Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:21

Biz hələ yaşamırıq, nə vaxt ehtiyac olsa, onda yaşayacağıq


Bəxtiyar Hidayət
Bəxtiyar Hidayət

-

"Onsuz da bunlar kök atıb, sizin o müxalifət böyükləri də bunlara işləyir. Arada siz yazıq olursunuz."

"Qalın qaşları burnunun üstündə elə birləşib ki, sanki biri Raqifin əlidi, biri də hökumətin ətəyi."

"Tədbirlərdə şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmaq lazım idi. Şəklə nə qədər çox adam düşsə, qrantlar da bir o qədər artardı."

Bəxtiyar Hidayət

EHTİYATDA OLAN HƏYAT

Başının çibinini qovlamaqla baş girləyən adam deyildi Famil. Sən görəydin o, mitinqdə neyləyirdi, beş-on polisi qabağına qatıb teyim-teyim teyləyirdi.

16 oktyabr hadisələri zamanı Azadlıq meydanında asfaltı yalam-yalam yalayırdı. Urra, urra eləyib əlini sinəsinə elə döyürdü, sanki Şuşaya bayraq taxmışdı bu əllər.

Ağır Cinayətlər Məhkəməsində üç hakim bir yana oldu, o, bir yana - milliyyətim türkdür, vəssalam. Cinayət işinə də belə yazın, yoxsa ifadə verməyəcəm. Eləcə də yazdırdı - milliyyəti türk.

Hə, o vaxtlar qatı millətçi idi Famil. Hətta uzaq Braziliyanın “bura zil qaranlıq” kəlimatından, Argentinanın “ər gent, yəni ər kənd, ərlər yaşayan şəhər” kəlimatından yarandığına dəli bir inam vardı içində.

Amma indi başının çibinini qovlamaqla ömrün günlərini də bir-bir qovlayır, birtəhər həyatını anrı aparır.

Hələ tələbəliyində camaat gizli şəkildə vərəqələr paylayanda bu açıqdan-açığa paylayardı. Nə universitetdən qovlanmağı vecinə alardı, nə azadlıqdan qovlanmağı. İndisə heç bircə sutka da içəri düşmək istəmir - evdəkilərə kim baxacaq bəs?

Belə baxanda, qınamaq da olmaz adamı. 2003-cü ildən bəri işsizdir. On il siyasi məhbus həyatı yaşadı, qayıdanda da işinə qayıdıb müəllimliyini davam edə bilmədi. Maşallah, bir yandan da külfət basdı adamı. Yoldaşı da işləmir - guya 2003-də həbs olunanda müxalifət ona nə kömək etdi ki, indi də nə kömək edəydi - özü də bunları düşünə-düşünə ayrılmışdı hər şeydən.

Müəllim yoldaşlarından bircəciyi müdafiə etmədi onu - guya dərs buraxmışdı bir həftə. Halbuki, o zamankı seçki qanununa görə seçkidən 15 gün sonrayacan seçki komissiyasının üzvləri işdən azad idi.

Seçki 15 oktyabrda olmuşdu, Famil də 19 oktyabrda artıq Bayıl türməsinin 6-cı korpusunun 5108-ci otağının birinci çarpayısının ikinci mərtəbsində özünə yer tutmuşdu.

Türmədən qayıdanda elə bilirdi qəhrəman-zad kimi qarşılanacaq. Amma hamı sanki bundan ağıllıymiş və hamı sanki buna məsləhət vermək növbəsinə dayanmalıymış. Guya məhşur Dəli Zaman təzədən zühur etmişdi.

Buna görə də kəndin arasına çıxa bilmirdi məsləhət verənlərin əlindən - oxumuş adamsan, ağlın, huşun hanı? Nə işin vardı meydanda, filanda? Onsuz da bunlar kök atıb, sizin o müxalifət böyükləri də bunlara işləyir. Arada siz yazıq olursunuz.

Famili bu illər ərzində ən çox yandıran elə sonda savadsız, qanmaz bildiyi adamların dediklərinin dəfələrlə düz çıxması oldu. Və bu barədə digər dostlarına daim belə deyrdi - deməli, onda biz özümüz axmağın kvadratı da yox, kubu da yox, birbaşa axmağın halqasıyıq.

Bir də onda ayıldı ki, kolleqanın qərarı - müəllim hüququndan ömürlük məhrum edilib. Fağır Famil özü 5 ay məhbus oldu, müəllimliyi ömürlük məhbus oldu. Kimsədən kömək olmadı.

Məcbur qalıb əmoğlusunun yanında 150 manata satıcı işlədi - o da qul kimi. Bazarı yox, bayramı yox - səhər saat 8-dən axşam saat 10-a qədər 14 saat ayaq üstə. Amma özü nə vaxtsa hüquqlarının bərpa olunacağına inanır. Buna görə də onu ehtiyatda olan tarix müəllimi saymaq olar.

Əmoğlusunun yanından aralandı - belə ki, başqa iş tapıldı. Özü də birdən- birə üç yerdən təklif gəldi - ayda 200 manat. İş vaxtı səhər 8-dən axşam 8-ə qədər.

Famil də Poçtun yanındakı mağazanı seçdi - bura onun dostlarının - köhnə hərəkatçıların, cəbhəçilərin sıx toplaşdığı yerdi. Bura Mirraqif deyilən Raqif Murazovun ofisi idi.

Ofisin kirayə haqqını Raqif tək özü ödəmir - bir yandan Məhər Türkocaq, bir yandan adı kimi də vəzifəsi olan Vəkil müəllim, bir yandan da kompüter ustası Elçin müəllim, dəhmərləyib birtəhər pulu ödəyirlər.

Ofisdə kimsə olmayanda açar Famildə olur. Elə bu ofisə gəlib-gedənlərin çoxunun evinin açarı da Famildə olur. Deyir, çox hoppanıb düşməyin, açarınız məndədir.

Deyir, noola bu açarlardan biri Qarabağın açarı olaydı, amma mən rus olmayaydım. Ofisə də xeyli köhnə dostu yığılıb xorata - filan edirlər.

Ofisdə 10-15 kompüter var- hərə birində internetə girib vaxtını öldürür. Famil isə yalnız gecələr 1-2 saatlıq internetə girib gözucu xəbərlərə baxır. 7 ildi feysbukdadır, hələ bir status yazmayıb.

Gəlin ofis əhliylə yaxından tanış olaq - axı siz onların haqqında yalnız bunu bilirsiniz ki, köhnə müxalifətçilərdi.

Elə başlayaq Miriş Raqifdən. Onu da ehtiyatda olan politoloq saymaq olar- Politoogiya institunu bitirib. Amma tale onu hərləyib- fırlayıb atıb QHT sektoruna. QHT-sinin də adı “Zərbəçi Gənclər”. Son dövrlərdə mövqeyində sürüşmə hiss olunur - hökumətin daxili və xarici siyasətini ikiəlli dəstəklədiyini bir-iki yerdə bildirib.

Əvvəllər daim türkçülükdən dəm vurardı - Qalın Oğuz elindən danışardı. Onda qalın qaşlarını Qalın Oğuza yozmaq olardı - amma indi elə deyil. Qalın qaşları burnunun üstündə elə birləşib ki, sanki biri Raqifin əlidi, biri də hökumətin ətəyi.

Beşcə dəqiqə bir yerdə oturmaz - ora-qaç, bura qaç. “Bəyin oğurlanması”ndakı Miriş bunun yanında heç nədir. Mir ləqəbini də belə qazanıb, - seyidliyi-zadı yoxdu. Sadəcə xalq qısaldıb “Miriş”i “Mir” eləyib- olub Mirraqif.

Ora-bura qaçmaqdan daim namazlarını qəzaya saxlayır. Və ehtiyatda olan xeyli namazları da var. Ora-bura da onun-bunun işindən ötrü qaçır. Sanki rayonda kimsə internetlə məktub yazıb yuxarıdakılara göndərməyi bilmir, bircə bu biir.

Adam başqasına iş düzəltməkdən ötrü ölür. Hərdən problemlərə aid statuslar yazır. Məsələn, filan yerdə su problemi var, yəqin ki, su idarəsinin müdirinin bundan xəbəri yoxdu - yoxsa o, elə adam deyil. Bax, sonra biz prezidentə yazsaq, deməsin ki, bəs eloğluluq harda qaldı?!

Su idarəsinin müdiri də xəbər saytlara düşməmiş çalışıb məsələni həll edir. Arada da Raqifin hörməti qalxır kəllə-çarxa.

“Zərbəçi Gənclər” adlı QHT-si bir vaxtlar radikal müxalifətə aid idi. Elə o vaxtdan da dost-tanışı yığdı başına. Tədbirlərdə şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmaq lazım idi. Şəklə nə qədər çox adam düşsə, qrantlar da bir o qədər artardı. Beləcə, dəstə yığıldı başına.

O cümlədən də, şair Yaralı Bəxtəvər. Ofisdən əl çəkməzdi. Həm də pulsuz internetə görə - özünün kompüteri də özünə oxşayir, yaddaşı çox zəifdi. O da Familin türmə yoldaşıdı. Adını da rayonun şunquruqqoşanı doktor Bəhramov dəyişib eləyib Xoralı Bəxtəvər.

Xoralı Bəxtəvər daha buralarda az- az görünür. Adam həftənin beş gününü ata, iki gününü anadı evdə.

Uşaqları saxlamaq iki gün onun işidi. Buna görə də deyir -mən həftənin beş gününü Yaralı Bəxtəvər, iki gününü isə Məməli Bəxtəvərəm, uşağa süd verirəm.

Qalan dörd günü də dərsdə olur. Əvvəllər jurnalist də işləyib. Amma bu Xoralı Bəxtəvər də öz dediyinə görə oxşayıb əmisinə. O əmisinə ki, 100 evlik kənddə 80 kişi ilə danışmır, kəlmə kəsmirmiş. Adamlardan küsməyə xırdaca bir bəhanə bəs edirmiş. Bu da beləcə işlədiyi saytların hamısının redaktoru ilə küsüşüb, dindirişmir.

Deyir, qədim hind kastasına daxil olmayan bir təbəqə də vardı - toxunulmazlar. O toxunulmazlar ən murdar işlərlə məşğul olurdular, kimsə onlara heç əllərini də toxundurmurdu. Bizdə də jurnalistləri toxunulmaz elan ediblər. Amma mən tanıdığım redaktorların hamısı hind kastasına daxil olmayan toxunulmazlar kim ən murdar işlərlə məşğul olurlar...

Yaddaşı cəmi-cümlətanı 250 kilobayt olan bir kompüteri var ki, ayda bir dəfə gətirir Elçin müəllimin yanına. Kompüteri də marşrutla gətirib küçə- küçə çiynində fırlaya-fırlaya ofisə çıxardır. Sanki Leninin iməclik şəklindəki kimi kərənin yoğun başını çiyninə alıb.

Feysbukda status da yazır, şeir də yazır. Ən çox da kəndlərinə aid şəkillər paylaşır - rayonun işğal olunmuş Arançı kəndindəndir. Son vaxtlar statuslarında da, şeirlərində də bir yumşalma hiss olunur..

Bəhrəmov da 2003 məhbuslarındandı. Onda Bayıl türməsində başlamışdı namaza. Şiələrin kamerasında şiə namazı qılardı, sünnilərdə də sünni namazı. Türmədən çıxan kimi də namazı unutdu.

Sonra da siyasəti unutmağa çalışdı. Ömrünün 10 ilin ehtiyatda olan həkim kimi yaşayıb. İndi də ehtiyatda olan siyasətçi saymaq olar onu.

Siyasətdə iki qibləsi var - Rəsulzadə və Elçibəy. Yanında Elçibəyi tənqid eləsən, yüksək səslə Elçibəyə xəyanət edənlərin hamısına mərtəbəli söyüşlər söyəcək. Elçibəylə bir qədər oxşarlıqları var - Elçibəy “Manaqua”da sonuncu “a”nı uzatdığı kimi, bu da “xalüqün” sözündə sonuncu “ü”nü uzadır. Amma Bəhrəmov sonuncu “ü”nü lap çox uzadır.

Bəs bu nə deməkdir? Bəhrəmov harda gözəgəlimli, hallı- mallı xanım gördümü özünü saxlaya bilmir: Fəta Bərəkətü əhsənül- xalüqüüüüüüüün! Yəni səni yaradan Tanrıya şükürlər olsun.

İş tapan kimi də Tanrıya şükürlər oxuyub ayrıldı siyasətdən. Deyir müxalifət başqanları on illərdi siyasi ononizmlə məşğul olurlar. Bir də feysbukda fəallıq edən müxalifətçilər haqda məhşur sözü var - pianistlər.

Deyir, bütün günü piano çalmaqla məşğuldurlar. Deyir, bunlar çaldıqları havaların bəstəkarları xaricidi. Deyir, bunların səsləri də xaricidi. Bəzən isə “piano” sözünü demir, “çalanlar” deyir klaviatura qəhrəmanlarına.

Axrıncı dəfə ofisdə ingilis qızı Cema ilə bir qədər mübahisə edib. Ondan bəri ofisdə görünmür. Hərdən Familin yanına gəlib bazarlıq edir ki, xeyir özününkünə qalsın.

Elə bu ofisi də Raqif üçün Cema təşkil edib. O, “Reprodiktiv Problemlər” ictimai birliyinin koordinatorudur.

Raqifin təşkilatı da nəsə bununla bir layihə həyata keçirmişdi. Doktor Bəhramov da ekspert kimi dəvət olunmuşdu ofisə. Reproduktiv problemlər çərçivəsində “dilin manevr imkanları” haqda məruzə etməli idi. Amma Cemanı görən kimi “Fətə bərəkəllah əhsənül – xalüqüüüüüün” şüarını səsləndidi! Çümlənin sonuncu “ü” hərfi Cemanı cin atına mindirmişdi.

Millət Cemaya bunun nə demək olduğunu başa sala bilmədi, ha peyğəmbərdən sitat gətirdilər, xeyri olmadı. Reproduktiv problemlər çərçivəsində dilin manevr imaknları haqda məruzə də oxunmadı.

Hə, bir də politoloqlar haqda məhşur bir sözü var Bəhramovun. Deyir, bizim politoloqların əksəri Dəli Zamirədi, amma elə bil Zamirənin sinəsindən məmələrini ixtisar edib, bədəninin tən ortasına da iki pomidor, bir xiyar yapşdırmısan. Zamirə də məhşur falçı. Feysbukda yoxdu Bəhramov.

Bu ofisə bir də Familin əmizadəsi “Yeni Zarafat” qəzetinin bölgə müxbiri Fikrət Hunday tez- tez təşrif buyurur. Elə Hunday adını da Fikrətə Bəhramov yapışdırıb. Yoxsa Fikrət özünə Huntay ayamasını götürmüşdü. Bəhramov da Huntayı elədi Hunday.

Di gəl, yetim Fikrətin allahdan heç eşşək arabası da yoxdu. Yoxsa o dəfə “Minqoy Kərim də öldü” adlı məqaləsində yazmazdı - eşşəyin xaltası qəzadan salamat qurtarmışdı. “Yeni Zarafat”ın da redaktoru baytar olmasına baxmayaraq, sən demə, eşşəkdən və eşşək yaraq- əsləhəsindən bir zad anlamırmış.

Yazı gedəndən sonra da aləm dəydi bir-birinə - “zarafatçılar” xamutla xaltanı bir-birindən ayıra bilmir, bunlar hakimiyyətə necə gələcək, lap gəlsələr də haqq ilə nahaqqı bir-birindən necə ayıracaqlar? Axı xalta ilə xamutu ayıra bilmir heç bu zalımlar.

Fikrət Hundayın bir-iki dəfə belə özünü zibilə salmaqları olub. Bir dəfə də götürüb yazasan ki, bəs N saylı rayonda kinoteatrda açıq seks nümayiş olunur, kinoteatrın afişalarında isə Azərbaycan filmlərinin adı yazılır.

Kinoteatrın müdiri Əməkdar kino mütəxəssisi Əvəz müəllim xəlqə seks göstərir. Yazıda seks adını görən millət tıklahatıkla Fikrətin reytinqini qaldırdı kəlləçarxa. Həyatında ilk dəfə bir yazısına 10 min oxucu baxışı oldu. Adamın qoltuğu qarpızlanmışdı, yerişi dəyişmişdi. Bu arıq bədəni ilə elə yeriyirdi deyirdin “Nu poqadi"dəki hipopatandı - qoltuğunun altında da elə o cizgi filmindəki qədər qarpız var.

İllüstrasiya
İllüstrasiya

Amma tezcə də qarpızlar qoltuğundan, ürəyi də yerindən düşdü. Əlif qəddi dal oldu getdi.

Ortada sübut olmadığından Əvəz müəllim aləmi qatıb bir-birinə.

Xoralı Bəxtəvər elə bu arada Fikrəti danlayırdı: bala, gedərdin özün seksə baxardın, ordan da bir-iki şəkil çəkərdin. Fikrət az qaldı Xoralı Bəxtəvəri 10 min voltluq cərəyanla vursun:

- Sən nə danışırsan, 10 mini keçib oxucu baxışı. Mən ölkənin ən böyük köşəçisiyəm.

O yandan da kinoteatr rəhbəri Əvəz müəllim redaktoru telefonda yıxıb- sürüyüb. Məhkəmədən qorxan redaktor da qalıb çarəsiz. Axırda redaktor oxucu baxışının 10110-a qalxdığı yerdə yazını çıxartdı saytdan. Məzə üçün zəng etdi Fikrətə:

- Xəbərin varmı Əvəzin ürəyi yatıb? Yasına zada getmə, qohum-qərəvəsi çox qəzəblidi. Öldürüb eləyərlər, ölkə yazıq olar.

- Nəə?

- Oğlu zəng eləmişdi, məhkəməyə verəcək səni, hazırlaş, vəkil-zad təşkil edərik.

Fikrətin özünün də ürəyi az qala yatacaqdı.

Tez çayxanadan qaçdı ofisə - ayə, qoymayın, evim yıxılıb. Əvəz öldümü, məni də tutacaqlar. Dedik bir dəfə şou yaradardıq, imzamız təsdiqlənərdi.

Belə bəxtin içinə lənət. O xalası göyçək elədi hamısını. Uzaq dostunu deyirdi - Bakıdan mövzu yollamışdı redaktor dostu.

Familin mağazasından 3-4 butulka buz kimi su gətirdilər, yenə özünə gəlmədi. Axırda yüz faiz dəqiq bir xəbər aldılar - Əvəz müəllim dəf kimidi, redaktor sənnən məzələnib. Yenə inanmazdı redaktor özü zəng etməsəydi.

Fikrət Hunday ixtisasca dəmiryolçudu, amma köşə yazır. Bir növ ehtiyatda olan dəmiryolçudu. Ona çox dedi ofis əhli, "a bala, burax bu köşələrin quyruğunu, özünü reportyor kimi təsdiq elə. Köşəçilər qəzetdə- saytda hazıryeyənlərdi. Ölkədə ixtisarlar başlayıb. O ixtisarlar sizə də sirayət edəndə birinci sənin kimilər silinəcək". Di gəl xeyri olmadı, sonu da bu.

Facebook sosial şəbəkəsi
Facebook sosial şəbəkəsi

Hətta Xoralı Bəxtəvər ona “qaqa, sənin silinməyin pis olacaq, bax, klaviyaturada da “l” ilə “k” yanaşıdı haa” dedi. Düzdü, bunu sonra başa düşdü Hunday əkə.

Feysbukda hər şeydən bir az növündə hər şeydən xeyli status yazır.

Əcəmov isə həm QHT sektorunda gün-güzəran keçirir, həm də firma dərmanları satmaqla məşğuldu. Satdığı dərmənlar da Ukraynanın. Buna görə də Ukraynanı ciddi-cəhdlə müdafiə edir. Ruslar Kiyevə çatsalar bunların firması da bağlanasıdı.

Buna görə hətta gedib Tiflisdə Ukraynaya dəstək mitinqində çıxış da edib. Saçı tökülsə də evlənmək fikri yoxdu. Ölkədən birtəhər çıxıb-getmək istəyir.

Son variant kimi də velosiped sürmək sənətini mükəmməl öyrənib elə ölkədən velosipedlə çıxmaq istəyir. Guya dünya turuna çıxır - Avropaya pul- parasız çatıb oturum alacaq. Daim də atalar-oğullar, köhnə nəsil, təzə nəsil məsələlərindən dəm vurur. Köhnəliklə mübarizənin əsas prioritet məsələ olduğunu bildirir.

Həm də gizli şəkildə viaqra dərmanları satır. Arada bir-iki qoca bunun dərmanına qurban gedib. Deyəsən, adam köhnə nəsli bu yolla aradan çıxartmaq istəyir.

Onun bir ayağı orda - bir ayağı burda, yaxşı ki, iqtdarla müxalifətin arasındakı distansiya çox yaxındı. Yoxsa Ərəş müəllim ortadan iki bölünər.

Bu Əcəmovla da Ərəş müəllim deyilən bir fırlanırlar. Ərəş də nə Ərəş- adam hakimiyyətdə olan HRR (Hərtərəfli Rifah Respublikası) partiyasının fəal üzvüdü. Amma bir ayağı da müxalifətfədi.

Onun bir ayağı orda, bir ayağı burda, yaxşı ki, iqtdarla müxalifətin arasındakı distansiya çox yaxındı. Yoxsa Ərəş müəllim ortadan iki bölünər.

Onun da QHT-sinin adı “Gənc Zərbəçilər”. İndi onun da bir qədər əlinin aşağı vaxtıdı. Bu haqda da bir qədər sonra. Ixtisasca ingilis dili müəllimidi.

Amma karyerasını müəllimliklə öldürmək istəmir - dövlət qulluğu arzusundadı. Gəlin ehtiyatda olan kadr sayaq onu. İllərdi hakim partiyanın xəttiylə ucalacağına umud edir. Amma hər ehtimala qarşı müxalifətin də quyruğunu buraxmır. Feysbukda mədəniyyət və kino statusları yazır.

Bir ehtiyatda olan sənət sahibi də Zamir Çölçü. Ehtiyatda olan alim saymaq olar onu da. Belə ki, günün az qala 5-6 saatını oxumaqla keçirən adam bu yaxınlarda tarix üzrə müdafiə edəsi idi. Getdi Bakıya mövzu götürməyə. Zamir müəllimə də veriblər belə bir mövzu: “Ölkənin sondan ikinci şahının uğurlu siyasətinin xxı əsr dünyası üçün müstəsna nəticələri”.

Zamir Çölçü də mövzudan imtina edib, beləliklə də müdafiədən imtina edib. Demək, alim olmaqdan da imtina edib.

Zamir müəllim çayxanaya çatan kimi stolun üstünə iki telefon qoyur. Biri son dərəcə iri, biri də son dərəcədə balaca. Özündən soruşanda əvvəlcə rayon qaraçılarından bir söhbət açır:

- Qaraçı Dadaşın iki arvadı var. Biri aşırı dərəcədə kök, biri də aşırı dərəvcədə arıqdı. Bunun səbəbini soruşanda deyir, sən bilməzsən, bunun biri “zimnidi”, biri də “letni”. İndi bu telefonun da biri kompüter əvəzidi, biri də elə telefon əvəzi.

Zamir müəllim feysbukda daha çox elmi statuslar yazır.

Vəkil müəllim rayonun ən yaxşı vəkili olsa da, özünə bir ofis düzəldə bilmir. O gün də bir hamam ustası buna görə danlayıb:

- Qardaş, görürsən mənim mersedsimi? Guya pulum vardı mersedes alım? And olsun Allaha, borcdu, kreditdi dirənib xirtdəyimə. Amma o maşını aldım. Peşman da deyiləm. İnan müştəri görəndə ki, usta bahalı maşında gəlir, özünü yığışdırır. Deyir, gör necə ustadı ki, bahalı maşını var.

Hörmət də olur, qiyməti də sən oxuyursan. Sən borc-xərc elə özünə babat bir ofis tut. Burda sənin yanına gələn müştəri sənə elə-belə bu avaralara baxan kimi baxacaq. Bunlar işsiz-gücsüz adamlardı. Hamısı yığılıb bir eşşək arabası ala bilməzlər, sənin bunların yanında nə işin?

Vəkil müəllimin də ağlına batıb bu söhbət və yaxınlarda ofisi tərk edəsidi. Özü də deyəsən, imtahan verib müstəntiq keçmək istəyir. Ehtiyatda olan müstəntiq saymaq olar onu. Feysbukda qanun və qanunçuluq məsələləri haqda statuslar yazır. İqtidarmeyilli HR (Hüquqi Rifah) partiyasına meyllənib.

Doktor Qasımov ofisin ən yaşlı sakinidir. Yaşa görə bu yaxınlarda göndərdilər məcburi təqaüdə. Ağzında cəmi iki dişi qalıb. Deyirlər, düzəltdir dişini, deyir, onsuz da bir-iki ilim qalıb, əlavə xərc nəyimə lazım. Dişlərin də biri ağzının sağ tərəfində yuxarı damaqda, biri də sol ərəfində yuxarı damaqda. O qədər uzanıblar, lap qəbir daşına oxşayırlar.

Şair Xoralı Bəxtəvər da bu dişlərin birini Amerika dəyərlərinin, birini də Avropa dəyərlərinin başdaşı sayır. Çünki Qasımov daim bu dəyərlərdən danışır və 5-10 günə Rusiyanın çökəcəyni deyir. Özü də ermənilərlə tez-tez görüşə gedir. Buna görə də Familin onunla heç arası yoxdu - sən vətəni bir tarelka dolmaya satıbsan deyir.

Qasımov isə sülh istədiyini bildirir. Gəlin onu da ehtiyatda olan sülh göyərçini sayaq.

Qasımov isə sülh istədiyini bildirir. Gəlin onu da ehtiyatda olan sülh göyərçini sayaq.

Rusiyanın dağılmasını istəsə də, nəsə feysbuk statusları daim rusca olur.

Məhər Türkocaq da Familin qohumlarındandı. Köhnə cəbhəçilərdəndi. Çayqıraqlı kəndində yaşayır. Kənd adamı olsa da, barmaqları təsərrüfat ələtlərindən daha çox bozqurd işarəsi tutub. Hal-hazırda QHT-si pulsuz qalıb. Feysbukda türkçülüyə aid statuslar yazır.

İstənilən bir məclisdə mütləq bir bənd şeir deməlidi

Orda bir yol var uzaqda

O yol bizim yolumuzdur

Dönməsək də, varmasaq da

O yol bizim yolumuzdur.

Di gəl o yol hansı yoldu, neçə kilometr buralardan uzaqdı, xəritədə necə tapmaq olar, bu suallara cavabı yoxdu.

Bir də Nihat Əl Baradeyi. Radioda işləyirdi. İndi radio bağlanıb və Nihat Əl-Baradeyini də ehtiyatda olan jurnalist saymaq olar.

Baradeyi kimi Amerikanın adamıdı. Həm də saqqalına görədi bu ayaması. Rusca saqqal “barada” adlanır və Nihatın da ayaması Rusiya və Amerikanı beləcə, bir-birilə birləşdirir.

Bu ayamanın bir təsdiqi də onun şəxsiyyət vəsiqəsidi - vəsiqədə də saqqallıdı. Adlarını çəkdiyimiz insanlar arasında ən sərt feysbuk statuslarını o yazır. Bəzən elə statuslar yazır, sabaha sağ çıxacağından da qorxurlar. Sərt statuslar yazanda bir neçə gün Ərəş müəllim də, Mirraqif də, bəzən Türkocaq da ondan aralı gəzirlər.

Elçin müəllim isə ehtiyatda olan hərbçidi. Həm də ehtiyatda olan hərb müəllimidi. Bu yaxınlarda RTŞ müdiri Hərgahquluyev qeyri-qanuni olaraq işdən azad edib onu. Elçin müəllimin də əlində 10-15 qaimə var. Hərgahquluyev götürüb bir məktəb partasını 290 manata, bir köhnə şkafı 600 manata rəsmiləşdirib. İndi də Elçin müəllim həftədə bir dəfə bu şəkilləri feysbukda paylaşır.Hərgahquluyev də artıq bəlkə 5 min xərcləyib.

Elçini maarifdə kompüter ustası kimi işə də dəvət edir. Amma Elçin yaxın durmur. İşi adladıb məhkəməyə. Dərin bir inamı var ki, qalib gələcək və kompensasiya alacaq. Elçin Allahın da onun tərəfində olduğuna inanır. Bu arada Hərgahquluyevin oğlunun heroinlə ilişməsi, 200 min ziyana düşməsi - bütün bunlar Elçinə görə Allahın Hərgaquluyevə verdiyi cəzalardır və bunun davamı mütləq gələcək.

Elçini işdən çıxarıb yerinə 3 min alan Hərgahquluyevi Allah 200 min ziyana salmışdı.

***

Yuxarıda adlarını çəkdiyimiz adamlar əvvəllər daim bir bayraq ətrafında birləşərdilər, indi isə rayon çayxanalarında bir stol ətrafında birləşirlər.

Bayraq və çayxana stolunun arasında bir başqa obyekt də var- restoran stolu.

Bir il əvvəl isə bu adamları çayxanalarda az-az görərdiniz. Onda hamısının əl-ayağı deyirdi. Restoranlardan çıxmırdılar. Bax onda bu adamlar Familə lağ edirdilər. Adam yerinə qoymur, heç dəvət də etmirdilər stollarına. Sərxoş olub gəlib məzələnərdilər - nədi əə, niyə qorxursan, bir status yaz söy dəə, hökuməti.

Amma indi - sanki bu adamların hamısını birdən-birə kiminsə qarğışı tutdu. Fikrət hazıryeyənliyini axıra qədər eləyə bilmədi - atdılar bayıra. Doktor Qasımovun da heç yerdən gəliri yoxdu - üstəlik, kreditlər əhədini üzmüşdü. Xoralı Bəxtəvər qalmışdı quru maaşın umuduna.

Zamir Çölçü cəmi 100 manatlıq iş tapmışdı özünə. Ərəş müəllim HRR partiyasından yarımamışdı hələ də.

Əcəmovun dərmanlar qalmışdı üstündə. Məhər Türkocağın QHT-sinin pulları bankda dondurulmuşdu. Mirraqif də Türkocaq kimi bankda dondurulan pulların donunu öz isti dualarıyla açmaq istəyirdi.

Vəkil müəllimin hakimlə, müstəntiqlə alveri yoxdu deyə, müdafiə etdiyi şəxsləri yarıda bilmirdi. Bu üzdən də müştəriləri qəhətə çıxmışdı.

Hamı qalmışdı Familin umuduna. Yerli hakimiyyət nümayəndələrinə quyruq bulamasalar da, adları Familin nisyə dəftərində uzun quyruqlar yaratmaqda idi.

Bu arada, Familin özünün də vəziyyəti dözülməz olmuşdu. Ofisin önündə bir hazırlq kursu peyda oldu - "G Group". Rayon camaatını soyub taladı bu kursun müdiri. 3 otaqlı bir ofisə 100 mühafizəçi götürdü, 100 də müəllim götürdü. O cümlədən, Familin yoldaşını da 2000 pul alıb işə götürmüşdü. Famil də kredit götürüb pulu düzəltmişdi. Amma bir də məlum oldu ki, "G Group" odey, Kürdəxanıdadı. Famil qaldı yana-yana.

İndi yoldaşı kətə bişirir, bu da mağazaya qoyur. Familin də adı olub Kətə Famil. Kətə də pis satılmır. Satılmayan kətələrin də qorxusu yoxdu - ofis əhli 2-3 gündən qalan kətələri ucuz qiymətə nisyələyirlər.

Vəziyyət bu cür idi. Ofis əhli bir qarın ac, bir qarın tox birtəhər gün- güzəranlarını sürdürürdülər. Bəzən bir çaynik çayı hərəyə 10 qəpik yığıb alırdılar.

Amma bunlar qıraqdan belə görünmürdü. Rayon rəhbəri Zulamıxovun qara qorxusuna çevrilmişdi ofis. Buna görə də nəyin bahasına olur-olsun, ofisi bağlatdırmaq istəyirdi. Axı bunlar kim idi, niyə qonşu rayonlardan da internetə xəbər yüklənmir, elə demaqoqluq onun rayonunamı qalıb?!

Buna görə də işə MİNƏN-ləri də (Milli İstikbarat Nazirliyinin Əlahəddə Nümayəndələri) qatmışdı. Onlar da ofis əhlinin getdiyi çayxanaları müəyyənləşdirib öz etibarlı adamlarını çayxanaya və ofisdən çayxanaya qədər olan məsafəyə təhkim etmişdilər.

Bu işdə ən fəal adam Yanıq Şamçı idi. Adamın adı Şəməddindi. Demək, MİNƏN-lər buna deyib imicini dəyiş, işə başla. Yəni gir müxalifətçi donuna. Bu da elə bilib, məsələn, müğənnilər kimi dəyişməlidi imicini. Götürüb feni, illərdi sağ yana daradığı saçını arxaya istiqamətləndirmək istəyib. Nəticə də ağır olub, fenin istisi saçını yandırıb, yerindən də qırmızılı-qaralı tüklər çıxır.

Doktor Bəhramov o saat buna şunquruq qoşdu - Yanıq Şəməddin. Doktordan geri qalmayan Xoralı Bəxtəvər da götürüb Şaməddini elədi Şamçı - çünki adam arada özünü tamam buraxırdı.

Lap büruzə verirdi şamtutanlığını - heç adamın öz kölgəsi özünü bu qədər izləməzdi ki, Yanıq Şamçı bunları elə izləyirdi. Arada da sual tullayırdı: bəs inqilab nə vaxtdı? Hətta ümid də verirdi: qorxmayın, bir şey qalmayıb, Amerika bəyanat verib. Guya yeni səfir də gedib Qobustanda palçıq vulkanına ki, orda palçıqdan İnqilab bəyi yaradıb özünə də süni nəfəs verib ayağa qaldıracaq.

Zulamıxovun bu ofis əhlindən yanıqlı olmasının bir başqa səbəbi də qısqanclıqla bağlıdı.

Salxaq Körpü gömrük keçid məntəqəsindən heç İcra Başçısı Zulamıxovun özü xahişsiz-minnətsiz nəsə keçirə bilməz. Heç MİNƏN-lər də keçirə bilmir. Amma bu insanların hamisi Salxaq Körpüdən problem yaradıb və qalib gəliblər.

Xoralı Bəxtəvərin 5 kq yağını alan gömrükçülər aylarla məhkəmələrdə sürünmüşdülər. Sonra da Xoralı Bəxtəvərə yaşıl işıq. Əcəmov bir telefoan görə iki ay gömrükçüləri get-gələ saldı. Axırda özləri yalvardılar ki, qardaş, qələt eləmişik.

Mirraqif - gömrük məntəqəsində qeyri- qanuni çəkilmiş dəmir barmaqlıqları feysbukda yayıb da sökdürmüşdü.

Türkocaq kartof möhtəkirlərini çəkib, yutuba qoymuş, aləm bir-birinə dəymişdi. Qasımov gömrükdən hətta erməni siqareti də keçirirdi, erməni konyakı da. Zamir Çölçü kisə-kisə kitab keçirirdi gömrükdən.

Beləliklə, plan plan dalınca qurulmağa başladı. “Şüngülüm” açıqtipli qapalı səhmdar cəmiyyətinin işçisi Milena xanım da ofisə ayaq açdı. Bu arada Milena xanım feysbukda hətta Nihat Əl- Baradeyidən də sərt statuslar yazmağa başlamışdı.

Sonra da Elçin müəllimi polisə çağırdılar- ofisdəki fəaliyyətiniz barədə izahat yazın.

Elçin müəllim də sadəcə kompüter düzəltdiyini, başqa pis işlərə qoşulmadığını, atasının “pis uşaqlara qoşulma, səni evləndirəcəm” deməsini bildirib məsələni yozalamışdı. Həmçinin qeyd etmişdi ki, ofisə arada bir uzunsaç, qaragöz, qarımış qız gəlir, deyir, hökuməti baltalayın, biz də hökumətin ətəyindən yapışan adamlar.

Bundan sonra Milena xanım da işə yaramadı.

***

Nəhayət, qərar verildi, - ofisə basqın olmalı idi. Həmin gün ən gərgin iş qrafiki Xoralı Bəxtəvərin olmuşdu. Əvvəlcə MİNƏN-lər çağırmışdı onu öz ofislərinə. Şair çağırış vərəqəsi tələb edəndə:

-Qardaş, gəl, babandan xəbər var.

Şair də uça- uça getmişdi.

Guya 1937-ci ilə tutulmuş babası hal-hazırda çemodanını da götürüb gəlib MİNƏN-lərin ofisinə, adamlarla oturub türmə xatirələrini danışa-danışa bunu gözləyirdi. Belə ki, şair bu haqda sorğu göndərmişdi nazirliyin baş ofiisnə.

Bundan əvvəl Rusiya FSB-nə də internetlə sorğu göndərmişdi. Ordan da dərhal cavab gəlmişdi: Qazaxıstan MTN-inə müraciət edin. Qazaxıstan MTN-dən də dərhal cavab gəlmişdi: Azərbaycan MİNƏN-lərinə müraciət edib, babanızın familiyasını dəqiqləşdirin. Azərbaycan MİNƏN-çıləri də aylarla cavab vermədi. İndi də çağırmışdılar və əndirabadi bir cavab hazırlanmışdı: Babanız 1937-ci ildə DİN-in üçlüyünün qərarı ilə həbs olunub. Vəssalam.

Daha sonra da sorğu –sual:

- Feysbukdakı şəkilləri hansı erməni göndərir sizə? Doktor Qasımovmu tanış edib o erməniləri sizinlə? Adam erməni ilə necə dost ola bilər? Axı bizim Qarabağ dərdimiz var.

Şair də qayıtdı ki, gəlin sizə də öyrədim o şəkilləri necə internetdən götürmək olur. Burda nə var ki, quqla girib tapmaq olar.

MİNƏN-lər bir şey anlaya bilmədilər. Bunu duyan şair özünü həm də haker kimi təqdim elədi:

-Hərdən də girib onların profillərini sındırıram, şəkli götürüb sonra da “Qarabağ Azərbaycanındır” yazıram.

- Bax bu əla, bu əla.

- Yaxşı bəs mənim babamın harda cəza çəkməsini indi necə öyrənək, rəis?

- Qadası, ən yaxşısı Xoşqədəmə müraciət etməkdi. Zalım qızı işləyir dəə.

- Nəə?

- Həə,həə, Xoşqədəm, Xoşqədəm, yenə də Xoşqədəm. Kopolu Doğuş onu verilişdən aralamasa yaxşıdı. Hələlik gedə bilərsiniz, müəllim.

- Oldu.

Ordan çıxan kimi də Qasimov zəng elədi: Gəl məscidə, Adam Satkinson adlı ingilis gəlib, kitab yazır qaçqınlar haqda.

- Bəs məsciddəmi yazır o kafir oğlu bizim dərdimizi? Məzələnmə sən canın.

- Yox, məzələnmirəm, iki addım yoldu, gəl gör məzələnirəm, ya yox. Özü belə istədi, dindarlarla da söhbət edib mövqelərini bilmək istəyir. Deyir, onlar da öz konsepsiyalarını qoysunlar ortaya.

- Oldu, doktor.

Sən demə, Adam Satkinson yalnız ingilis dilini və rus dilini bilir, məsciddə də rusca bilən yox. Hamısı cavan kadrlardı və bildikləri də ərəb dili. Yalnız qoca mürdəşir Şəkər kişi bilir ruscanı.

Xoralı Bəxtəvərin da ruscasını Allah kəssin, gərək yaxşı tut arağından vura bədənə, rusca danışa bilə, tərcüməçilik edə bilə. O da məsciddə olmaz.

Doktor Qasımov da məsciddə soyuq qarşılanmağına görə acığa düşüb mollalara tərcüməçilik eləmir. Belədə isə mürdəşir Şəkər kişi salıb Adam Satkinsonu çənəsinin altına: erməninin tarixi zad yoxdu, onlar qaraçıdan azıblar. Dallarında da rus durub, rus olmasa bir gündə onları qovarıq Qafqazdan. Əgər bizim sondan ikinci şahımız olmasa, indi onlar bizi Kürdən o tərəfə keçirmişdilər. Allah o kişiyə qəni-qəni rəhmət eləsin. Əsrimizin yeni peğəmbəridi, kainatın günəşidi. Ruhuna bir salavat.

Bir qıraqda məscidin baş axundu, ikiqat hacı Mirsədi əfəndi və birqat hacı Molla Osmanəli oturub mürdəşir Şəkərin dediklərini dinləyirdilər. Səhərdən heç nə başa düşməsələr də, sondan ikinci şahımızın rəhmət duasına amin, amin dedilər.

Bu an şair çox sərt baxışlarla doktor Qasımovu süzməkdə idi. Doktor Qasımov da hacılarla küncə çəkilib qımışırdı. Sanki nədənsə gizlənirdilər. Xoralı Bəxtəvər "dayan bir əəə" - deyib mürdəşirin qulağına nəsə pıçıldadı.

İkiqat və birqat hacılar da, doktor Qasımov da “yalançının” hissəsini eşitdilər o qulağa deyilən cümlənin. Mürdəşir Şəkər lap bərkdən:

- Mən də, mən də. Allahsız oğlu Alalhsız, ayrım hara, meçid hara! Allahın evində söyüş söymək dünyanın ən böyük günahıdı, get tövbə elə, tövbə.

- A kişi, bu xaraba rayonda camaatı o dünyaya sən yola salırsan, heç olmasa qulaqlarına həqiqəti de. Yoxsa o dünyaya da yalanlamı yola salırsan? Niyyətin başını yesin sənin, Kürdən danışmaqla deyil ki, onsuz da öləndə üstündə su tapılmayacaq.

Qasımov da, hacılar da şairi çağırdılar öz yanlarına - bəs şair, başınızın üstündə kamera vardı - MİNƏN-lər izləyir bütün danışıqları. Biz də kameradan gizlənmişik bu küncdə.

- Bəs cihaddan danışırsız dillənəndə, kameradan qorxursuz?

- Bizi başa düş, şair. Biz sən deyəni bilirik, amma nə isə, səsimiz kameraya düşər.

- Yaxşı mən getdim, bu Satkinson da satqın şeydi, görmürsünüzmü başını at kimi necə yelləyir? Axşam onunla bir çay içərik, bir-iki kəlmə də deyərik, yazar yazar, yazmaz da cəhənnəmə yazsın.

Doktor Qasımov:

- Elə mən də gedirəm, bu Satkinsonu da aparım calayım Zulamıxova. Ağlım bir şey kəsmir bundan, deyəsən, mavidi.

Mollalar bir ağızdan:

- Əstağfurullah, əstağfurullah. Allahın evini murdarlamayın, xahiş edirik çıxın gedin burdan. Budurmu Azərbaycana gətirdiyiniz Avropa dəyərləri. Cəhənnəm olun burdan. Ənzu-billahi min əz şeytani-rəciiim.

Bu arada Qasımov istəyirdi məscidin tualetinə getsin. Amma orda tualetin qabağında bir yazı yazılmışdı - “Kənar şəxslər buraxılmır”.

Mollalar da bunu doktora xatırlatdılar - görmüsən nə yazılıb? Məscidə mavi gətirdiyi yetmir, hələ tualetə də getmək istəyir. Siz bizim tualetimizə də layiq deyilsiniz.

Doktor da cavabsız qalmadı:

- Yezidsiniz ki, siz. Elə bu da su verməmək kimi bir şeydi. Sizin tualetinizə girmək üçün gərək sizin kimi olaq? Bolşevik təfəkkürlü mollalar.

***

Şair ofisə qayıtdı. Doktor Qasımov Adam Satkinsonu Zulamıxovla görüşə apardı. Görüşdə Mirraqifin də iştirakını vacib sayırdı doktor Qasımov. Bu zaman isə Mirraqif Məhər Türkocaqla idi - “Reproduktiv problemlər” layihəsindən xeyli qadın və kişi gigiyenik vasitələri qalmışdı Türkocaq müəllimdə. Artıq Cema da öz ölkəsində idi. Demək maraqlanan olmayacaqdı qadın və kişi gigiyenik vasitələri ilə. Bunları isə apteklərə verib pul qazanmaq olardı.

Mirraqif özü belə şeylərə haram iş kimi baxırdı. Türkocaq müəllim isə bu gigiyenik vasitələrdən xeylisini yüngül əxlaqlı, ağır qiymətli xanımlara pulsuz paylayaraq özünə hörmət qazanmışdı.

Mirraqif Əcəmovun əlinin aşağı olmasını nəzərə alıb Məhər Türkocaqdan iki qutu kişi gigiyenik vasitəsi - prezervativ aldı və Əcəmovun ofisdə olduğunu yəqinləyib doktor Qasımova “başqa yerdəyəm” deyib dal yollarla ofisə gəldi. Doktor Qasımov isə...

Adam Satkinsonla Zulamıxovun otağına varid olan doktor Qasımov Zulamıxovun “Xəbərlər” proqramını izlədiyini görüb nəsə hökumətdə təzə xəbər var dedi.

Təzə xəbər isə Qasımov üçün təzə xəbərdən çox qara xəbər oldu, - dolların kursu 33 % qalxmışdı. Doktor Qasımov da 13 min dollar kredit götürmüşdü.

Elə ordaca infakt vurdu doktoru. Zulamıxov Satkinsona söyə-söyə qaldı. Haqq-hesab mətbuatda yayılsa, aləm bir-birinə dəyəcəkdi. Xüsusən də "Zərbəçi gənclər” ofisinin sakinləri məsələni o saat bəzəyib-düzəyib ölkəylə bir edəcəkdilər. Təcili bunun qarşısını almaq lazım idi. Bu ara Satkinson da qorxudan ağappaq olmuşdu.

Bu zaman isə ofisdə Vəkil müəllim müştəri gözləyir, Elçin müəllim də kompüter format edirdi. Zamir Çölçü və Ərəş müəllim gəlib “Qurdlar Vadisi” serialının 259-cu seriyasına baxırdılar.

Mirraqif müəllimin sinif yoldaşı İlkin müəllim də gəlib ofisdə odnoklassnikidəki dostu, rus qızı Tanya ilə virtual sevgi yaşayırdı. İlkin öz ofislərində sosial şəbəkələrə girişin qadağan olduğundan yana-yana danışırdı. Bu zaman Mirraqif də ofisə daxil oldu və ofisdə elə bu şəxslər vardı. Bir də Xoralı Bəxtəvər gəlib çıxdı, həm məsciddəki, həm də MİNƏN-dəki əhvalatları ofis əhlinə danışmaq istəyirdi. Amma bu zaman rayonda Ayrımbaşı (ayamanı doktor Bəhramov qoymuşdu) kimi tanınan Fərmayıl müəllimdən zəng gəldi:

- Şair, gəl bizim çayxanaya, bir şəkil çəkdirək, hamı burdadı, guya partiyanın müşavirəsidi.

- Yaxşı, gəlirəm, əlavə adam - zad lazımdısa, 4-5 nəfər gətirə bilərəm şəklə düşmək üçün.

- Yox, çayxana dolu adamdı, ehtiyac yoxdu. Sadəcə gəl özün də düş şəkilə, bir də feysbukdu nədi, ona qoyarsan.

- Oldu qağa, gəlirəm.

Həə, ofis əhlindən yeganə adam idi ki, müxalifət partiyasının rəsmən üzvü idi şair. AM (Ana Müxalifət) partiyasının məclis üzvü idi. Elə indi zəng edən Fərmayıl Ayrımbaşı da AM-çı idi. Və belə AM-çılar rayonda şairqarışıq elə 4-5 nəfər qalmışdılar. Daha Zulamıxov onlardan qorxub eləmirdi.

Həmin gün Məhər Türkocaq ofisə gələsi deyildi, çünki Mirrafiqdən ayrıldıqdan sonra getmişdi harasa yas yerinə. Həmin gün Nihat Əl- Baradeyi də ofisə gələsi deyildi, çünki 3-4 manat tapıb getmişdi sərhəd kəndlərindən birinə- reportaj hazırlayıb təzə açılan sayta təqdim etməli idi. Deyəsən, təzə təklif gəlmişdi ona.

Həmin gün Fikrət Hunday da ofisə gələsi deyildi, çünki iki gündü qardaşı əsgərlikdən məzuniyyətə gəlmişdi. Evdə də atası və Fikrətin ikisinə bir ayaqqabıları vardı. İndi də kiçik qardaşı gəlib ayaqqabını geyinib botinkaların ağırlığını yollara tökürdü.

İllüstrasiya
İllüstrasiya

Əcəmovun isə hələ ofisə gələsi vaxt olsa da, hansısa aptekdə hesabat düz çıxmamışdı deyə, orda çənə döyürdü.

Bax, bu anda Yanıq Şamçının ulamçılığı ilə ofisə basqın etmişdi polis.

Basqından əvvəl isə, ofisə çay gətirtmişdi Elçin müəllim. Bu zaman da Mirraqif iki qutu kişi gigiyenik vasitəsini atmışdı stolun üstünə. Çay süzən Vəkil müəllim:

- Bu nə konfetidi belə?

- Rezinəoxşar irisdi.

- Kopolunun hökuməti nələr çıxardır əə?

Vəkil müəllim “rezinəoxşar iris”in birini çıxarıb matdım-matdım baxdı, bir şey anlaya bilmədi.

Bu zaman mağazanı bağlayıb ofisə tualet üçün gəlmiş Kətə Famil "ayıbdı əə, ayıbdı" deyib tualetə buruldu. Və bu zaman ofisə basqın oldu:

- Tərpənməyin!

Prezervativləri görən polis zabiti:

- Aha, görün ini nə düzüb qoşacağıq, elə bilirsiniz düzüb qoşmağı bircə siz bilirsiniz! Bu nə biabırçılıqdı, həə?

Vəkil müəllim:

- Noolub, rəis, rezinəoxşar irisdi dəə.

- Get özünü dola, bu yaşa gəlib, hələ bilmir bu nədi, ayıb olsun, özü də vəkillik edir.

Rəis daha sonra amiranə səslə:

- Dövlətə qarşı çıxan qara qüvvələr, ar olsun sizə. HRR partiyasının verdiyi çörək burnunuzdan gəlsin.

Bu zaman İlkin müəllim:

- Rəis, burda elə hamı HRR deyənlərdəndi. Bircə nəfər də müxalifətçi yoxdu.

- Get özünü dola.

- Vallah, mən HRR partiyasının ofisinin şöbə müdiriyəm. Ərəş müəllim “Gənc Zərbəçi”di. Vəkil iqtidarmeyilli HR-çıdı. Mirraqif də QHT-çıdı. QHT də terror kimi şeydi, terrorun dini olmadığı kimi QHT-nin də partiyası olmaz. Bir nəfər də odey tualetdə, özü də bitərəf.

Bu zaman ofisin divarında ingilis cizgi filminin qəhrəmanı Toyuq Cincerin azadlıq haqda dedikrərini oxuyan rəis özünü lap “Yol Əhvalatı”ndakı JEK müdiri kimi apararaq vərəqi cırıb atdı:

- Camaat şahdan-padşahdan danışır, bu nə toyuqdu belə? Fermadan o yanda göy otlar varmış. Xalx elə bilir bunlar ciddi işlə məşğuldular, bunlar da prezervativlə məşğuldu, ferma ilə məşğuldu. Bu boyda dövlət gör kimlərin əlində aciz qalıb, a kişilər? Tfuuuu.

Polisin biri də tualetə basqın etdi. Tualetdən çıxan Kətə Famil:

- Qardaş, bu ölkədə tualet azadlığımız da yoxdu? Zibilə düşmüşük ee.

Kətə Familin sözünə rəisqarışıq hamı güldü. Rəis Zulamıxova zəng etmək istədi. Amma Zulamıxov onu qabaqlamışdı. Zulamıxovdan zəng gəldi:

- Tez basqını dayandırın. Doktor Qasımov mənim otağımda sustalmışdı, təcili yardımla indi yola saldım. Burda da bir ingilis ağlayır.

Hər şey öz yoluna düşə bilərdi. Doktor da salamat qurtarmışdı, yönü bəri idi. Ofisin bağlanma ehtimalı da azalmışdı, heç nə tapılmamışdı əslində.

Prezervativ məsələsi də unudulmuşdu, - bu arada doktor Qasımovun əhvalatı necə oldusa mətbuata sızdı. Bilinmədi kim ötürüb informasiyanı. Zulamıxov da acığa düşüb ofisin binasını Mirraqifin əlindən aldı. Yoldaş Zulamıxov daha Avropa ilə də əlaqələrini genişləndirmişdi, - Satkinsonu ələ almışdı. Satkinson da yazacağı kitabı tamamlamaq məqsədi ilə ölkənin 65 rayonuna səpələnmiş qaçqınlarla görüşmək üçün Zulamıxovdan hər cürə dəstək almışdı. Hər rayonda da ölkənin sondan ikinci şahının heykəli önündə baş əymişdi.

Bundan sonra Kətə Famil də mağazada dura bilmirdi. Ofisin binasını vermişdilər Vələdəmir Şirinov deyilən məhşur bir dönərçiyə. Ofis oldu “Çənlibel” dönər evi. Vay-fayın da kodu 7 dənə 7. Yəni yeddi milyon yeddi yüz yetmiş yeddi min yeddi yüz yetmiş yeddi.

Doktor Bəhramov dönərçiyə Vladimir Jirinovski adı qoymuşdu, Vay-fayın kodu da onun məhşur sözlərini xarakterizə edirdi doktora görə. Kətə Famil acqarına dönər iyisinə dözə bilmirdi.

Və Kətə Famil mağazadan ayrıldı. Getdi qul bazarına. Qul bazarı deyilən yer də iri bir xan çinarının dibində idi. Və kimsə nə vaxtsa bu xan çinarının qabığına bıçaqla kiril əlifbası ilə yazmışdı- «Сов. ИКП-jə ешг олсун!!!»

Amma Kətə Famil qul bazarına çıxanda bu yazıları görmədi. Xan çinaı qabığını dəyişmişdi. Kətə Famil ora yığışan qullara- əşşi, ağacnan ilan qabığını, tısbağalar çanağını dəyişdi e, bu illər ərzində neçə dəfə, amma biz elə necə görmüşdüsə Nuh, öyləcəyik dedi.

Zulamıxovun ofisi bağlatması heç bir nəticə vermədi- ofis əhli yenə də fb-də qan edirdilər. Hətta vəziyyət daha da gərgin idi- Kətə Famil də başlamışdı statuslar yazmağa- özü də necə. Gəlin ilk statusu ilə tanış olaq:

-Başında 33 tükün olmaya, xalqın manatını 33% öldürəsən. Afərin olsun sənə, keçəl!

Bu status manatın dəyərini 33% itirmsindən sonra yazılmışdı.

Xeyli layk yığıdı Kətə Famil.

Daha sonra da pis status yazmadı:

- Əslində bizim hamımızın həyatımız ehtiyatda olan həyatdı. Biz hələ həyatımızı yaşamırıq. Nə vaxt ehtiyac olsa onda yaşayacağıq. Bizim yaşadığımız həyat deyil, nəsə başqa zaddı.

Bu statusa xeyli layk gəlmişdi. Siftələri uğursuz olmamışdı. Daha sonra Kətə Famil bir statusla layklarını ikiqat artırdı. Bu da rayonda "G Group"un məhkəmə günü yazılmışdı:

- İndi bizim rayonda "G Group"un məhkəməsidi. İçi mən qarışıq yüzlərlə insan məhkəmədə haqqını yox, pulunu tələb edir. "G Group"un kirayələdiyi ofisi isə bağlayıblar. Ofisin həyətindəki tənha cökə ağacı isə susuzluqdan qurumaq üzrədir. Bu kimsənin vecinə deyil. Özümü o cökə kimi hiss edirəm.

Beləcə, Kətə Famili feysbukda izləyənlərin sayı günü-gündən artmaqda idi. Nəhayət, bir statusu rekordları alt-üst etdi. Onda ölkədə bir neçə mahal naibinin yeri dəyişmişdi - Əlinin papağı Vəlinin, Vəlinin papağı da Əlinin işıq gələninə soxulmuşdu. Aldı görək Kətə Famil nə dedi:

- Belə pis çıxmasın, bəzi seksual manyaklar monotonluqdan bezərək dəyişikliklik istəyir. Amma əlinə bir şey keçməyəndə o biri seksual manyakla öz arvadını dəyişir. İndi bu mahal naiblərinin yerdəyişməsi də lap ona bənzədi.

Həmin statusa 1400-dən artıq layk gəlmişdi. Bu, artıq ölkədəki AM-1(Ana Müxalifət), AM-2 (Ağa Müxalifət), AM-3 (Ata Müxalifət), AM-4 (Ara Müxalifəti) kimi iriçaplı müxalifət partiyalarının sədrlərinin də reytinqlərini alt-üst etmək idi.

Bu AM sədrləri hər biri Kətə Famili öz partiyasında görmək istəyirdi. Amma Kətə Famil daha bu partiyalarla qurtarmışdı. Həmin xan çinarının qabığında o yazı yenidən peyda olmuşdu: «Сов. ИКП-jə ешг олсун!!!»

Bunu Kətə Famil ən məhşur statusu sayırdı. Artıq yoldaş Zulamıxovun özü də saxta profillə Kətə Famili izləyirdi. Hətta gəlib Kətə Familin ən məhşur statusunu orijinaldan da izləmişdi, xan çinarının qabığını soydurmaq fikrindən də vaz keçmişdi.

Kətə Famil isə daha millətçi cərəyanalrla əlaqəsini kəsmiş, rayonda kommunist partiyasının özəyini yaradacığını elan etmişdi.

XS
SM
MD
LG