Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 17:58

«Bütün ölkədə seçki 90 saylı dairədə olduğu kimi keçirilib»


Akif Qurbanov.
Akif Qurbanov.

-

Noyabrın 17-də MSK 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələrini ləğv etdi. Yada salaq ki, bu dairədə lider namizəd bitərəf, IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayev idi.

MSK üzvü Ramiz İbrahimov məsələ müzakirə ediləndə deyib ki, şikayətdə bu dairədəki məntəqələrdə səsvermə günü ciddi pozuntulara yol verildiyi qeyd olunub:

«Şikayətdə bildirilir ki, bəzi bələdiyyə sədrləri və icra nümayəndələri səsvermə günü seçkiyə müdaxilə ediblər. Biz protokollara baxış keçirmişik.... 7 saylı məntəqədə səs verənlərin sayı ilə seçki qutusundan çıxan səslərin sayında fərq mövcuddur. 12 saylı, 9 saylı seçki məntəqələrində də belə hallara rast gəlinir...».

Bəs görəsən bütün bunlara görə cinayət məsuliyyətinə cəlb edilən olacaqmı? MSK bunun ardınca hansı addımları atmalıdır. Bu və digər suallara cavab almaq üçün MSK-nın Ümid Partiyasından olan üzvü, hüquqşünas Akif Qurbanova üz tutduq:

- Akif bəy, Sizcə, burada hüquqi məsuliyyət varmı? Bütün bu sadalananlara görə hüquq qarşısında cavab verən olacaqmı? İcra nümayəndəsinin seçkiyə müdaxiləsindən, sonradan protokolların dəyişməsindən bəhs edilir.

- Bu asılıdır məsələyə yanaşmadan. MSK həmin dairədə nəticələri ləğv edərkən texniki qüsurların üzərində durdu. Yəni, bəzi məntəqələrdə bülletenlərin sayı ilə protokollardakı rəqəmlər üst-üstə düşməyib. Bunu əsas gətirib həmin dairədə nəticələri ləğv etdi. Əgər MSK həmin dairədə cinayət tərkibi görsəydi, gərək materialları prokurorluq orqanlarına göndərəydi.
Əslində başqa dairələrdə seçki necə keçirilmişdisə, 90 saylı Ağdaş Seçki Dairəsində də elə keçirilib. Yəni, başqa dairələrdə də bülletenlərin sayı ilə protokollardakı rəqəmlərin uyğun gəlməməsi ilə bağlı şikayətlər olub. Başqa dairələrdə də seçkiyə kənardan müdaxilələr olub...

- Bəs onda bu dairədə seçkinin nəticələri niyə ləğv edildi?

- Açığı, mən düşünürəm ki, bu, həmin dairədən Çingiz Əsədullayevin qalib elan edilməsi ilə bağlı oldu. Görünür Çingiz Əsədullayevin kimlərləsə yaxın olması artıq onun parlamentə buraxılmasına imkan vermirdi. Yəqin ki, seçki vaxtı bu amil hələ nəzərə alınmırmış. İndi isə belə məsləhət bilinib. Yoxsa həmin dairədə nəticələri seçkidən 2 gün sonra ləğv etmək olardı. Çünki 2-3 günə protokolları alırlar. Əgər protokollarda uyğunsuzluqdan söhbət gedirsə, bunu elə onda görmək mümkün deyildimi? Mümkün idi...

- Akif bəy, ümumiyyətlə seçki saxtakarlıqlarına görə nə qədər cəza düşür?

- Bu baxır dəyərləndirməyə. Söhbət cərimədən də gedə bilər, 3 ilə qədər həbs cəzasından da. Yenə deyirəm, əgər MSK burada cinayət tərkibi görsəydi, gərək materialları prokurorluğa göndərəydi. İndiki halda yəqin ki, yalnız yerli komissiyaların üzərində dayanacaqlar. Yəni, orda komissiyaların tərkibi, ola bilsin, dəyişdiriləcək. Onsuz da komissiyalar hər seçkidən sonra yenidən formalaşdırılmalıdır.

XS
SM
MD
LG