Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:02

İqtisadçı 4 nəfərlik ailənin minimum xərclərini hesabladı


Supermarket
Supermarket

-

2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136, əməkqabiliyyətli əhali üçün 146 , pensiyaçılar üçün 115, uşaqlar üçün isə 117 manat müəyyən edilib.

modern.az xəbər verir ki, iqtisadçıRövşən Ağayev 4 nəfərdən ibarət ailənin minimum yaşayış xərclərini hesablayıb: «İki məktəbyaşlı uşaqdan, ata və anadan ibarət tipik ailə ay ərzində: 40 kq çörək və un məmulatları (vermişel, makaron və s.), 70 kq kartof, 35 kq tərəvəz və bostan məhsulları, 55 kq meyvə və giləmeyvə, 12 kq ət və ət məmulatları, 80 kq süd və süd məmulatları, 3 kq balıq, 60 ədəd yumurta, 6 kq şəkər və qənnadı məmulatları, 3 kq bitki yağları, 2.5 kq kərə yağı, çay və duz kimi ərzaq məhsulları istehlak etməlidir».

İqtisadçı deyir ki, bundan başqa, kommunal, o cümlədən təhsil, səhiyyə və s. xərclər də var: «Beləliklə, 4 nəfərlik ailənin aylıq ərzaq xərcləri ən aşağı qiymətlərlə 420 manat, xidmətlər üzrə xərcləri 130 manat təşkil edir – yəni təkcə ərzaq və xidmətlər üzrə minimum xərclər 550 manat. Halbuki yanvarın 1-dən qüvvəyə minən yaşayış minimum haqqında qanunu əsas götürsək, 2 məktəbyaşlı uşağı olan ailə üçün yaşayış minimumunun dəyəri 526 manat təşkil edir. İndi təsəvvür edək ki, bu tipik ailədə hər 2 ailə başçısı işləyir və minimum əməkhaqqı səviyyəsində maaş alırlar - yəni ailə büdcəsinin aylıq gəliri 210 manat. İndi təkcə minimum xidmətlər və ərzaq üçün çatışmayan 340 manat bu ailə haradan almalıdır?».

Qəzet oxucuları
Qəzet oxucuları

HÖKUMƏTİN QƏZETLƏRƏ BÖYÜK DƏSTƏYİ – ONLARI SUSDURMAQLA…

«Yeni Müsavat» qəzetində eyniadlı məqalədə oxucu-qəzet problemindən yazılır. Müəllif qeyd edir ki, Azərbaycanda qəzetlərin yolu heç vaxt hamar olmayıb: «Mən qəzetlərin gücünü son hadisələr zamanı gördüm. Hamı deyirdi ki, filan şeyi qəzetlər hələ bir neçə il bundan əvvəl yazırdı!.. Düzdür, burada məsuliyyəti qəzetlərin üstünə atmaq cəhdi də vardı. Amma qəzetlər həqiqətən də çox şey yazmışdılar və indi də yazırlar...

Amma indi vəziyyət həqiqətən də ağırdır. Bahalaşma, manatın kursunun düşməsi birinci qəzetləri «vurdu». Onlar nə etsinlər? Durub qəzetin qiymətini artırsınlarmı? Güman ki, məcbur olub artıracaqlar. Amma bu, çıxış yoludurmu?..

Bəli, ilk baxışda belə təəssürat yarana bilər ki, hökumətin qəzetlərə böyük dəstəyi var– maddi yardım edir, hətta jurnalistlərə ev də verirlər. Amma bütün bunlar nəyin qarşılığında oldu? Qəzetlərin faktiki olaraq susdurulmasının, onların əsl bazardan, reklamdan məhrum edilməsinin sayəsində oldu bunlar...».

Bakıda yeni tədris ilinin başlanması
Bakıda yeni tədris ilinin başlanması

UŞAQLARIN 1-Cİ SİNFƏ HAZIRLIĞI İLƏ BAĞLI YENİ QANUN

ANSPress yazır ki, Azərbaycanda birinci sinfə gedəcək uşaqların məktəbə hazırlığının zəruri olması ilə bağlı tələb yeni qanuna daxil edilib:

«Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib ki, bu məsələ yeni hazırlanan «Məktəbəqədər təhsil haqqında» qanun layihəsində nəzərdə tutulur. Onun dediyinə görə, bağçalarda uşaqların məktəbə hazırlığı zəruridir:

«Bəzən buradan bir fikir irəli gəlir ki, əgər uşaq hər hansı bir hazırlıq keçməyibsə, məktəbə qəbul edilə bilməz. Bu düzgün fikir deyil, çünki burada söhbət icbarilikdən getmir, zərurilikdən gedir. Zərurilik də odur ki, dövlət uşaqların 5 yaşından məktəbə hazırlığını öz üzərinə götürür. Uşaqların o yaş dövründə hərtərəfli inkişafını məktəbəqədər təlim və tərbiyə müəssisəsində elə təşkil etmək olar ki, uşağın bütün qabiliyyətləri və imkanları, potensialı aşkar edilə bilər və onun inkişaf etdirilməsi üçün münbit şərait yaradıla bilər».

İndiyə qədər uşaqların məktəbəqədər hazırlığı ilə bağlı ayrı-ayrı qaydalar, müxtəlif qərarlar və təlimatlar olsa da, məsələ qanun çərçivəsində həll edilməyib.

XS
SM
MD
LG