Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:33

İntihara cəhd edən: “Uşaq 10 qəpiklik “suxarik” istədi, ala bilmədim"


Ramil Allahverdiyev
Ramil Allahverdiyev

►Ağcabədidə intihara cəhd edən: “Artıq dözə bilmədim, çıxdım dama”

“Uşağım dünən məndən 10 qəpiklik “suxarik” istəyib, ala bilməmişəm. Düz bir saat ağlamışam... Allaha and olsun, yoldaşım dedi ki, “mən əyin-baş da istəmirəm, elə edək bu uşaqlar dolansın”. Dünən bir-birimizin üzünə baxıb ağlamışıq. Sonra da...”

Sonrası məlum. İki uşaq atası 38 yaşlı Ramil Allahverdiyev Ağcabədidə özünü beşmərtəbəli binanın damından atmaq istəyib. Amma... özünü atmazdan öncə sözünü demək istəyib, aşağıdakılara səslənib. Dərdini deyib. Deyib ki, 6 və 16yaşlı iki balasına çörək ala bilmir, iş tapa bilmir, çarəsizdir...

Məcburi köçkünlərin qəsəbəsində az sonra hamı ora yığışıb, hamı dolanışıqdan şikayətlənib, sonra da polis, icra başçısı gəlib. Ramil Allahverdiyevi damdan düşürüb, vəd verib gediblər. Bu gün – yanvarın 13-dəsə polisə çağırıblar...

Onu dinləyək. Ancaq əvvəlcə bir məqam. Həyəcanlı olduğundan bəzən sözün birini qoyub o birinə keçir, fikrini cəmləşdirə bilmir. Onun dediklərini əl gəzdirmədən, olduğu kimi təqdim edirik...

– Mən durub nə dövlətimizi pisləmişəm, nə əleyhinə çıxmışam. Sadəcə, bahaçılıqdır, iş yoxdur, iş üçün neçə yerə getmişəm, deyiblər “yoxdur”. Mən də gəldim evə, dükançiya bir aləm borcum var, dedim ki, “iki çörək ver”, qayıtdı ki, “borcun çoxdur, vermirəm”. Həmişə pulunu gözləyib. Amma bu dəfə dedi ki, “qardaş, mənim də vəziyyətim pisdir, başa düş”...

Buna da bax: Azərbaycan neft hasilatını dayandıra bilər?

– Dükançıya borcunuz nə qədərdir?

– Bu saat dükana 600 manat borcum var, 450 manat da qonşudan alıb uşağımı həkimə aparmışam. Elə mən çörək almaq istəyəndə o da gəldi ki, “xəstəm var, pulumu qaytar”. Elə pis vəziyyətə düşdüm ki... Gedib heç kimi bədbəxt etmək istəmədim, dedim elə özümü... bədbəxt edim. Özümü atmaq istədim. Amma qoymadılar. Düzdür, şəraitimiz var, şəraitimiz yaxşıdır. Amma iş yoxdur! Bəs mən balamı nəylə dolandırım? Başımı götürüm gedim, ailəm də qalsın burda? Mən də istəyirəm ailəmi öz qazancımla dolandırım. Alnımaçıq, üzümağ. Oğurluq etmirəm, kiməsə sataşmıram. Tələbim odur ki, “qardaş, iş verin”. Mənim pulum olmadı un almağa, uşağıma çörək almağa. Unun kisəsi 28-38 manatdır. Mən yol kəsmək, baş kəsmək istəmirəm, halal zəhmətimlə, kimsənin qabağında əyilmədən balama çörək yedirmək istəyirəm. Tək mən deyiləm bu vəziyyətdə. Bu gün Ağcabədidə neçə kənd ayağa qalxıb.

Ramil Allahverdiyev
Ramil Allahverdiyev

– Onların tələbi nədir?

– Eyni şeylər: işsizlik, aclıq, bahalıq. Bura dükanlara firma maşınları gəlir, hansını dindirirsən deyir ki, “prezidentindir”. Gedirsən un almağa, bir söz deyən kimi cavab verirlər ki, ““Azərsun” prezidentindir”, ““Karmen” prezidentindir”. Yaxşı, bizim öz malımızın dollara nə dəxli var? Qiyməti niyə qaldırırlar? Prezident bütün günü danışır ki, korrupsiyadır, bahaçılıqdır... Vallah məni tutub aparsalar da, orda başımı divara vurub öldürəcəm. Bir siqaret vardı, cəhənnəm, onunla canımıza ziyan vururduq, daha onu da qoymadılar. Mən siqaretdən danışmıram, yoxdu, eybi yoxdur. Mən çörəkdən danışıram, yeməkdən danışıram...Mən dünən də dedim ki, “ay camaat, iş tapa bilmirəm, ailəmi dolandıra bilmirəm, üzüqarayam ailəmin yanında”. Uşağım dünən məndən 10 qəpiklik suxarik istəyib, ala bilməmişəm, oturub düz bir saat ağlamışam. Necə edim, neyləyim? Artıq dözə bilmədim. Ona görə ora çıxdım dama... Mənim balalarımın yeməyə çörəyi, geyməyə paltarı yoxdur. Mənim uşağım yaxşı oxuyur, əla qiymətlə. Mən pul verib müəllim yanına qoya bilmirəm. Fəhlə, kasıb babayam, mən də istəyirəm uşağım gedib oxusun. Allaha and olsun, yoldaşım dedi ki, “mən heç əyin-baş da istəmirəm, elə edək bu uşaqlar dolansın”. Dünən bir-birimizin üzünə baxıb ağlamışıq. Sonra da...

– Sonra da dama çıxdınız?

– Dedim ki, evdə bir şey etsəm, uşağa psixi baxımdan pis təsir edəcək. Dedim, yaxşısı budur, qoy camaata sözümü deyim, sonra özümü öldürüm. Burda bir ağbirçək xanım vardı, sağ olsun, anamızdır, xahiş etdi, düşürtdü məni. Bu gün də polis rəisi məni şöbəyə çağırtdırmışdı. Qəbula girəcəkdim, xəbər gəldi ki, kəndlərdə iğtişaş var, camaat qalxıb, rəis də, başqaları da ora getdi. Bir azdan gedəcəm yenə. Sizcə, mənim hərəkətimdə bir cinayət əməli var? Sözümü demişəm, baxan olmayıb, ora çıxmışam.

Arif Hacılı: Arif Hacılı: “Rayonlardakı aksiyaların təşkilatçısı Müsavat deyil”

– İş üçün hara müraciət etmisiniz?

– O qədər yerə, şirkətlərə getmişəm, məsələn, “Atena” şirkətinə getmişəm, Bayraq Meydanı tikilir, ora getmişəm, Vergilər idarəsi üçün bina tikilir ora getmişəm. Özlərinə də demişəm ki, iş saat 8-də başlayıb axşam 6-da qurtarır, mən lap saat 6-dan gəlib axşam saat 10-a kimi işləməyə hazıram. Təki borcumu verim. Uşağımı müayinəyə aparmalıyam. Pulum yoxdur. O gün dövlət başçısı deyir ki, bütün müayinələr pulsuzdur, amma mən uşağımı apardım həkimə, 10 manat istədilər, olmadı, qaytardım dala. Aparsınlar məni polisə. Qorxmuram. Bir qorxduğum Allahdır.

– Neçə müddətdir işsizsiniz?

– Bu gün 9-cu aydır. Vallah elə olub demişəm ki, “verin o süpürgəni mənə, süpürgəçilik etməyə hazıram”. Heç vaxt onu özümə əskiklik bilmərəm. Balamın çörəyi olandan sonra yerdən zibil yığmağa hazıram. Əvvəl tikintilərdə işləmişəm, Olimpiya mərkəzi tikilib orda işləmişəm, hərbi hissədə işləmişəm. Fəhlə kimi. Yaxşıydı rifahımız. Bu qiymətlər bahalandıqdan sonra bəzi adamlar bundan istifadə etdilər, prezidentin adından istifadə etdilər... Sənə şərait yaradıb, sən də mənə yarat, nə olar? Allah çörəkverənin allahıdır, axı. Dünəndən acam. Qonşu gətirib... Cibimdə pul olmayıb, uşaq ağlayıb qonşudan iki manat alıb uşağa iki vafli, sosiska alıb yedirtmişəm bu gün. Dünən də o başdan ac-susuz evdən çıxdım, axşam da tərəqovurması ilə düyü yemişəm. Bu gün o yeməyin üstündəyəm, hələ heç nə yeməmişəm. Deyirəm ki, mənə heç nə olmaz, qoy balam yesin, çıxıb gedirəm evdən, düşünürəm ki, mən yesəm artıq olar, qoy onlara qalsın. Neyləyim? Necə edim?..

– Dediniz ki, polis rəisi sizi qəbuluna çağırtdırıb. İcra başçısı çağırtdırmayıb hələ? Gərək ki, sizə iş söz vermişdilər.

– İcra başçısı Şahin müəllim dedi ki, yanvarın 15-də işsizliklə bağlı iclas olacaq. Biz də onun qəbuluna gedəcəyik. Necə olacaq, bilmirəm. (Azca tərəddüddən sonra – red.) Dünən düzü, mən qaldım qıraqda, məni itirib-axtaran olmadı. Hamı tökülüşdü ora öz dərdini danışdı.

– İndi polisə gedəcəksiniz?

– Hə.

– Niyə çağırıblar? Nə deyiblər sizə?

– Bilmirəm. Bir tanış var, polisdə işləyir, deyir ki, bəlkə sənə iş verdik... Bundan belə başıma nə iş gələcək, onlar mənə nə deyəcək, Allah bilir.

– Onda bir azdan zəng vuracam sizə. Telefonunuzun nömrəsini ala bilərəm?

– Telefonun nömrəsi var, amma... Pulum yox idi, üç gün qabaq satmışam...

Həmçinin baxın - AzadlıqRadiosu Youtube kanalını da izləyin

XS
SM
MD
LG