-
«İnanıram ki, dövlət başçımız İlham Əliyev ailəmizə bu məsələdə öz köməkliyini əsirgəməyəcək».
Bunu siyasi bəyanatla prokurorluq orqanlarından istefasından sonra yanvarın 15-də həbs olunmuş müstəntiq Rüfət Səfərovun atası, YAP-ın qurucularından olan Eldar Sabiroğlu öz Facebook səhifəsində yazıb.
Oğlunun Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürüldüyünü deyən keçmiş deputatın sözlərinə görə, vəkili Bəhruz Bayramov orada Rüfətlə görüşüb, vəziyyəti normaldır, heç bir şikayəti yoxdur.
Eldar Sabiroğlu bir daha oğluna qarşı irəli sürülən ittihamın əsassız olduğunu vurğulayıb:
«Təxminən iki il əvvəl baş verdiyi iddia olunan hadisəyə istinad edilərək, cinayət məsuliyyətinə cəlb olunmuş Rüfət 5-7 dəqiqəlik məhkəmə qərarı ilə həbsxanaya göndərildi. Məsələnin il yarımdan, daha doğrusu, Rüfətin istefasından sonra hərəkətə gətirilməsi də göstərir ki, qərar hüquqi, nəticə etibarilə ədalətli deyil. Dəlil-sübut olmadan, öyrədilmiş şəxsləri üzünə durdurmaqla aparılan istintaq əməliyyatına təəccüb edirəm. Zərdab o qədər də böyük rayon deyil. Rüfət həqiqətən kimdənsə pul alsaydı, tez bir zamanda əhali arasında yayıla bilərdi və şübhəsiz, rayon prokuroru bundan xəbərdar olardı».
Eldar Sabiroğlu müstəntiqlərin prokurorsuz müstəqil qərar qəbul etmək səlahiyyətində olmadığını da vurğulayır. O qeyd edir ki, vəkil yanvarın 19-da növbəti dəfə Rüfət Səfərovla görüşüb gələcək addımları müzakirə edəcək: «Rüfətə səbir və dözüm arzulayıram...».