- Böyük fransız maarifçi filosof və yazıçı Volterin “Fəlsəfə sözlüyü” Cenevrədə çap olunsa da (1764), hakim çevrələri çaşdırmaq üçün kitabda onun Londonda çap olunduğu göstərilmiş, müəllifin adı isə gizli saxlanmışdı.
Çağdaşlarının yazdığına görə, Volter bu əsərin müəllifi olduğunu ən yaxın dostlarından belə, gizlədirdi.
Volter sağlığında bu əsəri xeyli genişləndirərək bir neçə dəfə çap etdirmişdi və kitab ən çox oxunan kitabların sırasında yer tutmuşdu.
İlahiyyatçıların və hakim çevrələrin qəzəbinə tuş gəlmiş kitab Cenevrədə və Parisdə məhkəmədə mühakimə edilərək, yandırılmağa “məhkum” olunmuş, Roma Papasının buyuruğu ilə qadağan edilmiş kitabların sırasına yazılmışdı.
Kitabın çapından üç il sonra, 1767-ci ildə çap elətdirdiyi “Antifilosof sözlüyü” ilə Volterin əsərini qaralamağa və gözdən salmağa çalışan Abbat Şodon yazırdı:
"Volterin “Fəlsəfə sözlüyü” indiyədək bu sıradan olan ortaya çıxmış kitabların hamısından daha artıq allahsızlıq yaymağa çalışması ilə seçilir... Bu kitabı hamı oxuyur, hərbçilər, alimlər, qadınlar, ruhanilər bu kitabdan sitatlar gətirirlər; bu dolu fincandan bütün təbəqlərdən və yaşlardan olan insanlar allahsızlıq zəhəri içirlər”.
Volterin indiyədədək də maraqla oxunan bu kitabından bir parçanı təqdim edirik.
VOLTER
DİN
Birinci Bölmə
Dini inancları danan epikürçülər, toplumun gündəmindən elmi çalışmalarla yanaşı, qarşılıqlı barış anlaşmalarını düzənləyən qanunları da silib atmaq istəyirdilər.
Epikürçülərin düşüncəsinə görə, toplumun bütünlüyü yasalara yox, insanların biri-birinə bəsləməli olduqları doğmalıq duyğularına arxalanmalıdır, onların başlıca ehkamları dostluğa çağırış idi.
Attik, Lukretsi, Memmi, habelə bunlar kimi bir neçələri, qazandıqları yüksək insanlıq özəlliklərinə görə dinc birgəyaşayış içində keçinə bilirdilər; belə kiçik qurumlar bütün ölkələrdə olur.
Nə olar, yığışın özünüz üçün, könlünüz açılsın deyə, istədiyiniz kimi filosofluq eləyin, qoy olsun! Özü kimilərlə bir yerə toplaşıb, belə bilik sərgiləməklə, gözəl musiqilər çalıb-çağırmaqla əylənməyə mən də pis baxmıram; ancaq, siz gəlin, bütün bunları özünüzün yaşadığınız dar çevrədə eləyin, anlamaz, qaba kütlənin gözü qarşısında belə bir konsert verməkdən sakının, onlar sizin çalğı alətlərinizi əlinizdən alıb öz başınızda sındırarlar.
Siz toplumun idarə olunmasında, lap azacıq da olsa belə, din üçün yer ayırmasanız, onda vay sizin gününüzə!
Mən bu danışıqlarımda öz dinimizdən söz açmıram: bizim inancımız ən böyük yaxşılıqların toplusu, ən gərəkli və ən doğru dəyərlərin qoruyucusudur, bu, Tanrının insana yol göstərmək üçün verdiyi açıqlamalardır. (Volter buradakı sözləri, ruhanilərin özünə qarşı yönələcək basqılarını önləmək üçün yazır. Dilmancdan)
Mən yenə öz dinimizi bir qıraqda saxlayıb belə bir suala cavab axtarmaq istəyirəm: bütün dünya dinlərinin yanlışlarından arıdılmış, insanları özündən çiyrindirməyən, onların hamısını öz başına toplya bilən, hansısa bir din tapmaq olarmı? Elə isə bu hansı din ola bilər?
Belə bir din Yer üzündə yaşayan insanları hamılıqla Uca Varlığa baş əyməyə öyrədən din olmazdımı?—tək olan, sonsuz olan, dünyanın əbədi Yaradıcısı olan, gerçəkliyə dirilik, hərəkət bağışlayan, “cui nec simile nec secundum”(latıncadır, anlamı: Onun nə bənzəri, nə də tayı vardır.) olan, Yaradıcı!
Görəsən, elə bir din ola bilərmi, Uca Varlığın qulluğunda: elədiyimiz yaxşılıqlara görə bizi birləşdirsin, suçlarımıza görə isə bizi ayıra bilsin?
Belə bir din ehkamlara uymaz, kimlərinsə ağılsız yekəbaşlıqlarına yol verməz, bununla da öz içində ara verməyən didişmələrin kökünü kəsərdi, ayrı-seçkiliklər yaratmaqdansa, kimsənin doğruluğunu danmayacağı insani dəyərlər aşılayardı.
Bu din inancının mahiyyətini yersiz və gərəksiz ayinlərə bağlamazdı, sünnət olunmaq, axtalamaq, tüpürcəklə sağaltmaq kimi iyrəncliklərə yol verməzdi, insanı bunca alçaltmaz, onlarda: bütün bu ayinlər olmadan da, öz insanlıq borclarını yerinə yetirməli olduqlarına inam aşılayardı.
Bu dində öz yaxınlarını, soydaşlarını Tanrıya sevgi adı ilə incitmək, öldürmək olmazdı, insanların biri-birinə yaxşılığı, elə onların Tanrıya sevgisi sayılardı; bu din başqalarının baxışlarına dözümlə yanaşmağı öyrədər, bununla da bütün dünyada insanların qardaşlaşmasına gətirib çıxarardı.
Belə bir dinin çox cazibəli törənləri ola bilərdi və onlar kütlənin anlağına, duyğularına birbaşa yol tapardı, habelə, burada anlaşılmaz, gizlin anlayışlar uydurmağa da yer qalmazdı, belə anlayışların inanclara yol tapması bilgin insanları çiyrindirib, inancsızları qıcıqlandırmazdı.
Bu din elədiyi suçları sonradan tövbə eləməklə bağışlatmaq üçün yollar olduğunu irəli sürməkdənsə, hamını toplumun işinə yarayan yaxşlıqlar eləməyə yönəldərdi.
Bu din onun qulluqçularına, ruhanilərə dolanışıqlarına yetəcək, yaxşı yaşaya biləcəkləri, bir qazanc yolu da qoyardı, onların hansısa görəvləri ələ keçirib, hakimiyyətə yiyələnib, tiranlara çevrilməsinə yol verməzdi.
Ruhanilərə, xəstələndikdə, qocalıq çağında da, dolanışıqlarına yetəcək paralar ayırardı, ancaq onlara işsiz-gücsüz gün keçirməyə görə nəsə verməzdi.
Bu dinin bir çox prinsipləri artıq bir sıra dövlət başçılarının ürəklərində özünə yer eləmişdir, bütün dövlət başçıları, abbat Sen-Piyerin1 irəli sürdüyü əbədi barış bağlaşmasına qol qoyan andan, bu din bütün dünyaya yiyəlik eləməyə başlayacaqdır.
İkinci Bölmə
Bu gecə mən çox dərin düşüncələrə dalmışdım; təbiəti izləyib onun gizlinlərinə varmağa çalışırdım; kainatdakı sonsuz ulduzlar, onların keçdiyi yollar, biri-biriylə bağlılıqları, məndə sözlə deyiləsi olmayan bir vurğunluq doğurmuşdu, belə vurğunluğun nə demək olduğu qara kütləyə tanış deyil.
Kainatın bu ağlasığmaz böyüklükdə olan azman mexanizmini yönətən intellekti düşündükcə mənim vurğunluğum bir az da artırdı.
Öz-özümə düşünürdüm:
“Bu görünən gözəlliklərdən gözlərinin qamaşmaması üçün ancaq gərək kor olasan; bu gözəlliyi oluşduran Yaradanın varlığını danmaq üçün gərək necə qanmaz olasan; o böyük Yaradana boyun əyməmək üçün gərək necə də qanacaqsız olasan. Görəsən, mən ona olan sayğımı necə yerinə yetirməliyəm?
Son 13 əsrdə işi-gücü yalnız qan tökmək olan bu yekəbaş din başçılarına niyə müdrik deyirsiniz?!
Yoxsa, mən bütün kainata yönələn bir sayğı göstərməliyəm, axı necə olsa da, Ulu Yaradan bu kainatın bütün yerlərində vardır, onun varlığı sonsuzluğu qaplamışdır.
Süd Yolu qalaktikasının hansısa ulduzunda yaşayan bir düşüncəli varlıq da, bu balaca Yer yumrusunda yaşayan bizlər kimi, ona sayğıda bulunmalı deyilmi?
İşıq bizim üçün nədirsə, Sirius ulduzunda olanlar üçün də elə odur; onda nədən onlarla bizim əxlaqlarımız da bir olmasın?
Elə isə, Sirius ulduzunda doğulan birinin ata-anası yaxşı insanlar olmuşsa, onun yaxşılığı üçün əllərindən gələni etmişlərsə, onda o da bizim öz dəyərli böyüklərimizə bəslədiyimiz sevgilər kimi, öz ata-anasına elə bu sayaq sevgilər duyacaq, sayqılar göstərəcəkdir.
Süd yolu qalaktikasında olan birisi, əlsiz-ayaqsız bir şikəsti görüb, ona yardım eləməyə gücü yetərkən, bunu etməzsə, onda o təkcə öz yaşadığı ulduzda yox, bütün kainatın qarşısında suçlu olacaqdır.
Ürəklərin daşımaqda olduğu insanlıq yükü hər yerdə eynidir, Tanrının taxtının(belə bir taxt varsa!) pillələrinin üstündə də, kainatın dibsizliyində də, insanın bu mahiyyəti dəyişməz olaraq qalır”.
Mən bu düşüncələrə qapıldığım anda, göylərin arasındakı boşluqları dolduran baş mələklərdən biri mənim yanıma endi.
Mən bu, göydə yaşayan varlığı tanıdım, bu mənim uzaqgörənliyimin daşıyıcısı olan mələk idi, o keçmişlərdə bir dəfə də yanıma gəlib mənə bunları başa salmışdı:
Tanrının düşüncələri bizim düşüncələrimizə oxşamır, bunları tutuşdurmaq, görülüb qurtarmış yaxşı bir işin dəyəri ilə, kiminsə, ancaq uzun-uzadı götür qoy eləyib başlaya bilmədiyi, ancaq görmək istədiyi hansısa yaxşı bir işin dəyərini tutuşdurmaq kimidir.
Uzaqgörənliyim, məni daşlaşmış insan sümükləri qalaqlanmış bir çöllüyə gətirdi; ancaq bu sümük qalaqlarının arasında bir neçə yaşıl xiyabanlar vardı, bu xiyabanların hər birinin sonunda isə azman görkəmli bir insan dayanıb qüssəli baxışlarla bu insan qalıqlarına baxırdı.
Mən ona üz tutub soruşdum:
–Ah, ey böyük mələk! Bura haradır, sən məni nədən buraya gətirmisən?
–Bura bütün sıxıntıların, ağrı-acıların bitib qurtardığı yerdir.
–Elə isə, xiyabanların sonunda dayanan bu yaxşı kişilər kimlərdir, mən onların bu baş verən olaylara necə də ürəkdən acıdıqlarını açıq-aydın duyuram, onlar, elə bil, bu saysız ölülərə ağı demək üçün burada dayanıblar.
Göylərarası boşluqlardan gəlmiş mələk mənə cavab verdi:
–Ey yazıq insan, sən bunların nə demək olduğunu indi biləcəksən, ancaq bu bilikləri qazana bilmək üçün, öncə gərək çoxlu göz yaşı tökəsən. Bunu deyib o, birinci sümük qalağını göstərərək dedi:
–Bax bunlar, özlərindən qızıl dana görünüşlü bir büt qayırıb onun başına yığışaraq çalıb-oynayan yəhudilərin ölüləridir, onlardan iyirmi üç minini öldürmüşdülər, mədainli qadınlarla cinsi yaxınlıq elədiklərinə görə öldürülən iyirmi dörd min yəhudinin sümükləri də buradadır.
Bu qalaqda üç yüz minə yaxın insan sümüyü vardır, onlar inanclarında yol verdikləri yanlışlıqlara, ya da inanc yiyələrinin özlərinin yanlışlarına görə öldürülmüşlər.
Burada, qonşu xiyabanda, dini ehkamlar üstündə gedən didişmələrdə biri-birini öldürmüş xristianların sümükləridir. Onların hamısını üst-üstə yığsan göyə kimi gedib çıxardı, ona görə də, hər dörd yüz ildə öldürülənləri ayrı-ayrı qalaqlara ayırıb yığmalı olmuşlar.
Mən özümü saxlaya bilməyib qışqırdım:
–Bu necə ola bilər? Bütün xristianlar biri-birinə qardaş sayılmırlarmı, qardaş öz qardaşını necə öldürə bilər? Mən doğrudanmı, belə bir alçaq qardaşların arasına düşümüşəm?
Baş mələk dinməzcə, yaxınlıqdakı başqa bir qalağı göstərdi:
–Bu isə oniki milyon Amerika hindularının sümükləridir, onları öz doğma yurdlarında, yalnız elə xristian olmadıqlarına görə, öldürmüşdülər.
–Ah, ey böyük Tanrı! Siz bu sümükləri doğulub yaçadıqları yerdən yığıb nə üçün buraya gətirmisiniz. Bu insan yırtıcılığının, fanatizminin abidəsini burada niyə qurmusunuz?
–Bunlar sənin kimilərinin gözlərini açmaq üçün beləcə bir yerə toplanılıb.
–Mənim düşüncələrimi aydınlatmaq istəyirsənsə, onda de görüm, yəhudilərlə xristianlardan başqa, yerdə qalan dinlərdə də bunun kimi, fanatizmin törətdiyi qanlı qırğınlar olubmu?
–Başqalarında da olub, Məhəmmədin dinində də belə olaylar olub, ancaq bunlar təkəm-seyrək baş veribdir; onlar “aman” diləyən, vergi ödəyən başqa inanclıları öldürmürdülər. Dünyanın qalan xalqlarına gəlincə, onların arasında dini inanclara görə baş verən savaşlar olmamışdır. Ardımca gəl, bir bu yana da baxaq.
Mən onun ardınca düşüb getməyə başladım. Sümük yığınlarının yanından keçib, yaxınlıqda başqa qalaqlar gördük: bunlar qızıl-gümüşlə, daş-qaşla doldurulmuş dağarcıqlar idi, hər birinin də üstündə yarlıqlar yazılıb qoyulmuşdu: “XVIII, XVII, XVI yüzilliklərdə öldürülmüş kafirlərdən ələ keçirilmiş qızıl-gümüşlər, daş-qaşlar”.
Sonrakı qalağın üstündə belə bir yazı vardı:
“Amerikada öldürülmüş hinduların qızılları”, habelə bunun kimi saysız qızılla, gümüşlə, daş-qaşla dolu dağarcıqlar üst-üstə qalanmışdı.
Bütün bu qalaqların üstünə xaçlar, bahalı ruhani papaqları, ruhanilərin bahalı daş-qaşlarla bəzədilmiş əl ağacları, başqa geyimləri qoyulmuşdu.
–Ey mənim ruhum, deməli, bayaq gördüyümüz sümük qalaqlarının yiyələri olan insanları, bu qızıl-gümüş qalaqlarını ələ keçirmək üçün öldürüblər?
–Elədir, ancaq buna görə öldürüblər, oğlum!
Bu yerdə məni ağlamaq tutdu, sel kimi axıb gedən göz yaşlarımı saxlaya bilmirdim, göz yaşı tökmək borcumu gərəyincə yerinə yetirdiyimə görə, uzaqgörənliyimin daşıyıcısı olan mələk məni xiyabanın başında dayanan azman kişilərin yanına aparıb dedi:
“Bax bunlar, insanlıq uğrunda çalışan igidlər, yaxşılıqsevər kimsələrdir: onların hamısı burada birləşmişlər, onlar gücləri çatan qədər Yer üzündən zorakılığı, quldurluğu qovmaq istəyirlər. Yaxınlaş, onlardan bilmək istədiklərini soruş”.
Mən onlardan birincisinə yaxınlaşdım; onun başında tac var idi, əlində kiçik bir buxurdan tutmuşdu, mən sayğı ilə ondan kimliyini soruşdum. O, mənə bunları dedi:
“Mən Numa Pompiliyəm; məndən öncəki Roma kralı quldur idi, başına da quldurları yığmışdı, ona görə də mən krallığa başlayanda, ilk öncə, bu quldurlarla dil tapmalı olmuşdum;
mən onlara Tanrı kultunu, yaxşlıqsevər olmağı öyrətmək üçün çox əməklərə qatlaşmalı oldum; ancaq mən öləndən sonra onlar, çox vaxt, Tanrını da, yaxşlıqsevərliyi də, unudurdular; mən məbədlərdə Tanrının şəkillərini, heykəllərini qoymağı yasaqlamışdım, təbiətə dirilik verən ilahi Varlığı insan görkəmi ilə göstərmək yaramaz.
Mənim yönətimimdə romalılar savaşdan, çəkişmələrdən uzaq oldular, yaratdığım dini təlim toplumun işinə yarayan çoxlu yaxşılıqlar törətmişdi. Mən öləndə, basdırılma törənimə bütün qonşu xalqların kralları gəlmişdilər, mənə kimi, elə məndən sonra da, dünyada belə bir olay baş verməmişdi”.
Mən onun əlindən öpüb, ikinci kişiyə yaxınlaşdım; bu, yüz yaşlarında, çox gözəl üzlü bir qoca idi, başdan-ayağa kimi ağ paltar geyinmişdi; o, orta barmağını dodaqlarının üstünə qoymuşdu, o biri əlində isə lobya dənələrini oynadırdı.
Mən onun Pifaqor olduğunu anladım. O, mənə bunları dedi:
- Mənim budumun qızıldan olmasını deyənlər yalan danışırlar; mən ruhumun xoruzda yaşadığını da heç vaxt deməmişəm; yaşadığım çağda Kroton şəhərinin yönətimini öz əlimə toplayıb, Numa Pompilinin çağında olduğu kimi, onların düzüklə, yaxşlıqsevərliklə yaşamasına çalışmışdım; mənim öyrətmək istədiyim sayağı, düzgünlük içində yaşayan insanlarla çox az üzləşsək də, ancaq dünyanı yamanlıqlardan qurtarmağın bundan başqa bir yolu yoxdur.
Ey vicdanlı insanlar! Biz insanların düzlükdən, doğruluqdan bunca çox uzaqlaşdığımız sizi ağrıtmırmı? Son on üç yüzillikdə işi-gücü ancaq qan tökmək olan bu yekəbaş din başçılarına siz nə üzlə müdrik deyirsiniz?!
Pifaqorun dediklərinin qabağında danışmağa bir sözüm olmadığından, oradan aralanıb, yavaşca Zərdüştə yaxınlaşdım; o yüz qapısı olan bir salonun ortasında dayanıb, əlindəki qabarıq güzgülərlə Günəş işığını toplayırdı, salona açılan bu yüz qapıların hamısı isə müdriklik qapıları idilər.
Mən bu qapıların bir-ikisinin üstündəki yazıları oxuya da bildim, bu yazılarda yığcam əxlaq prinsipləri öyrədilir, əxlaqı öz istədikləri kimi yozmaq istəyənlərə yasaqlar qoyulurdu:
“Sən bir işin yaxşımı, yoxsa pismi olduğunu yetərincə bilmirsənsə, onda o işi görməkdən çəkin”.
Mən öz uzaqgörənliyimə üz tutub dedim: “Öz soydaşlarını qırıb çatan o yırtıcı kimsələr, görünür, bu gözəl sözləri oxumayıblar”.
Sonra biz burada dayananlardan Zalevki, Falesi, Anaksimandrı, habelə doğruluğu axtarıb tapmağa çalışan, ömürlərini yaxşılıqsevərliklə keçirən bütün başqa filosofları gördük.
Adınızı indiyədək eşitməmiş türklərlə Krım tatarlarından başqa, yerdə qalan bütün avropalılar sizi bu gün də çox böyük sayğılarla anmaqdadırlar.
Biz Sokratın yanına çatanda, mən onu batıq burnundan tanıya bildim. Üzümü ona tutub soruşdum:
–Çox gözəl, deməli siz də Tanrının güvəndiyi bilgələrin arasındasınız!
Adınızı indiyədək eşitməmiş türklərlə Krım tatarlarından başqa, yerdə qalan bütün avropalılar sizi bu gün də çox böyük sayğılarla anmaqdadırlar.
Müdrikliyinizə çox böyük sayğı bəslədiklərindən, sizin kimi bilgin bir kimsəni ölümə göndərən o yaramazları da bircə-bircə tanımaq, onları qarğışla anmaq istəyirlər.
Ravalyakı IV Henrixi öldürdüyünə görə tanıdıqları kimi, Meletlə Anitin adını da sizin böyük adınıza görə bugün də tanıyırlar; sözün düzü, mən bu Anitin ancaq adını bilirəm; onun kimliyindən, bu alçağın uydurduğu yalanlara başqalarını necə inandırmağından, sizi necə ağı içməklə ölümə göndərə bilməyindən, geniş bilgilərim yoxdur.
Sokrat mənə belə cavab verdi:
–Mən öldüyüm gündən bugünə kimi, bu adamı bir yol da olsa anmamışam, sizin onun adını burada çəkməyiniz də heç yaxşı olmadı.
O adam ürəyiqurdlu bir kahin idi, özü də gizlincə dəri alveri eləyirdi: o çağlarda biz yunanlar dəri alveri eləyənlərə çox pis baxardıq.
O, özünün iki oğlunu mənim yanıma oxuyub-öyrənmək üçün göndərmişdi. Ancaq mənim yanımda oxuyan başqa öyrənçilər, bu uşaqları, ataları dabbaqlıq elədiyinə görə, ələ salmağa başladılar, onlar da utandıqlarından mənim yanıma gəlmədilər.
Elə buna görə də onların atası hikkəsindən bütün kahinlərlə sofistləri mənə qarşı qaldırmağa çalışdı, sonucda bunu eləyə bildi də. Beşyüzlərin andlı məhkəməsində onlar hamını mənim tanrıtanımaz olduğuma inandıra bildilər.
Bunların deməsinə görə, mən Ayı, Merkurini, Marsı tanrı kimi tanımadığımdan öldürülməliyəm. Ancaq mən onda da, elə indi düşündüyüm kimi, bütün yaradılışın yiyəsi olan ancaq bir Tanrının olduğunu düşünürdüm.
Məhkəmə mənə cəza olaraq ağu içməyi kəsdi, bu mənim ömrümü az-azacıq əskiltməkdən başqa bir şey deyildi, onsuz da mənim yetmiş yaşım vardı, ölümümə elə də çox qalmamışdı.
Mən öldüyüm gündən buraya gəlib çıxmışam, buradakı bu böyük bilgələrin arasında gözəl bir ömür sürməkdəyəm, onu da deyim, mən özümün bu bilgə kişilərdən qat-qat kiçik olduğumu düşünürəm.
Sokratın dadlı danışığına qulaq asandan sonra, mən yol yoldaşımla birgə, azca yuxarıdakı meşəlikdə yerləşən, kolluqla çevrələnmiş bir çayırlığa gəlib çıxdım, məncə, bura gördüyümüz o bilgə kişilərin yorulanda dincəlmək üçün gəldikləri yer idi.
Mən burada, görünüşündən otuz beş yaş verdiyim2, üzdən çox istiqanlı, ürəyiyuxa olduğu bilinən bir kimsəni gördüm. O, durub uzaqdan, mənim indicə üzləşdiyim ağaran sümük qalaqlarına sarı baxır, üzündən, baxışlarından bu gördüklərinə görə ağrı-acılar çəkdiyi duyulurdu.
Mən onun şişmiş, qanı axan ayaqlarını, deşilmiş, qanlı əllərini, böyründən qan axan nizə yarasını görəndə, kürəyindəki qırmancla döyülməkdən yaranmış qançırlara baxanda, keçirdiyim sarsıntıdan yerimdə donub qaldım.
–Ey bütün yaxşılıqların qaynağı olan, İlahi!—mən ona üz tutub dedim,–belə bir doğrucul, müdrik varlıq olan sizi bu sayaq qanına bələşdirib öldürməyin adı nə idi? Mən indicə bir bilgə kişi ilə üzləşdim, onu da çox alçaqcasına öldürmüşdülər, ancaq sizin ölümünüzdə çəkdiyiniz ağrı-acıları onunku ilə tutuşdurmaq belə olmaz. Cındır kahinlərlə onlardan geri qalmayan hakimlər, onu ağu içirərək öldürmüşdülər; ancaq mən ha düşünürəm, bunun niyəsini anlaya bilmirəm, sizi belə qaniçənliklə öldürənlər də kahinlərlə hakimlərmi olmuşdur?
O, gülümsəyərək: “Elədir”-dedi.
–Bu yırtıclar kim idi axı?
–İkiüzlülər.
–Aha! Bu bircə sözlə mən sizin nə demək istədiyinizi büsbütün anladım. Onların sizi nə üçün öldürdüklərini də, elə bu ikiüzlü sözü çox gözəl anladır. Düzmü deyirlər, siz də onlara Sokrat kimi, Ayın ilahə, Merkurinin Tanrı olmadığını başa salmısınız?
–Yox, mənim məhkəməmdə planetlərdən söz düşməmişdi. Mənim yurddaşlarım heç onların nə olduğunu da bilmirdilər: onlar hamısı, ucdantutma biliksiz, anlamaz kimsələr idilər. Onların xurafatı yunanların xurafatından da qat-qat artıq idi.
–Belə çıxır, sizi ortaya yeni bir din çıxarmaq üstündə suçlayaraq öldürüblər?
–Yox, belə deyil; mən onlara yalnız elə bunları demişdim: “Tanrını ürəyinizin bütün gücü ilə sevin, öz yaxınlarınızı özünüzü sevdiyiniz kimi sevin, insan olmaq elə bu deməkdir”. İndi özünüz deyin, mənim bu dediklərim dünya durduqca deyilib eşidilən sözlər olmayıbmı?
Baxın, görün, mənim bu dediklərimlə yeni bir inanc gətirdiyimi necə demək olar?
Onlara da, bunu dönə-dönə demişdim:
Mən ortalıqda olan yasaları pozub dağıtmaq üçün gəlməmişəm, mən onların yerinə yetirilməsinə çağırmaq üçün gəlmişəm; mən onların bütün gələnəklərini də gözləmişdim: onlar kimi sünnət olunmuş, müqəddəs su ilə yuyunmuş, onlardan da artıq qurbanlar vermişdim; mən də onlar təki pasxanı bayram eləmiş, həmən günü kahı ilə qaynanmış quzu ətini ayaq üstə yemişdim.
Mən öz arxadaşlarımla birgə məbədə gedib orada Tanrıya dua eləmişdim; mənim arxadaşlarım bu məbədlərə mənim ölümümdən sonra da gedirdilər; bir sözlə, mən onların bütün yasalarını gərəyincə yerinə yetirmişdim.
–Deməli, belə çıxır, bu yaramazlar heç öz yasalarına görə də, sizi dinə dönük çıxmaqda suçlaya bilməzdilər?
–Yox, mən onların yasalarını pozmamışdım.
–Onda nə üçün onlar sizi, indi mənim gördüyüm bu acınacaqlı kökə saldılar?
–Özüm də bilmirəm, sizi necə başa salım? Onlar özünəvurğunluqla, acgözlüyün quluna çevrilmişdilər. Onlar birdən ayılıb mənim onları tanıdığımı, iç üzlərini xalqa açıb göstərdiyimi gördülər; onlar məndən güclü idilər deyə, bunun öcünü almaq üçün məni öldürdülər: belələri, onların işdəklərini düzgünlüklə dəyərləndirmək istəyənlərin hamısı ilə bu sayaq davranırlar.
–Siz onların əlinə bəhanə verəcək, nəsə demiş, ya eləmişdinizmi?
–Yamanlıq eləməyi bacaran adamlar üçün bəhanə tapmaq çətin deyildir.
–Sizin adınızdan İncildə belə bir söz yazılıbdır: mən sizə barış yox, qılınc gətirmişəm; elə isə nədən onlarla savaşıb özünüzü qorumaq istəmədiniz?
–Mənim adıma çıxılan o sözləri kimsə yanlış olaraq elə yazıbdır; mən tərsinə demişəm: “Mən dünyaya qılınc yox, barış gətirmək üçün gəlmişəm”. Mən öz əlimlə heç nə yazmamışam; ola bilər, dediklərimi kimsə, özü də heç mənim pisliyimi istəmədən, yanlış anlayıb yazmışdır.
–Belə çıxır, sizin sözlərinizi ya düzgün yazmayıblar, ya da yanlış yozublar, yoxsa sizin inancınızın adı ilə öldürülən bunca insan sümükləri burada qalanmazdı, mən onları görəndən sonra, elə bunun nədən belə olduğunu öyrənmək üçün də sizin yanınıza gəlmişəm.
–Mən bu öldürülmüş insanlara baxdıqca sarsılıram, ürəyimdən qara qanlar axır.
–Elə isə, bu güc, varlılıq simvolu olan abidələr necə, onlar da axı acgözlükdən, özünəvurğunluqdan törəmişlər, onda nədən onların üstünə sizin adınızı bildirən nişanlar qoyulmuşdur, bunların sizinlə bir bağlılığı varmıdır?
–Bu ağlasığmazdır; mən də, ardıcıllarım da, yoxsulluq, korluq içində yaşamışdıq; mən öz böyüklüyümün var-yatırla, pulla yox, yaxşlıqsevərliklə ölçüldüyünü öyrədirdim.
Mən bu anlarda yalvarıb ondan kim olduğunu soruşmaq istəyirdim. Ancaq yol yoldaşım olan uzaqgörənliyim işarə eləyib məni bundan çəkindirdi. O məni qırağa çəkib, mənim belə gizlinləri bilmək üçün yaradılmadığımı başa saldı. Onda adını bilmədiyim bu ulu kişidən, gerçək dinin nə olduğunu mənə başa salmasını dilədim.
–Mən artıq sizə bunu demişəm: Tanrını da, öz yaxınlarınızı da, özünüzü sevdiyiniz kimi sevin.
–Cümə günləri Tanrının can verdiyi heyvanları öldürüb onların ətini qonaq-qara ilə birgə dadmaqla Tanrını sevmək bir araya sığırmı?
–Mən əlimə düşən az-azacıq yeməklərlə keçinirdim, çox yoxsul yaşadığımdan, istəsəm də, başqalarına qonaqlıq verməyə gücüm çatmazdı.
–Tanrını sevən, doğrucul olan kimsə, öz yaşamının gizlinlərini qarşısına çıxanların hamısına açıb deyə bilərmi?
–Mən ürəyimi hamıya açmışam, elədiklərimi kimsədən gizlətməmişəm.
–Mən ancaq yaxşı işlər görməklə ömür sürürəmsə, Müqəddəs Kompostelli Jakın qəbri üstə baş əyməyə getmədən keçinə bilərəmmi?
–Sözün düzü, mən nə sizin dediyiniz adamı tanıyıram, nə də onun qəbrinin harada olduğunu bilirəm.
–Mən hansısa bir otağa çəkilib yalnızlığa qapansam yaxşıdır, yoxsa hansısa anlamazlarla gəzib dolaşsam?
–Mənə gəlincə, mən təkliyə qapılmazdım, həmişə yaxınlıqdakı şəhərlərə yollanar, insanlar arasında gəzib dolanardım.
–Mən hansı kilsəni düzgün saymalıyam: katolikləri, yoxsa provaslavları?
–Mən bu dünyada yaşayanda yəhudilərlə samarralılar, habelə, başqa xalqlar arasında da, ayrı-seçkilik salmazdım.
–Çox gözəl, bu dediklərinizdən sonra, ancaq sizin dediyiniz yolu tutub gedəcəyəm, bu gündən sonra mənim tək güvənc yerim siz olursunuz.
Bunu deyəndə o, mənə ürək-dirək verirmiş kimi yüngülcə başını tərpətdi
. Bundan sonra mənim gözümə görünən o Ulu Kişi gözdən itdi, ancaq mən bütün bu baş verənlərdən sonra, öz vicdanımın büsbütün arınıb durulduğunu anladım.
1Sen-Piyer Şarl(1658-1743)—abbat, fransız yazıçısı olmuş, mütərəqqi düşüncələrin daşyıcısı kimi tanınmışdır. Onun “Əbədi dünyanın layihəsi” kitabı tanınır.
2Burada Volter üstüörtülü olaraq İsa Məsihdən danışır, onu özünün deist baxışlarına uyğun danışdırır.
Rus dilindən Araz Gündüz çevirib