Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:08

Ölkədən 95 milyard pul çıxarıldı


Dollar
Dollar

-

ABŞ-ın «Global Financial Integrity» Tədqiqat Təşkilatı xaricə qeyri-qanuni kapital axını həyata keçirilən ölkələrin siyahısını açıqlayıb. Tədqiqat 2004-2013-cü illər arasında aparılıb. Bu illər ərzində hər il Azərbaycandan 9 milyard dollar dəyərində qeyri –leqal yollarla pul çıxarılıb.

Siyahını «Azadlıq» qəzetinə şərh edən iqtisadçı Məhəmməd Talıblı deyib ki, həmin araşdırmanın nəticələrinə inansaq, az qala, Azərbaycanın neft gəlirlərindən xərclədiyi qədər ölkədən xaricə vəsait çıxarılıb: «Bu isə o deməkdir ki, investisiyanın kənara axması eyni zamanda həm istehsalın, həm də istehlakın itirilməsi riski ilə üzləşmişik və həmin əlavə dəyəri formalaşdıran ÜDM «piroqundan» əhəmiyyətli bir payı itirmişik. Nəzərə alsaq ki, ölkəmizin neft-qaz gəlirləri 118 milyard dollarının 83 milyardını xərcləmişik, bu o deməkdir ki, həmin məbləğdən də bir az artıq vəsaitin xarici ölkə iqtisadiyyatlarına xidmət etməsinə şərait yaratmışıq».

Vahid Əhmədov
Vahid Əhmədov

2016 TƏLATÜMLÜ İL OLACAQ

Deputat Vahid Əhmədov «Yeni Müsavat» qəzetinə verdiyi müsahibəsində manatın da taleyinə toxunub: «Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azalıb. Devalvasiyadan qabaq haradasa 15 milyard manata yaxın ehtiyatlar var idisə, hazırda 6.2 milyard manata yaxın qalıb. Əlbəttə, bunun əsas hissəsi manatın məzənnəsinin qorunub-saxlanmasına sərf olunub. Mən belə səviyyədə manatın kursunun saxlanmasının tərəfdarı deyiləm».

Vahid Əhmədov deyir ki, Mərkəzi Bank valyuta bazarına müdaxilə edib hər ay müəyyən qədər vəsait buraxır ki, manatı qorusun: «Əlbəttə, bu, uzun müddət davam edə bilməz. Mən həmişə demişəm ki, manatın dəyəri birbaşa neftin qiymətindən asılıdır. Mərkəzi Bankın ehtiyatları da tükənməz deyil, bu ehtiyatlar qurtarır. Bir ildə haradasa 60-70 faiz ehtiyat tükənib. Ona görə də tənzimlənən, üzən məzənnə siyasətini həyata keçirmək, yəni yumşaq devalvasiyaya getmək lazımdır ki, əhali bunu birdən-birə hiss eləməsin».

Tələbə
Tələbə

MÜƏLLIMLƏR TƏLƏBƏLƏRİ TƏQAÜDSÜZ QOYMAĞA ÇALIŞIR…

Eyni adlı məqalədə «Bizim Yol» Azərbaycanda tələbəyə verilən 100-120 manatın onun gündəlik həyatında nəyi dəyişdiyini araşdırmağa çalışıb.

Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsi Samir Hüseynov qəzetə deyib ki, 50 manat təqaüd alır: «50 manat elə təkcə mənim yolpulum və lazımi materialların alınmasına xərclənir. Mən də məcbur olub yenidən evdən pul istəyirəm».

S.Hüseynov deyir ki, təqaüd tələbənin bir çox ehtiyacını ödəməyə yetmir: «Kirayə pulu, yolpulu, yemək pulu, dərsliklərə, sürətçıxarmalara lazım olan pul bir ay ərzində ən azı 350-400 manat edir. Hamı deyir ki, tələbəsən tələbəliyini yaşa. Ancaq gəzmək üçün bir o qədər pul xərcləyə bilmir Azərbaycan tələbəsi. Məsələn, xarici ölkələrdə görürəm ki, tələbələr üçün çoxlu endirim kampaniyaları olur. Hətta restoranlarda belə tələbələrə güzəşt edirlər. Azərbaycanda isə bu güzəştin adı var. Faydalandım deyən olmayıb hələ ki».

Təhsil eksperti Nadir İsrafilov bildirir ki, tələbələrin ödədiyi xərclərin həddindən artıq çox olması onları təhsildən soyudur: «Məsələn, Dubayda təhsilə maraq üçün magistrlara dövlət tərəfindən 3000 dollar təqaüd verilir. Dünyanın bir çox ali məktəblərində isə ali təhsil ödənişsizdir. Bu məsələnin həlli üçün təhsil krediti haqqında qanun qəbul edilməlidir. Yalnız beləliklə, tələbələrə uzunmüddətli və faizsiz kreditlərin verilməsi ilə bunu həll etmək olar. Dünya təcrübəsində belə olur. Ən uzağı 7 faizlə kreditlər verirlər. Rusiyanın özündə bu rəqəm 7 faizdir. Ancaq 4 faiz olanlar da var. Həmin tələbələri dövlət sonra işə qəbul edərək uzun müddətdə bu kreditləri ödəməsinə yardımçı olurlar».

Bəxtiyar Sadıqov
Bəxtiyar Sadıqov

«SOSİAL JURNALİSTİKA», YOXSA «SİMLİ TELEQRAF»

«Heç gizlətmirəm də, «sosial jurnalistika» anlayışını qəbul etmək istəmirəm!
Hətta bunu jurnalistikaya təcavüz kimi qiymətləndirirəm!».

«Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov müəllif məqaləsində belə yazır və fikrini belə əsaslandırır:

«Əvvəla, hər şeyin öz adı ilə çağrılmasını istəyirəm, digər tərəfdən «qaydasızlıqla» prinsipliliyin qarışdırılmasını düzgün saymıram! Hələ kompüterin və internetin olmadığı, hətta yüzdə bir mənzilə telefon çəkildiyi vaxtlarda «simsiz teleqraf» ifadəsi mövcud idi. Haradasa, kimsə, nəsə deyəndə (şübhəsiz, çoxlarında maraq doğura biləcək məsələ barədə) qısa müddətdə ağızdan-ağıza yayılırdı. Bəzən hətta elə geniş yayılırdı ki, ilk mənbəni dəqiq müəyyənləşdirmək belə çətin olurdu».

Müəllif bu gün sosial şəbəkələrdə yayımlanan xəbərlərin çox böyük hissəsinin ictimai əhəmiyyət kəsb etmədiyini vurğulayır: «Xəbər isə ən əvvəl ictimai mahiyyət daşımalıdır! Jurnalistikanın digər prinsip və qaydalarından bəhs etməzdən öncə hələ antik dövrdə yunanların bəyan etdikləri və bu gün də yaşayan bir qaydanı yada salmaq istəyirəm: «Özünə rəva görmədiyini, başqalarına da rəva bilmə!». Sosial şəbəkədə təhqiramiz söz və ifadələr tez-tez səslənir, qisas xarakterli yalançı informasiyalar yayılır və buna görə bir-birini məhkəməyə verənlər də olur. Başqa sözlə, hər kəs ağlına və ağzına gələni yazıb yerləşdirə bilir. Necə deyərlər, qalıb hərənin öz qanacağına!».

Elnur Aslanov
Elnur Aslanov

ELNUR ASLANOV: «BOĞAZA YIĞILMIŞAM»

«Mənim Riqada mənzil almağım barədəki xəbər həqiqətəuyğun deyil. Bu, sadəcə uydurmadır».

Bunu virtualaz.org saytına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri Elnur Aslanov söyləyib.

E.Aslanovun dediyinə görə, onun cəmisi bir mənzili var, o da Bakıdadır: «Həmin mənzili də mənə prezident verib… Nə qədər yalan danışmaq və yazmaq olar? Azərbaycan balaca ölkədir. Burada hamı bir-birini tanıyır. Hansısa məlumatı gizlətmək sadəcə mümkün deyil».

E.Aslanov mətbuatda onun biznes fəaliyyəti barədə yayılan xəbərlərə də münasibət bildirib: «Yazırlar ki, guya supermarketlərim, başqa biznesim var. Bunu deyənlər doğrudan da belə olduğunu sübut etsələr, həmin biznesi onlara bağışlayaram».

XS
SM
MD
LG