-
«Kino haqqında yeni qanunun qəbul edilməsi lazımdır».
Bu sözləri Nizami Kino Mərkəzində «Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq» layihəsinin növbəti mərhələsində Mədəniyyət və Turizm Nazirliyinin kino sektorunun müdiri Yusif Şeyxov səsləndirib.
Onun fikrincə, belə qanun kinonun işini daha da tənzimləyər və yeniliklərə təkan verər: «Son illər Azərbaycanda uşaq filmləri az çəkilir, demək olar ki, çəkilmir. Bunun dərin, köklü səbəbləri var».
Sovet dövründə Azərbaycanda Əlisəttar Atakişiyev, Şamil Mahmudbəyov, Tofiq İsmayılov, Rasim İsmayılov kimi rejissorlarınmaraqlı uşaq filmləri çəkdiklərini deyən Yusif Şeyxov indi müzakirəyə çıxarılan «Dərs» filminin uzun illərdən sonra ekranlaşdırılanilk uşaq filmi olduğunu deyib:
«Əlbəttə biz çox istərdik ki, uşaqlar üçün filmlər tez-tez çəkilsin. Belə filmlər uşaq psixologiyasında, onların dünyagörüşündə böyük rol oynayır. Azərbaycan nağılları əsasında uzun seriallar da çəkmək olar, amma bunlar gələcəyin işidir».
Nazirlik təmsilçisi son dövrdə bir neçə maarifləndirici cizgi filminin uşaqların ixtiyarına verildiyini bildirib: «Hazırda bu sahədə yüksək peşəkarlıq və bacarığa malik kadrlara ehtiyac var. Buna görə də,indi nazirliyin hesabına animasiya sənətini öyrənmək üçün bir neçə gənc xaricdə təhsil alır».
«Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq» Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının birgə layihəsidir.
Layihə noyabrın 20-də «Axınla aşağı» filminin baxışı və müzakirələri ilə start götürüb.
Bu dəfə layihə çərçivəsində «Dərs» filminə baxış keçirilib.
Yaradıcı heyət-filmin rejissorları Rafiq Əliyev, Cavid Təvəkkül, baş rolun ifaçıları Nazim İbrahimov, Mənsurə Əhmədova sualları cavablandırıblar.
Filmlərin nümayişi şəhərin kinoteatrlarında layihənin sonunadək davam edəcək.