Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 18:24

Regionların inkişafına dair dövlət proqramında 33 milyard necə xərclənib?


Lənkəran
Lənkəran

-

Son günlər Azərbaycan əyalətlərində baş verən etiraz aksiyaları yenidən bir məsələni gündəliyə gətirdi. Son dövrlər Azərbaycanda regionların inkişafına dair qəbul edilən dövlət proqramlarının hansı effekti olub? Bu vaxta qədər regionların inkişafına dair üç dövlət proqramı qəbul edilib. 2004-2008, 2009-2013 və 2014-2018-ci il dövlət proqramları. Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, əvvəlki iki dövlət proqramı uğurla yerinə yetirilib. 2008-ci ilin sonunda 600 min, 2013-cü ilin sonlarında isə ümumilikdə Azərbaycanda 1 milyon 350 min iş yerlərinin açıldığı iddia olunurdu. Həmin iddialarda bu iş yerlərinin böyük bir hissəsi məhz regionların payına düşürdü.

İqtisadçı Qubad İbadoğlu bildirir ki, 2004-cü ildən 2014-cü ilədək regionların inkişafına dair dövlət proqramları çərçivəsində nə az, nə də çox düz 31.5 milyard manat pul xərclənib. 3-cü dövlət proqramının ilk ilində rəsmi statistikaya görə, xərclənən 1 milyard 292 milyon manat Qubad İbadoğlunun hesablamasına daxil edilməyib. Bəs 33 milyarda yaxın bu vəsaitdən necə istifadə edilib?

Qubad İbadoğlu
Qubad İbadoğlu

33 MİLYARD VƏ GÖRÜLƏN İŞLƏR... LƏNKƏRAN RAYONU...

Etiraz aksiyalarının keçirildiyi əyalətlərdən biri də Lənkəran rayonudur.

2015-ci ilin əvvəlinə olan məlumata görə, Lənkəran rayonunun 220 min əhalisi var. Onun da 41 faizi şəhərdə yaşayır. Rəsmi statistik məlumata görə, 143 min nəfər əməkqabiliyyətli əhalisi olan rayonda iqtisadiyyatda muzdla işləyənlərin sayı 22.1 min nəfərdir. Torpaq payları olanları nəzərə almasaq, hazırda rayonda işsizlik səviyyəsi 85 faizdən yuxarıdır. Elə bu hesablamanı da iqtisadçı Qubad İbadoğlu aparıb. İşləyənlərin orta aylıq əməkhaqqı 2015-ci ilin əvvəlinə 261 manat 30 qəpik (və ya hazırkı rəsmi məzənnə ilə 154 dollar) təşkil edib. 2010-cu ildə Lənkəran rayonunda 40, 2014-cü ildə isə 32 sənaye müəssisəsi fəaliyyət göstərib. Onların da əksəriyyətinin maliyyə vəziyyəti son devalvasiyadan sonra pisləşib və iş yerlərinin ixtisarları başlayıb.

Hüseynqulu Məmmədov
Hüseynqulu Məmmədov

«BİR SU ÇƏKİLİB, BİR DƏ DİAQNOSTİKA MƏRKƏZİ AÇILIB»

Kənd təsərrüfatı elmləri namizədi, Lənkəran rayon sakini Hüseynqulu Məmmədov deyir ki, sovetlər dönəmində bu rayonda 26 iri müəssisə olub. İndiki iş yerləri onlarla heç müqayisə oluna bilməz:

«Bu 10-12 ildə Lənkəran üçün bir su çəkilib, bir də diaqnostika mərkəzi açılıb. Qalan pulların hara getdiyi məlum deyil. Su çəkilişində yolları da dağıtdılar, o da eləcə qalıb. Bircə Lənkəranın mərkəzi küçələri normal vəziyyətdədir. Ciddi bir müəssisənin açılışından söhbət belə gedə bilməz».

Ölkə başçısının Lənkərana səfərləri ilə bağlı rəsmi məlumatlarda da görülən işlərdən bəhs edilir. Orada qeyd edilir ki, prezident İlham Əliyev Lənkəran şəhərinə səfəri çərçivəsində yeni yaradılan «Gilan aqro-sitrus» təsərrüfatı ilə tanış olub. Bundan başqa yeni təmir edilən Heydər Əliyev Mərkəzinin açılışında və Gənclər Mərkəzinin təməl qoyulma mərasimində iştirak edib.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

«O PULLARIN ÇOXU YEYİLDİ»

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov deyir ki, ayrılan pullardan bütün regionlarda təxminən eyni qaydada istifadə edilib:

«Bu pullar gedib Heydər Əliyev heykəllərinə, Heydər Əliyev parklarının salınmasına. Hər icra başçısı da gələndə parkın daşlarını söküb yeniləri ilə əvəz edib. Ciddi iş yerlər açılmayıb. Əhalinin pay torpaqları bir neçə oliqarx-məmurun əlində cəmləşib. Həmin oliqarx-məmurlar bəzi təsərrüfatlar yaradıblar, onda da az sayda insanlar çalışıb. Əyalətlərdə əsaslı su-meliorasiya işləri aparılmayıb. Azərbaycan torpaqlarının məhsuldar olması üçün yenidən yuyulmasına ehtiyac var. Ölkəni idxaldan asılı vəziyyətə salıblar. Gübrə nədir onu da xaricdən gətirirlər? Guya Sumqayıtda gübrə zavodu inşa edəcəkdilər. Bu da olmadı. Həmin 33 milyarddan səmərəli istifadə edilmədi. O pulların çoxu yeyildi».

XS
SM
MD
LG