-
Ötən il yollarda 333 piyada, 561 sərnişin və sürücü həlak olub
Ötən il Azərbaycanda 2 min 220 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 894 nəfər həlak olub, 2 min 265 nəfər yaralanıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov əməliyyat müşavirəsində bildirib.
APA xəbər verir ki,Ramiz Zeynalov 2014-cü illə müqayisədə yol-nəqliyyat hadisələrinin azaldığını qeyd edib: «2014-cü illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 15.7 faiz, həlak olanların sayı 20.5 faiz, yaralananların sayı isə 15.4 faiz azalıb».
Bildirilib ki, YNH-lərin 94.5 faizi (2098) sürücülərin yol hərəkəti qaydalarını pozmaları, o cümlədən 27.4 faizi (609) nəqliyyat vasitələrinin yüksək sürətlə, 2.4 faizi (53) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.
Hadisələrin 41.6 faizini (923) piyadaların vurulması təşkil edib, nəticədə 333 piyada həlak olub, 673-ü yaralanıb. Piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində 65 yol-nəqliyyat hadisəsi baş verib.