Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:16

Terrorçular vətəndaşlıqdan məhrum ediləcək


Pasport
Pasport

-

«Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanuna dəyişiklik ediləcək.

Bununla bağlı layihə dekabrın 2-də Milli Məclisin komitələrinin birgə iclasında müzakirə olunub.

Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı 18-ci maddəyə yeni əlavələr (3-1, 3-2) edilməlidir.

Layihəyə görə, terrorda iştirak, Konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi də vətəndaşlığın itirilməsi ilə nəticələnəcək.

Bundan başqa, vətəndaş dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçərsə, düşmənçilik zəminində dini məzhəblərin yayar, dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak edərsə, həmin fəaliyyətə digər şəxsi cəlb edərsə, yaxud bu məqsədlə silahlı qrup yaradarsa da, vətəndaşlıqdan məhrum ediləcək.

Qanun layihəsi dekabrın 4-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

İlham İsmayıl.
İlham İsmayıl.
İlham İsmayıl: «Mexanizm bəlli deyil»

«Son zamanlar Azərbaycanda dini ekstremizm genişləndiyi və gücləndiyi üçün bəzi qanunlara dəyişiklik edilməsi mümkündür».

Təhlükəsizlik üzrə mütəxəssis, MTN-in keçmiş zabiti İlham İsmayıl dekabrın 4-də bəzi qanunlara olunacaq əlavə və dəyişiklikləri şərh edərkən belə deyir.

İlham İsmayıl yada salır ki, son zamanlar Azərbaycanda Suriyada Bashar al-Assad əleyhinə döyüşənlər, İŞİD-ə qoşulanlar olub və onların bəzisi artıq məhkəmənin hökmü ilə cəzalarını alıblar. Bundan başqa, bəzi maarifləndirmə işi də aparılıb. «Ancaq görünür, dövlət qurumlarına başqa məlumatlar daxil olub deyə, sərt addımlara gedirlər», - deyə mütəxəssis əlavə edir.

Hərçənd İlham İsmayıl həmin şəxslərin vətəndaşlıqdan çıxarılmasını çıxış yolu saymır:

«Birinin vətəndaşlıqdan məhrum edilməsi cəzadırmı? Onu o zaman vətəndaşlıqdan çıxarmaq olar ki, terrorçu olduğu yüz faiz sübut olunub. Ancaq bu da var ki, sən onu ölkəndə vətəndaşlıqdan çıxarmaqla nə olacaq? Onu sərhəddən kənara qoyacaqsan? Mexanizm bəlli deyil. Ya xaricdə olan vətəndaşını vətəndaşlıqdan məhrum edirsən? Kim onu mühakimə edəcək? Kənar dövlətmi mühakimə edəcək? Bu adamı kim qəbul edəcək?».

Terrorçularla mübarizədə polisə əlavə səlahiyyət verilməsinə gəlincə, mütəxəssis deyir ki, son günlər Nardarandakı hadisələrdə odlu silahdan istifadə edildi: «Yəni, bu cür hallarda odlu silahdan istifadə edildiyi sübut olundu. Ancaq sual yaranır: qarşıdakı adamın odlu silahı yoxdursa, o zaman necə onu öldürmək lazımdır? Bunun da mexanizmi, bütün detalları işlənməlidir. Fikrimizi onda daha yaxşı deyə bilərik».

XS
SM
MD
LG