Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:13

«Human Rights Watch» amansız repressiyadan danışır


Human Rights Watch
Human Rights Watch

-

Hakimiyyətin müstəqil QHT-lərə və mediaya qarşı amansız repressiyası onları pərən-pərən salıb. Aparıcı hüquq müdafiəçiləri, siyasi fəallar və jurnalistlər siyasi xarakterli, ədalətsiz məhkəmə işləri ilə uzun müddətə azadlıqdan məhrum ediliblər. Onların çoxu hələ də hədə-qorxularla üzləşir, mühakimə olunur. Bir çoxları ölkəni tərk etməli olub, bir çoxlarına isə ölkədən çıxış qadağası qoyulub. İnsan hüquqları üzrə beynəlxalq müşahidəçilərin və xarici jurnalistlərin ölkəyə girişinə icazə verilməyib.

«Human Rights Watch» təşkilatının insan haqları ilə bağlı illik hesabatının Azərbaycanla bağlı hissəsində belə deyilir.

Hesabatda bildirilir ki, Azərbaycanın beynəlxalq tərəfdaşları hökumət tənqidçilərinin mühakimə olunmasından, tüğyan edən geniş repressiya mühitindən narahatlıqlarını ifadə etsələr də, irəliləyişin olması üçün, belə görünür, onlar konkret tədbirlər görməlidirlər. Azərbaycan iyun ayında 1-ci Avropa Oyunlarına ev sahibliyi edib. Lakin Olimpiya Xartiyasının media azadlığı və insan ləyaqəti üzrə təminatlarına hörmət etməyib.

HÖKUMƏTİ TƏNQİD EDƏNLƏRİN TƏQİB OLUNMASI

Hökumət tənqidçilərin səsini boğmaq üçün onlara qarşı saxta ittihamlarla cinayət işi açmaq təcrübəsinə davam edir. Ən çox da xuliqanlıq, narkotik, vətənə xəyanət və iqtisadi cinayət ittihamlarından istifadə edilir. Bu təcrübədən istifadə 2015-ci ildə ən yüksək həddə çatıb. Bu yolla onlarla hüquq müdafiəçisi, jurnalist, siyasi fəal və başqa tənqidçi cinayət təqibinə məruz qalıb.

Onlardan insan hüquqları üzrə tanınmış vəkil İntiqam Əliyev, veteran hüquq müdafiəçisi Leyla Yunus və əri Arif, məşhur araşdırmaçı-jurnalist Xədicə İsmayıl və insan hüquqları təbliğatçısı Rəsul Cəfərov 2015-ci ildə 6 ildən 8.5 ilədək azadlıqdan məhrum ediliblər. Bundan başqa, müxalif «Azadlıq» qəzetinin köşə yazarı Seymur Həziyev, müsavatçılar Sirac və Fərəc Kərimlilər, Xalq Cəbhəsi Partiyasından Murad Adilov da siyasi ittihamlarla azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. İnsan hüquqları fəalı Taleh Xasməmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsinin REAL Hərəkatının lideri İlqar Məmmədovun işi ilə bağlı qərarından sonra Avropa Şurası onun azad edilməsi ilə bağlı çoxsaylı çağırışlar edib. Eyni məhkəmənin jurnalist Tofiq Yaqublunun həbsi ilə də bağlı qərarı var. Ancaq məhkəmə qərarlarına baxmayaraq, onların hər ikisi hələ də həbsdədir.

Avqust ayında Ali Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliyə qarşı 2014-cü ildə çıxarılmış 5 il yarım azadlıqdan məhrumetmə cəzasını qüvvədə saxlayıb.

Xalid Bağırov
Xalid Bağırov

VƏKİLLƏRİN TƏQİBİ

Azərbaycan Vəkillər Kollegiyası hüquq müdafiəçilərini və fəalları təmsil edən bir neçə vəkili cəzalandırıb, ya da kollegiyadan xaric edib. Bir neçə halda prokurorlar vəkilləri onların təmsil etdikləri işlər üzrə şahid qismində dindirməklə, maraqların toqquşmasını əsas gətirərək həmin işlərdə vəkil kimi iştirakına icazə verməyib. İyulun 10-da vəkil Xalid Bağırov müvəkkili İlqar Məmmədova qarşı məhkəmənin çıxardığı qərarı tənqid etdiyinə görə Vəkillər Kollegiyasından xaric olunub. İyul ayında başqa bir vəkil Əlayif Həsənov Leyla Yunusun kamera yoldaşı tərəfindən döyülməsi xəbərini ictimailəşdirdiyinə görə məhkəmənin qərarı ilə Kollegiyadan uzaqlaşdırılıb.

MEDİA AZADLIĞI

Noyabrın 5-də 2014-cü ildə saxta casusluq ittihamı ilə həbs olunmuş tanınmış jurnalist Rauf Mirqədirovun məhkəməsi başlayıb. Məhkəmə prosesi qapalı keçirilib.

2014-cü ilin dekabrında AzadlıqRadiosunun Bakı ofisinə reyd keçirilib. Radionun əməkdaşları sorğu-suala çəkilib. Avadanlığa əl qoyulub, ofis möhürlənib. İşçilərin bəziləri ölkəni tərk etməli olub. 2015-ci ilin fevralında hakimiyyət Azadlıq Radiosunun jurnalisti Babək Bəkirin ölkədən çıxmasına icazə verməyib.

Avropa Oyunları zamanı bir neçə məşhur beynəlxalq jurnalist ölkədən deportasiya olunub. Ya da onların Azərbaycana girişinə icazə verilməyib.

Mərkəzi ofisi Berlində yerləşən Meydan TV-nin direktoru Emin Milli tənqidi reportajlarına görə Azərbaycanın Gənclər və idman naziri tərəfindən hədələndiyini bildirib. Meydan TV-nin Berlindəki əməkdaşları Azərbaycandakı qohumlarına hədə-qorxu gəlindiyi bildiriblər.

Emin Milli
Emin Milli

Sentyabrın 3-də prokurorluq Meydan TV-nin «ştatdankənar» müxbirlərini Mingəçevirdəki polis şöbəsində baş vermiş ölümlə bağlı keçirilmiş etiraz aksiyasından hazırladıqları reportaja görə sorğu-sual edib. Elə həmin ay Meydan TV-nin jurnalisti Şirin Abbasov polisə müqavimət iddiası əsasında 30 gün müddətinə inzibati həbs alıb. Meydan TV-nin demək olar ki, Bakıdakı bütün jurnalistlərinin ölkədən çıxışına qadağa qoyulub.

İsveçrə səfirliyi Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun təsisçisi Emin Hüseynovun Azərbaycandan təhlükəsiz şəkildə İsveçrəyə getməsinə kömək edib. Siyasi səbəblərə görə həbs olunmaqdan ehtiyat edən Emin Hüseynov 2014-cü ilin avqustundan İsveçrənin Bakıdakı səfirliyində sığınacaq tapıb. O, İsveçrəyə gedənə qədər burada qalmışdı.

Gündəlik nəşr olunan «Azadlıq» qəzeti hökumətin satışına yaratdığı əngəllər, dövlət idarəçiliyində olan yayım orqanının qəzetə olan borcunu ödəməməsi və diffamasiya ilə bağlı yığılmış külli miqdarda cərimələr ucbatından bağlanmaq təhlükəsi ilə üz-üzədir. İyul ayında hakimiyyət qəzetin mühacirətdə olan redaktoru Qənimət Zahidovun üç qohumunu saxlayıb. Onlardan ikisinə qondarma ittihamlarla 25 və 30 günlük inzibati həbs cəzası verilib. Üçüncüsü isə narkotik ittihamı ilə hələ də həbsdədir.

2014-cü ilin dekabrında parlament qanuna dəyişiklik edərək, media orqanlarının xaricdən maliyyələşməsini qadağan edib. Dəyişiklik məhkəmələrə il ərzində iki dəfə doğru olmayan məlumat yayan istənilən nəşri bağlamaq səlahiyyəti verib.

TƏŞKİLATLANMA AZADLIĞI

2014-cü ildən onlarla müstəqil QHT bağlanıb. 2014-cü ilin dekabrında Avropa Şurasının Venesiya Komissiyası QHT-lər haqqında qanuna dəyişikliklərin daha sərt qeydiyyat və hesabatlılıq tələbləri qoymaqla, habelə ağır cərimələr nəzərdə tutmaqla, xaricdən maliyyələşməni qadağan etməklə faktiki olaraq QHT-lərin Azərbaycanda fəaliyyətini məhdudlaşdırdığını bəyan edib.

Bəhruz Hacıyev
Bəhruz Hacıyev

İŞGƏNCƏ VƏ PİS RƏFTAR

İşgəncə və pis rəftar halları cəzasız qalmaqda davam edir. Avqustun 20-də Mingəçevirdə Bəhruz Hacıyev adlı şəxs polis tərəfindən saxlanılaraq sorğu-sual edildikdən az sonra polis şöbəsində ölüb. Daxili İşlər Nazirliyi bildirib ki, o özünü polis şöbəsinin pəncərəsindən atıb. Bəhruz Hacıyevin yaxınlarıisə onun bədənində başqa zorakılıq əlamətləri olduğunu söyləyiblər.

2014-cü ilin dekabrında Elşad Babayev adlı məhbus həbsxanada ölüb. Babayevin bacısı qardaşının bədənində zorakılıq əlamətlərini əks etdirən şəkilləri ictimaiyyətlə paylaşıb. Lakin ölüm faktı ilə bağlı heç kim məsuliyyətə cəlb edilməyib.

İyul və avqust aylarında İlqar Məmmədov prezidentə əfv müraciəti imzalamaqdan imtina etdiyinə görə məhbus yoldaşı tərəfindən döyüldüyünü bildirib. Avqustda Avropa Şurasının baş katibi məsələnin hərtərəfli araşdırılması üçün ədliyyə nazirinə məktub göndərib. İlqar Məmmədov oktyabr ayında bu dəfə həbsxana rəhbərliyi tərəfindən döyüldüyünü desə də, hakimiyyət bu halları araşdırmayıb.

Aprel ayında ölkəyə səfər edən BMT-nin İşgəncələr üzrə Alt Komitəsi hökumətin məhbusların vəkillə təmin olunma, tibbi baxış və yaxınları ilə əlaqə kimi fundamental hüquq və prosessual təminatlarını yerinə yetirmədiyini təsbit edib.

Seçki
Seçki

SEÇKİLƏR

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) hökumətin qoyduğu qadağaları əsas gətirərək, noyabrın 1-də keçirilmiş parlament seçkilərinə müşahidə missiyası göndərməkdən imtina edib. DTİHB əvvəlcədən də bildirmişdi ki, seçki ərəfəsində baş vermiş həbslər, məhkəmə prosesləri və jurnalistlərin həbsləri seçki mühitini pisləşdirib. Avropa Parlamenti və ATƏT-in Parlament Assambleyası da seçkiyə müşahidəçi göndərməkdən imtina edib. Avropa Şurası Parlament Assambleyasının məhdud sayda göndərdiyi müşahidə missiyası səsvermənin «ümumilikdə» beynəlxalq standartlara uyğun keçdiyini bəyan edib. Ancaq missiyanın üç müşahidəçisi bu bəyanatla razılaşmayaraq, azad və demokratik seçkilər üçün şərait yaradılmadığını söyləyib.

ƏSAS BEYNƏLXALQ FAKTORLAR

Avropa Parlamenti istisna olmaqla, Avropa Birliyinin başqa heç bir qurumu və ya üzv dövləti Azərbaycanın insan hüquqlarını ayaqlar altına almasına səsini ucaltmayıb.

Avropa Birliyi-Azərbaycan strateji tərəfdaşlıq sazişi üzrə danışıqlar davam edir.

ABŞ Dövlət Departamenti hüquq müdafiəçilərinin mühakiməsi ilə bağlı bir neçə dəfə qınayıcı bəyanatla çıxış edib. May ayında media SOCAR-ın 2013-cü ildə 10 konqresmenin Bakıya səfərini gizli maliyyələşdirdiyini, səfər zamanı onlara və onları müşayiət edən 32 əməkdaşa bahalı hədiyyələr verdiyini ifşa edib. Həmin səfərdən sonra SOCAR və digər neft şirkətləri üçün əlverişli bir qanunvericilik təşəbbüsü Konqresdən uğurla keçib.

BMT
BMT

İyun ayında Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda insan hüquqlarının pozulmasını pisləyən qətnamə qəbul edib. Qətnamədə AŞPA ölkədə sistemli şəkildə həyata keçirilən repressiyaya son qoymağa çağırıb. Avropa Şurasının baş katibi və Parlament Assambleyasının prezidenti sözügedən məhkəmə işləri ilə bağlı narahatlıqlarını ifadə edən bəyanatlar veriblər. Oktyabrda baş katib hüquq müdafiəçiləri ilə bağlı vəziyyətin pisləşdiyini əsas gətirərək, Avropa Şurasının İnsan hüquqları üzrə İşçi Qrupundan çıxdığını bəyan edib.

BMT-nin İnsan Hüquqları Şurasının iyun ayında keçirilən toplantısında İrlandiyanın başçılıq etdiyi 25 dövlət Azərbaycanda tənqidi fikirlərin sistematik şəkildə boğulmasını pisləyib. Həbs edilmiş hökumət tənqidçilərini dərhal və şərtsiz azadlığa buraxmağa çağırıb. Avqustun 20-də BMT-nin altı eksperti birgə bəyanat yayaraq, Leyla və Arif Yunuslara qarşı çıxarılmış hökmün açıq-aşkar siyasi xarakterli olduğuna pisləyib. Azərbaycanı insan hüquqları fəallarının təqibinə son qoymağa çağırıb. Sentyabrda isə BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı Azərbaycandakı repressiyanı pisləyib, hökumət tənqidçilərini azad etməyə səsləyib.

Hökumət Bakıdakı fəaliyyətini onsuz da məhdudlaşdırmış ATƏT-i iyuldan ofisinin fəaliyyətini dayandırmağa vadar edib. ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi jurnalistlərin təqibi, AzadlıqRadiosuna reyd və jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bir neçə dəfə bəyanatla çıxış edib.

Hələlik hakimiyyət təmsilçiləri bu hesabatda deyilənlərə münasibət bildirməyib. Ancaq «Human Rights Watch»un daha öncəki hesabatları, bəyanatlarını hakimiyyət qətiyyətlə rədd edib, qurumu ölkəyə qarşı qərəzli kampaniya aparmaqda ittiham edib.

XS
SM
MD
LG