Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:39

B.Russell yoqa və başqa mistik təcrübələr haqqında


Bertrand Russell
Bertrand Russell

-

"katoliklərin mistik təcrübəsində onlar Məryəm Ananı görürlər, ancaq nədənsə Məryəm Ana protestanların mistik təcrübələrində onların gözünə görünmək istəmir; xristianlarla məhəmmədçilərə bütün vəhyləri mələk Cəbrayıl gətirir, ancaq o, nədənsə buddistlərin yanına gəlmək istəmir..."

Bertrand Russell

Filosofun "Din və Elm" kitabından bir parça

MİSTİSİZM

İlahiyyat ilə elm arasında gedən savaşın bəlli özəllikləri vardır. XVIII yüzilliyin sonunda Fransada yaranmış durumu, bir də indi Sovet Rusiyasında baş verənləri çıxmaqla, yerdə qalan bütün dönəmlərdə alimlərin çoxusu öz çağlarının dinlərinə arxa durmuşlar.

Isaac Newton (1643-1727)
Isaac Newton (1643-1727)

Bu böyük çoxluğun sırasında ən böyük alimlər də olmuşlar. Nyüton ariançı1 olsa da, xristian inancına çox bağlı bir insan olmuşdur.

Küvye (J.Cuvier) inanclı bir katolik olaraq tanınmışdır.

Faradey (M.Faraday) sandimaniançı2 olmuş, bağlı olduğu sektanın ehkamlarına ürəkdən inanmış, bununla yanaşı, onun elmlə dinin ilişkiləri ilə bağlı baxışları istənilən qatı inanclı ruhanidə vurğunluq yarada biləcək bir ölçüdə olmuşdur.

O çağların savaşı, birbaşa elmlə ilahiyyatın arasında olmuşdur, bu baxışlara bağlı olan alimlər isə, öz aralarında baş verə biləcək qarşıdurmadan çəkinmişlər. İş gəlib o yerə çatmışdır, bir sıra alimlər ilahiyyatçıların bəyənməyəcəyi mülahizələrini irəli sürməkdən çəkinmiş, onlarla qarşıdurmadan qaçmağa çalışmışlar.

G.Galilei heykəli
G.Galilei heykəli

Bildiyiniz kimi, Kopernik öz nəzəriyyəsini açıqladığı kitabı Roma Papasının adına bağışlamışdı; Qaliley kilsənin bəyənmədiyi baxışlarından əl çəkməli, onları danmalı olmuşdu; Dekart dinçilərdən çəkindiyi üçün, onların əli çatmayan Hollandiyada yaşamağa üstünlük versə də, ancaq onlarla qarşıdurma yaratmamaq üçün var gücü ilə çalışırdı, özünün Qalileyin təliminə inandığına görə incidilə biləcəyini bildiyindən, çox vaxt bununla bağlı baxışlarını gizli saxlayırdı.

XIX yüzillikdə liberal xristianlıq Nuh tufanı, Adəmlə Həvva sayağı mifləri dini ehkamların sırasından çıxarandan sonra, ingilis alimləri artıq elmlə din arasında qarşıdurmanın aradan qalxdığını deməyə başlamışdılar.

Elə bugünkü durum da, demək olar, Kopernikin təliminin uğur qazandığı çağlarda olduğundan çox da yaxşı deyildir. Biri-birinin ardınca ortaya çıxan böyük elmi tapıntılar, xristianlığı, Orta Yüzilliklərdə dini inancın dayaqları sayılan bir sıra ehkamlarından əl çəkməyə sürükləmiş oldu, bu geriyə çəkilmələr isə, elmi araşdırmaları birbaşa xristianlığın ehkamları ilə qarşıdurmaya gətirən alimləri çıxsaq, yerdə qalan elm adamlarının yenə də özlərini xristian sayması ilə sonuclanmışdı.

Bu gün də, son üç yüz ildə insanların böyük çoxluğunun inandığı, elm ilə dinin barış içində olması düşüncəsi ortalıqda qalmaqdadır: alimlər çox ciddi bir görkəmlə, elmin araşdırdığı oblastdan qıraqda qalan başqa bir oblastın olduğunu da deyirlər, liberal ilahiyyatçılar isə, elmi dünyagörüşün doğruluğunu sübut elədiyi faktları danmaqdan çəkinirlər.

Düzdür, bu barışığı pozmağa çalışanlar da vardır: bu işi görənlər bir yandan tərsliklərindən əl çəkmək istəməyən qatı inanclı katolik ilahiyyatçılardır; o biri yandan isə, biokimiya, heyvanların psixilogiyası üzrə araşdırmalar aparan alimlərdir, onların, elmi araşdırmalarının bağlı olduğu konular (mövzular –red.) üzrə gəldikləri sonuclar, özü-özlüyündə heç cür dini ehkamlarla uyuşa bilmir, ona görə də bu alimlər özləri istəsələr belə, liberal ruhanilərin barış çağırışlarına hay verə bilmirlər.

Ancaq bütünlükdə götürəndə elmlə ilahiyyatçılıq arasındakı savaş, ötən çağlara baxanda öz kəskinliyini itirmiş, əzgin bir duruma düşmüşdür. Elə bugünün gözəçarpan ideoligiyalarına çevrilmiş kommunizmlə faşizmin yeni ehkamları da, fanatik ilahiyyatçılıq ənənələrindən qaynaqlanırlar; çox ola bilsin, ürəklərinin dərinliklərində, yepiskoplar da, professorlar da, elm ilə din arasında yaranmış bu dinc yanaşı yaşamanın qorunub saxlanmasını istəyirlər.

Dövlətlərin, dinlə elmin qarşılıqlı ilişkiləri ilə bağlı sərgilədikləri baxışlar, bu yaxınlarda yayınlanmış “Elm və Din. Simpozium” kitabçasında çox qabarıq gözə çarpmaqdadır, burada verilmiş on iki çıxış 1930-cu ildə BBC-nin efirində də səslənmişdi. Bu simpoziuma dinə qarşı kəskin baxışları olan insanları buraxmamışdılar, başqa arqumentlər bir yana, bununla, dinə qarşı çıxan adamların buraya toplaşan inanclı kimsələrin dini duyğularını aşağılaya biləcəyinin qarşısını almaq istəmişdilər.

Julian Huxley
Julian Huxley

Düzdür, burada, professor Culian Haksli (Julian Huxley) çox gözəl bir giriş sözü söyləmişdi, onun bu çıxışında, üstüörtülü olsa da, dini baxışlara qarşı çoxlu tutarlı sözlər var idi, ancaq buna baxmayaraq, bu sözlərin deyiliş tonu çox yumşaldıldığından, bu çıxışda demək olar, bugünkü liberal düşüncəli ruhaniləri qıcıqlandıra biləcək heç nə tapmaq olmazdı.

Hakslinin irəli sürdüyü mülahizələrin doğruldulması üçün başqa çıxışlar da olmuşdu, bu çıxışlarda da, biri-birindən seçilib ayrılan çoxsaylı, bəlli rəylər səslənmişdi. Burada həm də başqa çoxlu konular üzrə danışıqlar olmuşdu: professor Malinovskinin, heç də yaxşı qarşılanmayan, Tanrının varlığına, insanın ölümsüzlüyünə inanmaq çağırışından tutmuş, OI Xarı atanın, Tanrı vəyhlərinin elmi hipotezlərdən üstün olması, ona görə də elmlə dinin qarşıdurması zamanı üstünlüyün dini ehkamlara verilməsi ilə bağlı dediklərinəcən, çoxsaylı mühakimələr irəli sürülmüşdü.

Ancaq sərgilənən baxışlardakı düşüncə ayrılıqlarına baxmayaraq, simpoziuma qatılanların hamılıqla elm ilə din arasındakı qarşıdurmanın aradan qalxmasına inandıqları da açıq-aydın duyulmaqda idi.

Həm də, belə bir sonucun hamının ürəyincə olduğu da sezilməkdə idi. Örnək üçün, ən sonuncu çıxış eləyən kilsə başçılarından biri olan Striter belə bir söz demişdi:

“Buradakı çıxışların demək olar hamısının ortaq bir ideyaya gəlib çıxması çox sevindiricidir... Burada belə bir düşüncəni, demək olar, hamı səsləndirdi: elm özü-özlüyündə hələ hər şey demək deyildir”.

Düzdür, belə bir hamılıqla qarşılıqlı anlaşmanın doğrudanmı olduğunu, yoxsa bunun BBC-nin qabardaraq gözə çarpdırdığını araşdırımağa da dəyər; ancaq doğrudan da simpozuma qatılanların çıxışlarına dərindən yanaşanda, burada keşiş Striterin dediklərinə oxşar bir durumun olduğu da görünməkdədir.

Ser J.Arthur Tomson isə bu simpoziumda belə bir söz demişdi: “Elm özünü elm olaraq tanıtdığı gündən, heç vaxt “nə üçün” sualı verməmişdir. Daha doğrusu, elm heç vaxt Varlıqda, Yaranışda, Keçmişdə özünü göstərən çoxçalarlıqların dəyərinin, önəminin, bir sözlə, məqsədinin ayırd edilməsinə baş qoşmaq istəmir”.

Türkiyənin "Dönən dərvişlər" sufi tamaşa qrupu
Türkiyənin "Dönən dərvişlər" sufi tamaşa qrupu

O, daha sonra deyir: “Elm, dəyişməz doğruluqların daşıyıcısı olmağı öz üzərinə götürmür. Elm, öz metodlarını mistika ilə ruhaniyyata tətbiq eləməyi bacarmır”.

Professor C.S.Haldeyn (John Haldane) isə deyir: “Biz özümüzdə axtarıb tapa bildiyimiz doğruluq idealına, düzgünlüyə, ürəyiyuxalığa, gözəlliyə, onlardan doğulan sevgiyə arxalanaraq, ilahi vəhyləri qavraya bilərik”.

Bunu da doktor Malinovski deyir: “Dini vəhylər elmi araşdırmaların işlədiyi oblastdan qıraqda olan, başqa bir oblastda aparılan sınaqlardan doğmuşdur”.

Mən burada, bilərəkdən, ilahiyyatçıların danışıqlarından örnəklər vermirəm, sözsüz, onların da dedikləri elə buna oxşar olacaqdır.

Gəlin indi də bu deyilən sözləri aydınlaşdırmağa, onların gerçəkmi, yoxsa yalanmı olduğunu araşdırmağa çalışaq.

“Elm özü-özlüyündə hələ hər şey demək deyildir” deyən keşiş Striter burada bayağılığa yol vermişdir. Elmin, incəsənətlə, insanlarası ilişkilərlə, habelə bunun kimi insani dəyərləri öyrənməklə məşğul olmadığını hamı bilirsə, bu sözləri deməyin nə anlamı vardır? Ancaq keşiş burada təkcə elə bunu demək istəmir.

“Elm özü-özlüyündə hələ hər şey demək deyildir” deyiminin daha önəmli bir anlamı vardır, özü də bunu düzgün saymağa dəyər: doğrudan da elm mənəvi dəyərlərdən danışmır, tutalım, “sevgi nifrətdən üstündür”, yaxud “yaxşılıqsevərlik, amansızlıqdan yaxşıdır” kimi mühakimələrin doğruluğunu göstərməyə çalışmır.

Elm bizə diləklərimizə çatmaq üçün çoxlu yollar göstərib, onlardan yetərincə danışa bilər, ancaq o, bizə hansı diləyimizin o birisindən üstün olduğunu öyrədə bilməz. Bu, çox böyük konunu araşdırmağı mən bu kitabın sonrakı başlığına saxlayıram.

Ancaq burası da var, dediklərindən çıxarışlar verdiyim alimlər öz düşüncələrində çox uzaqlara gedib çıxırlar, onların bu mühakimələrini isə mən kökündən yanlış saymaqdayam.

“Elm, dəyişməz doğruluqların daşıyıcısı olmağı öz üzərinə götürmür” deyən kimsə, hansısa elmi olmayan metodun da olduğunu, özü də onun dəyişməz doğruluqların daşıyıcısı olduğunu demək istəyir.

“Dini vəhylər... elmi araşdırmalardan qıraqda olan bir oblastdadır” deyimi isə, burada adı çəkilən metodun elmi olmadığından birbaşa soraq vermiş olur. Belə çıxır, bu, büsbütün yeni olan dini vəhylər metodudur.

Burada dekan Ayndc bir az da açıq danışır: “Dini mühakimələrin sübut olunması dini təcrübələrə arxalanır(O, burada mistika ilə bağlı insan təcrübələrindən danışır). İnsanın işinə yarayan ilahi bilik Tanrını insana tanıtmaq üçün, özünün üç özəlliyi ilə üzə çıxır; bizim çox vaxt mütləq, yaxud ölümsüz dəyərlər adlandırdığımız üçlük: Yaxşılıqsevərlik, yaxud Sevgi, bir də Doğruluq ilə Gözəllikdir.

Bu deyilənləri düzgün sayırsınızsa, onda siz dinin təbiət elmləri ilə qarşıdurmasını da gərəksiz sayacaqsınız. Onlardan biri faktlarla, o birisi isə mənəvi-ruhani dəyərlərlə işləyirsə, onda onlar arasında qarşıdurmaya da yer qalmır.

Elmlə dinin ikisinin də ayrılıqda gerçəkləşə bilməsi üçün onlar gərək ayrı-ayrı müstəvilərdə yerləşsinlər. Ancaq gördüyünüz kimi, bu, belə deyildir.

Bəlli olduğu kimi elm etika, poeziya, habelə bunun kimi dəyərlərlə bağlı oblastlara da baş qoşmağa çalışır. Elə din də elmin işlədiyi oblastlara baş vurmaqdan çəkinmir”.

Bu deyilən sözlər isə artıq dinin, hansısa ola biləcəklərdən yox, doğrudan da var olanlardan danışması anlamına gəlir. Dekan Ayndcın dediklərinin izləri elə ser C.Artur Tomsonla doktor Malinoviskinin sözlərində də vardır.

İndi necə olsun? – biz doğrudanmı elmi oblastdan qıraqda yerləşən hansısa başqa bir oblastın da olduğuna, özü də bu oblastdakı bilik qaynağından “vəhylər” adlanan biliklərin doğulduğuna inanmalıyıq? Bu soruya cavab vermək çox ağırdır, bunun səbəbi isə aydındır: biz necə, öyrəndiklərimizi duyğularımızın köməyi ilə qavradığımıza ürəkdən inanırıqsa, inanclı kimsələr də, vəhylərdən öyrəndiklərini elə bunun kimi, doğru saymaqdadırlar.

Bu adamlar öz inanclarını doğrultmaq üçün buna oxşar arqumentlər irəli sürürlər: kimsə teleskopla baxıb hansısa nəsnəni görür, sonra onun varlığından danışırsa, biz onun baxdığı gerçəyi görməsək də, onun dediklərinə inanırıq; elə isə mistik təcrübə zamanı nələrisə açıq-aydın gördüyünü deyən bir insanın sözlərinə nə üçün inanılmasın?

Öz daxilində mistik işıqlanma duyan hansısa bir insanı: yanıldığına inandırmaq üçün hansısa arqumentlər düşünmək, məncə, işəyarar olmayacaqdır. Ancaq onun dediklərinə inanmağa dəyərmi, bax bu konuda söz çəkişməsi aparmağın yeri vardır.

Birincisi, kiminsə apardığı mistik təcrübəni araşdırmaq, onun bu zaman gördüklərinin düzgünlüyünü yoxlamaq olmur. Hansısa alim apardığı konkret bir təcrübədən danışanda bu təcrübəni necə apardığını bütün detallarına kimi açıqlayır; ona görə də, bu təcrübəni başqaları da yoxlaya bilir, birdən onun dedikləri bu yoxlamalar zamanı düz çıxmazsa, alimin yanıldığı da üzə çıxmış olur; ancaq mistik aydınlaşmanın baş verdiyi durumu başqası öz üzərində yoxlamaq istəyəndə heç bir nəticə alınmır.

Bertrand Russell
Bertrand Russell

Dindarlar buna qarşı çıxıb, mistik təcrübənin də baş tutması üçün gərəkən metodların olduğunu, bunun isə hamının bacarcağı bir iş olmadığını deyir, gözünü yumub teleskopla baxanda heç nə görmək olmadığını, buna örnək olaraq göstərirlər.

Beləliklə də, mistik təcrübələrə arxalanan biliklərin düzgünlüyü ilə bağlı bu söz çəkişməsini sonsuzlara kimi uzatmaq da olar.

Bu söz çəkişməsi elmi baxışlara arxalanaraq aparıldığından, elm də bu araşdırmada öz neytrallığını qorumağa çalışmalı, mistik təcrübələrə, necə aparıldığı bəlli olmayan təcrübə kimi baxaraq, onunla bağlı söz çəkişmələrinə də elə bu baxımdan yanaşmalıdır.

Elm özü gözlə görünən sınaqlarla gəlib çıxdığı sonuclara arxalanır; onun gəldiyi bu sonucların doğruluğunu yoxlamaq da olar.

Mistikaya qapılan kimsə öz bildiklərinə ürəkdən inanır, ona görə də, onların hansısa elmi yoxlamalardan keçirilməsinə gərək duymur; ancaq onun mistik təcrübə yolu ilə qavradığı bilikləri öyrətmək istədiyi adamın, bunları elmi baxımdan yoxlaya bilmək imkanı olmalıdır, tutalım, Quzey Qütbündə olmuş birisinin danışdıqlarını eşidən kimsə, özü orada olmasa da, ancaq onun dediklərini elmi baxımdan araşdıra, hansısa yoxlamalardan keçirə bilir.

Elmi çalışmaların ən başlıca özəlliklərindən biri də bu çalışmaların gedişində hansısa yaxşımı, ya pismi olacaq bəlli sonuclara gəlib çıxılacağının qabaqcadan qarşıya qoyulmamasıdır.

Mistiklərin yararına işləyən başlıca arqument, onların arasında çox sıx qarşılıqlı anlaşmanın olması sayılır. Dekan Ayndc (William Robert Inge Dalton) bunu belə dəyərləndirir:

“Mistiklər, istər orta yüzilliklərdə, istər bugünümüzdə olsun, istərsə də, protestant, katolik, lap elə buddist, yaxud mahəmmədçi olsunlar, onlar arasındakı düşüncə birliyi olduqca gözəçarpandır, ancaq mistik-xristianlarda bu düşüncə birliyi daha çox inandırıcı görünür”.

Mən bununla bağlı düşüncələrimi “Mistizm ilə məntiq” adlı kitabımda bildirdiyimdən, dekan Ayndcın dediklərinin doğru olub-olmamasını burada araşdırmaq istəmirəm. Mistiklər öz təcrübələrindən qavradıqlarını sözə çevirib danışanda, onların dedikləri biri-birindən çox seçilib ayrılsa da, ancaq onların dediklərinin içində üst-üstə düşən aşağıdakı mühakimələri ayırd eləmək olar:

1) kainat bütövdür, onun birliyini bölümlərə ayırıb, parçalayıb baxmaq düzgün deyildir;

2) yamanlıq bir illüziyadır, bu illüziyanın yaranmasının səbəbi isə, bütövün bir parçasını bütövün özü ilə eyniləşdirməkdən yaranan yanlış qavrayışdır;

3) zaman gerçək deyildir, gerçəklik isə ölümsüzdür, onun ölümsüzlüyü sonsuzluq kimi anlaşılmamalıdır, bu ölümsüzlük zamana sığmazlıq deməkdir.

Bu üç mühakimənin mistiklərin bütün öyrətmələrini özündə birləşdirdiyini demək istəmirəm, ancaq onu deyə bilərəm, mənim burada sadaladığım mühakimələrlə, mistizmlə bağlı konuların hamısnıda çox sıx-sıx qarşılaşırıq.

Gəlin, indi bir anlığına gözlərimizin önünə andlı məhkəmə iclasçılarını gətirib, özümüzü onların yerinə qoymaqla, bu üç gözlənilməz mühakiməni ortaya atan şahidlərin dediklərini araşdırmağa çalışaq.

Hər şeydən öncə, burada belə bir ilginc durumun yarandığı gözə çarpır: şahidlərin bir sıra mühakimələr üzrə dedikləri sözlər düz gəlsə də, ancaq onların konkret durumlara uyğun mühakimələr üzrə dedikləri sözlər biri-biri ilə düz gəlmir, onlar necə bir inamla biri-biri ilə anlaşırlarsa, elə belə bir inamla da biri-birinin dediklərini danan sözlər danışırlar.

Gəlin örnəklərə baxaq: katoliklərin mistik təcrübəsində onlar Məryəm Ananı görürlər, ancaq nədənsə Məryəm Ana protestanların mistik təcrübələrində onların gözünə görünmək istəmir; xristianlarla məhəmmədçilərə bütün vəhyləri mələk Cəbrayıl gətirir, ancaq o, nədənsə buddistlərin yanına gəlmək istəmir; daosizmə tapınanların başılıca ehkamına görə hakimiyyət heç vaxt yaxşı sayıla bilməz, ancaq avropalı mistiklərlə məhəmmədçi mistiklər qanuni hakimiyyətə sözsüz olaraq boyun əyməyə çağırırlar.

Düşüncə ayrılıqları ilə bağlı olan bu durumda, hər bir bölükdən olan mistiklər ancaq özlərinin düşündüklərinin düzgün olduğuna ürəkdən inanırlar. Ona görə də bizim mistiklərə qarşı olan bu məhkəməni çox asanlıqla uda bilməyimiz üçün belə bir faktı ortaya qoymağımız yetərlidir:

mistiklər ayrı-ayrı böyük bölüklərə ayrılaraq, hamısı biri-birini, çoxlu mülahizələr üzrə yanlışa qapılmaqda suçlayırlarsa, onda onların sözləri gerçəkliyə uyğun deyildir. Ancaq onlar da uduzmaqdan qaçınmaq üçün belə deyə bilərlər: bizim öz aramızda anlaşa bildiyimiz mülahizələr, anlaşa bilmədiyimiz mülahizələrdən qat-qat önəmli olduğundan, dediklərimizi bütövlükdə götürəndə, sözlərimiz üst-üstə düşür.

İş bu yerə gəlib çıxanda, biz də istər-istəməz, onların öz aralarında olan düşüncə ayrılıqlarını araşdırmağı bir qırağa qoyub, mistiklərin hamılıqla anlaşdığını dediyimiz həmin üç bəndin üzərində dayanmalıyıq: dünya bölünməz bir bütövlükdür, yamanlıq illüziyadır, zaman gerçək deyildir. Onların bir səslə şahidlik elədiyi bu üç hökmü, biz birbaşa özümüzün apara biləcəyimiz bağımsız araşdırmalarla necə yoxlaya bilərik?

Biz elmi baxışlara bağlı insanlar olduğumuz üçün, gərək öncə, mistiklərin şahidlik elədiyi gerçəklərin varlığını birbaşa özümüzün araşdıra bilməyimiz üçün hansı metodlardan yararlanmalı olduğumuzu aydınlaşdıraq.

Ortaya çıxardığımız bu sorunun cavabında biz, çoxlu, biri-birindən seçilib ayrılan cavablar eşidəcəyik.

Bu işin biliciləri bizə, anlağımızın belə konuları qavramaqda gücsüz olduğunu, ağlımızda barışmaz bir danıcılığın yer tutduğunu deyəcəklər; bizim oruc tutaraq özümüzü aclıqla sınağa çəkməli olduğumuzu, ruhumuzun dərin qatlarına dalmağa çalışmalı olduğumuzu deyəcəklər; birdən bizim qarşılaşdığımız şahidlər hindus, yaxud çinli olsalar, hansısa tənəffüslə bağlı tapşırıqları yerinə yetirməli olduğumuzu da deyə bilərlər.

Mənə elə gəlir, tənəffüslə bağlı gənəşmə, bu işdə daha çox işəyarar olacaqdır, ancaq burada oruc tutmaq da işimizə yetərincə yaraya bilər.

Beynəlxalq Yoqa Günü. Hindistanda yoqa məktəbinin qarşısında kütləvi meditasiya, 19 iyun 2015.
Beynəlxalq Yoqa Günü. Hindistanda yoqa məktəbinin qarşısında kütləvi meditasiya, 19 iyun 2015.

Bəlli fiziki tapşırıqların yerinə yetirilməsi qaydalarına arxalanan, yoqa adında bir metod da vardır, bunu yoxlayanların çoxusunun deməsinə görə, yoqanın yardımı ilə aparılan mistik təcrübələrdə gözlənilən sonuclara gəlib çıxmaq olur, həm də insanlar bu gördükləri mistik “gerçəklərə” ürəkdən inana, onlara həmişəlik bağlana da bilirlər.

Yoqanın başlıca bölməsi öz tənəffüsünü bəlli tapşırıqlara alışdırmaqdır, onun qalan bölmələrinə önəm verməmək də olar.

Gəlin yoxlayaq görək, yoqa doğrudanmı deyilən sayağı qavramaya gətirib çıxarır, yoxsa yox. Bunun üçün də, gəlin bu metodu bilərəkdən sadələşdirməyə çalışaq.

Tutalım, bir sıra insanların dediyi kimi, biz də hansısa bir müddətdə bəlli bir üsulla nəfəs alaraq, zamanın gerçək olmadığını qavraya bilmişik; bunun ardınca isə, deyilən tapşırıqların hamısını olduğu kimi yerinə yetirərək, anlağımızı öncədən deyilən duruma gətirə bilmişik.

Ancaq burası da var, bu sınağı qurtarandan sonra, normal qaydada nəfəs almağa başlayan kimi, biraz öncə yaşadığımız durumda qavradıqlarımız bizə yenidən inandırıcı görünməyəcəkdir. Bu anlaşılmazlığı necə yoluna qoya bilərik?

Birincisi, gəlin görək, “zaman gerçək deyildir” deyiminin anlamı nədir? Bu sözün altında hansısa başqa bir üstüörtülü anlam gizlədilməyibsə, yəni bu söz birbaşa, deyildiyi kimi də anlaşılmalıdırsa, onda belə çıxır:

İslam mistisizmi. Sufi
İslam mistisizmi. Sufi

“bu olay, o birisindən qabaq baş vermişdir” sayağı deyimlərin heç bir anlamı yoxdur.

Yox, birdən, buradakı deyilişi başqa sayaq yozmaq da olarsa, yəni olaylar arasında hansısa ilişkilərin varlığı tanınırsa, onların birinin o birindən sonra baş vermə sırası ilə düzülə bilməsi doğru sayılırsa, onda bu deyimlə bizim dünyagörüşümüz arasında çox da kəskin qarşıdurma yaranmayacaqdır.

Bu, haradasa, “İliada”nı biz tanıdığımız Homerin yox, bu adı daşıyan başqa bir Homerin yazdığını deməyə oxşayacaqdır.

Elə isə, gəlib çıxdığımız bu durumda biz, əslində heç bir “olayın” baş vermədiyini sanmalı olacağıq; buçağacan “olay” sandığımız nəsnələrə baxışlarımız isə belə olacaqdır: bütün gerçəkləri öz içərisinə alan olduqca böyük bir kainat vardır, onun bütövlüyü bölünməzdir, ancaq biz özümüz onun bütövlyündən nələrisə ayırıb onları keçici olaylar ardıcıllığı kimi qavrayırıq, ona görə də, hansısa olayların hansısa ardıcıllıqla baş verməsi bizim yanlış qavramımızdan qaynaqlanır, əslində isə onların heç biri gerçək deyildir.

Onda belə çıxır, gerçəkliyin içində, onu öncəgələnlə sonragələn olaylar ardıcıllığına ayırıb baxmaq üçün, heç bir ayırdedici özəllik də yoxdur.

Deməli: “biz doğuluruq, böyüyürük, sonra da ölürük” deyimi də elə: “biz ölürük, sonra kiçilirik, daha sonra doğuluruq” deyimi qədər yanlış sayılmalıdır. Hansısa fərdin bizə gerçəklik kimi görünən varlığı, əslində bir illüziyadır, bu, zamanla ölçülməyən, bölünməyən kainatın hansısa elementini bizim özümüzün götürüb illüziyaya qapılaraq, onu ayrı saymağımızdan başqa bir durum deyildir.

Yaxşılığa doğru gəlişmə ilə, pisliyə doğru çöküşün, sonu sevinclə bitən ağrı-acılarla, sonu ağrı-acılara gəlib çıxan sevincin arasında da heç bir fərq yoxdur. Siz birdən kürəyinə bıçaq saplanmış insan ölüsü görmüşsünüzsə, burada onun bıçaqla öldürüldüyünün, yoxsa, bıçağın onun kürəyinə ölümündən sonra saplanıldığının da heç bir fərqi olmayacaqdır.

Belə bir metodu düz saysaq, o, təkcə elə elmi yoxa çıxarmayacaqdır, onunla yanaşı olaraq, sağlam düşüncəni, insanın diləkləri ilə çalışmalarını da anlamsız eləyəcəkdir; lap desən, dinin başlıca dəyərlərindən sayılan əxlaqla bağlı olan bütün meyarları da puça çıxaracaqdır.

Mistiklərin böyük çoxluğu, sözsüz, bu metodu bütövlükdə doğru saymasalar da, onların işlətdikləri metodlar istər-istəməz gətirib buna çıxarır. Baxın, elə buna görə də dekan Ayndc təkamülü düzgün sayan dinləri tanımaq istəmir, axı təkamül hər şeyin zamanla baş verdiyini, zamana görə dəyişdiyini irəli sürür.

Budur, onun dedikləri: “Nə tərəqqinin qanunları deyilən bir nəsnə, nə də elə tərəqqi deyilən bir olay var”.

Bunu da o, deyir: “Özü-özünə baş verən, bütün kainatı qaplayan tərəqqi ideyası viktoriançıların uydurduğu yer dinidir, elə buna görə də dayanıqlı deyil, laxlayır, bu fəlsəfi nəzəriyyələrin içində, heç bir dəyəri olmayan, ən gücsüz bir nəzəriyyə kimi çox asanlıqla yalana çıxarıla bilənidir”.

Bir çox səbəblərdən sayğı bəslədiyim dekanın burada dedikləri ilə razılaşıram. Ancaq o, burada dediklərindən qanunauyğun olaraq çıxmalı olan, çoxlu sonucları sadalamaqdan nədənsə çəkinmişdir.

Georg Wilhelm Friedrich Hegel
Georg Wilhelm Friedrich Hegel

Mistizmdə də bir sıra doğruluq toxumları vardır, ancaq gərək çalışıb onlardan düzgün yararlana biləsən.

Gəlin baxaq görək, burada zamanın gerçəkliyini danmaqdan ortaya çıxan kəskin durumlardan necə yayınmağa çalışırlar.

Mistizmə arxalanan fəlsəfənin çox uzun olan tarixinin, Parmeniddən başlayıb, Hegelecən gəlib çıxan uzun bir gəlişmə yolu vardır.

Parmenid deyirdi: “Varlığı bəlli olan gerçəklik nə yaradılır, nə də dağılıb yox olur; o artıq başa çatmışdır, dəyişməzdir, sonsuzdur. O heç vaxt zamanla bağlı olmayıb, heç vaxt da olmayacaqdır; bunun səbəbi isə onun indi özünün davamı kimi, bütün dolğunluğu ilə var olmasındadır”.

Beləliklə də, Parmenid metafizikaya, gerçəkliklə onun görüntüsü anlayışlarını gətirmişdi, o, özü belə bir ayrılmanı: doğruluq ilə doğruluq haqqında olan rəy deyə adlandırırdı.

Yaşadığımız dünya zamana görə var olduğu üçün, birdən kimsə bunun tərsinə olaraq, zamanın gerçək olmadığını deyirsə, onda gərək belə bir ayrılıqların olduğunu da irəli sürsün, bu özü-özlüyündə aydındır. Ancaq elə bunun kimi aydın olan başqa bir durum da vardır: heç bir önəmi olmayan bir sınaq bütünlüklə illüziya deyildirsə, onda bu sınağın gedişində görünən nəsnə ilə, onun arxasında dayanan gerçəkliyin görünməyən tərəfləri arasında hansısa bir bağlılıq da olmalıdır.

Herbert Spencer
Herbert Spencer

Ancaq elə işin çətinliyi də burada üzə çıxmış olur: biz birdən, görünüşlə, onun bağlı olduğu gerçəkliyi biri-birinə çox yaxınlaşdırsaq, onda görünüşün bütün yaxşı olmayan özəllikləri də gerçəkliklə bağlanaraq, onda özünü üzə çıxarmağa başlayacaqdır.

Yox, birdən onları biri-birindən çox aralamağa çalışsaq, onda bu görünüşə arxalanaraq, onun arxasında dayanan gerçəkliyi Qavramaq olmayacaqdır, onda bu gerçəklik də, Herbert Spenserin sınaqlarında olduğu kimi, anlamsız bir nəsnəyə çevriləcəkdir.

Elə xristianların panteizmdən uzaq qaçmaq istəməsinin kökündə də bu dayanır: dünya gerçəkdən yoxdursa, ancaq eləcə bir görünüşdürsə, onda belə çıxır, Tanrı heç nə yaratmayıbdır, dünyanın doğulduğu gerçəkliklər isə Tanrının öz bölmələridir; yox, birdən dünya Tanrıdan ayrılıqda yerləşən bir gerçəklikdirsə, onda biz kainatın bütövlüyünü danmış oluruq, bu isə mistizmin başlıca doktrinasına qarşı çıxmaqdır, axı dünya gerçəklikdirsə, onda buradan dünyada olan yamanlıqların da gerçəkdən var olduqlarını sanmalıyıq.

Bu mürəkkəbliklər isə, inanclı xristianları çox ağır durumlara salır. Yepiskop Birmingemskinin dediyi kimi: “Məncə, panteizmin bütün formalarını... danmaq gərəkdir, insan doğrudan da Tanrının bir bölümüdürsə, onda insanın daşıdığı yamanlıqlar Tanrıda da olmalıdır”.

Öncədən də dediyim kimi, biz özümüzü andlı məhkəmə iclasçılarının yerinə qoyaraq, mistiklərin ifadələrini dinlədik, onların dediklərinin düzgün olub-olmadığını araşdırmağa çalışdıq. Onlar duyğularımızla qavradığımız gerçək dunyanın varlığını danmağa çalışanda, biz onların bu “gerçəklik” sözünü birbaşa anlamda işlətdiyini sandığımız üçün, bu deyilənləri də yalana çıxarmalı olduq, iş burasındadır, onların bu sözü, gündəlik yaşamda dedikləri başqa sözlərlə düz gəlmədiyi üçün, biz də qurduğumuz bu məhkəmədə belə bir addım atmalı olduq. Bundan sonra isə, biz bu sözün hansısa başqa bir anlamının da olub-olmadığını araşdırmağa başladıq.

Mənim düşüncəmə görə, mistik, “gerçəklik” sözünə qarşı “görünüş” sözünü qoymaqla, burada “gerçəklik” sözünü məntiqi dəyərindən büsbütün ayırıb, ona bütünlüklə emosional bir dəyər yüklənmiş olur. Bu dəyər isə, görünür, mistikin öz işini yola verə bilməsi üçün çox önəmlidir.

“Zaman gerçək deyildir” deyimində isə, görünür biz, hansısa bir duruma uyğun olan hansısa bir anlamda kainatı hökmən bölünməz bir bütövlük kimi qavramalıyıq; elə Yaradıcı da(birdən o, doğrudan da varsa), onu yaratmaq istəyəndə bölünməz bir bütövlük kimi düşünüb yaratmışdır.

Belə qavrama yolunu tutanda, baş verən bütün proseslər də artıq yaradılışı başa çatmış bir bütövlüyün içərisində baş vermiş kimi görünür; burada, keçmiş də, indi də, gələcək də, hansısa anlamda üçü də ancaq birlikdə var olur, bizim qavramımızda başlıca yer tutan indiki zamanın heç bir aparıcı üstünlüyü olmur.

Belə bir yozuma inanarsaq, onda belə çıxır, mistizm faktlara yox, emosiyalara arxalanır; o fakta arxalanaraq nəyisə iddia eləmədiyi üçün, elm də onun dediklərini nə təsdiq edə, nə də dana bilər.

Mistiklər hansısa mühakimələrini irəli sürəndə də, onların bu dedikləri, emosiyanı, elmi əsaslandırmadan ayıra bilmədikləri hansısa bir durumlarından qaynaqlanmış olur.

Çox ola bilsin, bizim onlar üçün bu dediklərimizi mistiklər doğru saymasınlar, ancaq elmlə qarşıdurma yaratmadan onların mühakimələrini qəbul eləyə bilməyin başqa bir yolu yoxdur.

İslam Şiə Sufiziminin imamı Ali ibn Abi Talib
İslam Şiə Sufiziminin imamı Ali ibn Abi Talib

Mistiklərin hansısa çoxluğunun bir düşüncəni izləməsi, yaxud onların özlərinə olan inamları, onların dediklərinə dinməz-söyləməz inanmaq üçün yetərli sayıla bilməz.

Hansısa alim öz gördüklərini başqalarına da göstərə bilmək üçün, teleskopunu, mikroskopunu kökləyib onlara verir; daha doğrusunu desək, o, dünyada gözlə görünməyən nələrisə tapıb üzə çıxarmaqla dünyanın görkəmində dəyişiklik yaradır, bunu izləmək istəyənlərə isə ancaq öz baxışlarını gərəkən qurğularla yaraqlandırmağı gənəşir.

Mistik isə onun gördüklərini görmək istəyən izləyicinin özünün büsbütün dəyişilməsini istəyir, o, gərək aclıq çəksin, nəfəs alıb-verməyini dəyişsin, yan-yörəsinə baxmaqdan çəkinsin.

(Mistiklərdən elələri də vardır, bədənin beləcə üzülüb əldən salınmasını düzgün saymır, belə süni yollarla mistik aydınlığa çatmağın mümkün olmadığını deyirlər; ancaq onların özlərinin də hansı yollarla mistik təcrübə apardıqlarını elmi yolla yoxlamaq, demək olar, mümkün deyildir, heç olmasa yoqa ilə mistik təcrübə aparanın durumunu nə iləsə araşdırmaq olur. Ancaq yenə də, mistiklərin böyük çoxluğu mistik aydınlaşma üçün aclığın, asketizmin çox kömək göstərdiyini deməkdədirlər).

Bizim hamımızın çox gözəl bildiyimiz kimi, tiryək, həşiş, o sıradan alkoqol da, insanların yan-yörələrini izləməsində onların baxışlarında çox şeyləri dəyişə bilir, ancaq biz bu sayaq təsirlərə qapılmağı yanlış saydığımız üçün, onların aşıladığı duyumları da dünyanın qavranılması üçün yararsız sayırıq.

Hərdən bu narkotiklər, yaxud da alkoqol, gerçəkliyin hansısa zərrəciklərini daha doğru qavramağa kömək də edə bilər, ancaq buna baxmayaraq, biz onların təsiri altında alınan bilikləri önəmsiz sayırıq.

Birdən içkili olan birisinin gözünə ilan görünmüşsə, o, ayılandan sonra başqalarının görə bilmədiyi hansısa gizlin bir gerçəyi gördüyünü sanmır, baxmayaraq elə içkili olmaqdan doğan qarabasmalardan, Baxus mifinin yarandığını da düşünmək olar.

Uilyam Ceymsin (W.James) deməsinə görə, bizim günlərdə elə insanlar vardırlar, güldürən qazdan(azot oksid) keflənəndə, insanların görə bilmədikləri çoxlu gizlin gerçəkləri görə bildiklərini sanırlar.

Elmi baxımdan yanaşanda, kiminsə aclıq keçirib özünü cənnətin bir bucağında görməsi ilə, bir başqasının çox içib qarabasma içində ilan görməsinin heç bir önəmli fərqi yoxdur. Onların ikisi də, fiziki baxımdan normal sayıla bilməyəcək bir durumdadırlar, ona görə də, gerçəkliyi normal qavraya bilmirlər. Gerçəkliyi normal qavraya bilmək, yaşamaq uğrunda savaş üçün çox gərəklidir, ona görə də, insanların qavramları gərək faktiki duruma uyğun olsunlar; normal olmayan duyumlardan isə, belə faktiki duruma uyğunluğu gözləməyə də dəyməz, ona görə də, belə yanlış görünüşləri normal duyum saymaq da doğru deyildir.

Yanlış inanca bağlı olmayan mistik emosiya, insanı normal yaşam durumundan qırağa çıxarıb öz içində itirib batırmır, o insanı özünə qapılma dalğınlığına çatdırmaqla, ona çox dəyərli nəsnələr də öyrədə bilər.

Ancaq burası da var, bu dəyərlərin hamısında bir aşırılıq da olacaqdır. Belə bir emosiya insanın könlünə bir genişlik, dərinlik, toxtaqlıq gətirir, insanın eqoistik çatışmazlıqları hansısa bir sürədə itir, beləliklə də insanın anlağı bu anlarda kainatı bütün ənginliklərinə kimi əks etdirən bir güzgüyə çevrilir.

Kimsə öz ömründə buna oxşar durumları yaşayıbsa, habelə, bu anda duyduqlarının ona kainatın özü tərəfindən aşılandığını düşünürsə, onu belə düşüncələrdən çəkindirə bilmək çox çətindir. Mən isə kainatın özünün birbaşa bizim anlağımıza nələrisə aşılamadığını düşünürəm, belə düşünməyə əsas verən heç bir gerçək faktın olmadığını sanıram. Mən gerçəkliyi olduğu kimi qavramaqda elmi metotddan başqa da hansısa başqa bir metodun olduğuna da inanmıram, ancaq insanın emosiyaları ilə bağlı olan oblastda, dinin yaranmasına gətirib çıxaran təcrübələrin olduğunu da danmıram.

Yanlış inanclara arxalandıqları üçün, bu təcrübələr nə qədər yaxşılıqlar törədə bilmişlərsə, elə o qədər yamanlıqlar da törətmişlər; onların yanlış inanclardan olan asılılığını aradan qaldırmaq olardısa, ola bilsin, onların bundan sonra ancaq elə yaxşılıqlar törədəcəyinə inanmaq da olardı.

Yorumlar

1Ariançılıq(arianism)—IV yüzilliyin başlanğıcında Arian tərəfindən yaradılmış xristian təriqətidir, ariançılar İsa Məsihin ilahiliyini danır, onu yarımtanrı sayırdılar.

2Sandimaniançı(Sandemanians)—1730-cu ildə Şotlandiyada Con Qlas tərəfindən yaradılmış sektadır, sonradan bu sektanın ən tanınmış öndərlərindən olmuş Robert Sandimanın adı ilə bağlanmışıdr. Sandimanın baxışlarına görə, İncildə milli kilsələrin varlığı yasaqlanmışdır, kilsə “göy krallığının”—ilahi hakimiyyətin özəklərindən biri olaraq ancaq ruhani mahiyyət daşıyır; ona görə də xristian kilsəsi siyasi, yaxud dünyəvi vasitələrdən yararlanmamalıdır, o yalnız İsa Məsihin sözləri ilə ruhuna arxalanaraq fəaliyyət göstərməliidr.

Rus dilindən Araz Gündüz çevirib

XS
SM
MD
LG