Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 11:41

«Elektrik enerjisinin maya dəyəri şişirdilir»


İlham Şaban
İlham Şaban

-

2015-ci ildə neft böyük düşüş yaşadı. Bu il «qara qızıl» sözün əsl mənasında qara günlərini yaşadı. İndi London qitələrarası birjasında «Brent» markalı neftin 1 barelinin dəyəri 45 dollar civarındadır. Halbuki, 2015-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 90 dollar götürülmüşdü. İtki göz qabağındadır. Gələn ilin dövlət büdcəsində isə neftin 1 barelinin qiyməti 50 dollar götürülüb. Ancaq, necə deyərlər, sən saydığını say, gör London birjası nə sayır. İndidən gələn il də neftin qiymətində düşüşlər yaşanacağı ilə bağlı bədbin proqnozlar səslənməkdədir. Hətta «Goldman Sachs» investisiya bankının analitikləri iddia ediblər ki neft 20 dollara qədər düşə bilər. Bədbin proqnozlar arasında neftin gələcək qiyməti ilə bağlı 35-40 dolların üzərində də dayananlar var. Bəs neftin qiymətində gələn ildə düşüş yaşanarsa, bu, Azərbaycana nə vəd edir? AzadlıqRadiosunun suallarına neft mütəxəssisi İlham Şaban cavab verir.

-İlham bəy, əvvəlcə deyərdiniz, gələn il Azərbaycanda nə qədər neft hasilatı proqnozlaşdırılır?

- Hökumətin rəsmi məlumatına görə, 2016-da 40.7 mln. ton neft hasilatı proqnoz edilib. Bu ilin 41.3 mln tonuna qarşı. Yəni, hasilatda azalma olacaq.

- Bəs hasilat kimi qiymətdə də azalma olsa, bu, Azərbaycana nə vəd edir?

- Gələn il üçün əksər beynəlxalq təşkilatların və enerji agentliklərinin proqnozu 55-58 dollar arasındadır. Yəni, bu il üçün ən neqativ proqnoz 52 dollar idi. Bu baxımdan xəta heç də böyük deyil. Hələ ki. Dekabrda qiymət bir qədər yüksəlsə, xəta daha da azalar. Düzdür, gələn il üçün dramatik ssenariləri həm neft şirkətləri, həm maliyyə qurumları verirlər. Yəni, 30 dollara qədər belə azalmanı. Ancaq bu il ərzində bir həftə ərzində belə səviyyəyə düşə bilən mənzərəni təsvir edirlər. Sonra neft yenidən 50 dollar və ondan yüksək səviyyəyə qalxacaq. Hələ ki əksər proqnozlar neftin 50 dollardan yuxarı olmasını göstərir. Bu isə büdcənin qarşısında duran öhdəliklərin yerinə yetirilməsi deməkdir.

- İlham bəy, işdir tutaq ki, orta qiymət 45 və ya 40 olsa, hökumət neyləyəcək ?

- Təbii ki, iki yolu qalacaq. Ya yenidən xərcləri azaltmalı, ya da xarici borclanmanı artırmalıdır…

- Bu günlər mazutun topdansatış qiymətinin 3 dəfə ucuzlaşması haqqında nə deyə bilərsiniz?

- Mazutun topdansatış qiymətlərinin 3 dəfə ucuzlaşdırılaraq 1 tonun 100 manat edilməsinin bir neçə maraqlı tərəfi var: a) Əvvəla bu, «Azərenerji» ASC-nin TŞ-na müraciəti əsnasında baş verib. b) Mazutun qiyməti «Azərenerji» ASC-nin SOCAR-dan aldığı təbii qazın qiyməti ilə eyniləşdirilib.

- Bunu necə başa düşək?

- «Azərenerji»nin SOCAR-a olan qaz borcu bu il iyulun 1-də 515 mln. manata çatdı. Sonra SOCAR yay mövsümündə energetiklərə qaz verilməsini müəyyən qədər azaltmağa başlayıb və həmin həcmləri yeraltı qaz anbarına vurub. Həmin dövrdən başlayaraq «Azərenerji» özünün ehtiyat rezervuarlarında olan mazutdan istifadə edərək istilik elektrik stansiyalarının yanacaq təminatını yarıqaz, müəyyən hissə isə mazut rejimində həyata keçirib. İndi SOCAR-dan mazut dekabrın 1-dən başlayaraq daha ucuz alınacaq ki, nəticədə «Azərenerji»yə elektrik enerjisinin maya dəyəri daha baha başa gəlməsin…

- Faktiki olaraq 90 faiz elektrik stansiyaları dövlət investisiyaları hesabına başa gələn «Azərenerji»də niyə elektrik enerjisinin maya dəyəri bu qədər bahadır?

- Əslində, baha deyil, onun bir adı var - ictimaiyyət üçün daim qapalı olan bir cəmiyyətdə maya dəyəri baha ola bilməz. Ancaq ŞİŞİRDİLMİŞ olar!

XS
SM
MD
LG