Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:59

«Prezident Əliyev narazıları satın ala bilməyəcək»


İlham Əliyev
İlham Əliyev

-

«Qiymətlər qalxır, milli valyuta çökür, beynəlxalq aləmdə çaxnaşmadır, elita əsəb içindədir. Azərbaycan 2016-cı ilə tam bir tufanla başlayır».Karneqi Beynəlxalq Sülh Fondunun aparıcı əməkdaşı Thomas De Waal «Azərbaycanda əsl tufan» başlıqlı məqaləsində belə yazır.

Müəllif hələ bir həftə öncə - İrana sanksiyalar götürülməmiş, neftin barreli 30 dollara düşməmiş vaxtlarda bölgələrdə etirazların baş qaldırdığını vurğulayır: «Qeyri-rəsmi televiziya görüntüləri Tunisi, Tacikistanı xatırladır: çevik polis alayı qəzəbli gənclərin üstünə su şırnağı və gözyaşardıcı qazla gedir».

Müəllif daha sonra belə etirazların yayılacağını bildirir:

«Bu olayların tezliklə Rusiyada da oxşar səbəblərdən baş verəcəyini proqnozlaşdırmaq olar. Görünür, ictimaiyyət avtoritar hökumətə hər şeyi bağışlaya bilər, həyat səviyyəsinin düşməsini, əsla».

Ardından Thomas De Waal hökumətin milli valyutanı qorumaq naminə atdığı addımlardan, kəskin dəyərsizləşən manatın orta sinfə və bütövlükdə vətəndaşlara təsirindən söz açır.

«ATASI KİMİ DOMİNANT MONARX...»

Müəllif son illər Azərbaycan siyasi həyatındakı nisbi sakitliyi, prezident İlham Əliyevin öz tənqidçilərini susdurduğunu qeyd edir, ancaq bu mənzərənin aldadıcı olmasına diqqət çəkir:

«Heydər Əliyevin varisi olan İlham heç vaxt atası kimi dominant monarx ola bilməyib, elitanın mərkəzində durmayıb, bizneslə də məşğul olan rəsmilərin mübahisələrini çözməyib».

İndi durumda artıq çatların yarandığını, keçmiş MTN rəhbəri Eldar Mahmudovun işdən çıxarıldığını xatırladan müəllif müxalifət mediasının iddiasını – prezident və nazirlərinin ölkədən iri məbləğdə maliyyə mənimsədiyini diqqətə yetirir.

Thomas De Waal Azərbaycanın beynəlxalq əlaqələrinin də pisləşdiyini vurğulayır. Bir tərəfdən, ABŞ-la münasibətlər yaxşı deyil, bütün Amerika təşkilatları bağlanıb, Konqresə Azərbaycana sanksiya layihəsi təqdim olunub. Digər tərəfdən, Rusiya-Türkiyə çəkişməsi Azərbaycanı «naqolay» duruma salıb. İrana sanksiyaların qaldırılması da Qərblə oynadığı böyük bir kartı Bakının əlindən alıb.

Nardaranda etiraz aksiyası
Nardaranda etiraz aksiyası

DAĞLIQ QARABAĞ VƏ SİYASİ İSLAM

Müəllif nəticəsi proqnozlaşdırılmayan iki təhlükəli kartı da vurğulayır: «Biri Dağlıq Qarabağ münaqişəsidir ki, ümidsiz duruma düşmüş rejim ona əl ata, itirilmiş ərazisinin bərpası üçün kiçik, ya da böyük hərbi əməliyyata gedə bilər. Bu halda Qafqazda yeni və fəlakətli bir münaqişə başlanması mümkündür...

İkinci kartsa - siyasi İslamdır. Azərbaycanda dünyəvi baxışlı, qərbpərəst siyasi məhbuslar dünyanın diqqətini daha çox çəkib. Ancaq məhbusların çoxu siyasi radikalizmdə ittiham olunan müsəlmanlardır. Bəziləri iranpərəst Nardaran kəndindən şiələr, bəziləri «İslam Dövləti» silahlı qruplaşmasına rəğbətdə suçlanan sünnilərdir. Siyasi islama dəstəyin səviyyəsini müəyyənləşdirmək çətindir, amma bir şeyi əminliklə demək olar ki, Yaxın Şərqdə olduğu kimi, burada da o qüvvələr boğulduqca, daha da güclənəcək».

Thomas De Waal daha sonra başqa bir həssas məqama toxunur:

«Ötən il Azərbaycan hökuməti büdcədə neftin qiymətini 50 dollar nəzərdə tutmuşdu. Qiymətin o məbləğin yarısını azca aşdığı məqamda prezident Əliyevin narazı vətəndaşları satın alması da, az qala, mümkünsüz olacaq».

BÖHRAN DƏRİNLƏŞDİKCƏ…

«The Financial Times» qəzeti Azərbaycandan çıxarılan valyutaya qoyulan 20 faizlik vergidən bəhs edir. Müəllif Jack Farchy bunu keçmiş sovet regionunda atılmış ən kəskin addım sayır:

«İndiyədək neft sərvəti Əliyev ailəsinin avtoritar idarəçiliyini möhkəmləndirib. Ancaq neftin ucuzlaşması elə yönəltmə şəklinə təhlükə yaratmaqdadır. Dünya Bankı bu il iqtisadi artımın 0.8 faiz olacağını proqnozlaşdırır ki, bu da kəskin düşüş deməkdir».

Xəzərdə neft buruqları.
Xəzərdə neft buruqları.

«Prezident Əliyev hazırda bilinməz ərazidədir», - GPW risk araşdırma qrupunun təhlilçini Livia Paggi belə düşünür və sözünə davam edir: «Hökumət adi vasitələrlə durumu sabitləşdirə bilmədi. İndi də xarici valyuta əməliyyatlarını öldürməklə valyuta sabitliyini bərpa etməyə çalışır».

«KAPİTALA ELƏ NƏZARƏT...»

Yazıda qeyd olunur ki, Azərbaycandakı böhran ixracının 95 faizi neftdən asılı ölkənin neftin ucuzlaşmasına gec reaksiyasına yaxşı misaldır. Rusiya 2014-cü ilin noyabrında üzən məzənnəyə keçdi, Qazaxıstan ötən avqustda. Bakı isə dekabrdakı sarsıdıcı devalvasiyadan bir neçə gün əvvələdək manatın sabitliyini saxlaya biləcəyində israr edirdi:

«Xarici şirkətlər kapitala elə nəzarəti, çətin, xoş qarşılayalar. Ancaq yanvarın 19-da qəbul edilən yeni qaydanın BP kimi böyük investorlara şamil olunacağı bəlli deyil... Kapitala nəzarət məsələsini regionda digər ölkələr də qaldırıb, ancaq rədd olunub. Axı investisiya mühitinə uzunmüddətli ziyan vura bilər. Amma Türkmənistan da ötən həftə xarici valyuta satışını məhdudlaşdırıb. Bu ölkə ötən yanvarda 19 faizlik devalvasiyaya gedib, sonradan milli pulu yenə zəifləsə də, Azərbaycan kimi dirəşib».

Yanvarın 19-da «Valyuta tənzimlənməsi haqqında» qanuna düzəlişlər investisiya qoyuluşu, qiymətli kağızlar, daşınmaz əmlak və torpağın alınması məqsədilə bir il ərzində çıxarılan 50 min dollardan yuxarı valyutanın həcmindən 20 faiz vergi tutulmasını nəzərdə tutur.

XS
SM
MD
LG