Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 14:34

«Bit bazarı»ndan reportaj


«Bit bazarı»
«Bit bazarı»

-

KİM NƏ GƏLDİ SATIR

Bakının Sabunçu rayonunda yerləşən keçmiş «rus», indiki «bit bazarı»ndayıq. Burada satılan əşyaların qiyməti 20-30 qəpikdən başlayır. 10 manatdan baha geyim tapmaq mümkün deyil. Belə olan halda, görəsən, bəs bu bazarın həm satıcıları, həm də alıcıları necə dolanır?

Öncələr satıcıları da, alıcıları da daha çox ruslar olan bu bazarda indi daha çox azərbaycanlılar gözə dəyir. Tək-tük rus satıcıya rast gəlmək olar.

Hər tərəfə səpələnən köhnə paltarlar, əşyalar bazarda qarmaqarışıqlıq yaradır. Bir də ki, natəmizlik baş alıb gedir. Ətrafa axan kanalizasiya suları çuxurlara toplaşır.

Satıcılardan biri işlərin pis getmədiyini, «çörək pulu»nu çıxardığını deyir. O, şənbə və bazar günləri, səhər saat 9-dan günorta 3-ə kimi işləyirik.

«QİYMƏTLƏR SƏRFƏLİDİR»

Digər satıcı Nəriman dayı deyir ki, köhnə paltar və ayaqqabılar, ev əşyaları, musiqi diskləri, müxtəlif əşyalar satır. O, neçə illərdir burada alver etdiyini söyləyir:

«1 manata köynək, 50-60 qəpiyə ayaqqabı, 1-2 manata cins şalvar satıram. Bazarda 2-3 manata pencək, 50-60 qəpiyə köynək, 20-30 qəpiyə uşaq oyuncağı, 2-3 manata məişət əşyaları almaq olar. Yəni ki, qiymətlər sərfəlidir. Antik əşyaları burda asanlıqla tapa bilərsiniz».

Burada mis və alüminium qablar, yataq dəstləri, yorğan-döşək, pərdə, pal-paltar, ayaqqabı, samovarlar, köhnə pullar, elektrik ləvazimatları, bir sözlə, adındakı «bit»dən başqa, ağıla gələcək hər şeyin köhnəsini tapmaq olar. Bazarda həmçinin meyvə-tərəvəz, quş və ev heyvanları da satılır. Lakin satılan mallar arasında təəccüb doğuranları da var. Məsələn, köhnə alt paltarları. Yəni bu qədərmi acınacaqlı durumda olanlar var? Axı həmin geyimin təzəsi elə də baha deyil. Satıcıların dediyinə görə, bu geyim növünün də alıcıları yetərli saydadır.

KASIBLARIN BAZARI

Qaynaşan bazarda alıcılardan mikrofona danışmaq istəyən tapılmadı. Ancaq onu da deyək ki, bazarda olduğumuz bir neçə saat ərzində buranın alıcı sarıdan korluq çəkmədiyinin şahidi olduq.

Satıcı Elmira xanım satdığı mallardan və alıcılarından ağızdolusu danışır:

«Bazara çıxmadığımız günlərdə qonşuda, qohumda olan köhnə əşyaları, pal-paltarı toplayırıq. Arada tanımadığımız adamların evlərinə də gedib köhnə paltarlarını istəyirik. Sonra da şənbə, bazar günləri gətirib burda satırıq. Alıcılar da elə özümüz kimi kasıb insanlardır. Onlar əsasən Bakı və Bakıətrafı qəsəbələrdən gəlirlər. Daha çox pal-paltar, pərdə, yorğan-döşək üzü və mis qab-qacaq, ütü, ətçəkən maşın alırlar».

«BUNA DA ŞÜKÜR»

Ərazidəki polislər yerpulu da yığır. Əlövsət adlı satıcı yerpulunun elə də yüksək məbləğ təşkil etmədiyini deyir:

«Yerpulunun miqdarı əşyaların səpələndiyi ərazinin böyük kiçikliyindən asılı olur. Elə adam var 1 manat, eləsi də var 2 manat verir. Amma təbii ki, yerpulu vermək istəməyənlər də var. Bəziləri deyir ki, «onsuz da qəpik-quruş qazanırıq, niyə əlavə pul da verək?». Amma buna da şükür. Əsas odur ki, ödəniş azdır».

... Bazardan ayrılırıq. «Bu bazar Azərbaycandakı əhalinin yaşam səviyyəsinin aynasıdır» desək, çoxmu şişirtmiş olarıq? Hər halda burada Bakının mərkəzi küçələrindən, dəbdəbəli mağazalarından tam fərqli bir ab-havaya düşürsən. Satıcıları, alıcıları müşahidə etmək, nələr satıldığına baxmaq adamı yormur. Əksinə, düşündürür. Düşünürsən ki, hərə bir cür yaşayır...

XS
SM
MD
LG