Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:30

Murad Köhnəqala. Zəlimxanın xəngəl əməliyyatı


Xingəl
Xingəl

-

Ayə, bura gəlin, təzə söhbət var!

O gün "Neftçilər" metrostansiyasının yanındakı xəngəlxanaların birində oturub xəngəlləyirdik. Gürcüstan azərbaycanlıları bilirsiniz də, yaxşı xəngəl yeyirlər.

Qabağımızda qurudlu xəngəl, çaça araq, buxara papaqlı, xrom çəkməli, qolifeyi şalvarlı, zıl səsli bir aşıq, yeriniz naməlum, yeyib içirdik.

Murad Köhnəqala
Murad Köhnəqala

Məclisin qızğın yerində gürcüstanlılar xalqımızın fəxri, xalq şairi, el adamı, müdrik qafiyəli, enlikürək, buxara papaqlı Zəlimxan Yaqubdan fəxrlə söz açdılar.

Onlardan biri Zəlimxan Yaqubun çox böyük adam olduğunu dedi və dalısıycan da Zəlimxanın elə bu xəngəlxanadaca danışdığı bir əhvalatı bizə nəql elədi.

Demək, bir gün axşamçağı Zəlimxan öz evində oturub ev işləriynən məşğul imiş. Birdən evə zəng eləyirlər ki, bura Zəlimxan Yaqubunmu evidi? Zəlimxan deyir ki, bəli, Zəlimxanın evidi.

Soruşurlar ki, bəs, danışan Zəlimxan müəllimdimi. Cavab verir ki, bəli, danışan elə Zəlimxan Yaqubun özüdür.

Təzədən deyirlər ki, Zəlimxan müəllim, telefonu yerə qoymayın, Sizinlə möhtərəm prezidentimiz İlham Əliyev özü danışacaq.

Başın haqqı, Zəlimxanın özünün yalançısıyam - deyir - ayaqüstə, trubka əlimdə donub qalmışam. Handan-hana bir də telefonun o başında İlhamın səsini eşitdim. And içib deyir ki, dilim qurudu, nitqim tutuldu, tüküm biz-biz oldu, dünya başıma hərləndi, özümü birtəhər ələ alıb dedim:

"Eşidirəm, möhtərəm prezident!"

Dedi ki, sənin atam haqqında yazdığın poeman mənim dəhşət xoşuma gəlib. Oxuyub ağlamışam, oxuyub ağlamışam. Sizə qonaq gəlmək istəyirəm, evdə ol.

Atamın goru haqqı, Zəlimxan qağam danışır ki, dizimi atdım yerə, əllərimi görə qaldırıb dedim ki, ilahi, bu yuxudumu, xəyaldımı, qarabasmadımı? Sənə qurban olum, ay Allah, demək, məni hələ yadından çıxarmayıbsan! Deyir - tez ayağa qalxdım, özümü ələ aldım, getdim bazara, iki zənbil bazarlıq eləyib yüyürtmə gəldim evə: quş əti, qulun südü, düzdüm stola.

Çıxdım darvazadan çölə, bir az gözləmişdim ki, bir də gördüm iki polis maşınının arasında, vıy-vıy, vıy-vıy qara bir şessot! Maşın gəlib qapının ağzında dayananda özümü - deyir - irəli verdim.

İlham maşından düşdü. Mənə çatar-çatmaz, qollarını açdı. Mən kiməm, nəkarəyəm, mən də açdım qollarımı. Qucaqlaşdıq, öpüşdük. Gördüm, İlham bir az kövrəlib.

Dedi: "Şair, çox sağ ol, qələmin var olsun, üzün ağ olsun, ilhamın qanadlı olsun, canın sağ olsun,elin var olsun, könlün xoş olsun, düşmənlərin xar olsun, şeytanların kar olsun."

Dedim - deyir, - İlham müəllim, keçin içəri, Allahın özü belə bizə təşrif buyursaydı, bu qədər sevinməzdim. Zəlimxan deyib haa bunu! Deyir, - İlham dedi ki, a Zəlimxan, qoy o polisləri yola salım, darıxma.

Deyir, gedib polislərə nə dedi - nə demədi, başın haqqı, maşınlar yerindəcə eşib geri qayıtdılar. Nə isə, - deyir, - daha ürəyim dağa döndü, ikimiz də darvazadan içəri keçdik.

Həyətə keçəndə, dedim - deyir, - ay İlham müəllim, itdən qorxma, bu adam tutan deyil. İlham - deyir, - itin yanından keçəndə, it - deyir, - zingildəyərək onun qabağında yerə uzanıb arxası üstə o üz-bu bu üzə eşələndi. Elə bil - deyir - it də onu tanımışdı. İlham da - deyir - itə baxıb güldü də, canın haqqı, belə dedi - deyir: "Malades sobaka!" Nə isə, itdən keçdik...

Stolları düzdürmüşəm həyətə... Ona kimi - deyir - qonum-qonşu da xəbər tutub, intiresə hamı yığışıb bizə. İlhamı başda oturdandan sonra, qonaqlar da yerbəyerdən - deyir - oturdular.

Bir az ordan-burdan, bir az ədəbiyyatdan, bir az siyasətdən... Birdən İlham dedi ki, Zəli, mən ölüm, siyasətdən danışma, qoy heç olmasa bircə gün burada ayrı şeylərdən danışaq. Mən də - deyir - dedim ki, hörmətli qonaqlar, İlham müəllim düz deyir, gəlin bir az siyasətdən kənar söhbət eləyək. Nə qədər siyasətlə məşğul olmaq olar, doğrudan da adam bu siyasətdən bezir.

Ağsaqqal - deyir - stola müraciət elədi ki, ay camaat, bismillah eləyin. Təzdən, İlham - deyir - dedi ki, Zəli, mən gəlmişəm bu gün sizə ondan ötəri ki, atam haqqında yazdığın o poemanı şəxsən sənin öz dilindən eşidəm. Heç olmasa, qoyun, bu gün öz kayfımı tutum.

Nə isə, Zəlimxan deyir ki, bir-iki qismət almışdıq ki, İlham qayıdıb nə desə yaxşıdı? Deyir - dedi ki, ay Zəli, bə stola araq qoymamısanmı?

Zəlimxan deyir ki, başın haqqı, nitqim tutuldu. Səhvimi başa düşdüm, intası, artıq gec idi. Deyir - tez dedim ki, a İlham müəllim, vallah mən hacıyam, içmirəm, açığı, sənə görə də cürət eləyib stola araq düzdürməmişəm. Yoxsa ayıb döyülmü, sənə mənim canım da qurbandı.

Belə deyəndə - deyir - İlham gülüb dedi ki, a kişi, nə cürət, nə şücaət, siz tərəflərdə o tut arağı, zoğal arağı olur ey, onnan varmı? Zəlimxan deyir - dedim, a İlham müəllim, tut yoxdu, ancaq yaxşı zoğal arağım var. Göz yaşı kimi dumduru, özü də səksən qradus.

Deyir - İlham dedi ki, ayə, bə niyə gətirmirsən, tez elə görüm, mənim utananıma-zadıma bax! Deyir - keçdim içəridən zoğal arağını gətirdim - bit litr! Canı üçün - deyir - İlham arağı süzdü bir "əlli" vurandan sonra dedi ki, bax bu həə! Zəlimxan söyləyir ki, başın haqqı, İlham arağı içəndə, o dünyaya gedib gəldim. Dedim - deyir - birdən xoşuna gəlməsə, batdım, ondan sonra nə poema, nə moyema?..

Hə, "əlli"nin dalınca yüngülcə bir zakuska... Sonra - deyir - dedi ki, özgə içən olacaqmı? Ağdan bir, qaradan iki, heç səsini çıxarıb dinən olmadı. Zəlimxan - deyir - dedim ki, a İlham müəllim, burda içən yoxdu. Əə, içməkmi olar bunun yanında?.. Gülüb - deyir - dedi ki, bu, elə mənim qismətim imiş.

Xingəl
Xingəl

Hə, "əlliyi" vurandan sonra - deyir - İlham qayıtdı ki, ay Zəli, bu asetrin kababı, bu quzu kababı, bu ikra-filan, a kişi, sən bilmirsənmi, mən bu yeməklərdən qaçıb sizə gəlmişəm?

Deyəndə - deyir - dedim ki, İlham müəllim, könlündən nə keçir, onu de, quş südü olsa da gətirərəm. İlham qayıdıb Zəlimxan qağaya nə desə yaxşıdı?

İlham - deyir - dedi ki, Zəli, sizdə o qurudlu xingəl olur ha, özün yeyəndən, bax ondan gətir bura! Zəlimxan - deyir ki, əlim üzümdə qaldı.

O boyda vəzifənin, varın-dövlətin sahibi, deynən, oturuşunda-duruşunda bir oşibka, danışığında bir səhv buraxırdımı..

Dedim - deyir - a kişi, xəngəl sənə qurbandı, qurud da bizdə həmişə olur, bu saat təşkil eləyərik.

On dəqiqə keçməmişdi - deyir - sinidə qurudlu xəngəl buğlana-buğlana stola gəldi.

Deyir - İlham dedi ki, Zəli, bunun həlimindən də gətir. Bir badya da - deyir - həlimindən gətirdik.

Demək, məclis deyir - qızışdı. İlham tək canına o bir litr arağı süzüb xırda-xırda ləzzətnən içdi. Demək, bir "yüz" vurur, üstın həlimdən içir, xəngəldən yeyir.

Deyir - yalançılar sözü, İlham o bir litr zoğal arağın öldürənə qədər altı sini xəngəl yedi. Gövdəli adamdı, içdikcə tələb eləyir axı.

Özü də İlham doğrudan da yeyib-içən oğlandı. Zəlimxan deyir ki, o başın haqqı, bir litri təkcə öldürmüş bu adam, o boyda vəzifənin, varın-dövlətin sahibi, deynən, oturuşunda-duruşunda bir oşibka, danışığında bir səhv buraxırdımı...

Eloğlumuzun söhbətinin təxminən bu yerində məni yuxu tutmuşdu. Xeyli yuxuladım, arada bir az ayılıb gözümü açdım. Gördüm, dostumuz hələ də Zəlimxanın söylədiyi o məclisdən danışır.

Yanımdakından soruşdum ki, qağa, Zəlimxan İlhamı hələ yola salmayıbmı? Yanımdakı dedi ki, Zəlimxan sazda çalır, İlham təkcə oynayır. Dedim ki, sən Allah, dostumuz söhbətini qurtaran kimi məni oyadırsan - başımı təzədən qoydum stola.

Alatoran jurnalı, N5, 2005

XS
SM
MD
LG