Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

Ağdam muzeyində talançılıq


Ağdamda muzey
Ağdamda muzey

-

“Müəssisədə faktiki olaraq işləməmiş şəxslərin adına illərlə əmək haqqı yazmaq... Həmin pul vəsaitlərini onların əvəzindən cədvəllərə imza etmək və ya kartla bankomatdan çıxartmaq yolu ilə külli miqdarda dövlət əmlakını talamaq... Tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmək, qanunvericilikdə nəzərdə tutulandan artıq ştat vahidi saxlamaq və ya əməyin ödənişini artıq dərəcə ilə tarifləndirmək...”

Bütün bunlar hansısa dövlət orqanında, baş idarə və ya iri şirkətdə deyil, kiçik bir mədəniyyət müəssisəsində qeydə alınıb. Ağdam rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olmaqla rayonun Mahrızlı kəndində yerləşən Rahib Məmmədov adına “Döyüş Şöhrəti Muzeyi”ndə.

'Döyüş şöhrəti' muzeyi
'Döyüş şöhrəti' muzeyi

​Son vaxtlar bu muzeyin sənədləri prokurorluq və məhkəmə orqanlarının “eksponatına” çevrilib. Üz-üzə gələn tərəflər isə Xocalı və Xankəndinin keçmiş sakinləridir...

RƏSSAM 9 İLLİK MAAŞINI ALA BİLMƏDİYİNİ İDDİA EDİR

Həmin muzeydə rəssam işləyən Emil Mirzəliyev illərdir ki, mərkəzi icra hakimiyyəti, hüquq-mühafizə və məhkəmə orqanlarına şikayət edir. O, bildirir ki, 2007-ci ildən bəri bu müəssisədə işləsə də, 9 illik əmək haqqını ala bilməyib:

“Xocalı köçkünü olduğumuzdan, həm də sığınacağımızın yaxınlığında yerləşdiyindən atam muzeyə gözətçisi, mən isə rəssam işinə götürülmüşdüm. Amma bircə atamın maaşı verilirdi, mənim adıma işlənən əmək haqqı kartı isə bu illər boyu müdirdə olub. Hər dəfə maaşımı tələb edəndə, deyirdi bir neçə nəfərin kartı ondadır, bu kartlarla bankomatdan çıxarılan pulla muzeyi yoxlamağa gələn təftişçiləri, komissiyaları yola salır. O, tezliklə kartı özümə qaytaracağını deyir, şikayət edəcəyim təqdirdə isə həm məni, həm də atamı işdən çıxaracağı ilə hədələyirdi.”

“ALƏMİ BİR-BİRİNƏ QATANDAN SONRA PROKURORLUQ HƏRƏKƏTƏ KEÇDİ”

Emil Mirzəliyevin sözlərinə görə Ağdam rayon prokurorluğu uzun müddət onun şikayətini araşdırmağa tərəddüd edib:

Emil Mirzəliyev
Emil Mirzəliyev

“Yuxarı orqanlara çoxsaylı şikayətimdən və “qaynar xətt”lərə davamlı zənglərimdən sonra muzey direktorunun fəaliyyəti yoxlanıldı. 2014-cü ilin mayında ona qarşı cinayət işi açıldı və istintaq başlanıldı. Amma nə ibtidai istintaq, nə də məhkəmə araşdırması dövründə mənə vurulmuş zərər təqsirkar şəxsə ödətdirilmədi. Adıma işlənmiş plastik kart cinayət qovluğunda hələ də saxlanılır.”

MUZEYDƏ XEYLİ SAYDA “ÖLÜ CAN” TAPILIB...

Rahib Məmmədov adına “Döyüş Şöhrəti Muzeyi”ndə 3 aylıq araşdırmadan sonra Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.

Rəsmi sənədlərə görə, muzeydə talançılıq məqsədyönlü şəkildə aparılıb və 9 ildən artıq bir dövrü əhatə edib. Bəzi şəxslər illərlə muzeydə “işlədiklərindən” və adlarına plastik kart olmalarından yalnız istintaqa cəlb ediləndə xəbər tutublar. Belə qadın “işçilər”dən bir neçəsi hətta analıq məzuniyyətinə çıxarılıb və saxta tərtib edilmiş sənədlərlə onları digər şəxslər əvəzləyib. Muzeyin bəzi əməkdaşlarının isə başqa rayonlarda yaşadığı məlum olub.

Ağdam rayon məhkəməsinin 18 dekabr 2014-cü il tarixli qərarı ilə muzey direktoru barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Əməl ağır cinayət hesab edildiyindən iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

MƏHKƏMƏ HƏM AĞIR CİNAYƏT TÖRƏTMƏKDƏ TƏQSİRLİ BİLİB, HƏM DƏ ELƏ ZALDACA HƏBSDƏN AZAD EDİB

arxiv foto
arxiv foto

​Məhkəmədə muzey direktoru qulluq mövqeyindən sui-istifadə etməklə dövlət əmlakı olan 19 020 manatı mənimsəməkdə günahlandırılıb. Bundan başqa qeyd edilib ki, o qanunsuz qərarlar qəbul etmə və saxta sənədlər tərtib etməklə daha 17 312 manat vəsaiti israf edib. Əməllərini ört-basdır etmək üçün isə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol verib. Nəticədə Gəncə Ağır Cinayətlər Məhkəməməsinin hökmü ilə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə)və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə təqsirli bilinib. Ona 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Amma bu cəza şərti hesab edilib və 2 il sınaq müddəti müəyyən edilməklə o, məhkəmə iclas zalındaca azad edilib.

“MƏNƏ DEYİRLƏR Kİ, SƏN ZƏRƏRÇƏKƏN YOX, ŞAHİDSƏN”

Emil Mirzəliyev bildirir ki, faktiki olaraq zərərçəkən olsa da, o, iş üzrə şahid kimi tanınıb. Buna görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünü ala və ondan şikayət edə bilmir:

“Hara yazıramsa, cavab gəlir ki, sən iş üzrə “zərərçəkən”, “mülki iddiaçı” kimi tanınmamısan. Mən prokurorluğa verdiyim ərizədə, yuxarı orqanlara etdiyim şikayətlərdə, məhkəməyə verdiyim ifadədə əmək haqqımın müəssisə rəhbəri tərəfindən mənimsənildiyini bildirmişəm. Dediklərim ibtidai istintaq və məhkəmədə də öz təsdiqini tapıb. Araşdırma ilə müəyyən edilib ki, 2006-2014-cü illər üzrə mənə hesablanmış əmək haqqının 653 manat 47 qəpiyi nağd yolla, 7997 manat 20 qəpiyi isə plastik kartla mənimsənilib.

Bu, mənim təqsirim deyil ki, prokurorluq və məhkəmə orqanları məni “zərərçəkən” qismində tanımayıb. İndi hara şikayət edirəmsə, cavab gəlir ki, bu işə məhkəmə qaydasında baxılıb. Üstəlik mənə o da izah edilir ki, cinayət prosesinin iştirakçısı olmadığımdan, məhkəmənin hökmünü ala və ondan şikayət edə bilmərəm.”

MƏHKƏMƏ OBYEKTİV QƏRAR QƏBUL ETDİYİNİ BİLDİRİR

Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Kəramət Əliyev Emil Mirzəliyevə ünvanladığı məktubda şikayətlərini əsassız hesab edib:

“Həm ibtidai, həm də məhkəmə istantaqı zamanı verdiyiniz ifadələrə yekun məhkəmə qərarı çıxarılan zaman obyektiv hüquqi qiymət verilib.”

“İDDİA İMKANLARI TÜKƏNMƏYİB”

İşə götürülmə əmri
İşə götürülmə əmri

​Hüquq müdafiəçisi Vazeh Zahidov hesab edir ki, əmək haqqı tələbi ilə bağlı iddia imkanları tükənməyib:

“Əgər vətəndaş əmindirsə ki, üzərinə düşən əmək funksiyasını yerinə yetirib və ona ödənilməli olan əmək haqqı başqa şəxs tərəfindən mənimsənilib, əmək hüquqlarının pozulması ilə bağlı mülki qaydada yerli məhkəmədə iddia qaldıra bilər. Deyilənlər məhkəmə hökmündə öz əksini tapıbsa, bundan güclü sübut ola bilməz. Həmin hökmün alınması üçün işə baxacaq məhkəmə qarşısında vəsatət qaldırıla bilər.”

AZƏRBAYCAN MƏHKƏMƏLƏRİNİN “İKİLİ STANDART”LARI

“Ağdam işi”ində diqqət çəkən daha bir məqam isə mənimsəmə və vəzifə saxtakarlığı ittihamı ilə təqsirləndirilən şəxsə təyin edilmiş uzunmüddətli həbsli cəzanın qısamüddətli şərti cəza ilə əvəzlənməyidir. Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddəsi üzrə ittihamlar son illər ölkənin tanınmış ictimai fəallarına- Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, Xədicə İsmayılova və başqalaına qarşı da irəli sürülüb. Amma keçirilən qalmaqallı prosesləri dünya çapının diqqətdə saxlamağına, yerli və beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, Azərbaycan məhkəmələri onların heç birinə qarşı bu humanistliyi göstərməyib. Halbuki adları çəkilən şəxslər dövlət müəssisəsi rəhbəri, mənimsənildiyi və israf edildiyi iddia olunan əmlak isə Azərbaycan dövlətinin, yaxud onun vətəndaşının olmayıb.

XS
SM
MD
LG