilməyə çıxarılandan sonra üzərini qara buludlar alıb: «Keçirilən müsabiqədə «Pərvanə» MMC adlı şirkət qalib olaraq, ASC-nin əsas səhmdarına çevrildi. İnternet üzərindən «Pərvanə» MMC haqqında axtarış versək də, geniş məlumat əldə edə bilmədik. Yalnız o məlumdur ki, şirkət Xəqani Bəşirova məxsusdur. Bu, həmin X.Bəşirovdur ki, adı Beynəlxalq Bankın məşhur «kredit» olaylarında çəkilir. AzadlıqRadiosunun apardığı araşdırmalardan məlum olmuşdu ki, X.Bəşirov bankın sabiq rəhbəri Cahangir Hacıyevlə əlbir olaraq «Şəki-İpək» ASC kimi müəssisələr adından sui-istifadə edib kreditlər alaraq, dövlət vəsaitini, onların əmlakını mənimsəyiblər.

Deməli, «Pərvanə» MMC vasitəsilə Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev «Şəki-İpək» ASC-yə sahiblənir. Özəlləşdirmədən sonra müəssisədə bütün rəhbərlik, kadrlar dəyişir, peşəkar mütəxəssislər işindən uzaqlaşdırılır. Elman Qarayev adlı şəxs rəhbərliyə gətirilir və onun adından Beynəlxalq Bankdan kredit «transfert»lərinə start verilir. Xaricə pul çıxarmağın ən yaxşı yollarından biri isə yerli istehsal olunan baramaların alınmasından imtina edərək, xaricdən idxala üstünlük verilməsi oldu. Bunun üçün isə Beynəlxalq Bankdan nə az, nə çox 50 milyon dollar civarında, illik 13 faizlə kredit götürüldü. Artıq müəssisənin borc girdabına düşdüyü ərəfədə Elman Qarayev uzaqlaşdırılaraq, onun yerinə «Marat Sultanoviç» kimi tanınan Qazaxıstan vətəndaşı, əslən özbək olan Marat Əkbərov ASC idarə heyəti sədrliyinə gətirilir.

Amma M.Əkbərov və N.Şadıyev də durumu düzəldə bilmir. Əksinə, onlar barəsində külli miqdarda vəsaitin mənimsənilməsi ittihamı ilə cinayət işi açılır və İnterpolun axtarışına verilir».

Qəzet yazır: «Səhmdar Cəmiyyətin kiçik payçıları bildirir ki, şirkətin hazırda kredit borcu rəsmi olaraq 70 milyon manat göstərilsə də, əslində daha çoxdur. İldə cəmi 6 milyon manatlıq məhsul istehsal edən bir müəssisə üçün həmin kreditin faizini belə ödəmək çətindir. Ona görə də 70 milyon Beynəlxalq Bankın problemli kreditləri sırasındadır. Bu ilin martında bankdakı «kredit» əməliyyatından sonra müəssisəyə kreditlərin verilməsi dayandırılıb. Əslində, indiyədək ABB ətrafında baş verən hadisələr göstərirdi ki, bu tip müəssisələr qəsdən borclandırılır, ASC-lər ləğv edilir və əmlakları mənimsənilir».

Rafael Cəbrayılov
Rafael Cəbrayılov

«Şəki-İpək» ASC-ni də eyni aqibətin gözlədiyini yazan qəzet sonda sual edir: «Maraqlıdır ki, kiçik bir müəssisə ətrafında bu qədər yeyinti olduğu halda, kimsə cəzalandırılmadı».

DÜNYƏVİ DƏYƏRLƏRƏ XİDMƏT EDƏN KONSTİTUSİYA

«Azərbaycan» qəzetində deputat Rafael Cəbrayılov yazır: «Dünyəvi dəyərlərə xidmət edən Konstitusiya».

Deputat hesab edir ki, Əsas Qanuna zaman-zaman bəzi əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan bütün dövlətlər üçün səciyyəvi haldır:

«Bu prizmadan aşkar görünür ki, ictimai münasibətlərin dinamik inkişafı şəraitində Konstitusiyanı «toxunulmaz və sabit» sənəd kimi qoruyub saxlamaq, əslində, onun tənzimləyici imkanlarını dar çərçivəyə salmaqdır. Konstitusiya bütün qanun və normativ-hüquqi aktlardan yüksəkdə dayanmaqla, onların hüquqi bazisi, əsası, istinad mənbəyi kimi çıxış etməli, hər bir dövrdə insan hüquq və azadlıqlarının başlıca təminatçısı olmalıdır.

Hələ 2002-ci ilin 24 avqustunda referendum yolu ilə Konstitusiyaya edilmiş bir sıra mütərəqqi dəyişikliklər də bu mənada obyektiv sosial zərurətdən irəli gəlmişdir…

Referendum aktı layihəsində təklif olunan yeni müddəalar Konstitusiyanın bir çox normalarının təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına yönəlmişdi».

Әli Kərimli
Әli Kərimli

Müəllif sonda yazır ki, 20-ci ildönümü qeyd edilən Azərbaycan Konstitusiyası da ölkənin demokratik və sivil yolla inkişafına ən başlıca təminatdır.

ƏL QOLUMUZU BAĞLAYIB, ERMƏNİSTANA «VUR!» DEYƏCƏKLƏR

«Azadlıq»da oxuyuruq: «Hökumətin xarici siyasəti rəsmən iflasa uğradı».

AXCP sədri Әli Kərimli Rusiyanın Ermənistanla hava hücumundan birgə müdafiə sazişi imzalamağa hazırlaşmasına münasibət bildirib. Onun sosial şəbəkədə paylaşdığı açıqlamanı qəzet dərc edib:

«Torpaqlarımızı işğal etmiş düşmən Ermənistanın hava məkanının müdafiəsini Rusiya rəsmən öz üzərinə götürür. Rusiya və Ermənistan arasında müvafiq sazişin hazırlanması üçün Rusiya prezidenti sərəncam imzaladı. Azərbaycan hökumətinin xarici siyasəti rəsmən iflasa uğradı. Onların siyasətinin iflas edib-etməməsi nisbətən kiçik məsələdir, əsas odur ki, ölkə üçün ciddi hərbi təhlükə yarandı. Rusiya və Ermənistan arasında imzalanacaq yeni sazişə görə, bizim Ermənistanla aramızda yeni müharibə başlayacağı təqdirdə, Ermənistan öz hava məkanından tam arxayın ola bilər. Bu halda Azərbaycanın döyüş təyyarələrini də, Ermənistana atacağı raketləri də Rusiya hava hücumundan müdafiə qüvvələri qarşılayıb zərərsizləşdirəcək. Ermənistan tərəfindən daha müasir hücum vasitələri ilə olacaq hücumları isə biz özümüz qarşılamalı olacağıq. Daha sadə ifadə etsək, bizim əl qolumuzu bağlayıb, Ermənistana da «vur!» deyəcəklər».

XS
SM
MD
LG