Keçid linkləri

2025, 13 Mart, Cümə axşamı, Bakı vaxtı 07:59

Dünya xəbərləri

İran 22 milyardlıq növbəti müqavilə imzaladı

Hassan Rohani və Francois Hollande
Hassan Rohani və Francois Hollande

İran prezidenti Hassan Rohaninin yanvarın 28-də Fransaya səfəri zamanı 22 milyard avroluq müqavilə imzalanıb.

Söhbət 118 Airbus sərnişin təyyarəsindən gedir.

İmza mərasimində Hassan Rohani, Fransa prezidenti Francois Hollande və digər rəsmilər iştirak edib.

Həmçinin Fransanın “Peugeot” və “Citroen” avtomobil şirkətləri İranın “ Khodro”şirkəti ilə 2017-ci ildən birgə istehsal barədə sövdələşmə əldə ediblər.

Söhbət il ərzində 200 min avtomobildən gedir.

Hassan Rohani bundan əvvəl biznes liderləri ilə görüşdə ölkəsinin Şərqlə Qərb arasında ticarət əlaqələrinin bərpası üçün vacib məkan olduğunu vurğulayıb.

Rohani İrana sanksiyaların ləğvindən sonra ticarət əlaqələrini bərpa etməyə çağırıb.

Rohaninin bundan əvvəl İtaliyaya səfəri zamanı həmçinin iki ölkə arasında çoxmilyardlıq sazişlər imzalanıb.

İrana qarşı beynəlxalq sanksiyalar yanvarın 16-da qaldırılıb.

Bütün xəbərləri izləyin

Qrenlandiyada seçkiləri müstəqillik tərəfdarı partiya qazandı

Sakinlər Demokrat Partiyasının (Demokraatit) seçki plakatını daşıyırlar.
Sakinlər Demokrat Partiyasının (Demokraatit) seçki plakatını daşıyırlar.

Martın 11-də Qrenlandiyada parlament seçkiləri keçirilib. Qalib əvvəllər müxalifətdə olan Demokrat Partiyası (Demokraatit) olub. O, seçicilərin, demək olar ki, 30 faiz səsini toplayıb və parlamentdəki 31 yerdən 10-unu tutacaq. İndi o, digər siyasi qüvvələrlə koalisiya qurmalıdır.

"Naleraq" partiyası ikinci olub, hakim koalisiya isə əvvəlki seçkilərlə müqayisədə səslərin, demək olar ki, yarısını itirib.

Həm "demokratlar", həm də "Naleraq" Qrenlandiyanın Danimarkadan ayrılaraq müstəqilliyini elan etməsinin tərəfdarıdır. Bundan əlavə, Demokrat Partiyası yerli biznesin və sosial proqramların dəstəklənməsinin vacibliyini vurğulayır.

"İnsanlar dəyişiklik istəyirlər", - Demokrat Partiyasının lideri Yens Frederik Nilsen bildirib. " Bizə düz sabah müstəqillik lazım deyil, lakin bunun üçün yaxşı təməl yaratmaq istəyirik".

Qrenlandiyada seçkilər ABŞ prezidenti Donald Trampın adanı satınalma və ya başqa yollarla ABŞ ərazisinə birləşdirmək istədiyi barədə bəyanatları fonunda baş tutub. Yanvarın 24-də Trampın Danimarkanın baş naziri Mette Frederiksen ilə telefon danışığı olub, mənbələr söhbəti "sərt" kimi xarakterizə ediblər. Buna cavab olaraq Qrenlandiyanın baş naziri Müte Eqede bildirib ki, Qrenlandiya "satılmır".

Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazidir. Kopenhagen xarici və təhlükəsizlik siyasətini müəyyən edir. Maliyyə məsələləri ada hökumətinin iştirakı ilə həll olunur.

Təxminən 57 min nəfər əhalisi olan ada təbii sərvətlərlə zəngindir. Burada həm də Birləşmiş Ştatlarım böyük hərbi bazası yerləşir. 1951-ci ildə Vaşinqton və Kopenhagen Qrenlandiyanın müdafiəsi ilə bağlı müqavilə imzalayıb. ABŞ müqaviləyə uyğun olaraq adanın müdafiəsini öz üzərinə götürüb.

ABŞ hərbi yardımı Ukrayna sərhədinə çatıb

"Patriot" hava hücumundan müdafiə sistemi.
"Patriot" hava hücumundan müdafiə sistemi.

ABŞ-nin Ukraynaya hərbi yardımı artıq Polşa sərhədindən keçməyə başlayıb. Bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski martın 12-də ukraynalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Mən təsdiq edə bilərəm ki, Yasionka vasitəsilə silah tədarükü əvvəlki səviyyəyə qayıdıb", - Sikorski Polşanın cənub-şərqindəki hərbi logistika mərkəzinə istinadən bildirib.

ABŞ prezidenti Donald Tramp və onun ukraynalı həmkarı Volodimir Zelenski arasında Ağ evdəki gərgin görüşdən sonra Vaşinqton Ukraynaya hərbi yardımın dondurulduğunu açıqlamışdı.

ABŞ-nin hərbi yardımı dayandırması Ukraynada dərin narahatlığa səbəb olub. Bu narahatlıq "Current Time"nin cəbhə bölgəsindəki Ukrayna əsgərləri ilə müsahibələrində də vurğulanıb.

Ukraynanın şərqindəki Donetsk vilayətində artilleriya bölməsində xidmət edən Sokol ləqəbli əsgər bildirib: "Bizə daha çox silah verin, biz təhlükəsizliyimizi təmin edəcəyik".

"Düşünürəm ki, tezliklə hər şey aydınlaşacaq və biz silah və digər yardımları almağa davam edəcəyik", - o deyib.

Sokol haqlı idi, Ukraynanın ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməsi ilə nəticələnən doqquz saatlıq görüşdən sonra hərbi yardım bərpa edilib.

ABŞ Ukraynanın ən böyük silah donorudur və Sokolun sözləri silah tədarükünün bərpasının Ukraynanın müharibə səyləri üçün nə qədər vacib olduğunu göstərir.

"Biz ABŞ və Avropada istehsal olunan çoxlu silahlardan istifadə edirik", - o bildirib.


Varşavada çıxış edən Ukrayna XİN rəhbəri Andriy Sibiqa isə bir daha vurğulayıb ki, onun ölkəsi 30 günlük atəşkəs təklifinə sadiqdir.

"Əgər bu, baş verərsə, atəşkəsə nail olmaq naminə biz öz tərəfimizdən bu yol xəritəsi üzərində işləmək üçün müvafiq komanda yaratmağa hazırıq", - ukraynalı nazir deyib.

Rusiya rəsmiləri Ciddədə əldə olunan razılaşmaya hələ cavab verməyib.

Yazını AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Rey Förlonq hazırlayıb.

Avropadan Birləşmiş Ştatların gömrük tariflərinə cavab

Aİ və ABŞ bayraqları
Aİ və ABŞ bayraqları

Avropa İttifaqı apreldən etibarən 26 milyard avro (28 milyard dollar) dəyərində ABŞ məhsullarına cavab tarifləri tətbiq edəcək. Avropa Komissiyası martın 12-də verdiyi bəyanatında bildirib ki, bu qərar ABŞ-nin tətbiq etdiyi tariflərə cavab olaraq qəbul edilib.

Fevralda prezident Donald Tramp ABŞ-yə idxal olunan bütün polad və alüminium məhsullarına 25 faiz tarif tətbiq olunacağı barədə qərar qəbul edib. Bu gün, martın 12-də bu qərar qüvvəyə minib və bununla da bu məhsulların idxalı ilə bağlı əvvəlki istisnalar, vergisiz kvotalar ləğv olunub.

Avropa Komissiyası bildirib ki, ABŞ məhsullarına tətbiq olunan mövcud tariflər 1 aprel tarixində sona çatacaq və yeni tariflər 13 aprelə qədər tam qüvvəyə minəcək.

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bildirib ki, "bu müddət ərzində Aİ həmişə danışıqlara açıq olacaq".

"Reuters" yazır ki, mövcud tariflərin dayandırılması qayıqlardan motosikletlərə qədər müxtəlif məhsullara şamil edilir və Aİ indi digər məhsul kateqoriyalarını seçmək üçün ikihəftəlik məsləhətləşməyə başlayacaq.

Tariflərin tətbiqi təklif olunan hədəf məhsullar arasında sənaye və kənd təsərrüfatı məhsulları, məsələn, tekstil, ev əşyaları, plastiklər, toyuq, mal əti, yumurta, süd məhsulları, şəkər və tərəvəzlər də var.

Saakaşvili 'Gödəkcələr işi' üzrə 9 il azadlıqdan məhrum edildi

Mixeil Saakaşvili Tbilisidə keçirilən məhkəmə iclasında Ukrayna üçün dua edir.
Mixeil Saakaşvili Tbilisidə keçirilən məhkəmə iclasında Ukrayna üçün dua edir.

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili "gödəkcələr işi" üzrə 9 il azadlıqdan məhrum edilib. O, külli miqdarda büdcə vəsaitlərini israf etməkdə təqsirli bilinib.

Qərarı Tbilisi şəhər Məhkəməsinin hakimi Badri Koçlamazaşvili elan edib.

Məhkəmə Xüsusi Mühafizə Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyanı vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilib və 300 min lari (108 min 125 ABŞ dolları) məbləğində cərimələyib.

Saakaşvili və Canaşiya əvvəllər dəfələrlə ittihamları rədd edərək məhkəmənin siyasi xarakter daşıdığını bildiriblər.

İttihama görə, Saakaşvili prezidentliyi dövründə büdcə vəsaitlərindən geyim, o cümlədən gödəkcə almaq, oğlunun təhsilini ödəmək, həmçinin kosmetik prosedurlar üçün istifadə edib.

Saakaşvili hazırda 6 illik həbs cəzası çəkir. Daha əvvəl onun barəsində digər iki iş - Sandro Qirqvlianinin qatillərinin əfv edilməsi və deputat Valeri Qelaşvilinin döyülməsi üzrə hökmlər çıxarılmışdı.

Yeni həbs müddəti M.Saakaşvilinin həbs olunduğu andan - 2021-ci il oktyabrın 1-dən hesablanacaq. Beləliklə, yeni hökmə əsasən, o, yalnız 2030-cu il oktyabrın 1-də azadlığa çıxacaq. Eyni zamanda, onun barəsində "7 noyabr 2007-ci il hadisələri" və sərhədi qanunsuz keçmə ilə bağlı məhkəmə prosesləri davam etdirilir.

2007-ci il noyabrın 7-də Tbilisidə polis müxalifət nümayişçilərinə qarşı gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə edib. Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, mitinqin dağıdılması zamanı 500-dən çox insan xəsarət alıb.

M.Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə Gürcüstana qayıtdıqdan sonra həbs edilib. Hazırda "Vivamedi" klinikasında saxlanılır.

Yaraqlılar Pakistanda qatarı tutublar, insanları girov götürüblər

Separatçı yaraqlıların hücumuna məruz qalan qatardan xilas edilən sərnişinlər.
Separatçı yaraqlıların hücumuna məruz qalan qatardan xilas edilən sərnişinlər.

Pakistan təhlükəsizlik qüvvələri bildirib ki, ölkənin Bəlucistan əyalətində silahlılar tərəfindən ələ keçirilən qatarda girov götürülən təxminən 155 nəfər azad edilib. Lakin qatarda hələ də 300-ə yaxın şəxsin girov saxlanıldığı ehtimal edilir.

"Reuters" təhlükəsizlik mənbələrinə istinadən xəbər verir ki, silahlılar bir çox sərnişinin yanında intiharçı bombalar yerləşdiriblər, bu da xilasetmə əməliyyatını daha da çətinləşdirir.

+++

Silahlılar Pakistanın cənub-qərbində, tuneldə sərnişinlə dolu bir qatarı ələ keçirərək onlarla insanı girov götürüb. Təhlükəsizlik qüvvələri ilə toqquşma nəticəsində bir neçə nəfər həlak olub.

Bəlucistan hökumətinin sözçüsü Şahid Rind bildirib ki, 400-dən çox sərnişini daşıyan "Jaffar Express" qatarı Bəlucistan əyalətinin paytaxtı Kvettadan Peşəvər şəhərinə gedərkən "şiddətli" atəşə məruz qalıb.

Martın 11-i gecə saatlara qədər neçə sərnişinin hələ də girov saxlanıldığı bəlli olmasa da, separatçı Bəlucistan Azadlıq Ordusu (BLA) hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb. Silahlı qruplaşma bildirib ki, naməlum sayda Pakistan təhlükəsizlik və kəşfiyyat zabitləri də daxil olmaqla, 100-dən çox sərnişin girov götürülüb.

"Hücuma məruz qalan qatar hələ də yerindədir və silahlı şəxslər sərnişinləri girov saxlayırlar", - rayonun baş polis rəsmisi Rana Dilavar bildirib.

Qatarda olan sərnişin AzadlıqRadiosuna telefonla bildirib ki, təhlükəsizlik qüvvələri silahlı qruplaşmaya qarşı quru və hava əməliyyatlarına başlayıb, yaraqlılar isə cavab olaraq silah və raketlərdən istifadə edirlər.

Bəlucistan regional dəmiryol departamentinin sözçüsü Məhəmməd Kaşif AzadlıqRadiosuna deyib ki, ümumilikdə doqquz vaqondan ibarət olan qatar ucqar, dağlıq ərazidəki tuneldən keçərkən hücuma məruz qalıb. Qatar hücumdan sonra tunelin içərisində qalıb.

BLA qadınlar, uşaqlar, yaşlılar və Bəlucistan sakinləri da daxil mülki sərnişinlərin azad olunduğunu bildirib.

Müqavimət göstərən 10 hərbçinin öldürüldüyü vurğulanıb.

"Reuters"in xəbərinə görə, silahlı qruplaşma Bəluc siyasi məhbuslarının, fəallarının və itkin düşmüş şəxslərin 48 saat ərzində azad olunmasını tələb edib.

Resurslarla zəngin, lakin yoxsul bölgə olan Bəlucistanda uzun illərdir ki, silahlı toqquşmalar baş verir. Silahlı qruplaşma həm Əfqanıstan, həm də İranla həmsərhəd olan Bəlucistan əyalətinin müstəqilliyini tələb edir.

Noyabrda BLA Kvetta qatar stansiyasında intiharçı bomba hücumu həyata keçirib. Hərbçilər, dəmiryol işçiləri və sərnişinlər də daxil olmaqla 26 nəfər həlak olub.

Trampı sui-qəsddən qorumuş mühafizəçi gizli xidmətin rəhbəri oldu

Donald Tramp və Şon Kerran (sağda) Batlerdə seçki kampaniyası zamanı sui-qəsd cəhdindən sonra
Donald Tramp və Şon Kerran (sağda) Batlerdə seçki kampaniyası zamanı sui-qəsd cəhdindən sonra

Agent Şon Kerran (Sean Curran) ABŞ-də Gizli Xidmətin yeni rəhbəridir. O, prezident Donald Trampı Pensilvaniyada seçki mitinqi vaxtı sui-qəsd cəhdindən qorumuşdu.

Martın 10-da axşam Kerran Ağ evdə Oval kabinetdə vəzifə andı içib. Bu haqda "Fox News" xəbər yayıb.

Kerranın andını daxili təhlükəsizlik naziri Kristi Noem qəbul edib. O deyib ki, Kerran "prezident Trampın həyatını xilas etmək üçün öz həyatını riskə atıb". Onun sözlərinə görə, bu, ABŞ Gizli Xidməti agentinin sədaqətinin sübutudur.

Tramp ötən ilin iyulunda seçki mitinqində çıxış edərkən ona atəş açılıb. O, sağ qulağından xəsarət alıb, tərəfdarlarından biri həlak olub, iki nəfər yaralanıb.

Siyasətçiyə 20 yaşlı Tomas Metyu Kruks qonşu binanın damından atəş açıb. Onu Gizli Xidmət əməkdaşları qətlə yetirib. Kruksun yanından AR-15 yarımavtomat silahı tapılıb, silahdan 10-dək atəş açdığı bəlli olub.

O zaman Gizli Xidmət əməkdaşlarına qarşı bəzi iddialar səslənib. Əsas fikir bu idi ki, onlar Kruksun olduğu binanın damını yoxlamayıblar, atəş açanın yerini gec müəyyən ediblər.

Ş.Kerran 2001-ci ildən Gizli Xidmətdə çalışır. O, Trampın birinci prezidentliyi dönəmində və sonra onun mühafizəsi üçün cavabdeh olub. Kerranın tabeliyində 85 nəfər olub.

Ukrayna dünyada ən böyük silah idxalçısıdır

Alman istehsalı olan "Leopard 1" tankları Belçikanın Turna şəhərindəki anqarda.
Alman istehsalı olan "Leopard 1" tankları Belçikanın Turna şəhərindəki anqarda.

2020-2024-cü illərdə Ukrayna dünyada silahların ən böyük idxalçısına çevrilib. 2015-2019-cu illərlə müqayisədə onun idxalı 100 dəfəyədək artıb. Bunu Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) martın 10-da açıqladığı hesabatda bildirir.

Sözügedən dövrlər üzrə Avropada silah idxalı 155 faiz artıb. Bu ölkələr Rusiyanın Ukraynaya qarşı təcavüzünə, ABŞ-nin xarici siyasəti ilə bağlı qeyri-müəyyənliyə belə reaksiya veriblər.

Birləşmiş Ştatlar qlobal silah ixracındakı payını 43 faizə yüksəldib, Rusiyanın ixracı 64 faiz azalıb.

Dünyada silah transferinin həcmi dəyişməsə də, 2005-2009-cu illərdəkindən 18 faiz yüksəkdir.

2020-2024-cü illərdə öncəki beş illə müqayisədə 10 əsas silah ixracatçısı dəyişməyib. Qlobal silah ixracatının 7.8 faizinin aid olduğu Rusiya Fransadan (9.6 faiz) sonra üçüncü yerə keçib. İtaliya isə 4.8 faizlə 10-cu yerdən 6-cıya qalxıb.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan azı 35 ölkə Ukraynaya silah göndərib. Ukrayna 2020-24-cü illərdə dünyada silah idxalının 8.8 faizini qəbul edib. Ukraynaya silah, əsasən, ABŞ (45 faiz), Almaniya (12 faiz) və Polşadan (11 faiz) gedib.

"Silah transferlərinə dair yeni rəqəmlər Avropa ölkələri arasında Rusiyanın təhdidinə cavab olaraq yenidən silahlanmanı aşkar göstərir. Amma Səudiyyə Ərəbistanı, Hindistan və Çin kimi böyük silah idxalçılarının idxal həcmlərində müxtəlif səbəblərdən böyük düşüşlər baş verib", – bunu SIPRI-da Silah Transferləri Proqramının proqram direktoru Metyu Corc deyib.

NATO-nun üzvü olan Avropa ölkələrinin silah idxalı son beş ildə əvvəlki uyğun dövrlə müqayisədə iki dəfədən çox (+105 faiz) artıb. Bu silahların 64 faizini ABŞ təchiz edib.

Suriyada Əsədə bağlı silahlıların hücumunda ölənlər var

Suriya qoşunları Latakiyaya gedir
Suriya qoşunları Latakiyaya gedir

Suriya hökumət qüvvələri ilə ötən ilin dekabrında devrilmiş Bəşər Əsəd rejiminin tərəfdarları arasında silahlı toqquşma olub.

Hökumət Cəblə bölgəsində baş verən qarşıdurmalarda təhlükəsizlik qüvvələrinin ən azı 13 üzvünün öldürüldüyünü bildirib.

Bölgə rəsmisi bildirib ki, təhlükəsizlik qüvvələri "Əsəd silahlılarının qalıqları" tərəfindən yaxşı planlaşdırılan pusquda hücuma məruz qalıb.

Britaniyada yerləşən monitorinq qrupu - Suriya İnsan Hüquqları Müşahidə Qrupu Cəblə bölgəsindəki pusquda ən azı 16 təhlükəsizlik əməkdaşının və dörd mülki şəxsin həyatını itirdiyini bildirib.

Qeyd olunub ki, silahlı toqquşmada Əsədə sadiq onlarla döyüşçü də öldürülüb və ya yaralanıb. Monitorinq qrupu X sosial şəbəkəsindəki paylaşımında "Suriya sahilində Müdafiə və Daxili İşlər nazirliklərinin üzvləri ilə keçmiş rejimin ordusunun silahlıları arasında qanlı qarşıdurmalar və pusqular nəticəsində 70-dən çox adam ölüb, onlarla insan yaralanıb və ələ keçirilib" yazıb.

Monitorinq qrupunun rəhbəri Rami Əbdurrəhman polis qüvvələrini pusquya salan silahlıların ələvilər olduğunu bildirib. O, bu döyüşləri "rejimin devrilməsindən bəri ən ağır qarşıdurmalar" olaraq xarakterizə edib.

Ələvi fəallar isə iddia edirlər ki, onların icması Əsəd hökumətinin devrilməsindən sonra zorakılıq və hücumlara məruz qalıb.

Əyalətin təhlükəsizlik rəisi, polkovnik-leytenant Mustafa Kunayfati bildirib ki, Əsədə bağlı silahlı qruplar tez-tez Cəblə bölgəsindəki təhlükəsizlik patrullarını və nəzarət-buraxılış məntəqələrini hədəfə alır.

Qərb sanksiyaların ləğvini nəzərdən keçirir

Suriyanın yeni hökuməti 13 illik vətəndaş müharibəsindən sonra ölkədə vəziyyəti sabitləşdirmək üçün mübarizəsini davam etdirdiyi zamanda Qərb ölkələri də Əsəd rejimini təcrid etmək üçün tətbiq olunan sanksiyaların ləğvini nəzərdən keçirir. Ancaq Qərb yeni hökumətdən demokratiya və insan haqlarının inkişafı istiqamətində addımlar gözləyir.

Martın 6-da Böyük Britaniya Suriya Mərkəzi Bankının və 23 digər qurumun – banklar, neft şirkətləri və "əvvəllər Əsəd rejimi tərəfindən Suriya xalqının müstəqilliyini boğmaq üçün istifadə edilən" digər qurumların dondurulmuş aktivlərini açıb. Bu barədə Britaniya Xarici İşlər Nazirliyi bildirib.

Fevralda isə Avropa İttifaqı sanksiyaları qüvvədə saxlayaraq Suriya Mərkəzi Bankına qoyulan məhdudiyyətləri yüngülləşdirib. Bununla belə, Vaşinqton Suriya Mərkəzi Bankına qarşı sanksiyaları qüvvədə saxlayıb.

Abxaziyada Kremlin dəstəklədiyi namizəd qalib elan olunub

Badra Qunba
Badra Qunba

Hüquqi cəhətdən Gürcüstanın bir hissəsi olan, lakin Rusiya tərəfindən dəstəklənən separatçı Abxaziya regionunda keçirilən prezident seçkilərinin ikinci turunda Kremlin favorit namizədi Badra Qunba qalib gəlib. Bu barədə regionun de-fakto seçki qurumu martın 2-də məlumat yayıb.

47 yaşlı Qunba fevralın 15-də keçirilən birinci turda qələbə üçün tələb olunan səs çoxluğunu toplaya bilmədiyi üçün ikinci tura qalıb. O, ikinci turda Rusiya ilə bağlı iqtisadi siyasəti tənqid edən rəqibi Adqur Ardzinba ilə üzləşib.

Seçici fəallığının 70 faiz olduğu bildirilən seçkilərdə Qunba səslərin təxminən 55 faizini toplayaraq qalib gəlib, Ardzinba isə 41.5 faiz səs alıb. Lakin bu rəqəmlərin həqiqiliyini müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.

Əvvəllər vitse-prezident vəzifəsində çalışan B.Qunba noyabrın 19-da Aslan Bjaniyanın istefasından sonra müvəqqəti lider vəzifəsini icra etməyə başlayıb. Bjaniya Rusiya ilə imzalanan investisiya sazişinə qarşı kütləvi etirazlar fonunda vəzifəsindən getmişdi. Müxalifət bu sazişin Abxaziyanın onsuz da zəif olan statusunu daha da təhlükə altına atacağından narahat idi.

Keçmiş de-fakto iqtisadiyyat naziri (2015–2020) və Abxaz Xalq Hərəkatının lideri olan Ardzinba isə seçki kampaniyasında Rusiya ilə investisiya sazişinə qarşı olduğunu vurğulasa da, Moskva ilə yaxın əlaqələri davam etdirməyə söz vermişdi. Bununla belə, Rusiyanın hökumətyönlü mediası onu "Türkiyəyönlü" namizəd kimi təsvir edirdi.

Tənqidçilər investisiya sazişini "istismarçı" adlandıraraq onun Rusiya investorlarına həddindən artıq üstünlüklər verdiyini və Abxaziyanın suverenliyini zəiflədəcəyini iddia ediblər. Daha sonra sözügedən saziş regionun de-fakto parlamenti tərəfindən rədd edilib.

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanın işğal etdiyi Abxaziyada keçirilən "qondarma" prezident seçkilərini pisləyib və beynəlxalq ictimaiyyəti Moskvanın davam edən qanun pozuntularına qarşı reaksiya verməyə çağırıb.

Avropa İttifaqı (Aİ) da birinci turdan sonra verdiyi bəyanatda Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha vurğulayıb. Aİ Abxaziyada keçirilən "qondarma" prezident seçkilərinin hüquqi və konstitusiya çərçivəsini tanımadığını bildirib.

Moskva B.Qunbanın namizədliyini və onun qalibiyyətini alqışlayıb. Seçkilərdən sonra Rusiya prezidenti Putin Qunbanı təbrik edib.

Xatırlatma

Abxaziya və Cənubi Osetiya Sovet İttifaqı dağıldıqdan sonra - 1990-cı illərin əvvəllərində Gürcüstandan ayrıldığını elan edib. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiya Abxaziyanın müstəqilliyini tanısa da, beynəlxalq ictimaiyyət bu regionu hələ də Gürcüstanın bir hissəsi kimi tanıyır.

Ərazi siyasi və iqtisadi baxımdan Rusiya ilə sıx əlaqədə olsa da, bəzi abxazlar Moskvanın artan təsirini tənqid edirlər.

'Oskar' mükafatının qalibləri açıqlanıb

Şon Beyker
Şon Beyker

"Ən yaxşı film" nominasiyasında builki "Oskar" mükafatının qalibi Akademiyanın əsas favoritlərindən biri və Kann Film Festivalının qalibi komediya dramı "Anora" olub.

Filmin rejissoru Şon Beyker də "ən yaxşı rejissor" nominasiyası üzrə qalib gəlib.

Filmdə striptizçi Anora Mixeyeva roluna görə Mayki Medison "ən yaxşı aktrisa" nominasiyasının qalibi olub. "Anora" filmi "ən yaxşı orijinal ssenari" və "ən yaxşı montaj" nominasiyaları üzrə də mükafatları qazanıb.

"İkinci planda ən yaxşı aktyor" nominasiyasında "Oskar" mükafatı Cessi Eyzenberqin rejissoru olduğu "Əsl ağrı" filmindəki roluna görə Kiran Kalkinə verilib. "İkinci planda ən yaxşı aktrisa" mükafatına "Emiliya Peres" filmindəki roluna görə Zoi Saldana layiq görülüb.

Bred Korbetin rejissoru olduğu "Brutalist" filmində memar Laslo Tot roluna görə Edrian Broudi "baş rolda ən yaxşı aktyor" nominasiyasında karyerasının ikinci "Oskar"ını qazanıb. Film həmçinin "ən yaxşı operator işi" və "ən yaxşı saundtrek" nominasiyaları üzrə də qızıl heykəlciklər qazanıb.

"Ən yaxşı xarici dildə film" kateqoriyası üzrə mükafatı braziliyalı rejissor Valter Sallesin "Mən hələ də buradayam" filmi qazanıb.

"Ən yaxşı sənədli film" mükafatını İsrail-Fələstin münaqişəsi haqqında Bazel Adra və Yuval Abrahamın çəkdikləri "Başqa torpaq yoxdur" əldə edib.

"Ən yaxşı tammetrajlı animasiya filmi" katqoriyasında qalib latviyalı rejissor Qints Zilbalodisin "Axın" filmi olub.

Zelenski Böyük Britaniya kralı ilə görüşüb

Volodimir Zelenskinin Kral III Çarlz ilə görüşü
Volodimir Zelenskinin Kral III Çarlz ilə görüşü

Ukrayna prezidenti Volodimir Zelenski martın 2-də Böyük Britaniyada Kral III Çarlz ilə görüşüb. Bundan öncə isə Zelenski Londonda bir neçə Avropa ölkəsinin, Kanadanın liderləri, Avropa İttifaqının, NATO-nun Ukraynanın müdafiəsi və yardım üzrə təmsilçiləri ilə görüşmüşdü.

Britaniya kralı Zelenskini Norfolkdakı iqamətgahında qəbul edib.

Yerli sakinlər Zelenskinin gəlişini görmək üçün əraziyə gediblər, bəziləri Ukraynanın bayraqlarını qaldırıb. Bu barədə BBC xəbər verir. Görüşün detalları hələlik, açıqlanmır.

Zelenskinin fevralın 28-də ABŞ-yə səfəri isə uğursuz olub, orada ABŞ prezidenti Donald Tramp, vitse-prezident Cey Di Venslə mübahisəsi düşüb. Tərəflər Ağ evdəki Oval ofisdə Ukraynada müharibənin bitirməyin perspektivləri, ona ABŞ-nin dəstəyi müzakirə edirdilər. Zelenski Ağ evi erkən tərk edib, nadir torpaq elementləri üzrə razılaşma da imzalanmayıb.

Fevralın 27-də isə Britaniyanın baş naziri Kir Starmer Vaşinqtonda Trampla danışıqlar aparıb, ona ölkəsinə səfər etmək üçün Kral III Çarlzın dəvətini çatdırıb. Tramp Britaniya monarxından ikinci dəfə səfər dəvəti alan ilk siyasi liderlərdəndir. O, birinci prezidentliyi dönəmində II Yelizavetadan Britaniyaya səfər dəvəti almışdı.

Rusiyada jurnalist Ukrayna müharibəsi haqda 'saxta' xəbərə görə ev dustağı edilib

Yekaterina Barabaş
Yekaterina Barabaş

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Rusiya hakimiyyətini 64 yaşlı rusiyalı jurnalist Yekaterina Barabaşa qarşı ittihamları ləğv etməyə çağırıb. Jurnalist Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalını tənqid etdiyinə görə ev dustağı edilib, 10 ilədək həbsə məhkum edilə bilər.

Ukrayna doğumlu Barabaş fevralın 25-də saxlanıb, saxta xəbər yaymaqda ittiham edilib. O, müstəqil "Respublika" nəşrinin film tənqidçisidir. Ertəsi gün Moskvada məhkəmə onun barəsində iki aylıq ev dustaqlığı qərarı çıxarıb.

Barabaşın yazılarında antimüharibə mövqeyi sezilir.

Fevralın 26-da Xabarovsk məhkəməsi "Forbes" dərgisinin Rusiya nəşrinin xəbər redaktoru Sergey Minqazovu 700 min rubl ( 8 min 62 dollar) cərimələyib. Səbəb onun Rusiya ordusu barədə saxta informasiya dərc etməsi göstərilib.

CPJ bildirir ki, jurnalistlərə qarşı bu ittihamlar Rusiya hakimiyyətinin "saxta xəbər" qanunvericiliyindən silah kimi istifadə etdiyini göstərir, Kremlin Ukraynadakı təcavüzkar müharibə ilə bağlı narrativinin əksini danışanlar susdurulur.

2024-cü il dekabrın 1-dək Rusiyada azı 30 jurnalist həbsdə idi. Onların altısı "saxta" xəbərə görə həbs olunub.

Rumıniya prezidentliyinə keçmiş namizəd məhkəmə nəzarətinə götürülüb

Kelin Corcesku
Kelin Corcesku

Rumıniya Baş Prokurorluğu prezidentliyə keçmiş namizəd, müxalifətçi siyasətçi Kelin Corceskuya qarşı bir sıra cinayətlər üzrə ittiham irəli sürüb. O, seçkilərdə yenidən iştirak etmək üçün sənədləri verməzdən əvvəl saxlanılıb. Ötən il ilk turda Corcesku qalib gəldikdən sonra seçkilərin nəticələri ləğv edilmişdi.

62 yaşlı Corcesku konstitusiya quruluşuna qarşı fəaliyyətdə, yalan məlumatlar yaymaqda, ksenofob və antisemit qruplar yaratmaqda ittiham olunur. O, məhkəmə nəzarəti altında azadlığa buraxılıb, ölkədən çıxışı və sosial şəbəkələrdə paylaşımları qadağan edilib.

Sağçı populist fikirləri ilə diqqət çəkən Corcesku prokurorluqdan çıxarkən azadlıq uğrunda mübarizəni davam etdirəcəyini deyib. Binanın qarşısında onu yüzlərlə tərəfdar müşayiət edib.

Ona qarşı irəli sürülən ittihamlar üzrə siyasətçini 25 il həbs cəzası gözləyə bilər.

Yerli KİV-in məlumatına görə, Corceskunun tərəfdaşı və mühafizəçisi Horatsio Potra ilə bağlı da istintaq başladılıb. Onun evində axtarış zamanı milyonlarla dollar nağd pul və silah tapıldığı iddia edilir.

Rumıniyada prezident seçkilərinin birinci turu noyabrın 24-də keçirilib. Corcesku 22.9 faiz səslə sürpriz qələbə qazanıb. İkinci turda o, 19.17 faiz səs toplayan liberal siyasətçi Elena Laskoni ilə qarşılaşmalı idi.

Xüsusi xidmət orqanları Rusiyanın sifarişi ilə sağçı namizədlə bağlı qanunsuz təşviqat aparıldığını bildirib. O, bunu inkar edir.

Corcesku Konstitusiya Məhkəməsinin səsvermənin nəticələrinin ləğvi ilə bağlı qərarını "Rumıniya xalqının fundamental dəyərlərinə hücum" adlandırıb.

Corcesku prezident seçkilərinə müstəqil namizəd kimi qatılıb, Rumıniyanın NATO-ya üzvlüyünü və Ukraynaya hərbi dəstəyi tənqid etdiyi üçün "Rusiyayönlü siyasətçi" kimi ad çıxarıb.

ABŞ 5 milyon dollara 'Qızıl Kart' vizaları satacaq

Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp hər biri 5 milyon dollara satılacaq "qızıl kart" yaşayış icazəsi planını təqdim edərək rusiyalı oliqarxların da bu fürsətdən yararlana biləcəyini açıqlayıb.

Fevralın 25-də Ağ evdə sözügedən proqramı elan edən prezident Tramp "qızıl kart"ların təxminən iki həftəyə hazır olacağını söyləyib.

"Sizin "yaşıl kart"ınız var, bu isə "qızıl kart"dır. Bu kartın dəyəri təxminən 5 milyon dollar olacaq", –Tramp bəyan edib.

ABŞ prezidenti bu kartların satışından əldə olunan gəlirin büdcə kəsirinin azaldılmasına yönəldiləcəyini bildirib. Prezidentin sözlərinə görə, proqram, əsasən, iş yerləri yaradacaq "maliyyə imkanı olan" insanlara istiqamətlənəcək.

"Onlar varlı və uğurlu insanlar olacaq, çoxlu vəsait xərcləyəcək, yüksək vergilər ödəyəcək və çoxlu insanı işlə təmin edəcəklər. Biz hesab edirik ki, bu proqram son dərəcə uğurlu olacaq", –Tramp vurğulayıb.

Yeni "qızıl kart" üçün müraciət edən şəxslər ciddi yoxlamadan keçəcək və varlı rusiyalıların da bu proqrama müraciət etməsi mümkün ola bilər: "Mən çox yaxşı rusiyalı oliqarxları tanıyıram. Bu mümkündür. Onlar əvvəlki qədər varlı deyillər, amma düşünürəm ki, bunu edə bilərlər. 5 milyon dollar ödəməyə imkanları çatır".

ABŞ ticarət naziri Hovard Latnik jurnalistlərə deyib ki, "Tramp Qızıl Kartı" 1990-cı ildə Konqres tərəfindən xarici investisiyaları cəlb etmək məqsədilə yaradılmış EB-5 İnvestorların Miqrasiya Proqramının əvəzləyəcək.

ABŞ Daxili Təhlükəsizlik Departamentinin ən son illik miqrasiya hesabatına görə, 2022-ci il sentyabrın 30-da başa çatan 12 aylıq dövr ərzində 8 min nəfər EB-5 proqramı vasitəsilə investor vizası alıb.

Azərbaycan hakimiyyətini tənqid edən bloqer Belarusdan Ermənistana aparılıb

Zvartnots Beynəlxalq Hava Limanı
Zvartnots Beynəlxalq Hava Limanı

"Ekstremist" materialların yayılmasına görə inzibati ittihamla Minskdə həbs edilmiş bloqer Roza Babaxanyan (Bella) Belarusdan Ermənistana aparılıb. Bu barədə "Çiçəklənən Ermənistan" partiyasının lideri, işadamı Qaqik Tsarukyanın mətbuat katibi İveta Tonoyan məlumat verib.

Onun həbsi barədə məlumat fevralın 15-də yayılıb. Bloqer Aleksandr Lapşin bildirib ki, o, Cinayət Məcəlləsinin beş maddəsi ilə təqsirləndirilir: nifrətin qızışdırılması, müharibə təbliğatı, adam öldürmə və ya sağlamlığa zərər vurma hədəsi, dövlət məmuruna böhtan atma və təhqir etmə. Lapşin onun Azərbaycan hakimiyyətinə təhvil verilə biləcəyini bildirib.

Ermənistanın Belarusdakı səfirliyindən "Mediazona"ya bildirilib ki, Lapşinin məlumatı həqiqətəuyğun deyil.

"Reform" yazır ki, bloqer Babaxanyan Belarusa məxsus "EW-301PJ" nömrəli hökumət biznes təyyarəsi ilə gətirilib. Bu təyyarədən yüksəkvəzifəli məmurlar, eləcə də Lukaşenkonun oğulları - Viktor və Dmitri istifadə edir. Nəşrin yazdığına görə, onun azad olunması üçün öz əlaqələrini işə salan Tsarukyan Lukaşenko ilə yaxın əlaqələrə malikdir.

R.Babaxanyan son 27 ildə Belarusda yaşayıb. "Vyasna"nın məlumatına görə, onun Ermənistan və Belarus vətəndaşlığı var. O, bloqunda Azərbaycan hakimiyyətini tənqid edib.

Tramp Ukrayna ilə mədən müqaviləsində israrlıdır

Donald Tramp
Donald Tramp

Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı işğal müharibəsinin üçüncü ildönümündə Kiyev rəhbərliyi Ukraynanın mineral ehtiyatları ilə bağlı ABŞ-nin təkliflərini dəyərləndirir.

Fevralın 23-də Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, bu məsələ ilə bağlı ABŞ ilə aparılan danışıqlar "irəliləyir".

Lakin razılaşmanın detalları hələ də dəqiqləşdirilməlidir. Zelenski mümkün maneəyə işarə edərək sazişin bağlanması üçün Vaşinqtondan təhlükəsizlik zəmanətlərinin tələb oluna biləcəyini bildirib.

Başqa bir yüksəkvəzifəli ukraynalı siyasətçi bildirib ki, ildönümünün anım tədbirləri keçirilərkən işçi qrup yaradılacaq.

Ukrayna parlamentinin spikeri Ruslan Stefançuk isə mətbuata açıqlamasında deyib ki, bu qrup fevralın 24-dən Vaşinqtonun təklif etdiyi razılaşma mətninin üzərində işləməyə başlayacaq. O əlavə edib ki, Ukrayna imza atmaq müqabilində konkret təhlükəsizlik zəmanətləri almaq istəyir.

ABŞ prezidenti Donald Tramp isə fevralın 22-də bildirib ki, Rusiyanın genişmiqyaslı işğalına qarşı Ukraynanın müdafiəsinə kömək məqsədilə ABŞ-nin göndərdiyi milyardlarla dollar geri qaytarmalıdır.

"Mən istəyirəm ki, biz qoyduğumuz bütün pullar qarşılığında nəsə əldə edək. Nadir metallar və neft – əldə edə biləcəyimiz hər şeyi istəyirik", – Tramp Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) bildirib. "Mən ya bu pulları geri qaytarmağa, ya da təminat altına almağa çalışıram".

Tramp sazişin əldə oluna biləcəyini düşündüyünü söyləyib.

Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq ötən həftənin əvvəlində Kiyevə səfər edərək Ukrayna prezidenti Zelenski ilə görüşüb və görüşdən sonra Ukrayna prezidentinin ABŞ ilə saziş imzalamağın "həyati əhəmiyyət" daşıdığını anladığını bildirib.

Təklif olunan razılaşmaya görə, ABŞ-yə Kiyevə verilən yardımı kompensasiya etmək üçün Ukraynanın nadir torpaq mineralları üzərində hüquqlar veriləcək. Zelenskinin ilkin müqaviləni imzalamaqdan çəkindiyi bildirilir, lakin fevralın 22-də adları açıqlanmayan Ukrayna rəsmilərinə istinadən yayılan xəbərlərə görə, o, indi yenilənmiş versiyanı nəzərdən keçirir.

BMT: Suriyanın bərpası üçün yarım əsr lazımdır

Dəməşqin həndəvəri
Dəməşqin həndəvəri

BMT İnkişaf Proqramının (BMTİP) fevralın 20-də yaydığı hesabatına görə, Suriyada 14 illik münaqişədən sonra iqtisadi, sosial və inkişaf sahələrində irəliləyişin əldə olunması yarım əsr tələb edəcək.

Hesabatda xəbərdarlıq edilir ki, hazırkı artım tempi ilə Suriya iqtisadiyyatı 2080-ci ilə qədər münaqişədən əvvəlki ÜDM səviyyəsini bərpa edə bilməyəcək. Belə ki, son beş ildə orta illik iqtisadi artım 1.3 faiz olub və bu sürət davam edərsə, münaqişədən əvvəlki ÜDM səviyyəsinə qayıtmaq üçün 55 il tələb olunacaq.

BMTİP xatırladır ki, 2010-cu ildə Suriyanın ÜDM-i 62 milyard ABŞ dolları olub, lakin münaqişə nəticəsində bu göstərici yarıdan çox azalıb və ölkə bu illər ərzində təxminən 800 milyard dollar itirib.

"Təcili humanitar yardımdan əlavə, Suriyanın bərpası uzunmüddətli investisiya tələb edir", - BMTİP-nin administratoru Axim Ştayner bildirib.

Hesabata görə, Suriya daxilində 7.2 milyondan çox insan məcburi köçkün vəziyyətindədir, digər 6 milyon insan isə qaçqın kimi xaricdə yaşayır. Bu insanlar birlikdə ölkə əhalisinin yarısından çoxunu təşkil edir.

Sənəddə münaqişənin digər təsirləri arasında yoxsulluğun artması faktı da yer alır. BMTİP bildirir ki, münaqişədən əvvəl Suriyada yoxsulluq 33 faiz idisə, bu gün 90 faizə yüksəlib. Bu gün hər 10 suriyalıdan 9-u yoxsulluq səviyyəsində yaşayır və hər 4 nəfərdən biri işsizdir.

Xatırlatma

Suriyada müharibə 2011-ci ilin martında prezident Bəşər Əl-Əsəd əleyhinə etirazlar nəticəsində başlayıb. Əsəd rejimi 2024-cü ilin dekabrında devrilib.

BMTİP bildirib ki, müharibə dövründə təxminən 618 min nəfər həlak olub. Təxminən 113 min insan itkin düşüb və onların taleyi hələ də məlum deyil.

Rubio: Tramp-Putin sammiti müharibənin bitirilməsindəki irəliləmədən asılıdır

Marko Rubio
Marko Rubio

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, prezident Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında mümkün görüş Ukraynadakı müharibənin dayandırılması istiqamətində irəliləyişdən asılıdır. Dövlət katibi bunu fevralın 20-də amerikalı jurnalist Ketrin Herriclə X platformasında yayımlanan müsahibəsində deyib.

O əlavə edib ki, belə görüşlər adətən hər hansı bir nəticə əldə olunmadan və ya müəyyən irəliləyiş qeydə alınmadan keçirilmir.

Ər-Riyad danışıqlarında Moskva və Vaşinqton Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumu ilə başlayan müharibənin dayandırılması üçün danışıqlar aparacaq qruplar yaratmaq barədə razılığa gəliblər.

Həm Putin, həm də Tramp sammit keçirmək istədiklərini bildiriblər.

"Düşünürəm ki, bu görüşün nə zaman baş tutacağı, əsasən, Ukraynadakı müharibənin dayandırılması istiqamətində irəliləyiş əldə edib-etməməyimizdən asılı olacaq. Əgər belə bir irəliləyişə nail olsaq və həmin sammit razılaşmanı rəsmiləşdirərsə, o zaman hər kəs prezident Trampın sülhməramlı olduğunu vurğulamalıdır", –o bildirib.

ABŞ prezidenti D.Tramp müharibəni tez bir zamanda bitirmək üçün razılaşma əldə etməyə çalışır. Lakin Ukrayna və Avropa hökumətləri onun taktikasından narahatdır. Onlar Moskvayla Vaşinqtonun Ukrayna və Avropanın təhlükəsizlik maraqlarını nəzərə almayan bir razılaşmaya gələcəklərindən ehtiyatlanırlar.

Paşinyan referendum keçirib yeni konstitusiyanın qəbulunu zəruri sayır

Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, ölkənin yeni konstitusiyaya ehtiyacı var.

O, bu barədə fevralın 19-da telemüraciəti zamanı bildirib.

Baş nazir yeni konstitusiyanın qəbulunun strateji məqsədinin erməniləri "dövlətsiz xalq" statusundan çıxararaq dövlətçilik fəlsəfəsinə sahib bir millətə çevirmək olduğunu bildirib.

Paşinyanın sözlərinə görə, yeni konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi vacibdir, çünki "əvvəlki bütün konstitusiya referendumları, ən azı, ictimai rəydə ciddi legitimlik çatışmazlığından əziyyət çəkirdi".

Ədliyyə naziri istinadın çıxarılacağını istisna etmir

Yanvarda Ermənistanın ədliyyə naziri parlament seçkilərinə qədər yeni konstitusiyanın mətninin hazırlanacağını bildirib.

Ədliyyə naziri Surbuhi Qalyan Konstitusiyanın yeni mətninin preambulasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılacağını istisna etməyib. Baxmayaraq ki, ölkənin Konstitusiya Məhkəməsi delimitasiya normalarının konstitusiyaya uyğunluğu məsələsinə baxarkən qeyd edib ki, Əsas Qanunun preambulası, habelə 1-ci, 3-cü və 203-cü maddələr dəyişməz müddəalardır.

"Hələlik bu məsələ ilə bağlı yekun qərarımız yoxdur. Amma bu ifadənin mətndə olub-olmamasından asılı olmayaraq real həyatımızda heç nə dəyişməyəcək", - nazir bildirib.

Ermənistan müxalifəti iddia edir ki, baş nazir N.Paşinyan rəsmi Bakının tələbini təmin etmək üçün Konstitusiyanı dəyişdirmək qərarına gəlib. Müxalifətin bəzi deputatları vətəndaşları yeni konstitusiyanı boykota çağırıblar.

"Bu qondarma konstitusiyanı boykot etmək lazımdır: boykot et, get, əleyhinə səs ver, amma Əliyevin tələbi keçməməlidir", - müxalifət deputatı Artur Xaçatryan deyib.

Konstitusiyanın dəyişdirilməsi məsələsi Bakının tələbindən sonra Ermənistan hökumətinin gündəliyinə daxil olub.

Azərbaycan Ermənistan Konstitusiyasının preambulasında bu ölkənin Müstəqillik Bəyannaməsinə istinadı problemli hesab edir, çünki bəyannamədə Qarabağın Ermənistanla birləşməsi qeyd olunur. Ötən il Ermənistan Konstitusiya Məhkəməsi Müstəqillik Bəyannaməsi ilə Konstitusiyanın məzmununun eyni olmadığı barədə qərar qəbul edib. Lakin rəsmi Bakı tələbini davam etdirib və bunu sülh razılaşması üçün şərtlərdən biri adlandırıb.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi.

2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib.

Tərəflər arasında 44 günlük müharibədən sonra həm Avropa İttifaqının və həm də Rusiyanın vasitəçiliyi ilə ayrılıqda aktiv sülh danışıqları aparılsa da, hələlik, yekun nəticə əldə etmək mümkün olmayıb. Bununla belə, həm Bakı, həm də Yerevan sülh sazişini imzalamaq niyyətində səmimi olduqlarını və artıq müqavilənin böyük hissəsinin razılaşdırıldığını deyirlər. Üstəlik, iki ölkə arasında son illər sərhəd məsələləri ilə bağlı birbaşa danışıqlar aparılır. Bu məsələdə də bir xeyli irəliləyiş əldə edildiyi vurğulanır.

Tramp israfçılıqla mübarizəyə görə İlon Maskı tərifləyir

İlon Mask və Donald Tramp
İlon Mask və Donald Tramp

ABŞ prezidenti Donald Tramp USAID-in fəaliyyətinin dayandırılması ilə bağlı səsləndirilən tənqidlərə baxmayaraq, milyarder işadamı İlon Maskı öz administrasiyasında Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri təyin etmə qərarını müdafiə edib.

Tramp yanvarın 24-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini məhdudlaşdırıb və üç ay müddətinə ABŞ-nin xaricə yardımlarını dayandırıb.

Tramp və Mask fevralın 18-də "Fox News"da yayımlanan ilk birgə televiziya müsahibəsində bu addımı müzakirə ediblər. Tramp USAID-in maliyyəsini dondurmaq qərarını əvvəlki Bayden administrasiyasının çox xərcləməsi, bu xərclər arasında Birləşmiş Ştatların maraqlarına xidmət etməyən xarici yardımların olması və büdcə kəsirinin artması ilə əlaqələndirib.

Müsahibə daha çox Trampın dünyanın ən zəngin adamı Mask ilə münasibətinə və niyə onu DOGE-yə rəhbər təyin etməsinə fokuslanıb.

"Bir çox işadamını tanıyıram, amma onların hamısı mütləq yaxşı insanlar deyil", –Tramp bildirib. O deyib ki, Mask ölkənin yaxşı vəziyyətdə olmasını istəyən "böyük" insandır.

Prezidentin sözlərinə görə, DOGE hökumət israfçılığını, saxtakarlığı və sui-istifadəni aradan qaldırıb, amerikalı vergiödəyicilərin milyonlarla dollarını xilas edib.

Trampın yanvarda baş tutan andiçmə mərasimindən bəri DOGE hər bir nazirlikdə yoxlamalar apararaq federal hökumətin ölçüsünü kiçiltmək və xərcləri azaltmaq məqsədilə minlərlə hökumət işçisini işdən çıxarıb.

"Məqsəd kəsirdən bir trilyon dollar çıxarmağa çalışmaqdır" deyən Mask Trampın hakimiyyətə gəldiyi zaman iki trilyon dollarlıq büdcə kəsiri ilə üzləşdiyini iddia edib.

Tramp müsahibədə bildirib ki, Mask ondan öz şirkətləri üçün – xüsusən ABŞ hökuməti ilə bir neçə müqaviləsi olan "SpaceX" və elektrikli avtomobillərin təşviqi məqsədilə ABŞ subsidiyalarından faydalanan "Tesla" üçün heç nə xahiş etməyib.

Mask isə əgər öz şirkətləri ilə əlaqəli bir vəziyyətlə üzləşsə, özünü bu məsələdən kənarlaşdıracağını bildirib. Tramp isə əlavə edib: "Əgər bir münaqişə yaranarsa, o, bu məsələyə qarışmayacaq".

İranda britaniyalı cütlük casusluqda ittiham olunur

Kreyq və Lindsi Forman
Kreyq və Lindsi Forman

Yanvarda İranın cənub-şərqində saxlanılmış britaniyalı cütlük casusluqda ittiham edilir və Qərb kəşfiyyat xidmətləri ilə əlaqədə olmaqda günahlandırılır.

İranın ədliyyə qurumunun sözçüsü Əsgər Cahangir fevralın 18-də bildirib ki, "iki Britaniya vətəndaşı casusluq ittihamı ilə həbs edilib". Onun sözlərinə görə, Kirman vilayətində saxlanılan bu cütlüyün düşmən və Qərb ölkələrinin kəşfiyyat xidmətlərinə bağlı gizli qurumlarla əməkdaşlıq etdiyi müəyyənləşib.

İran tərəfi bildirib ki, "şəxslər turist adı altında İrana daxil olub və araşdırma aparmaq adı altında ölkənin müxtəlif bölgələrində məlumat toplayıblar".

Ötən həftə Britaniya mətbuatı İranda saxlanılan britaniyalı cütlüyün adlarını açıqlamışdı. Onlar 50 yaşlarında olan KreyqLindsi Formandır.

Britaniyalı cütlük ötən il dekabrın 30-da Ermənistandan İrana keçib. Dünya üzrə motosiklet səyahətinin bir hissəsi kimi onlar İranda cəmi beş gün qalmağı planlaşdırıbmış.

Böyük Britaniya Xarici İşlər Nazirliyi britaniyalı vətəndaşlara İrana səyahət etməmələrini tövsiyə edir.

"Təkcə Britaniya pasportunun olması və ya Birləşmiş Krallıqla əlaqələr İran hakimiyyətinə sizi həbs etmək üçün kifayət qədər səbəb verə bilər", - XİN-in rəsmi xəbərdarlığında bildirilir.

Həlledici danışıqlar ərəfəsində Rusiya amerikalı məhbusu azad edib

Kalob Bayers
Kalob Bayers

Rusiya tərəfi fevralın 7-də Moskvada narkotik ittihamı ilə saxlanılmış ABŞ vətəndaşı Kalob Bayersi azad edib. Fevralın 17-si gecə saatlarda açıqlanan bu addım Səudiyyə Ərəbistanındakı danışıqlar ərəfəsində ABŞ-Rusiya gərginliyini azaltmağa yönəlmiş növbəti cəhd kimi görünür. Bu, eyni zamanda, Vaşinqtonun Ukraynada müharibənin dayandırılmasına dair diplomatik səylərini gücləndirdiyi bir vaxta təsadüf edir.

"The New York Times" Kreml rəsmisinə istinadən yazır ki, qarşıdakı danışıqlar ikitərəfli münasibətləri yaxşılaşdırmağa yönəlib, "bu səbəbdən bəzi hadisələr bu kontekstdə dəyərləndirilə bilər".

"The Associated Press"in məlumatına görə, Bayersin nümayəndələri onun hazırda ABŞ səfirliyində olduğunu və vətəninə qayıtmağı gözlədiyini bildiriblər. Qeyd olunub ki, o, məhbus mübadiləsi çərçivəsində deyil, birbaşa azadlığa buraxılıb.

Gömrük xidmətinin əməkdaşları Moskva hava limanında 28 yaşlı Bayersin baqajında çətənə tərkibli marmelad aşkar etdiklərini bildirdikdən sonra Rusiya məhkəməsi onun narkotik qaçaqmalçılığı ittihamı ilə həbsdə saxlanılmasına qərar verib. Məhkəmənin Telegram paylaşımına görə, ona qarşı irəli sürülən ittiham üzrə 7 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub

Fotoda dron hücumunun nəticələrinin əks olunduğu iddia edilir.
Fotoda dron hücumunun nəticələrinin əks olunduğu iddia edilir.

Rusiyaya məxsus pilotsuz uçuş aparatı Çernobıl Atom Elektrik Stansiyasındakı struktura (AES) zərbə endirib.

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 14-də bildirib ki, Rusiya qüvvələrinə məxsus dron Çernobıl AES-dəki qoruyucu sarkofaqa (beton izolyasiya örtüyü) zərbə endirib və onu "əhəmiyyətli dərəcədə" zədələyib. Lakin AES-də radiasiya səviyyəsində dəyişiklik qeydə alınmayıb.

Zelenski qeyd edib ki, zərbə nəticəsində zədələnən beton sarkofaq Çernobılın dağılmaqda olan dördüncü reaktorunun üzərini örtürdü. O, Rusiyanı belə hücumun mümkün nəticələrinə "tamamilə" etinasız yanaşmaqda ittiham edib.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) zədələnməni təsdiqləyib.

Zelenski hücumu "bütün dünyaya terror təhdidi" kimi xarakterizə edib.

Zelenskinin bəyanatı ABŞ prezidenti Donald Trampın müharibəni dayandırmaq üçün rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparması səyləri fonunda verilib.

Zelenski bildirib ki, Rusiya hər gecə Ukraynanın infrastrukturuna və şəhərlərinə belə hücumlar həyata keçirir. O, Putini danışıqlara hazırlaşmamaqda ittiham edib.

"O, dünyanı aldatmağa davam etməyə hazırlaşır", – Zelenski vurğulayıb.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas da hadisəyə münasibət bildirib.

Aİ-nin baş diplomatı X sosial şəbəkəsindəki paylaşımında Rusiyanı Çernobıl nüvə obyektinə yenidən "məsuliyyətsiz şəkildə" hücumda günahlandırıb.

"Mülki nüvə obyektlərinə edilən belə hücumlar yolverilməzdir. Bu, bir daha sübut edir ki, Rusiya sülh axtarmır", - Aİ rəsmisi vurğulayıb.

'Human Rights Watch' İranda azərbaycanlılara repressiyalardan yazır

İran həbsxanası
İran həbsxanası

"Human Rights Watch" (HRW) beynəlxalq insan haqları təşkilatı fevralın 14-də yaydığı məlumatda bildirib ki, İran hakimiyyəti 2024-cü ilin oktyabrından etibarən azı 24 türk (azərbaycanlı) fəala ağır həbs cəzaları verib.

Tehran Apellyasiya Məhkəməsinin 36 nömrəli şöbəsi Tehranın İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsinin hakimi Əbolqasem Salavatinin çıxardığı hökmü qüvvədə saxlayaraq, 10 türk (azərbaycanlı) fəala qarşı sərt həbs cəzalarını təsdiqləyib. Onlar "dövlət əleyhinə təbliğat", "milli təhlükəsizliyə qarşı fəaliyyət məqsədilə toplaşma və əlbir olmaq" və "casusluq" ittihamları ilə məhkum ediliblər. Verilən həbs cəzalarının müddəti 3 ildən 14 ilə qədər dəyişir.

"İran hakimiyyəti vətəndaş cəmiyyətini və etnik azlıqları susdurmaq üçün sistemli şəkildə əsassız ittihamlar irəli sürür və ağır həbs cəzaları tətbiq edir. Bu repressiyalar vətəndaş cəmiyyətini əzmək və etnik azlıqların fundamental hüquqlarını tələb etməsinin qarşısını almaq məqsədi daşıyır", – "Human Rights Watch"un İran üzrə tədqiqatçısı Nahid Naqşbəndi bildirib.

10 azərbaycanlı aktivistin işi üzrə məhkəmə qərarına əsasən, Ayaz Seifxah 14 il, Araz Aman Zeynabad və Baqir Hacızadə Məzrə 13 il, Kərəm Mərdanə Müstəlibəyli 11 il, Tahir Nəqəvi və Mürtəza Pərvin Coda 6 il, Salar Tahir Əfşar, Fatimə Atəş Xiyavi və Səid Minai Qışlaq 5 il, Həsən İbrahimi isə 3 il həbs cəzasına məhkum edilib.

Məlumatlı bir mənbə HRW-yə bildirib ki, hakimiyyət orqanları irəli sürülən ittihamları əsaslandırmaq üçün heç bir sübut təqdim etməyib və həmin şəxslərin əvvəlki fəaliyyətləri əsas gətirilib. Vəkil Tahir Nəqəvinin işi üzrə hakimiyyət orqanları əlavə olaraq onun 2022-ci il etirazları zamanı öldürülən və ya yaralanan etirazçıların ailə üzvlərini müdafiə etməsini də sənədləşdirib.

Evin həbsxanasında saxlanılan T.Nəqəviyə tibbi yardım göstərilməkdən imtina edilib. Məlumatlı bir mənbə deyib ki, T.Nəqəvi ciddi sağlamlıq problemlərindən əziyyət çəkir və "hətta həbsxana klinikası onun üçün ixtisaslaşmış tibbi yardım tövsiyə etsə də, hakimiyyət bu tövsiyələri yerinə yetirməkdən imtina edir".

Başqa bir iş üzrə Təbrizin İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsi 13 fəalı son müdafiə üçün çağırıb. Mənbələr bildirib ki, bu fəallar 2023-cü ilin sentyabr və noyabr ayları arasında həbs edilib və günlərlə təkadamlıq hücrələrdə saxlanılıb, burada onlara etiraf etmək üçün psixoloji təzyiq göstərilib.

Bu fəallar Araz İbrahimnejad, Davud Şiri, Mehrdad Qadiri, Yürüş Mehrəlibəyli, Hamid Yeganəpur, Məhəmmədrza Müvəhhid, Əmirhüseyn Ağayi, Əli Babayi, Cavad Sudbər, Mürtəza Nurməhəmmədi, Hüseyn Azadi, Nasir Razmcu və İbrahim Əvəzzadədir. Onlara "müxalifət qrupuna üzvlük" və "ölkə əleyhinə qəsdçilik" ittihamları irəli sürülüb.

2024-cü il oktyabrın 1-də Tehranın İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsi vəkil Seyid Məhəmməd Rza Fəqihiyi "milli təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə sui-qəsd" ittihamı ilə 5 il həbs cəzasına və 2 il müddətinə vəkillik fəaliyyəti aparmaqdan məhrum edib. İttihamlar 2022-ci il İran ümummilli etirazları zamanı onun Tehranda İran Mərkəzi Vəkillər Birliyinin qarşısında keçirilən mitinqdə iştirakı və 2022-ci il etirazçıları ilə yanaşı, digər insan hüquqları müdafiəçilərini hüquqi olaraq müdafiə etməsi ilə bağlıdır. 2025-ci il yanvarın 21-də o, 5 illik həbs cəzasını çəkmək üçün Evin həbsxanasına köçürülüb.

"Human Rights Watch"un İran üzrə tədqiqatçısı N.Naqşbəndi bildirib ki, İran hakimiyyəti etnik və dini azlıqların hüquqlarını müdafiə edən hər kəsi hədəf alır, onları separatçılıqla günahlandırır və əsassız ittihamlarla cəzalandırır.

Moldovada da Rus Evi bağlanır

Moldovada Rusiya səfirliyi
Moldovada Rusiya səfirliyi

Moldova hökumətinin qərarı ilə ölkədəki Rusiya Elm və Mədəniyyət Mərkəzi (Rus Evi) bağlanacaq. Fevralın 13-də Moldova Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, müvafiq qərar Rusiyanın hücum təyinatlı pilotsuz uçuş aparatının ölkənin hava məkanını pozmasına cavab olaraq qəbul edilib.

Moldova XİN 1998-ci ildə imzalanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında Moldova-Rusiya hökumətlərarası sazişini birtərəfli qaydada denonsasiya etmək qərarına gəlib. "Müqavilənin ləğvi proseduru başa çatdıqdan sonra Rusiya Mədəniyyət Mərkəzi ölkəmizdə fəaliyyətini dayandıracaq", - XİN-in bəyanatında deyilir.

Daha əvvəl Moldova prezidenti Maya Sandu bildirib ki, Rusiyaya məxsus dronların Ukraynanın Odessa vilayətinə hücumu zamanı onlardan ikisi Moldova ərazisinə daxil olub və partlayıb. Partlayış nəticəsində ölən və yaralananlar olmayıb.

Bu gün, fevralın 13-də Rusiya səfiri Oleq Ozerov təcili Moldova XİN-ə çağırılıb. Ona pilotsuz uçuş aparatının qalıqları göstərilib.

Davamı

XS
SM
MD
LG