-
ABŞ-da «Powerball» lotereyasının üç qalibi yarım milyard dollarlıq cekpotu bölüşdürməlidirlər. Nə az, nə çox, düz yarım milyard dolları!
Ancaq onlara bəxtəvərlik verməyə tələsməyin. Ayrı-ayrı lotereya qaliblərinin taleyi göstərir ki, qəfildən, az qala, göydəndüşmüş sərvət heç də hamıya səadət gətirmir. Əksinə, onları daha da bədbəxt edir, bəzən ölümlərini tezləşdirir, bəzən də…
42 yaşlı kanadalı Gerald Muswagon 10 milyon dəyərində lotereya udduqdan 10 il sonra özünü asıb.
LOTERAYADA BƏXTİ GƏTİRİB, HƏYATDA GƏTİRMƏYƏNLƏR
Amerikalı Alex və Rhoda Toth 1990-cı ildə 13 milyon dollar udmuşdular. Amma 15 il sonra onlar iflas olduqlarını elan etdilər. Üstəlik də vergidənyayınmada ittiham olundular. Ər məhkəməyə kimi öldü, arvadsa iki ilini həbsxanada keçirdi.
Britaniyalı Callie Rogers-in başına «dövlət quşu» çox erkən - 16 yaşında qonub. O, lotereyada 1.88 milyon funt sterlinq udub. Ancaq o bu sərvətin, az qala, hamısını narkotikə, plastik əməliyyatlara və ziyafətlərə xərcləyib. Düz üç dəfə intihara cəhd edib.
2013-cü ildə 26 yaşlı Rogers «The Daily Mail»ə deyib ki, həmin milyondan bank hesabında vur-tut 2000 funt qalıb. O, daha bir sirrini bölüşüb: heç zaman özünü xoşbəxt saymayıb.
İŞSİZ MİLYONÇUNU SAHƏ MÜVƏKKİLİ MÜŞAİYƏT EDİRMİŞ Kİ...
Rusiyada rekord uduşun – 1 milyon dolların sahibi Ufadan olan, işsiz Nadezhda Mukhamyetzianova beş il sonra ömrünü səfalət içində başa vurub. Milyonçu qadının qapısını tanımadığı insanlar döyməyə, kömək istəməyə başlayıb, ancaq o da xəsislik etməyib, pulu, az qala, xəzəl kimi səpib, həftəyə 50 min dollar xərcləyirmiş. İş o yerə çatıb ki, onu qarət etməsinlər deyə, adi mağazaya gedəndə belə onu sahə müvəkkili müşayiət edirmiş. Yaşı 50-ni haqlayan ər-arvadın başı içki dumanından açılmırmış. Hamısı da dostların sayəsində. Şahidlər belə deyirlər hər halda.
Ancaq arvadının ölümündən sonra əri içkini atıb. «Pulun olanda, dostun da yoxdur», - o mk.ru-ya deyib.
BƏXTİ GƏTİRƏNLƏR DƏ VAR
Ancaq mətbuatın vaxtaşırı yazdığı hay-küylü «bədbəxt» lotereya qalibləri ilə yanaşı, başqa örnəklər də var. Lotereyada milyon udsalar da, kölgədə qalmağa üstünlük verənlər həddən çoxdur. Məsələn, 1996-cı ildə 1136 amerikalı lotereyada bir milyondan artıq udsalar da, «görünməz» qalmağa çalışıblar.
Ancaq bəziləri daha iddialı danışır, birbaşa bəyan edirlər ki, pul onları daha xoşbəxt edib. Misal üçün «Euromillion»da 1 milyon funt sterlinqdən çox udan britaniyalı Matt Myles və Jane Park kimi. Onlar həyatın dadını çıxardıqlarını, bu yolda xəsislik etmədiklərini gizlətmirlər, ancaq səfalət içində ölməyəcəklərinə də əmindirlər.
LOTEREYA İNSANI YAXŞILAŞDIRIRMIŞ...
Britaniyalı alimlərin araşdırmaları göstərir ki, lotereya qaliblərinin ruhi halı yaxşılaşır. Kaliforniya Universitetinin alimlərinin araşdırmaları isə başqa maraqlı məqamı ortaya çıxarıb. Sən demə, lotereyada udandan sonra artan «xoşbəxtliyin həddi» sonradan «uduşa qədərki həddə» düşürmüş. Alimlər bu halın adətən baş verdiyini deyirlər, istisnalar da mümkündür. Yəni, lotereyada udana qədər xoşbəxt idinizsə, elə ondan sonra da həyatınızda hər şey öz axarında gedəcək.
Böyük pullar insanları heç də həmişə iflasdan qurtarmasa da, lotereya qaliblərinin rəy sorğusu göstərir ki, qəfildən peyda olan böyük pullar xoş sürprizdir və onları məmnun edib.