Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:58

Generalın qohumunun döydüyü «Azpetrol» işçisi: «Dedi sizi pulda basdıraram...»


İsa Əzizov
İsa Əzizov

-

Başda general Məhərrəm Əliyevin idmançı qohumu İsa Əzizov olmaqla bir qrup idmançı tərəfindən yanvarın 26-da gecə iş yerində döyülən «Azpetrol» yanacaqdoldurma məntəqəsinin mühafizəçisi başına gələnləri azvizision.az saytına danışıb.

Deyib ki, «Bentley» markalı maşın yanacaqdoldurma məntəqəsinə gəlib. Sürücü 100 manatlıq benzin sifariş verib. Maşınlarına benzin doldurulsa da, ödəniş etməkdən boyun qaçırıblar: «Mən onlara yaxınlaşıb, nə baş verdiyini soruşdum. Onlardan sayğacda göstərilən məbləği ödəməyi xahiş etdim. Maşından düşən oğlanlar mənə hücum etməyə başladılar. POS-terminalı götürüb başıma vurdular. Onlar içkili idilər. Sürücü qışqırırdı ki, «siz kimsiniz bizi gözlədirirsiniz? Hamınızı güllələyərəm, Bakıda heç kim qabağımda duran bilməz. Sizi pulla basdıraram». Onları sakitləşdirməyə çalışırdım. Aramızda mübahisə düşəndən bir neçə dəqiqə sonra «Prado» markalı maşın gəldi. Maşından düşən idmançılar da mənə hücum etdi».

Bu hadisə prezident İlham Əliyevin harınlıq edən məmurlara və onların yaxınlarına etdiyi növbəti sərt xəbərdarlıqla eyni gündə baş verib.

SAHİBKARLARDAN 907 MİLYONLUQ QANUNSUZ VERGİ ALINIB

«Azadlıq» qəzeti yazır ki, vergilər naziri Fazil Məmmədov 2015-ci ildə sahibkarlardan qanunsuz alınan vergilər barədə danışıb. Nazir vergi sahəsində qanunsuzluqlarla üzləşən sahibkarlara Baş Prokurorluğa və məhkəmələrə müraciət etməyi məsləhət görüb.

Müzəffər Baxışov
Müzəffər Baxışov

Fazil Məmmədovun açıqlamasından aydın olub ki, keçən il sahibkarlar 907 milyon manatlıq verginin qanunsuz alınması iddiasıyla məhkəmələrə müraciət edib. «Hüquqi Dövlət» Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, hüquqi və fiziki şəxslərin vergi ödəmə fəaliyyətinin yoxlanılması və nəticələrlə bağlı vergi müfəttişlərinin tərtib etdikləri aktların bir çoxu əsassız və qanunsuz olub. Hüquqşünasın sözlərinə görə, yoxlamalar zamanı bir qayda olaraq, sahibkarın fəaliyyətində vergidənyayınma faktı aşkar edilmədən onlara əsassız vergilər hesablanıb: «Məsələn, 2015-ci ildə bir hüquqi şəxs Rusiyadan Azərbaycana tikinti materialı gətirmişdi. İdxalda da monopoliya olduğundan, rəsmiləşdirmə broker şirkətləri vasitəsilə həyata keçirilmişdi. Vergilər Nazirliyi ilə həmin broker şirkəti arasında bir münaqişə yarandı, çünki həmin şirkət vergiləri ödəməkdən yayınırdı. Vergilər Nazirliyinin əməkdaşları dəmiryolu stansiyasına gedərək, hüquqi şəxslər tərəfindən idxal rəsmiləşdirməsi aparılmadığı halda, onlara idxal vergisi hesablamışdı. Biz məhkəməyə iddia ərizəsi verəndə Vergilər Nazirliyi qanunsuzluğu etiraf etdi və ona görə də ərizəyə xitam verildi».

ÖLKƏDƏ SAHİBKARLIĞIN İNKİŞAFINA BÖYÜK ÖNƏM VERİLİR

«Azərbaycan» qəzeti yazır ki, ölkədə kiçik və orta sahibkarlığın inkişafına daim dəstək verilir:

«Sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb. Lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2, regionlarda 4 dəfə azaldılıb. Lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən «ASAN xidmət» mərkəzlərində verilməsinə və «Elektron lisenziya» portalının yaradılmasına başlanılıb. Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ötən il 5243 sahibkara 248.5 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 12600-dək yeni iş yerinin açılması üçün şərait yaradılıb».

Vergilər Nazirliyinin maşınları - 2009
Vergilər Nazirliyinin maşınları - 2009

BAKIYA GƏTİRİLƏN ƏN BAHALI AVTOMOBİLLƏRİ MƏMURLAR ALIB

«Bizim Yol» qəzeti yazır ki, dövlət qurumları avtodillerlərin varlı müştərilərindəndir. Bakı Metropolitenində, Hesablama Palatasında, «Qaçqınkom»da bahalı maşın həvəskarları əyləşib:

«Azərbaycanda dövlət qurumlarına xidməti avtomobillərin alınmasına büdcədən vəsaitlərin ayrılması barədə ən son məlumat 2011-ci ilə aiddir. 2006-cı ildən 2011-ci ilədək bu məqsədlə dövlət büdcəsindən 400 milyon manat xərclənib. Azərbaycanda vəzifəli şəxslərin xidməti avtomobillərinin qiyməti 80 mindən 200 min avroyadək dəyişir. 2013-cü ildə rayon və şəhər icra hakimiyyəti başçılarına Almaniya istehsalı olan son model BMW-lər paylanılıb. Avtomobillərin dəyəri 100 min manatdan bahadır. Əksər hallarda komitə sədrləri və nazirlərin də xidməti avtomobilləri «BMW 750»dir. Milli Məclisin komitə sədrləri üçün də yeni avtomobillər alınıb. 11 komitə sədrinin xidməti avtomobili «Mercedes E-Class»dır. Qiyməti 70-100 min dollar arasında dəyişir. SOCAR-ın bütün rəhbər şəxslərinin xidməti avtomobilləri «Audi A8» və «Audi A6» modelləridir. Daxili İşlər Nazirliyində də rəhbər şəxslər üçün «Audi»lər alınıb. A6 modelinin satış qiyməti 46500-69500 manat, A8 modelinin qiyməti isə orta hesabla 156 min manat olub, qiyməti 200 min manata qədərdir».

XS
SM
MD
LG