Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:19

Çin nefti də aşağı dartır - 30 dollar


Dollar/Yuan
Dollar/Yuan

-

Yanvarın 7-də Çin yuanı bir daha devalvasiya etməklə investorlarda ticarət müharibəsi qorxusu yaradıb. Çinin səhm indeksləri bazar açılandan yarım saat ərzində 7 faizdən çox düşüb və bağlanıb.

Çin Xalq Bankı milli valyutanı ucuzlaşdırıb, bir dollar 6.5646 yuana bərabərləşib. Bu, bir gün öncəki məzənnədən 0.5 faiz az, 2011-ci ilin martından ən aşağı məzənnə, ötən avqustdan bəri isə ən böyük gündəlik düşüşdür. Yuan ilk dəfə avqustda 2 faiz devalvasiya edilib.

«Reuters» agentliyi yazır ki, hazırda bazarlar Pekinin yürütdüyü siyasət üzərində baş sındırırlar:

«Qeyri-müəyyənlik qorxusu yaxın perspektivdə renminbi (RMB-yuan bu adla da tanınır) üçün ən böyük riskə çevrilib», - Sinqapurda yerləşən OCBC korporasiyası bildirir.

ANZ Bankı isə qeyd edir ki, bu siyasət RMB-nin dəyərsizləşməsi gözləntisini artıracaq, ölkədən kapital axınını gücləndirəcək və ciddi maliyyə sabitsizliyinə gətirəcək.

Yanvarın 7-də Çin həmçinin xarici valyuta ehtiyatı barədə məlumat açıqlamalıdır. Treyderlər narahatdırlar ki, bu rəqəmdə də azalma olsun. Belə ki, investorlar yavaşıyan iqtisadiyyatdan pullarını geri çəkməkdədir. Noyabrda Çinin rezervləri 87.1 milyard azalaraq 3.44 trilyon dollara düşüb. Bu, 2013-cü ilin fevralından bəri ən aşağı səviyyədir.

Bəziləri ehtiyatlanır ki, yuanın sürətli düşüşü dünyanın ikinci böyük iqtisadiyyatının böyük problemlər içində olduğunu göstərir. Yuanın davamlı ucuzlaşması digər Asiya ölkələrinə də təsirini göstərir, Çinin nəhəng ixrac maşını ilə rəqabət apara bilmək üçün onlar da valyutalarını salmalıdırlar. Ancaq eyni zamanda dəyəri dollarla ölçülən malların qiyməti çinli alıcılar üçün bahalaşır ki, bu da tələbə ziyan vuracaq.

İraq.
İraq.

NEFTİN BARRELİ=30 DOLLAR?

Çin bazarlarında çaxnaşma neftin barrelini də 30 dollara yaxınlaşdırır. Bunu isə «Bloomberg» yazır.

Londonda xam neft fyuçersləri 3.3 faiz ucuzlaşıb. Səbəb də dünyanın ən böyük istehlakçısının iqtisadi axsamasıdır.

«Hazırda bazarda xəsislik və qorxuyla alver edirlər, indilik xəsislik dominant roldadır», - bunu Honq-Konqda yaşayan təhlilçi Gordon Kwan deyir. «Əmtəə fyuçersləri həmişə irəli baxır və qorxurlar ki, yuanın dəyərsizləşməsi Çin iqtisadiyyatının daha da zəifləməsindən xəbər verir».

Çərşənbə günü neftin barreli 34.23 dollara düşüb. Bu, son 11 ildə ən aşağı qiymətdir. Qərbi Texas (WTI) neftinin barrelinin fevral qiyməti 1.20 dollar düşərək 32.77 dollar olub.

«İqtisadi narahatlıq bir faktordur, ancaq hər şeyi də izah etmir», - Honq-Konqda yerləşən UBS şirkətindən Dominic Schnider deyir. «Zəifliyin bir səbəbi bazardakı aşırı təklifdir. Ehtiyat davamlı artsa, bu, bazarın xoşuna gəlməyəcək və bazarın səbri tükənsə, növbəti addım 30 dollardan da ucuz neft ola bilər».

Pekində broker şirkəti.
Pekində broker şirkəti.

ÇİNDƏN GƏLƏN TƏHLÜKƏLƏR

«The Wall Street Journal»da Ken Brown Çin bazarında baş verənlərin təhlükəsindən yazır:

«Çərşənbə axşamı cərəyan edən proseslər səhm bazarından çox, ölkə iqtisadiyyatı ilə bağlı idi. Bazar çökdü və bağlandı, çünki Pekin valyutasını daha da ucuzlaşdırdı. Bu, özlüyündə investorlara bir mesajdır: hökumətin stimullaşdırıcı səyləri işləmir. Valyutanın devalvasiyası ixracın artırılmasında sonuncu məsələdir. Narahatlıq ondandır ki, Çin iqtisadiyyatını emaldan xidmətə keçirdiyi bir məqamda artım hədəflərini saxlaya bilməyəcək».

Müəllif yazır ki, çinli investorlarda inamın itməsi pullarını ölkədən çıxarmaqla nəticələnir. Onların sərmayəni Çin səhmlərində saxlamasına heç bir səbəb yoxdur, qazanc zəifləyir, yuanla da mübarizə aparmalı olurlar:

«Valyutanın düşməsi həmçinin Çinin hökumət siyasətində ziddiyyətləri üzə çıxarır. Pekin yuanın sabitliyini saxlamağa boyun olmuşdu, Beynəlxalq Valyuta Fondu yuanı valyuta səbətinə daxil etdi. Ancaq bu statusu əldə edən kimi, Çinin Mərkəzi Bankı valyutanı ucuzlaşdırdı».

Müəllif, ədalət naminə, Çin siyasətçilərinin çətin durumunu da vurğulayır. Belə ki, yuan qlobal rəqiblərinə qarşı çox qalxmışdı, ölkədən ixrac bahalanmışdı:

«Çinin səhm bazarına kiçik həcmli xarici pul yatırılır deyə, buhəftəki olaylar Qərb investorları və Çin üçün iki səbəbdən önəmlidir. Birincisi, bu, Pekinin azad, idarə edə bilmədiyi bazarlar sarıdan rahatsızlığını üzə çıxarır. İkincisi, Qərb şirkətləri hələ də hər il Çinə milyardlarla dollar birbaşa xarici investisiya qoyurlar, çünki bu ölkənin sürətli artımından qazanacaqlarını düşünürlər. Bu artıma inam ölsə, pul da quruyacaq. Çini idarə edənlər üçün səhm bazarı deyil, iqtisadi artım əsasdır. Onlar nə vaxtsa yüksək səhm bazarı xülyalarından əl çəkməli olacaqlar ki, o zaman səhmlər və yuan bir az da düşə bilər».

XS
SM
MD
LG