- 12 noyabrda Fransız ədəbiyyat nəzəriyyəçisi və filosofu Rolan Bart'ın (Roland Barthes) 100 illiyi qeyd olunur. Bu münasibətlə onun ən məşhur məqaləsini təqdim edirik.
"Müəllif hələ də ədəbiyyat tarixi dərsliklərində, yazıçı bioqrafiyalarında, jurnallarda çıxan müsahibələrdə, hətta intim gündəlikləri vasitəsilə də şəxsiyyətini və yaradıcılığını qovuşdurmaq istəyən yazarların şüurunda hökmranlıq edir; müasir mədəniyyətimizdə ədəbiyyat çox güclü şəkildə müəllifin, onun şəxsiyətinin, həyatının, zövq və istəklərinin ətrafında mərkəzləşib."
Müəllifin ölümü
“Sarazin” əsərində Balzak arvad donuna girmiş bir xədim haqqında belə bir cümlə işlədir: "O qadın idi, gözlənilməz qorxuları, əsassız kaprisləri, instinktiv özündənçıxmaları, səbəbsiz cəsarətləri, hisslərinin incəliyi ilə əsl qadın”.
Burada danışan kimdir? Hekayənin qadın cildi altında xədimin gizləndiyini bilmək istəməyən qəhrəmanımı? Şəxsi təcrübəsi ilə qadınlıq fəlsəfəsini öyrənmiş fərd Balzakmı?
Qadınlıq haqqında əbədi fikirlər yürüdən müəllif Balzakmı? Universal müdrikliyin səsimi? Romantik psixologiiyamı? Bunu bilmək heç zaman mümkün olmayacaq, sırf ona görə ki, yazı hər bir səsin, hər bir mənşəyin məhvidir.
*
Şübhəsiz, həmişə belə olub: hər bir halda bir hadisə gerçəkliyə təsir göstərmək niyyəti ilə deyil, qeyri-tranzitiv məqsədlə, bir sözlə desək, simvolun reallaşmasından başqa heç bir məqsəd güdülmədən danışılırsa, bir uzaqlaşma baş verir, - səs öz mənşəyini itirir, müəllif öz ölümünə qədəm basır, yazı başlanır.
Amma bu fenomenlə bağlı hisslər dəyişkəndir; etnoqrafik cəmiyyətlərdə hekayəni istənilən adam deyil, şaman, ozan və s.kimi üsusi şəxslər danışırlar.
Bu sonuncuların “ifasını” alqışlamaq olar, “dühalarını” isə yox. Müəllif bizim cəmiyyət tərəfindən istehsal olunmuş müasir dövr peronajıdır.
Orta əsrlərdən çıxdıqdan sonra bu cəmiyyət ingilis empirizmi və fransız rasionalizinin təsiri ilə fərdin, yaxud daha eleqant şəkildə deyildiyi kimi, “bəşər övladının” nüfuzunu kəşf etdi.
Tamamilə məntiqlidir ki, ədəbiyyat sahəsində müəllifin “şəxsinə” ən çox əhəmiyyəti kaitalist ideologiyasının nəticəsi olan pozitivizm verib.
Müəllif hələ də ədəbiyyat tarixi dərsliklərində, yazıçı bioqrafiyalarında, jurnallarda çıxan müsahibələrdə, hətta intim gündəlikləri vasitəsilə də şəxsiyyətini və yaradıcılığını qovuşdurmaq istəyən yazarların şüurunda hökmranlıq edir; müasir mədəniyyətimizdə ədəbiyyat çox güclü şəkildə müəllifin, onun şəxsiyətinin, həyatının, zövq və istəklərinin ətrafında mərkəzləşib; əsərin izahatı hələ də onun istehsal edildiyi tərəfdə axtarılır, elə bil ki, hətta bədii əsərin fiksiyasının içindən də müəllifin səsi danışmaqdadır.
*
Müəllifin imperiyası güclü olsa da, bəzi yazıçılar artıq çoxdan onu silkələməyə başlayıblar.
Fransada Mallarme ilk dəfə o vaxta qədər dilin mülkiyyətçisi sayılan yerini dilin özünə verməyin zəruriliyinin görüb.
Onun irəli sürdüyü və bizim də razılaşdığımız fikrə görə, danışan dildir, müəllif deyil.
Linqvistika da müəllifin bu cür məhvinə qiymətli analitik vasitələr verir. Belə ki, o göstərir ki, enonsiasiya bütövlükdə boş prosesdir və onun fəaliyyət göstərməsi üçün bu boşluğu müsahiblərlə doldurmağa heç bir zərurət yoxdur: mən – mən sözünü deyən adamdan başqa bir şey olmadığım kimi, linqvistik baxımdan yanaşdıqda müəllif də yazandan başqa bir şey deyil.
*
Müəllifin uzaqlaşması təkcə tarixi fakt deyil. O, müasir mətni başdan ayağa dəyişir. əvvəla, zaman elementi eyni deyil. Müəllif konsepsiyasına inananlar üçün müəllif həmişə öz kitabının keçmişindədir, onların arasında əvvəl və sonra münasibəti var.
Müəllif kitabın qida mənbəyi sayılır, müəllif kitabdan əvvəl mövcuddur, onun üçün düşünür, əziyyət çəkir, yaşayır: o, əsəri ilə ata-uşaq münasibətindədir və birincidir.
Bunun əksinə, müasir yazar öz əsəri ilə eyni zamanda doğulur, o, heç bir halda öz əsərini zamanca qabaqlamaq keyfiyyətinə malik deyil.
Yeganə mövcud zaman enonsiasiya zamanıdır və hər bir mətn əbədi olaraq, burada və indi yazılır.
Buradan belə nəticə çıxır ki, daha yazıya bir qeydiyyat prosesi kimi baxıla bilməz, yazı Oksford filosoflarının ardınca linqvistikanın perfomativ adlandırdığı quruluşdur – yəni burada enonsiasiyanın məzmunun onun ifadə olunduğu aktla üst-üstə düşür (məsələn, hökmdarların “Mən bəyan edirəm ki” ifadəsi kimi)
*
Müəllif uzaqlaşdırıldıqdan sonra mətnin kodunu deşifrə etmək lüzumsuzlaşır.
Mətnə müəllif vermək onu ətalətə sürükləmək, onu final və qəti sübutla təmin etmək, yazını qıfıllamaq deməkdir.
Bu konsepsiya tənqidin işinə yarayır, çünki belə olan halda tənqid öz qarşısına müəllifi əsərin altında kəşf etmək vəzifəsi qoyur: müəllif tapılandan sonra mətn “izah” olunur və tənqid işini bitmiş sayır.
Bu konsepsiya tənqidin işinə yarayır, çünki belə olan halda tənqid öz qarşısına müəllifi əsərin altında kəşf etmək vəzifəsi qoyur: müəllif tapılandan sonra mətn “izah” olunur və tənqid işini bitmiş sayır.
Buna görə təəccüblü deyil ki, müəllifin ağalıq etdiyi tarix dövr tənqidin ağalıq etdiyi dövrlə üst-üstə düşür və bu gün tənqidin yeri müəlliflə eyni zamanda silkələnir.
*
Balzakın sitatına qayıdaq. Danışan heç kəsdir. Yazının səsini, mənbəyini yazıda axtarmaq lazım deyil, oxuda axtarmaq lazımdır.
Başqa bir misal bunu aydın göstərir. Bu yaxınlarda aparılmış tədqiqatlar göstərir ki, yunan tragediyaları konstitutiv olaraq müəmmalı təbiətə malikdir.
Bu tragediyalar ikibaşlı sözlərlə zəngindir və personajların hər biri onları bir başqa mənada anlayır (bəs bu əbədi anlaşılmazlıq “tragik” elementi gücləndirir); amma bir nəfər var ki, o, həm sözlərin hər iki mənasını tutur, həm də personajların digər mənaya münasibətdə anlaqsızlığını görür: o adam oxucudur.
Yazı öz mahiyyətini bu cür açır: mətn çoxsaylı mədəniyyətlərdən ortaya gələn və bir-birilə dialoqa, parodiyaya, konfrontasiyaya daxil olan çoxsaylı yazılardan təşkil olunub; amma bu çoxluqların toplaşdığı bir yer var ki, o da dediyim kimi, müəllif deyil, oxucudur.
Oxucu yazının bütün ünsürlərinin toplaşdığı yerdir.
Mətnin bütövlüyü onun mənşəyində deyil, onun təyinatındadır.
Amma bu təyinat fərdiləşdirilə bilməz: oxucu həyat tarixi, bioqrafiyası, psixologiyası olmayan bir adamdır.
O sadəcə yazının təşkil olunduğu bütün izləri bir yerdə tutan kimsədir. Amma klassik tənqid heç vaxt oxucu ilə məşğul olmayıb. Yazının gələcəyini ona qaytarmaq üçün onunla bağlı mifi tərsinə çevirmək lazımdır: oxucunun doğuluşu müəllifin ölümü hesabına başa gəlməlidir.
Tərcümə: Fuad Zərbiyev