Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:59

Daha bir məmur təcrid vəziyyətində


Ali Asadov
Ali Asadov

«Azadlıq» qəzeti yazır ki, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov proseslərdən tamamilə təcrid olunub.

«Azadlıq prospektində baş verən və 15 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsindən sonra Əli Əsədov ölkə başçısı İlham Əliyevin yanında etimadını itirib. Əli Əsədov paytaxtda abadlıq-quruculuq işlərinə məsul əsas məmurlardan biri idi. Keçmiş MTN şefi Eldar Mahmudovun «vurulmasından» sonra isə Əli Əsədovun vəziyyəti daha da pisləşib. Məlumat üçün deyək ki, Əli Əsədovla Eldar Mahmudov yaxın qohumdurlar. Eldar Mahmudovun nazir olmasında onun da mühüm rolu olub. Məlumatda bildirilir ki, artıq Əli Əsədovun kurasiya etdiyi şirkətlər başqa şəxsin idarəçiliyinə verilib. Bununla yanaşı onun siyasi proseslərə təsir imkanları da sıfıra endirilib. Əli Əsədovun indi iş başında olması faktiki olaraq formal xarakter daşıyır».

Maşın bazarında balon ajiotajı

Bakıda maşın bazarı
Bakıda maşın bazarı

«Yeni Müsavat» qəzeti yazır ki, yanvarın 1-dən maşınında qəza işarəsi, yanğınsöndürmə balonu və tibbi yarım çantası olmaya sürücülərə qarşı reydlər başlayacaq. Elə buna görə də maşın bazarında qələbəlikdir.

«Bazarda satıcı işləyən Zakir Məmmədov deyir ki, qiymətlərin baha olmasına baxmayaraq, işləri yaxşı gedir: «Qiymətlər demək olar ki, iki dəfə bahalaşıb. Misal üçün, əvvəl 5-10 manata satdığımız tibbi yardım çantası indi 20-30 manat olub. Z.Məmmədov deyir ki, yanğınsöndürmə balonlarının qiyməti də bahalaşıb: «İki gün bundan öncə adi, monometri olmayan balon 17 manat idisə, indi 20-23 manat arasında satılır. Bütün tələblərə cavab verən balonu 60-65 manata satırıq».

Alıcı Kənan da qiymətlərin birdən-birə bu qədər şişirdilməsindən gileylənir: «Başa düşə bilmirəm, nəyə görə mən bu çətin vaxtda uşağımın boğazından kəsib, kimsə pul qazanacaq deyə pulumu belə şeylərə verim. İndiyə qədər niyə yada düşmürdü insanların təhlükəsizliyi? Nə oldu, birdən yadlarına düşdü millət? Bu qədər də zülm etmək olmaz insanlara».

Krediti ödəyə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb oluna bilərmi?

Bank kreditləri [karikatura]
Bank kreditləri [karikatura]

«Bizim Yol» qəzeti yazır ki, ilin əvvəlində və ondan qabaq dollarla kredit götürmüş şəxslər yüksək faizdən əlavə ikiqat artıq pul ödəmək məcburiyyətindədirlər. Ancaq müştərilərin çoxu borcu ödəyə bilmir.

Vəkil Asif Abdullayev qəzetə bildirib ki, kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirə bilməyən şəxs nə cinayət, nə də inzibati xətalar məcəlləsinə əsasən məsuliyyətə cəlb edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya dair 4 saylı Protokolun 1-ci maddəsinə əsasən, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu qayda borcun ödənilməsinə dair məhkəmə qərarını qərəzli şəkildə icra etməyən şəxslərə şamil edilmir» – deyə vəkil bildirir. Kreditin ödənilməməsinə görə cinayət məsuliyyətinin yaranması üçün iki hal mövcud olmalıdır:

1. Borcun ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmalı və həmin qərar qərəzli şəkildə borclu tərəfindən icra edilməməlidir.

2. Məhkəmə qərarını üzrlü səbəbdən icra etməyən borclu ilk olaraq inzibati xətalar məcəlləsinə əsasən məsuliyyətə cəlb edilməli və yalnız bundan sonra cinayət məsuliyyətinə cəlb edilə bilər».

Fermer yaradılan şəraitdən razılıq edir

Fermer təsərrüfatı (arxiv fotosu)
Fermer təsərrüfatı (arxiv fotosu)

«Azərbaycan» qəzeti yazır ki, məhsul bolluğu yaradılmasında, ərzaq təhlükəsizliyinin təmin olunmasında fermerlərin rolu böyükdür.

«Ağsu rayonunda fəaliyyət göstərən fermerlərdən biri in Alxan Abdullayev 2004-cü ildən fiziki şəxs qismində fermer kimi fəaliyyət göstərir. Ağsu rayonu ərazisində 200 hektar torpaq sahəsinə malikdir. Bu torpaqlardan əsasən arpa və buğda əkini üçün istifadə edirlər. Əkin sahələrinə vaxtaşırı göstərilən diqqət və qayğı, aqrotexniki qulluğun vaxtında aparılması son nəticədə özünü göstərir. İstehsal olunan məhsul isə kənd sakinlərinə satılmaqla yanaşı, toxumluq üçün də istifadə edilir. Fermer dövlət dəstəyindən də məmnundur. Deyir ki, fəaliyyət göstərdiyi 11 il ərzində əksər təklif və müraciəti müsbət qarşılanıb. Əkin-biçinlə əlaqədar hər hektara 50 manat yardım, güzəştli qaydada azot və fosfor gübrələri alır.

Sahələrin becərilməsində «Aqroservis» MMC-nin texnikalarından istifadə olunur. Lazım gəldikdə yerli sakinlər də istehsalat prosesinə cəlb edilir».

XS
SM
MD
LG