Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 19:35

L.Tolstoyun "Bardaq Alyoşa" hekayəsi


Leo Tolstoy
Leo Tolstoy

-

Çox vaxt işlədiyi yerdə, ya da harasa iş dalınca gedəndə Ustinyanı xatırlayıb deyərdi: “Ay səni, Ustinya!”

Lev TOLSTOY

Araz Gündüzün tərcüməsində

BARDAQ ALYOŞA

(hekayə)

Alyoşka qardaşlardan kiçiyi idi. Ona “bardaq” ayamasının verilməsi isə belə olmuşdu: anası Alyoşkaya bir bardaq süd verib kilsədə qulluq eləyən bir qadına vermək üçün göndərmişdi, o isə yolda büdrəyib yıxılmış və saxsı bardağı sındırmışdı.

Buna görə anası onu döymüşdü və bunu görən dəcəl uşaqlar da onu “Bardaq” çağırıb ələ salmağa başlamışdılar; elə o gündən başlayaraq da, onun ayaması Bardaq Alyoşka olmuşdu.

Alyoşka çəlimsiz, arıq, pələqulaq idi(qulaqları quş qanadı kimi yana əyilmişdi), çox yekə burnu vardı. Uşaqlar yekə burnuna görə onu ələ salıb deyərdilər: “Alyoşkanın burnu təpə başında şöngümüş köpəkdir”.

Kənddə məktəb olsa da, evin başdan aşan iş-gücündən ayırıb Alyoşanı oxumağa göndərməmişdilər. Böyük qardaşı şəhərdə bir tacirin evində qulluq eləyirdi, Alyoşka isə lap kiçik yaşlarından atasına kömək eləməyə başlamışdı.

Altı yaşı olanda artıq yaşca özündən böyük bacısı ilə qoyun və inəklərini örüşə otarmağa aparırdılar, biraz da böyüyəndən sonra onun işi daha da artmış, gecəli-gündüzlü atlarından göz-qulaq olmağı da ona tapşırmışdılar.

On iki yaşında o, artıq xışla yer sürür və araba ilə yük daşıyırdı. Gücü olmasa da, işləməyə təpəri var idi.

Alyoşka eyzən gülərüzlü olardı. Uşaqlar onu ələ salıb gülərdilər; o isə ya susar, ya da özü də onlara qoşulub gülərdi. Atası onu söyəndə də susar, dinməzcə qulaq asardı. Söyüb qurtaran kimi, gülümsəyər və əlindəki işi görməyə davam eləyərdi.

Alyoşa on doqquz yaşına çatanda onun böyük qardaşını əsgərliyə apardılar. Onda atası onu qardaşının yerinə, tacirin yanında qapıçı işləməyə apardı.

Alyoşanın ayağına qardaşının köhnə çəkmələrini keçirdilər, atasının nimdaş papağı ilə pencəyini geyindirdilər və şəhərə apardılar. Alyoşa əyin-başına görə bərk sıxılırdı, üstəlik, tacir də onun görünüşünü bəyənməmişdi.

– Mən elə bilirdim, sən Semyonun yerinə onun kimi qollu-qanadlı birisini qoyacaqsan, – Alyoşanı gözaltı süzən tacir dedi. – Sən isə götürüb bu burnufırtıqlını gətirmisən. Bunun əlindən nə iş gələcək?

– Bunun əlindən hər iş gəlir – Alyoşanın atası dedi. – Araba qoşmaq olsun, harasa iş dalınca getmək olsun, nə iş desən yarıdandır, üstəlik, ürəklə işləyir. Belə cılızlığına baxma, işləmək üçün gücü də var.

– Yaxşı, nə deyirəm, qoy işləsin. Baxaq, görək, bacarırmı?

– Ən başlıcası isə, üzüyola və qaradinməzdir. Əməksevərdir.

– Daha sənsən də. Qoy qalıb işləsin.

Beləliklə də, Alyoşa tacirin evində yaşayıb işləməyə başladı.

Tacirin ailəsi böyük deyildi: onun xanımı ilə anası, tacirlə birgə işləyən evli, çox da savadlı olmayan böyük oğlu, onun alim sayılan, gimnaziyanı bitirib universitetdə oxumuş, ancaq sonradan oradan qovulmuş o biri oğlu, bir də gimnaziyada oxuyan qızı, bir damın altında yaşayırdılar.

Graffiti
Graffiti

Ev adamları öncə Alyoşanı bəyənməmişdilər – kəndçi sayağı yöndəmsiz davranışına, habelə, pis geyindiyinə, bayağı danışdığına, hamını “sən” deyə çağırdığına görə, ev adamları ona yuxarıdan aşağı baxırdılar, ancaq çox keçmədən Alyoşaya üz-gözləri öyrəşdi.

O, qardaşından da yaxşı qulluq eləyirdi. Doğrudan da çox üzüyola idi, ona hansı işi buyursan, dinməz-söyləməz və həvəslə eləyərdi, yorulmaq nə olduğunu bilmədən, bir işi qurtarıb o birinə başlayardı.

İstər evin, istərsə də tacirin evdənqıraq bütün işlərini Alyoşanın boynuna yükləmişdilər. O, nə qədər çox çalışırdısa, boynuna bir az da artıq iş qoymağa başlayırdılar.

Tacirin arvadı, anası, qızı, oğlu, təsərrüfat müdiri, aşbaz ona göz qırpmağa macal verməz, ara vermədən iş buyurar, çox vaxt öz görməli olduqları işləri də ona buyurardılar.

Alyoşaya dedikləri sözlər də belə olardı: “Qardaş, qaç onu gətir”, “Alyoşa, bu işi yoluna qoy. – Alyoşa, sənə tapşırdığım işi unutmamısan? – Alyoşa, olmaya sənə dediyim işi hələ eləməmisən?”

Alyoşa da yorulmaq nə olduğunu bilmədən, buyurulan işləri görməyə qaçar, deyilənləri necə gərəksə yerinə yetirər, heç nəyi unutmaz, hər şeyi çatdırar və hamının üzünə gülümsəyərdi.

Çox keçmədən qardaşının köhnə çəkmələri yırtıldı və tacir bunu görüb onu ayaqyalın yırtıq çəkmədə gəzdiyi üçün danladı, sonra təsərrüfat müdirinə bazardan ona təzə çəkmə almağı tapşırdı.

Təzə çəkmələri geyinəndə Alyoşa çox sevinmişdi, ancaq çəkmənin təzələyini neynirsən, onun ayaqları yenilənməmişdi, elə köhnə ayaqları idi durmuşdu və axşamlar günuzunu ayaq üstə olduğundan onlar bərk sızıldayırdı, Alyoşanın isə onlara acığı tuturdu.

Alyoşa bir şeydən də qorxurdu: görəsən, atası onun maaşını almağa gələndə tacirin Alyoşaya aldığı təzə çəkmələrin pulunu onun maaşından çıxdığını bilib acıqlanmayacaqdı?

Qışın soyuğunda Alyoşa gün çıxmamışdan yataqdan qalxar, odun yarar, qapı-bacanı süpürər, inəklərlə atları yemləyər, suvarardı.

Sonra sobanı qalayar, ev yiyələrinin çəkmə və paltarlarını təmizləyər, samovarı silib parıldadar, sonra ona od salardı, daha sonra təsərrüfat müdiri onu dükana göndəriləcək malları yükləməyə çağırardı, ya da aşbaz ona xamır yoğurmağı, yaxud da qazanları yumağı buyurardı.

Birazdan onu, hansısa bir kağızı yerinə çatdırmaq üçün, ya da ağanın qızını qarşılayıb gimnaziyadan gətirmək üçün, yaxud da məşəl yandırmaq üçün işlənən zeytun yağı almaqdan ötəri şəhərə göndərərdilər.

“Harada itib-batmısan, ay başı batmış” – ev adamlarından gah biri, gah da o birisi, onu tez-tez beləcə çağıradı. “Yox-yox, siz niyə gedirsiniz, indi Alyoşanı göndərərik, qaçıb gətirər. Alyoşka! Ay Alyoşka!” Beləcə Alyoşa müxtəlif tapşırıqlarla ora-bura qaçardı.

Səhər yeməyini ayaqüstü yeyərdi, günorta yeməyini isə çox az hallarda başqaları ilə birlikdə yeməyi çatdırardı.

Aşbaz onu hamı ilə birgə yeməyə gəlmədiyinə görə söysə də, halına acıdığından günorta və şam yeməyi üçün ona isti xörək saxlayardı.

Bayramqabağı və bayram günlərində onun işi lap çox olardı. Ancaq, buna baxmayaraq, Alyoşa bayram günlərini çox sevərdi, axı belə günlərdə ona çaypulu verərdilər, düzdür, bu, qəpik-quruş olardı, ancaq o bu günlərdə verilən pullardan özü üçün artıq 60 qəpik toplaya bilmişdi və indi onun öz pulu var idi.

O, bu pulları istədiyi kimi xərcləyə bilərdi. Maaşını isə heç vaxt gözü ilə belə, görməmişdi. Atası bəlli vaxtlarda gəlib tacirdən onun maaşını götürərdi, Alyoşa ilə danışığı isə onun çəkmələrini çox tez yırtmağından olardı.

O, bu çaypullarından iki manat toplayandan sonra aşbazın məsləhəti ilə özünə qırmızı rəngdə, toxunma bir gödəkçə aldı, gödəkçəni geyinəndə aldığı həzzdən bütün günü onun dişləri ağarırdı.

Alyoşa çox az, qısa və qırıq-qırıq danışardı. Haçansa ona iş buyuranda, ya da hansısa işi görə biləcəyini soruşanda o eyzən, tərəddüdsüz deyərdi: “Bunu eləmək olar”–ardınca da deyilən işi görməyə cumardı.

O, dua eləyə bilməzdi; anasının öyrətdiyi duaları unutmuşdu, ancaq hər halda dua eləməyə çalışırdı – duanı əlləriylə, xaç çəkərək eləyirdi.

Alyoşa beləcə ilyarım yaşadı və tacirin yanında işlədiyi ikinci ilin ikinci yarısında onun ömründə ən qeyri-adi bir olay baş verdi.

Bu olayın qeyri-adiliyi Alyoşanı çox təəcübləndirmişdi, sən demə, insanlar arasındakı münasibətlər təkcə elə onların biri-birinə nə üçünsə gərək olması ilə bitmirmiş, bundan başqa da, büsbütün ayrı münasibətlər də varmış: burada sən kiməsə onun çəkməsini təmizləmək, ona nə isə alıb gətirmək, yaxud da onun buyuruğu ilə atı arabaya qoşmaq üçün gərək olmursan, burada bir insan başqasına sığınmaq, oxşamaq üçün gərək olurmuş və Alyoşa da kiməsə gərək olan belə əzizlənməli adamlardan imiş.

Lev Tolstoy
Lev Tolstoy

O, bütün bunları aşbaz Ustinyadan öyrənmişdi. Ustyuşa yetimliklə böyümüşdü, o da Alyoşa kimi gənc və çalışqan bir işçi idi.

O, Alyoşanın halına acımağa başlamışdı və Alyoşa ömründə birinci dəfə onun gördüyü işin yox, yalnız onun özünün başqa bir adama gərək olduğunu anlamağa başlamışdı.

Haçansa anası ona acıyanda o, bunun fərqinə varmazdı və ona elə gələrdi, bu elə belə də olmalıdır, anasının öz oğluna acıması elə onun özü-özünə acıması deyildimi?

İndi isə birdən birə, büsbütün yad olan Ustinyanın ona acıdığını görmüşdü, qız Alyoşa üçün bardaqda, üstünə yağ tökülmüş sıyıq saxlaya r, Alyoşa sıyığı yedikcə əllərini çənəsinə dayaqlayıb gözlərini ona dikərdi. Alyoşa da ona baxardı, sonra Ustinya gülməyə başlayar, o da qıza qoşulub gülərdi.

Bu yenilik və qəribəlik gözlənilməz olduğundan, Alyoşa qorxmağa başlamışdı. O, bütün bunların ona, qabaqlarda olduğu kimi qulluq eləməkdə mane olduğunu duyurdu. Ancaq buna baxmayaraq, o, anlaşılmaz bir sevinc içində idi və nə vaxt Ustinyanın yamaq vurduğu şalvarına baxsaydı, başını yelləyib gülərdi.

Çox vaxt işlədiyi yerdə, ya da harasa iş dalınca gedəndə Ustinyanı xatırlayıb deyərdi: “Ay səni, Ustinya!”

Ustinya bacardığı qədər ona kömək eləyərdi, o da Ustinyanın işlərinə əl yetirərdi. Qız Alyoşaya öz başına gələnləri danışmışdı: necə yetim qaldığını, xalasının onu himayəsinə götürüb saxladığını, sonradan tacirin böyük oğlunun avam xalasının başını tovlayıb onu evlərinə işləmək üçün gətirdiyini demişdi.

Qız danışmağı çox sevirdi, Alyoşaya da onu dinləmək olduqca xoş idi. Ustinyanın danışıqlarından o, şəhərdə çox vaxt ağa evində qulluq eləyən kişilərin evin aşbazları ilə evləndiyini də eşitmişdi.

Bir dəfə Ustinya ondan atasının onu haçan evləndirmək istədiyini də soruşmuşdu. Alyoşa onu nə vaxt evləndirəcəklərini bilmədiyini və kənddən evlənmək istəmədiyini demişdi.

– Yaxşı, barı gözaltı elədiyin kimsə varmı?–qız soruşdu.

– Məndən olsa səni alardım. Mənə gələrsənmi?

– Görürsən, buna bardaq deyirlər, ancaq gözdən tük qapır, adamı öz sözündən tutur,–qız belə deyib əli ilə Alyoşanın kürəyinə vurdu. – Nə üçün də gəlməyim?

Maslenitsa bayramında Alyoşanın atası şəhərə onun maaşını almaq üçün gəlmişdi. Tacirin arvadı Alekseyin Ustinya ilə evlənmək istədiyini öyrənib bundan narazı qalmışdı və bu xəbəri ərinə də çatdırmışdı:

“Ərə getsə uşağa qalacaq, doğandan sonra əliuşaqlı qadın bizim nəyimizə gərək olacaq?”

Tacir Alekseyin qazandığı pulları onun atasına verəndə kəndli soruşdu:

– Hə mənimki özünü necə aparır? Demişdim axı, sözəbaxandır.

– Sözəbaxan olmağına elədir, ancaq bu yaxınlarda başına axmaq bir fikir gəlib. Bizim aşbazla evlənmək istəyir. Mən isə evli adamı işdə saxlamayacağam. Mənə beləsi gərək deyil.

– Axmağın biri axmaq, gör hələ nə düşünür,–Alyoşanın atası bərk acıqlandı.–Sən fikir eləmə. Mən ona tapşıraram, bu işdən biryolluq əl çəksin, belə düşüncələri başından çıxarsın.

Kəndli mətbəxə keçib oturdu, oğlunu gözləməyə başladı. Alyoşa iş dalınca qaçmışdı, birazdan qaranəfəs qayıdıb gəldi.

– Mən səni ağıllı bir adam bilirdim. Bu nə oyundur, çıxarırsan?–atası acıqla soruşdu.

– Mən heç nə eləməmişəm.

– Necə yəni, heç nə eləməmisən. Deyirlər, evlənmək istəyirsən. Vaxtı çatanda mən səni evləndirəcəyəm, özü də kiminlə desəm, onunla da evlənəcəksən, daha şəhərin ayağısürüşkənləri ilə yox.

Atası çox danışdı. Alyoşa oturub dinməzcə qulaq asır, köks ötürürdü. Atası danışıb qurtarandan sonra Alyoşa gülümsünüb dedi:

– Neynək, qoy sən deyən kimi olsun.

– Bax ha, bir də sənin haqqında belə sözlər eşitməyim.

Atası gedəndən sonra o Ustinya ilə təklikdə qalanda (qız qapının arxasında gizlənib onun atası ilə olan danışıqlarına qulaq asmışdı) Alyoşa dedi:

– Bizim işimiz alınmadı. Eşidirdinmi? Acıqlanıb, deyir, olmaz.

Qız önlüyünü gözünə sıxıb səssizcə ağlamağa başladı. Alyoşa dilini damağına sürtüb şaqqıldatdı.

– Necə qulaq asmayasan? Görünür, bu işdən əl çəkməliyik.

Lev Tolstoy
Lev Tolstoy

Axşam tacirin arvadı anbarın dəmir qapı örtüyünü bağlamaq üçün Alyoşanı çağıranda soruşdu:

– Hə, atanın dediyini eləyirsən, ya yox, axmaqlığından əl çəkirsənmi?

– Görünür, əl çəkirəm,–Alyoşa gülümsəyərək dedi və birdən hönkürüb ağladı.

O gündən sonra Alyoşa bir də Ustinya ilə evlənmək barədə danışmadı və köhnə qayda ilə yaşamağa başladı.

Bir dəfə təsərrüfat müdiri ona damın üstündəki qarı təmizləməyi tapşırmışdı.

Alyoşa dama dırmaşdı, damın üstündəki qarı bütünlüklə kürüdü və sonra damın qırağına vurulmuş tənəkə novun üstünə yapışıb buzlaşmış qarı qaşımağa girişdi, bu vaxt gözlənilmədən ayağı sürüşdü və o əlindəki kürəklə birlikdə yerə yıxıldı, işin tərsliyindən Alyoşa qarın üstünə deyil, evin dəmirlə döşənmiş girəcəyinə yıxılmışdı.

Öncə Ustinya, sonra tacirin qızı qaçıb özlərini ona yetirdilər. Ustinya soruşdu:

– Alyoşa, əzilməmisən?

– Hə, deyəsən, biraz əzilmişəm. Ancaq eybi yoxdur.

O, ayağa durmaq istədi, ancaq qalxa bilməyib gülümsədi. Onu əl üstündə götürüb qulluqçuların yaşadığı komaya apardılar. Feldşer çağırdılar, o Alyoşanı yoxlayıb harasının ağrıdığını soruşdu. Alyoşa dilləndi:

– Ağrımağına hər yerim ağrıyır, ancaq bunun eybi yoxdur. Ağa mənə acıqlanacaq, bax bu pis oldu. Gərək, atama xəbər eləyək.

Alyoşa iki sutka yataqda uzandı, sonra keşişin dalınca adam göndərdilər.

– Sənə nə olub, yoxsa ölürsən?–Ustinya ağlar bir səslə soruşdu.

– Nə olsun? Həmişəlik yaşamayacaqdıq ha! Haçansa bu da olmalıydı,–Alyoşa həmişə olduğu kimi tələsik və qırıq-qırıq danışırdı. – Ustyuşa, mənim halıma acıdığın üçün çox sağ ol. Görürsənmi, elə yaxşı oldu bizi evlənməyə qoymadılar, yoxsa lap pis olardı. Hər şey yaxşı qurtardı.

Keşiş gələndə o, əli ilə və ürəyində dua elədi. Əli ilə xaç çəkirdi, ürəyindən isə bunları keçirirdi: necə, burada üzüyola olursan, kimsəni acıqlandırmırsan, günün yaxşı keçir, özünü belə aparsan, elə o dünyada da işin yaxşı olacaqdır.

O, çox az danışırdı. Yalnız su istəyirdi və nədənsə çox təəcüblü olduğu görünürdü.

Son dəfə də o, nəyə görəsə bərk təəcübləndi, bütün bədəni ilə nəyəsə çatmaq istəyirmiş kimi dartındı və öldü.

1905

XS
SM
MD
LG