Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:03

Dünyəvilik Azərbaycan xalqının tarixdə qazandığı ən böyük dəyərdir


Seymur Baycan
Seymur Baycan

- "Azad Fikir Universitetini bağlayıb qapısına möhür vuranda, düşünən adamları ölkədən pərən-pərən salanda, televiziya ekranlarını müğənnilərlə dolduranda, elmi-kütləvi əsərlərin tərcüməsinə pul ayırmayıb, ağzını açıb bir kəlmə söz deyə bilməyən idmançılara milyonlar xərcləyəndə axır-əvvəl vəziyyət təhlükəli hal almalı idi."

Seymur Baycan

Çox qorxulu oyunlar

Son vaxtlar dini zəmində baş verən hadisələrə, radikal dindarların hakimiyyətə açıq-aşkar meydan oxumasına, hakimiyyəti təhdid etməsinə münasibət birmənalı deyil.

Bir çox insanlar hesab edirlər ki, hakimiyyət daxildəkiləri və xaricdəkiləri qorxutmaq, özünün daha yaxşı olduğunu göstərmək üçün qəsdən vəziyyəti gərginləşdirir, dindarların aktivləşməsinə, daha da radikallaşmasına şərait yaradır.

Bakıda dindar aktivistlər, 2015
Bakıda dindar aktivistlər, 2015

Fikrimizi daha sadə ifadə etsək, hakimiyyət dindarların radikallaşmasına, aktivləşməsinə şərait yaratmaqla həm xaricdəkilərə, həm də daxildəkilərə bu mesajı ötürür; Baxın, biz getsək, bunlar gələcəklər. Ona görə, bizi dəstəkləməyə, bizi qorumağa məcbursunuz.

Əgər həqiqətən də hakimiyyətin belə bir siyasəti, belə bir niyyəti varsa, bu, heç bir ölçüyə, miqyasa gəlməyən, dəhşətli dərəcədə səhv siyasətdir.

Dini siyasətdə oyuna çevirmək çox təhlükəlidir. Çünki günlərin bir günü vəziyyət tamam nəzarətdən çıxa bilər. Hakimiyyətin güvəndiyi polis bir anda özünü itirər.

Ötən əsrin 70-ci illərində İranda baş verən hadisələri tez-tez yada salmaq lazımdır. Düzdü, bir çox adamlar ötən əsrin 70-ci illərində İranda baş verən hadisələrlə bu gün Azərbaycanda baş verən hadisələr arasında paralellər aparmağı düzgün hesab etmirlər.

Onların fikirincə, o vaxt İranda, bu gün isə Azərbaycanda baş verən hadisələr zahirən bir-birinə nə qədər oxşasa da mahiyyət etibarı ilə tamam başqa-başqa hadisələrdir, paralellər aparmaq əsla doğru deyil.

Əlbəttə, İranda və Azərbaycanda baş verən hadisələr arasında fərqliliklər çoxdur, amma etiraf edək ki, oxşarlıqlar da az deyil.

Mənim beynəlxalq siyasətdən anlayışım yoxdur. Çalışıram, böyük-böyük mövzuları heç yaxın buraxmayım. İnqilabı ingilislər etdi, inqilabı fransızlar etdi, filan kəşfiyyat orqanı inqilabı hazırladı, gizli güclər, dərin dövlət kimi mövzulara bacardığım qədər girişmirəm. Özümü gülünc vəziyyətə salmaq istəmirəm.

Xəritəni qabaqlarına qoyub, ölkələri parçalayan, təzə ölkə quran, bu xalqı burdan ora, o xalqı ordan bura köçürən, qısası, böyük-böyük mövzularda ciddi-ciddi fikirlər söyləyən adamlar həmişə gülüş doğurub.

Çünki tarixən məlumdur ki, bəzən tarixi hadisələrin arxasında çox kiçik səbəblər, bəzən hətta xırdaca məişət söhbətləri dayanır. Bu haqda Volterdən tutmuş Balzaka, Aleksandr Dümaya , Brextə qədər xeyli müəlliflər yazıblar.

Məsələn, indi bizim ölkədə qəribə hadisələr baş verir. Hər gün yüksək rütbəli, yüksək vəzifəli bir adamı həbs edirlər. Hərənin ağzından bir avaz gəlir. Biri baş verən hadisələrin arxasında Rusiya faktorunun dayandığını iddia edir.

Biri deyir, həbs edilənlər dövlət çevrilişi hazırlayırmışlar. Biri deyir, ölkədə pul azalıb, ona görə yavaş-yavaş kəmərləri sıxırlar, pul yığan adamların əllərindən bir-bir tutub pullarını alırlar. Fərziyələr çoxdu. Aləm qarışıb.

Hər kəs israrla daha doğru düşündüyünü sübut etmək istəyir. Belə de ki, heç kim hadisənin nəyə görə baş verdiyini, hakimiyyətin inandığı bir adamın birdən-birə niyə, hansı səbəbdən qəzəbə tuş gəldiyini dəqiq bilmir.

Hardan bilək, bəlkə bu hadisələrin arxasında kiçik bir səbəb, balaca bir məişət hadisəsi dayanır. Elə səbəb ki, heç kimin ağlına gəlməz.

Elə bir səbəb ki, eşitsək inanmarıq, hətta gülə bilərik. Kim deyibsə, çox gözəl deyib: “Tarix elə ciddi sahədir ki, bu sahəni tarixçilərə həvalə etmək olmaz”.

Rza Şah və Fərəh Pəhləvi həbəş imperatorunu qəbul edirlər
Rza Şah və Fərəh Pəhləvi həbəş imperatorunu qəbul edirlər

Bu mənada Fərəh Pəhləvinin xatirələri mənim üçün ciddi mənbədir.

O kitabı coxdan oxumuşdum və bərk qorxmuşdum. Qorxum səbəbsiz deyildi. Kitabda oxuduqlarımla ölkədə baş verən proseslerin oxşarlıqları məni qorxutmuşdu.

Hələ o vaxt qorxumu izhar etdikdə sekulyar dostlarım belə, vəziyyəti şişirtdiyimi, boş yerə qorxduğumu, qorxmaq üçün heç bir əsas olmadığını israrla deyir, məni sakitləşdirməyə çalışırdılar.

Amma vaxt keçdikcə israrla "qorxmaq üçün heç bir əsas yoxdur" deyən dostlarımın mövqeləri zəiflədi, onlar da vəziyyətin təhlükəli hal aldığını gördükcə qorxmağa başladılar.

Vitold Qombroviç adlı bir polyak yazıçısı var. Böyük yazıçıdır. Yeri gəlmişkən, Qanun nəşriyyatı bu yazıçının “Ferdidurka” əsərini azərbaycan dilində nəşr edib. Qombroviç faşistlərin Polşaya girməsindən əvvəl ölkəni tərk edib. Dostlarının sən hara gedirsən sualına Qombroviç möhtəşəm bir cavab verib:

- Dostlar, bəyəm siz qəzet oxumursunuz?

Ötən əsrin 70-ci illərində İranda baş vermiş hadisələrin müəyyən mənada iştirakçısı, şahidi olmuş və indi mühacirətdə yaşayan adamlarla çox söhbət etmişəm. Onların hamısına bu sualı vermişəm:

- İnqilab necə baş verdi?

Hərəsi bu suala bir cürə cavab verib. Hərə bir səbəb göstərib. Hərənin bir fikri olub. Biri deyib şahın əməlləri İranda inqilab üçün şərait yaratdı. Biri dedi şahin vaxtında vəziyyət yaxşı idi, camaat yaxşı dolanırdı.

Biri ingilisləri, biri fransızları günahkar çıxarırdı. Amma bir adam və onun cavabı xüsusən yadımdadı. İnqilab necə baş verib sualına həmin adam uzun uzadı cavab verirdi və danışdığı yerdə birdən dayanıb, dedi:

- Neçə illərdi bu haqda danışıram , amma özüm də bu suala cavab tapa bilmirəm. Heç özümüz də bilmədik, necə oldu…

Yazının əvvəlində qeyd etmişdik, dindarların aktivləşməsinə, radikallaşmasına, hakimiyyətə açıq-aşkar meydan oxumasına münasibət birmənalı deyil.

Bir çox adamlar belə hesab edir ki, azərbaycanlılar heç bir ideyaya axıra qədər inanmır, həmişə öz şəxsi mənfəətlərini ideyadan üstün tuturlar.

Azərbaycanlıların fanatik olmadığını düşünən bu adamlar dindarların ölkə üçün heç bir təhlükə törətməyəcəyinə əmindirlər. Bu cür mövqeni təsəlli kimi də qəbul etmək olar. Bunun adı sadəcə sadəlövhlükdür.

Bəziləri belə hesab edir ki, azərbaycanlılar ümumiyyətlə, dindar xalq deyil. Ona görə də sekulyarizmin dayaqları Azərbaycanda heç vaxt kökündən sarsıla bilməz. Bunun da adı savadsızlıqdır.

Bəziləri isə dindarların aktivləşməsinə açıq-aşkar sevinirlər. Nə yolla olursa olsun, hakimiyyətin dəyişməsini istəyən, ümumiyyətlə dəyişiklik istəyən bir çox adamlar üçün kimin hakimiyyətə etiraz etməsi önəmli deyil, önəmli olan odur ki təki hakimyyətə etiraz edən adamlar olsun. Kökündən yalnış mövqedir.

Kimin hakimiyyətə etiraz etməsinin çox böyük önəmi var. Müxalifət də proseslərdən fayda götürmək istəyir. Özlərini ağıllı hesab edirlər. Guya etiraz edən dindarlardan öz xeyirlərinə istifadə etmək istəyirlər. Narazı elektoratı öz tərəflərinə çəkməyə çalışırlar.

Əbəs yerə. Kökündən səhv addımdır. Daha bilmirlər ki, vəziyyət daha ağır hal alsa, heç bir müxalifət lideri, heç bir müxalifət funksioneri vəziyyətə nəzarət edə bilməyəcək. Onlar ümumiyyətlə, dindar təbəqəyə lazım olmayacaqlar. Bunu müxalifət liderləri dəqiq bilməlidirlər.

2011-ci ildə qətlə yetirilmiş sekulyar yazıçı Rafiq Tağı
2011-ci ildə qətlə yetirilmiş sekulyar yazıçı Rafiq Tağı

Zatən müxalifət düşərgəsi sekulyarizmə artıq bir neçə dəfə xəyanət edib.

Rafiq Tağının qətli zamanı müxalifət düşərgəsi, müxalifət liderləri çox qorxaq bir mövqe tutdu.

Qətlin səbəbi nə olursa olsun, qətli kim törədirsə törətsin, bir yazıçının ölümünə müxalifət sərt reaksiya verməli idi. Amma müxalifət düşərgəsinin yazıçının ölümünə sərt reaksiya verməyə cəsarəti çatmadı.

Göründüyü kimi vəziyyət çox mürəkkəbdir. Çox qarışıqdır. Hələ neçə il əvvəl Məmməd Süleymanov bir yazısında qeyd

etmişdi ki, nə vaxtsa Azərbaycanda ideya davası olsa, bu dava sekulyarlarla dindarlar arasında olacaq.

Əlbəttə, vəziyyətin belə ağır hal alması birbaşa hakimiyyətin günahıdır. Təhsilin bərbad vəziyyətdə olması, azad düşüncəli adamlara qarşı repressiyaların aparılması, onların qorxudulması, şantaj olunması, gözdən salınması nəticəsində din ölkədə xeyli inkişaf etdi.

Azad Fikir Universitetini bağlayıb qapısına möhür vuranda, düşünən adamları ölkədən pərən-pərən salanda, televiziya ekranlarını müğənnilərlə dolduranda, elmi-kütləvi əsərlərin tərcüməsinə pul ayırmayıb, ağzını açıb bir kəlmə söz deyə bilməyən idmançılara milyonlar xərcləyəndə axır-əvvəl vəziyyət təhlükəli hal almalı idi.

Əlbəttə ki, azad məhkəmələrin, ifadə azadlığnın olmaması, ölkədə tüğyan edən sosial ədalətsizliyin də dinin inkişaf etməsində rolunu nəzərə almalıyıq.

Nəzərə almalıyıq ki, insanların əli yerdən üzüləndə avtomatik olaraq, istər-istəməz əllər göyə sarı uzanır. İnsanlar yerdə ədalət tapmayanda göydə ədalət axtarmağa başlayırlar. Xarici faktorlar da nəzərdən qaçmamalıdır.

İyirmi ildi Türkiyədən, İrandan, ərəb ölkələrindən ölkəyə milyonlar axıdılır. Müxtəlif təriqətlər, xeyriyyə cəmiyyətləri, saytlar, jurnallar vasitəsi ilə bu milyonlar Azərbaycanda dini yaymaq məqsədi ilə xərclənilir.

Harda yaşadığımızı, coğrafi mövqeyimizi də unutmamalıyıq. Bir tərəfimiz Dağıstan, bir tərəfimiz İran, Xəzərin o tayındakılar da bizdən beş betər gündə. Ermənistanla müharibə vəziyyətindəyik .

Bizim üçün nəfəslik rolunu oynayan Gürcüstanla da son vaxtlar münasibəti pozmaq istəyən xeyli adamlar peyda olub. Bütün bu amilləri nəzərə alanda bu həngamədə azərbaycanlıların hələ də dini fanatizmə müqavimət göstərməsi təəccüb doğurur.

Molla Nəsrəddin jurnalının bir sayı
Molla Nəsrəddin jurnalının bir sayı

Biz bu müqavimət qabiliyyətimizə görə əsrin əvvəlində yaşayıb və yaratmış klassiklerimizə, Mirzə Cəlilə, Mirzə Ələkbər Sabirə, Cəfər Cabbarlıya, Haqverdiyevə, Ömər Faiq Nemanzadəyə, Yusif Vəzir Çəmənzənliyə, adları məlum olan və olmayan bütün maarifçilərə, cəhalətə qarşı mübarizə aparan həkimlərə, vəkillərə, müəllimlərə, ən əsası "Molla Nəsrəddin" jurnalına minnətdar olmalıyıq.

Bütün hallarda ənənə öz sözünü deyir.

Lakin bu o demək deyil ki, bu müqavimət uzun müddət davam edəcək. İqtisadi böhran artdıqca hakimiyyətin təsir imkanları zəifləyəcək, resurslarını itirəcək, dindar təbəqənin isə daha da aktiv fəaliyyət göstərməsi üçün münbit şərait yaranacaq.

Son vaxtlar dini mərasimlərin gur keçməsinin səbəbi də iqtisadi böhranın başlamasıdır. Yas yerində hamı rəhmətə gedənə görə ağlamır. Doğmaları, yaxın qohum-eqrəbanı çıxsaq hərə öz dərdinə sərinə ağlayır.

Bəs nə etməli? Hər şeydən əvvəl onu qeyd edək ki, radikal dindarlara qarşı hakimyyətin güc nümayiş etdirməsi, gücə arxalanması çox böyük səhvdir.

Fanatik dindarlar müsavatçılar, cəbhəçilər, nidaçılar deyillər ki, aparıb polis idarəsində ağızlarının üstünə iki şillə vurub, qorxudasan. Fanatik dindarlara qarşı güc tətbiq edilməsi ancaq və ancaq onlarin daha da güclənməsinə, daha da təşkilatlanmasına səbəb olacaq. Dini fanatizmə qarşı ən təsirli silah elmdir, maarifdir, təhsildir.

Hakimiyyət özündə qətiyyət tapıb siyasi movqeyinden asili olmayaraq sekulyar təbəqənin həmrəyliyinə nail olmalı ve onların azad fəaliyyət göstərməsine şərait yaratmalıdır.

Əks halda, gec olacaq ve çox pis olacaq. Dünyəvilik Azərbaycan xalqının tarixdə qazandığı ən böyük dəyərdir. Bu dəyər itirilsə, Azərbaycan xalqı bir xalq kimi öz mövcudluğunu da itirəcək. Məhv olacaq. Yoxa çıxacq. Toza çevriləcək.

İqtidarlı-müxalifətli, qadınlı-kişili, savadlı-savadsız hər bir kəs bunu qəti olaraq anlamalıdır.

Meydan.tv

XS
SM
MD
LG