-
Terror hadisələrindən sonra amerikalı yazıçı Hemingway’in “Paris, həyat üçün bayramdır” ("A Moveable Feast") kitabı Fransada qəflətən rekord həddə satılıb. Keçən əsrin 20-ci illərində yazılmış kitab üstündən bir əsr keçəndən sonra kitab bazarının liderinə, Hemingway isə Parisin simvoluna çevrilib.
"Paris, həyat üçün bayramdır" - memuardır, Hemingway'in Parisdə keçən gəncliyindən, görkəmli şəxslərlə görüşlərindən, şəhərin təbiətindən bəhs edir.
Hemingway o zaman çox gənc imiş, Parisə jurnalist kimi, “Totonto star” qəzetinin xarici müxbiri kimi gedibmiş. 1921-ci ildən 1926 cı ilədək orada yaşayıb, yazıçı olmaq istəyi də onda Parisdə yazıçılarla görüşlərindən sonra yaranıb.
Kitabda deyilir:
“Əgər gəncliyində Parisdə olmaq xoşbəxtliyinə nail olmusansa, onda onu ömür boyu qəlbində gəzdirirsən, harasa getmək istəsən belə, Paris həyatının hakimidir.”
Bu kitab haqqında hazırda Amazon elektron kitab satışı portalının fransızdilli səhifəsində “Müvəqqəti qurtarıb” yazılıb.
Parislilər bu kitabdan alaraq terror hücumlarının olduğu yerlərə düzürlər.
Fransanın “Folio” nəşriyyatı bəyan edib ki, onların da nəşr etdiyi bu kitab Fransada gündə orta hesabla 10-15 ədəd satılırdı, indi isə satış gündə 500 ədədə çatıb.
"İldə bu kitabın satşı 6 min–8 min olardı, indi isə bir neçə günə Amazon və Fnac kimi qruplar onun 15000 nüsxəsini satıblar."
"Folio" nəşriyyatı hazırda bu kitabın daha 20 000 nüsxəsini çap etməkdədir.
Parisin Saint-Lazare stansiyasında bir kitab satıcısı "Le Figaro" qəzetinə deyib ki, bu kitabı gətirməsi üçün 24 saata 40-dan artıq sifariş alıb.
Özünü Daniella kimi təqdim edən bir fransız qadınsa "The Guardian" qəzetinə deyib:
"Ölənlərimizin adına gül gətirmək çox vacibdir. Hər dəfə gül gətirəndə Hemingway’in "Paris, həyat üçün bayramdır" kitabını görürük, bu bizə qədim sivilizasiya olduğumuzu xatırladır, bu kitab bizə kömək edir ki, öz dəyərlərimizi uca tutaq, bu kitab bizə kömək edir ki, dininə azad və səmimi şəkildə əməl edən beş milyonluq müsəlmanla qardaş olduğumuzu göstərək, Allahın adından istifadə edib adam öldürən 10 min barbarla isə savaşaq."