Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:39

Dövlət Neft Fondu: "Vəsaitlərin 73 faizi xərclənib"


-

“Dövlət Neft Fondunun daxilolmalarında xam neftin satışından əldə edilən gəlirlər böyük hissəni təşkil edir. Hazırda dünya bazarlarında neftin qiymətinin ucuzlaşması fondun vəsaitlərinin artım tempinə öz təsirini göstərir”.

Bu barədə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) Azadlıq Radiosunun sorğusuna cavabında deyilir.

Məlumatda deyilir ki, ARDNF-nin investisiya portfelinin gəlirliliyi isə, təbii ki, fondun investisiya strategiyasından asılıdır:

“Bu strategiyanın da məqsədi uzunmüddətli dövrü əhatə etməkdir. Və mövcud risk dözümlülüyü nəzərə alınmaqla hədəflənən qlobal investisiya portfelinin qurulmasıdır. Qlobal investisiya portfelinin qurulmasında əsas məqsəd məhz ARDNF-nin vəsaitlərinin uzunmüddətli dövr ərzində alıcılıq qabiliyyətinin qorunub saxlanılmasıdır. Tətbiq edilən investisiya strategiyası portfelin geniş diversifikasiyasını özündə əks etdirir və qısamüddətli qiymət, məzənnə dəyişiklikləri də daxil olmaqla, makroiqtisadi şoklara qarşı yüksək dözümlülük nümayiş etdirir.

Fond digər sualları da cavablandırıb.

“Ümumi yığım səviyyəsi 33,8 milyard ABŞ dolları olub”

- Neft və qaz gəlirlərinin idarə edilməsi ilə bağlı strategiyada Fondun xərcləri ilə bağlı olan limitlər tətbiq edilə bilərmi?

- Neft Fondunun əsasnaməsində və neft və qaz gəlirlərinin idarə edilməsi ilə bağlı strategiyada müəyyən edildiyi kimi, yığım prinsipinin tətbiqi və gələcək nəsillər üçün ehtiyat vəsaitin formalaşdırılması Neft Fondunun əsas missiyasını təşkil edir. Bu missiyanın icrasına uyğun olaraq xam neftin yüksək qiymətləri dövründə fondun daxilolmalarının böyük hissəsi yığıma yönəldilib. Belə ki, fondun büdcəsinin icrası göstəricilərinə əsasən 2008-ci ildə yığım 60%, 2009-cu ildə 36%, 2010-cu ildə 48%, 2011-ci ildə 35%, 2012-ci ildə 24% təşkil etmiş, 10 dekabr 2015-ci ilə Fondun 2001-2015-ci illər üzrə ümumi yığım səviyyəsi 27% və yaxud 33,8 milyard ABŞ dolları olub. Neft və qaz gəlirlərinin idarə edilməsi ilə bağlı strategiyada müəyyən edildiyi kimi, fondun xərcləri ilə bağlı limitlərin tətbiqi ilk növbədə qeyri-neft vergi daxilolmalarının payının artırılması yolu ilə icmal büdcədə Neft Fondunun xərclərinin, xüsusilə də dövlət büdcəsinə transfertin tədricən azaldılmasını tələb edir. Bu istiqamətdə hökumət ardıcıl addımlar atır və dövlət və icmal büdcənin ortamüddətli proqnozları onu göstərir ki, dövlət büdcəsinin gəlirlərində neft sektorunun payı, o cümlədən, Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi azalmaqdadır. Belə ki, 2015-ci ildə fonddan transfertin təsdiq edilmiş həcmi 10,38 milyard manat və yaxud dövlət büdcə gəlirlərində 53% təşkil etdiyi halda, 2016-cı ildə bu rəqəm 6 milyard manata və yaxud müvafiq olaraq 41%-ə qədər azaldılıb. Eyni zamanda bildirilməlidir ki, xam neftin aşağı qiymətləri dövründə Neft Fondunun fiskal və makroiqtisadi sabitləşdirmə funksiyası daha qabarıq şəkildə özünü göstərir. Növbəti illərdə dövlət büdcəsində qeyri-neft vergi daxilolmalarının payının artması Fondun xərcləri üzərində limitlərin tədricən tətbiqinə imkan verəcəkdir.

“Yeni investisiya siyasəti prezidentə təqdim edilib”

- Fondun investisiya siyasətində hansı dəyişikliklər gözləmək olar?

- Fondun investisiya siyasəti, ARDNF-nin illik gəlir və xərclər proqramının tərtibi və icrası Qaydalarına uyğun şəkildə həyata keçirilir. Belə ki, Fondun idarə edilməsi ilə bağlı illik xərclər smetası ilə yanaşı ARDNF-nin investisiya siyasəti də Qaydalara uyğun olaraq hazırda Müşahidə Şurasının müvafiq rəyi ilə birgə prezidentə təsdiq üçün təqdim edilib. Yaxın zamanlarda bu layihənin təsdiq olunması gözlənilir. Məlum olduğu kimi, ARDNF-nin məqsəd və vəzifələrindən biri olan vəsaitlərin gələcək nəsillərin rifahı naminə səmərəli idarə edilməsini icra etmək istiqamətində fond 2012-ci ildən bəri investisiya portfelinin diversifikasiyasını həyata keçirməyə başladı. Burada əsas məqsəd Fondun vəsaitlərinin uzunmüddətli dövr ərzində mövcud risk dözümlülüyü də nəzərə alınaraq gəlirliliyinin artırılması ilə optimal investisiya portfelinin qurulmasıdır. Bu istiqamətdə Fondda daima araşdırma işləri aparılır, mövcud konyuktura ciddi təhlil olunur və müvafiq maliyyə alətlərinin mövcud çəkilərinə yenidən baxılması məsələsi nəzərdən keçirilir.

“Büdcəyə transfert davam edəcək”

- Neftin qiyməti 30 dollar civarında olarsa, fond hansı tədbirlər görəcək?

- Xam neftin yüksək qiymətləri dövründə Neft Fondunun daxilolmalarının böyük hissəsi yığıma yönəldilib. Fondun büdcəsinin icrası göstəricilərinə nəzər yetirdikdə, 2008-ci ildə yığım 60%, 2009-cu ildə 36%, 2010-cu ildə 48%, 2011-ci ildə 35%, 2012-ci ildə 24% təşkil edib. 2001-2015-ci illər üzrə ümumi yığım səviyyəsi 27% olub və hazırda fondun sərəncamında 34 milyard ABŞ dolları həcmində vəsait toplanıb. Fondun yaradılması məqsədlərindən biri də ölkədə fiskal dayanıqlığı təmin etməkdir. Məhz xam neftin aşağı qiymətləri dövründə Neft Fondunun fiskal sabitləşdirici funksiyası daha qabarıq şəkildə özünü göstərəcək. Xam neftin qiymətlərindən asılı olmayaraq, növbəti ildə fondun büdcəsində nəzərdə tutulan öhdəliklərin, xüsusilə də dövlət büdcəsinə transfertlə bağlı köçürmələrin icrası davam etdiriləcək. Bununla da dövlətdən üzərinə götürdüyü öhdəliklərin vaxtında icrası və fiskal sabitlik təmin ediləcək.

XS
SM
MD
LG