-
1990-ci ilin yanvarında SSRİ silahlı qüvvələri tək Bakıda yox, Azərbaycanın bir sıra bölgələrində qırğınlar törətdi. Bakıdan sonra Lənkəranda, Neftçalada silahsız, dinc insanlar qətl edildilər.
26 il öncə Neftçala rayonunda baş verənləri, «20 Yanvar» Cəmiyyətinin yerli təşkilatının sədri Fərman Hüseynov AzadlıqRadiosuna belə xatırlayır:
- Bakıda yanvarın 19-dan 20-nə keçən gecə baş verən qırğından sonra biz də həmin hadisələrin Neftçalada təkrarlanacağını gözləyirdik. Yanvarın 25-i Banka qəsəbəsində milli azadlıq hərəkatının fəalları ilə Neftçalaya gələn sovet silahlı qüvvələrinin hərbiçilərinin danışıqları olmalı idi. Saat 17-18 arası olardı. Birdən qəflətən hücuma keçib, bizi gülləbaran etdilər. 2 nəfər həlak oldu - Əbülfəz Cəfərov və Nurəddin Ağahüseynov. 7 nəfər də güllə yarası aldı. Yaralananların arasında mən də var idim. Milli azadlıq hərəkatının 30 fəalını vəhşicəsinə döyüb, həbs elədilər. Yaralılar da onların arasında idi. Sadəcə məni ölmüş bilib, aparmadılar. Həbs edilənlər həmin gün vertolyotla da Şüvəlan təcridxanasına aparılıblar. Yolda da işgəncələrə məruz qalıblar. Bir ay sonra tutulanlar buraxıldılar. Biz heç də özümüzü 20 Yanvar faciəsinin qurbanları saymırıq. Biz şüurlu şəkildə bu prosesdə iştirak edirdik. Bir növ biz Azərbaycanda azadlıq uğrunda mübarizənin ilk qaranquşları idik.
- Fərman bəy, cəmiyyət arasında belə bir fikir var ki, 20 Yanvar faciəsində əli olan insanlar hələ də cəzalanmayıblar. Bu barədə nə deyə bilərsiniz?
- Bu, həqiqətən də belədir. Söhbət təkcə Mikhail Gorbachev-dən və SSRİ-nin ovaxtkı rəhbərlərindən getmir. Elə o vaxt Azərbaycan rəhbərliyinin bir sıra simalarının o proseslərdə mənfi rolları olmuşdu. Onlar da indi sərbəst yaşamaqdadırlar. Elə bil ki, onların bu faciənin baş verməsində heç bir günahları yoxdur.
- Fərman bəy, 20 Yanvar əlillərinə sizcə, qayğı yetərlidirmi?
- Mən 3-cü qrup 20 Yanvar əlili kimi 143 manat təqaüd alıram. Əslində, 2-ci qrup əliləm, sadəcə o vaxt işləmək istədiyimdən 3-cü qrupa keçirilməyimi istədim. İndi 10 faiz də təqaüd artdı. Düzdür, hər il 20 Yanvar vaxtı bizi yada salırlar, müəyyən mənada yardımlar da edilir. Ancaq ilin başqa vaxtı biz heç yada düşmürük. Mən bir məsələni də burda qeyd etmək istəyirəm. 1991-ci ildə prezident Ayaz Mütəllibov «Azadlıq uğrunda mübariz» fəxri adının verilməsi ilə bağlı fərman imzaladı. Əbülfəz Elçibəyin də prezident olduğu dönəmdə bu fərmana uyğun olaraq medallar hazırlandı. Ancaq biz hələ də medallarımızı ala bilməmişik. Mən nə qədər bu məsələni qaldırmışamsa da, verilmir ki, verilmir . Bunun da görünür mənası var.
- Sizcə, mənası nədir ?
- O vaxt həmin hadisələrdə iştirak edənlərin əksəriyyəti Azərbaycan Xalq Cəbhəsinin üzviləri idi. Mən də eləcə. Görünür, indi hesab edirlər ki, bizə «Azadlıq uğrunda mübariz» adı düşmür...