Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:56

Ermənistan Rusiyadan endirim istədi


-

Ermənistan Rusiyadan qazın qiymətini endirməsini xahiş edib.

Baş nazir Ovik Abramyan bunu Rusiyaya məhsul ixrac edən istehsalat şirkətlərinin sahibləri ilə görüş zamanı bildirib.

Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, yerli şirkətlərin nümayəndələri hazırkı yanacaq qiymətlərinin onların biznesinə mənfi təsir göstərdiyi barədə baş nazirə şikayət ediblər. Sahibkarlar onsuz da rus rublunun kəskin dəyər itirməsindən ziyana düşdüklərini vurğulayıblar. Onlar baş nazirin "dünyadakı yanacaq qiymətlərinin dinamikasını" nəzərə alaraq rus qazının daha çox endirimlə alınmasına nail olmasını istəyiblər.

Məlumatda həmçinin deyilir ki, Yerevan artıq Rusiya hökumətinə bu məsələ ilə bağlı müraciət edib və "tərəfdaşlığın strateji xarakterini nəzərə alaraq" müsbət cavab gözləyir.

Ermənistanın aldığı qazın 80%-ni satan Rusiyanın "Qazprom" şirkəti artıq qazın hər min kubmetri üçün qiyməti keçən il 190 dollardan 165 dollara endirib. Ancaq bunun ardınca Ermənistan hökuməti ölkə daxilində istehlakçılara satılan qazın qiyməti endirməyib. Beləliklə endirimdən yalnız Ermənistanın qaz paylaşdırıcı şəbəkəsi mənfəət götürür. Sözügedən şəbəkə də "Qazprom"a məxsusdur.

Buna da bax: Ilham Əliyev geniş özəlləşdirmə olacağına eyham vurdu

2013-cü ildə də Ermənistan Avrasiya İttifaqına daxil olmaq qərarı müqabilində "Qazprom"dan ciddi endirim alıb. Belə ki, Rusiyanın dövlət şirkəti Avropa ölkələrinə satdığı qazın hər min kubmetrinə görə 350 dollar alırdısa Ermənistan üçün bu qiymət 190 dollar idi.

Keçən il Rusiyanın Avropaya satdığı təbii qazın orta qiyməti 238 dollar olub. 2016-cı ildə isə qiymətin 200 dollara qədər düşəcəyi gözlənilir ki, bu da 10 ildən çox müddət ərzində müşahidə olunmuş ən aşağı qiymətdir.

Rusiyadan alınan təbii qazın qiymətində endirim əldə olunarsa bu, Ermənistan hökumətinə imkan verəcək ki, elektrik enerjisinə olan qiymətləri növbəti dəfə artırmasın. Keçən ilin iyununda elektrik enerjisinin 16% bahalaşması Yerevanda etirazçıların küçələrə çıxmasına səbəb olmuşdu.

O zaman əsasən gənclərin iştirak etdiyi etirazlar Ermənistan hökumətini qiymət artımını azı 2016-ci ilin sentyabrına qədər subsidiyalaşdırmaq barədə qərar qəbul etməyə vadar etmişdi.

XS
SM
MD
LG