Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:18

Saatlıda yaşayan rəssam: "Deyirlər, bu nə təhər rəssamdır, qulağı boyunda çəkir"


Sürəyya Muğanlının rəsmi
Sürəyya Muğanlının rəsmi

-

Azad Qaradərəli

MUĞANDA GÜNƏŞ HİSS OLUNMUR...

Azad Qaradərəli
Azad Qaradərəli

Ədəbiyyat dərgisi çap etməyə başlayanda düşünmüşdüm ki, hər nömrədə bir rəssamın işlərindən söz açacaq, əsərlərindən nümunələr verəcəyik. Bu o demək idi ki, sözlə rəsmin daha yaxın qohum olduğu qənaətindəydik.

Sənətə daha həssas olan mərhum Rafiq Tağı “o boyda rəssamı hardan tapacaqsan” deyəndə, mən dünya rəssamlığına da üz tutacağımı bildirmişdim. Belə də oldu...

İlk müraciət etdiyimiz yerli rəssamlardan biri Sürəyya Muğanlı oldu. Özünü tanımasam da, əsərlərini görüb heyrətləndim. Dərgimizin 3-cü sayının üz qabığı və içərisi onun sürrealist əsərləri ilə süsləndi. Muğanda – Saatlıda yaşayan bu rəssam xanıma sifariş etdim ki, dərgidə əsərlərinizi vermişik, alıb tanış ola bilərsiniz...

Üstündən 3 il keçəndən sonra yolum Saatlıya düşdü. Dərgimizin oxucuları ilə maraqlı görüşdən sonra xahiş etdim ki, məni Sürəyya Muğanlı ilə tanış etsinlər. Biz Saatlı rayon tarix-diyarşünaslıq muzeyinə yollandıq. İlk söhbətdəncə məlum oldu ki, Sürəyya xanımın əsərlərinin bizim dərgidə getməsindən xəbəri yoxdur.(!?) Ucqarın belə çətinlikləri var...

Sürəyya Muğanlının rəsmi
Sürəyya Muğanlının rəsmi

Bir görəydiniz ki, rəssam xanım üç il qabağın dərgisinin əlimdəki nüsxəsini necə acgözlüklə seyr edirdi. Mən onu Sürəyya xanıma bağışlayanda elə bil dünyanın ona bağışlandığını zənn etdi.

O, bizi uzun illərin əziyyəti hesabına öz əlləri ilə qurduğu muzeylə tanış etdi. Muzey haqda, onun eksponatları haqda elə danışırdı ki, sanki ən doğma adamları haqda danışırdı...

Sonra mən ondan xahiş etdim ki, bizi öz əsərləri ilə tanış etsin.

Bir görəydiniz ki, onun üzü necə işıqlandı. Muğan günəşinin (yeri gəlmişkən, burda günəş hiss olunmur, yəni batdısı, çıxdısı bilinmir – o həmişə muğanlıların yanındadır) əks olunduğu bu simada oxumağa çalışdığım ifadələr gəzir.

“Burda mənim rəsmlərimi sevmirlər ki... Deyirlər, bu nə təhər rəssamdır, qulağı boyunda çəkir. Göz dizdə olur, ürək bir ayrı yerdə... Məni dəli hesab edən də var bəlkə...” Bunları deyə-deyə işlərinin yığıldığı bir otağa aparır bizi.

Sürəyya Muğanlının rəsmi
Sürəyya Muğanlının rəsmi

İlk qarşıma çıxan əsər sarsıdır məni: Bu gördüyüm yüzlərlə “Dədə Qorqud”un içində xüsusi seçilən əsərdir. Onun reproduksiyasını görmüşdüm və dərgimizin üz qabığında getmişdi. İndi orjinalla üz-üzəyəm.

Bu da “Sirli alım” tablosu. Çoxlu qulaq var, yaxud əsər özü iri bir qulaq kimidir. Mən “Yerin qulağı” adlandırıram bu tablonu. Mənim izahım və bu cür ad verməyim Sürəyya xanımın çox xoşuna gəlir. Əsərinə verilən qiymətdən fərəh duyduğunu hiss edirəm.

Bu da başqa bir “Sirli alım” tablosu. (Rəssamın bu adda tabloları çoxdur, bir silsilə kimi.) Qoca bir kişi tablonu tamam tutub, sanki dünyanı tuutub, saç-saqqalı yerlə sürünür, əl-ayağımıza dolaşır... İblismidir, məlkəmidir, nəmidir? Sürəyya xanım çətinlikdən qurtarır məni: “Mən burda dünyanı – qoca dünyanı öz duyduğum kimi vermişəm...”

Qulağıma Müfistofelin qəhqəhəsi gəlir:

Hərdən xoşum gəlir lap bu qocadan,

Onunla aranı vurmamaq şərtdir...

Şeytanın özüylə belə mehriban

Danışmaq özü də bir kəramətdir...

Sürəyya Muğanlının rəsmi
Sürəyya Muğanlının rəsmi

Və başqa bir tablo: Yer kürəsinin üstündə tutaşan iki adam... Qrafikayla işlənmiş bu əsərdə güclü kölgə effektləri hələ çılpaq olan insanın torpaq üstə didişməsini elə sərrast çatdıra bilir ki...

...Mən Sürəyya xanımdan və onun əsərlərindən ayrıla bilmirdim. Heç bu əsərlər də məni buraxmaq istəmirdi. (Sonradan məlum oldu ki, muzeyin başqa bir otağı da var ki, rəssamın rəsm əsərlərinin anbarıdır bura. Bir bilsəniz, burada rəssamın necə nadir inciləri yatır!)

Yazının sonunda aidiyyatı qurumlara bir xatırlatma: Muğanda - Saatlıda bir xəzinə var, Sürəyya Muğanlının əsərlərindən ibarət xəzinə. O xəzinəni xalqa çatdırmaq və dünyaya çıxartmaq sizin boynunuzun borcudur. Bakıda bu xanım rəssamın böyük bir fərdi sərgisini təşkil etsəniz, mədəniyyətimiz də udar, rəssamlığımız da qazanar...

Biz muzeyi tərk edəndə zəif qış günəşi zenitdəydi. Zatən burda günəş hiss olunmur ki...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG